Ramiz Rövşən
rüzgarının yeni dalğası
Günlərdir, paytaxtımızda elə bir Ramiz Rövşən
rüzgarı əsir
ki, özüylə şeirin, sənətin, ədəbiyyatın qoxusunu
yayır küçə-küçə,
dalan-dalan, ev-ev.
Bir neçə gün öncə Bakı Kitab Mərkəzindən başlayan rüzgarın tanış səsi mayın 15-də
LİBRAFF-ın "Park Akademiya"
filialında eşidildi.
Bu dəfə işlərimə görə
tez gedə bilməmişdim, amma gecikməmişdim də.
Tam vaxtında deyilən məkanda idim. Amma böyük zal
artıq ağzına
kimi insanla dolmuş, izdiham şairi öz dərinliklərində "udaraq"
görünməz etmişdi.
Uzaqdan səsini eşitdiyim Ramiz Rövşənə
nəinki yaxın düşmək, hətta
görmək belə mümkün deyildi. Mən də naəlac qalıb başladım uzaqdan gələn o səsi dinləyə-dinləyə
zalı gəzməyə,
qonaqları müşahidə
etməyə.
Ramiz Rövşən
dörd gün arayla keçirdiyi bu görüşlərində
sübut elədi ki, Azərbaycan oxucusu var. Oxucu şeiri, sənəti, ədəbiyyatı hələ
də sevir. Oxuyacaq, əgər
ona oxumağa layiq əsər təqdim edə bilsən.
Bir ara zaldakı
insanları saymaq kimi fantastik bir fikir keçdi
ağlımdan. Qələbəliyə baxanda isə bu fikir elə
öz-özlüyündən "qaçıb getdi".
Yəqin
utandı o qərib fikir. O gedən kimi dedim, heç
olmasa, görüm buraya yığılan oxucuların yaş nisbəti necədir. Gördüm gənc də var, yaşlı
da, kişi
də var, qadın da, uşaq da var,
qoca da, tələbə də var, müəllim də... Yəni həmin gün
hər yaşdan, hər təbəqədən
olan insanlar Ramiz Rövşən işığına cəm
olmuşdular. Bu fikirlərlə
zalda dolaşıram, tanış simalara gülümsəyir,
səsli-səssiz salamlaşıb
diqqətimi bir nöqtədən ayırmıram.
O nöqtədən gələn
səssə deyir:
"Mən bu qədər oxucunu, sizin sevginizi görüb çox sevinirəm. Həmişə demişəm, uşaqlara
şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd
etməkdir. Yeni kitabımda
hər hərfə şeir yazılıb.
Övladlarınıza sevgi öyrədin,
sevgi aşılayın".
Artıq
bizə çoxdan tanış olan uşaq kitablarından danışır
şair. Bayaqdan zalda ora-bura qaçışan balacaların
əllərində sevinclə
yellədikləri, bəzilərinin
bir kənara çəkilib maraqla vərəqlədikləri kitablardan:
"Göyərçinim, gəl, görüm",
"Gizlənmişəm, tap məni".
Uzaqdakı səs bu dəfə çox maraqlı mövzuya toxunub: "Özünə
vurğunluğun, narsisliyin
sonu idiotluğa gedib çıxır. Özünü sevməmək, həddindən
artıq alturist olmaq isə sonda başqalarını sevməməyə. Odur ki, özünüzü sevin
ki, başqalarını
da sevə biləsiz. Ancaq həddi aşmamaq
şərtilə". Bu fikir yadıma
çayda gördüyü
əksinə vurulan oğlanın nağılını
salır. Günlərlə öz əksinə uzun-uzun baxan oğlan, axır bir gün çayda
gördüyünə çatmaq
istəyir və çaydaca boğulub ölür. Özünə hədsiz vurğunluq təmsili şəkildə
o nağıldakı oğlanın
sonuna gətirib çıxara bilir. Sevməmək isə sevgisizliyə.
Yenə də qulağım o uzaqdakı səsdə, gözüm isə oxucuların üzündə
zalı gəzirəm. Qarşıma gah Xalq artistləri
çıxır, gah
tələbələr, gah
tanınmış yazıçılar,
gah balaca uşaqlar. Artıq uzaqdakı o səs
də dəyişib.
İndi bir qızın titrək səsini eşidirəm. R.Rövşəni görən, ona sual vermək şansı qazanan çox gəncin oxşar həyəcanı
bir daha sevindirir və gülümsədir məni.
Anlayıram ki, tədbir sual-cavab mərhələsinə
keçib. Sual isə çox maraqlıdı: "Sizə
bu yaşınızda
da sevgi şeiri yazdıran hansı bəxtəvərdi?"
Cavabı
daha yaxşı eşitmək üçün
bir az
da o "görünməzliyə"
yaxınlaşıram. Deyir
ki: "Düzü, indi sevgi şeiri
yazmıram, cavanlıqda
yazdığım şeirlərdir
və hələ indi çap olunur. O ki qaldı
sualınıza, mən
elə bilirəm ki, o bəxtəvər mənim evimdədir".
