Azərbaycan
Qırğızıstandakı beynəlxalq konfransda
təmsil olunub
Ötən gün Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində 15-18 may tarixlərində keçirilən "Rəqəmsal əsrdə kitab və mütaliə" mövzusunda Beynəlxalq Konfransın Plenar İclasının açılışı olub.
Açılış mərasimində A.Osmanov adına Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova, Hökumətlərarası Şuranın sədr müavini və YUNESKO-nun "İnformasiya hamı üçün" Rusiya Komitəsi Proqramının sədri, Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzinin prezidenti, pedaqoji elmlər namizədi Kuzmin Yevgeniy İvanoviç çıxış ediblər.
Rusiya, Belarus, Moldova, Özbəkistan, Tacikistan, Qazaxıstan və digər ölkələrin kitabxanalarından nümayəndələrinin dəvət olunduğu konfransda Azərbaycanı Milli Kitabxananın direktoru professor Kərim Tahirov və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli təmsil ediblər.
K.Tahirov "Azərbaycan Milli Kitabxanası-Azərbaycan xalqının milli sərvətidir" mövzusunda geniş məruzə ilə çıxış edib.
Daha sonra "Yazılı mədəniyyət və kommunikasiya: dünən, bu gün və sabah", "Təhsil sistemində mütaliə və kitab", "Kitab, mütaliə və kitabxana" və "Mütaliə və kitab nəşrləri" seksiyaları üzrə məruzələr dinlənilib.
"Rəqəmsal əsrdə kitab və mütaliə" mövzusundakı beynəlxalq konfrans çərçivəsində 15-18 mayda bir sıra tədbirlər - Alıkul Osmanov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 85 illik yubileyi, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və Qırğızıstan Kitabxana İşçilərinin XI Forumu keçiriləcək.
Tədbirlər Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin və MDB-nə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, A.Osmanov adına Qırğızıstan Respublikası Milli Kitabxanası, YUNESKO-nun Rusiya Komitəsi Proqramının "İnformasiya hamı üçün" Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzi, Qırğızıstan Respublikası Kütləvi Kitabxanaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Şahanə MÜŞFİQ
525-ci
qəzet.- 2019.- 17 may.- S.4.