Xoreoqrafiya Akademiyasında anım konserti
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının kolleci akademiyanın 90 illik çərçivəsində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Tədbirdə mədəniyyət və ictimai xadimlər, xarici ölkələrin diplomatik nümayəndələri, media nümayəndələri və akademiyanın professor-müəllim heyəti iştirak ediblər.
Konsertin əvvəlində Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə, xüsusilə də xoreoqrafiya sənətinə, balet və milli rəqs sahəsində çalışan sənət adamlarına diqqət qayğısından danışılıb və keçirilən konsertin Heydər Əliyev şəxsiyyətinə, onun ölçüyəgəlməz xidmətlərinə olan hörmət və ehtiramın mücəssəməsi olduğu qeyd edilib.
Konsertdə Əməkdar artist Sənan Hüseynlinin quruluş verdiyi "Qazağı" xalq rəqsi, Əməkdar artist Tamilla Məmmədovanın quruluşunda Qara Qarayevin "7 gözəl" baletindən "Şərq" rəqsi, Xalq artisti Yusif Qasımovun quruluşunda Üzeyir Hacıbəylinin "Koroğlu" operasından rəqs, Xalq artisti Kamilla Hüseynovanın quruluşunda Şarl Qunonun "Faust" operasından variasiya, Əməkdar müəllim Pullumb Aqallıyayın V.A.Motsartın musiqisi üzrə quruluş verdiyi "Divertisment", Əməkdar artist Eteri Cəfərovanın hazırladığı "Tənhalığın tanqosu", Elza İbrahimovanın "Gecələr bulaq başı" mahnısı əsasında Əməkdar artist Səbinə Qasımovanın quruluş verdiyi rəqs nümayiş olunub. Xalq artisti, "Şöhrət" ordenli Roza Cəlilovanın quruluş verdiyi Emin Sabitoğlunun "Ağ çiçəyim" rəqsi, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanovun quruluşunda Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletindən Poladın variasiyasından rəqs parçası, eləcə də müəllim-xoreoqraflar Cəmilə Musayevanın, Yelena Çernousovanın, baş müəllim Mehriban Nəzərovanın quruluşunda bir sıra rəqslər də ifa edilib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 18 may.- S.12.