Bu cavaba cavanlarda can qalarmı?! Hamı bir ağızdan
təəccüb nidaları
ilə şairin sözünü yarımçıq
kəsir. Ramiz müəllim isə fikrini tamamlamağa israrlıdır: "Ancaq
mənim ilham pərim indi ildə bir-iki dəfə gəlir, Türkiyədədir. Selcan nəvəmdir".
Sonra kimsə
R.Rövşəndən sevdiyi
şairləri soruşdu. O da dedi ki: "Sevdiyim şair çoxdur, ancaq hər zaman qəlbimdə gəzdirdiyim
iki şair var: biri Füzulidir,
biri isə Müşfiq".
Ara-sıra yenə də şeirlərini oxuyurdu. Çoxunu öz
dilindən eşitmişdim.
"Azadlıq" şeirini isə ilk dəfə eşidirdim.
Şair həmişə
olduğu kimi yenə də düşündürməyi bacarmışdı:
Vicdan azadlığı, söz
azadlığı,
Bu şirin kəlmələr
dilimə yaddı.
Bununçün şüarlar nə
lazım axı,
Özün azadsansa, hər şey azaddı.
"Barmaqlıq dalında, çeşmək dalında,
Zəncirli, zəncirsiz
qullar görmüşəm"
- deyən şair şeirində "qulluğun
fəlsəfəsi"ni
elə böyük məharətlə açıb
ki, oxucuda sözlərinə zərrə
qədər də şübhə yeri buraxmayıb.
Sual-cavab mərhələsini də
tamamladıqdan sonra növbə gəlib çatır imza mərasiminə. Saatıma baxıram: 17:00-ı göstərir.
Deməli, tədbirin rəsmi
və sual-cavab hissəsi birgə cəmi bir saat
çəkib. Görək imza
mərasimi nə qədər çəkəcək.
İzdiham deyirəm e sizə.
Bu izdiham asan
bitənə oxşamırdı.
Və, gözlədiyimiz kimi də oldu.
Əvvəlcə sıraya qoşulub növbəmi gözləyirdim. Sonra isə
fikrimi dəyişib bir küncə çəkildim. Qərarlı idim, bu imza
mərasimini axıra qədər izləyəcək,
ən sonuncu imzanı da özüm alacaqdım.
Baxıram. İnsanlar əllərində kitab sevimli şairlərini
elə böyük həsrət, elə ülvi sevgiylə gözləyirdilər ki, bu sevgiyə saatlarla yox, günlərlə tamaşa
etmək olardı.
Bu qədər böyük sevginin ünvanına isə yaxşı mənada həsəd aparmamaq əldə deyildi. Ramiz müəllimin kitabını
imzaladığı oxucuların
sanki böyük bir mübarizədən qalib ayrılmışcasına
sevinci, o imzanı göstərib bir-birlərini
təbrik etməkləri
əsl əllərini
çənənin altında
birləşdirib ləzzətlə
seyr edəsi mənzərə idi.
Bu mənzərə qarşısında zaman da, saatın əqrəbləri də öz mənasını itirmişdi. Şair isə
səbrlə kitabları
imzalayır, ona doğru yönələn
telefonlara, fotoaparatlara
gülümsəyirdi.
Nəhayət, düz iki saatdan
sonra oxucu növbəsinin sonu göründü. Bayaqdan səsiylə görüşdüyümüz
şairi də bu neçə saat ərzində ilk dəfə görə bildik. Yavaş-yavaş biz də imza
masasına yaxınlaşdıq.
Və çox maraqlı, şair ürəyinin həssaslığını bir
daha sübut edən qeyri-adi hadisənin şahidi olduq.
Bir qız əlindəki kitabı şairə uzadıb iki ada imzalamağını xahiş etdi: özü və yanındakı oğlan üçün. Şair hər
iki adı yazdı. Qızla da, oğlanla
da şəkil çəkdirdi. Elə
onlar sağollaşıb
getmək istəyəndə
birdən Ramiz müəllim dedi:
- Siz dostsunuz, bacı-qardaşsınız, ya
birgə gələcək
qurmağı planlayırsınız?
İkisi də utancaq təbəssümlə öncə
bir-birlərinə, sonra
isə şairə baxdılar, dinmədilər. Ramiz Rövşən, təbii
ki, anlamışdı:
- Bəs onda verin
kitabı, bir xoşbəxtlik arzulayım
da sizə.
Yenidən kitabı götürüb
adların altında
"xoşbəxtlik arzusuyla"
sözlərini yazdı. Kitabı
geri verəndə isə məzəli bir əhvalat danışdı: "Dərs
dediyim vaxtlarda tələbələrimdən bir
qızla oğlan nişanlı idilər. İmtahanda qıza "beş" yazdım, oğlan isə bir az
zəif idi deyə, "dörd".
Oğlan dedi ki, müəllim, mənə "dörd"
yazmayın, qızı
sonra mənə verməzlər".
Hamımız buna
gülərkən bir az
utanmış, daha çox
isə sevinc içərisində olan cütlük
sağollaşıb ayrıldı. Bir
neçə gənc qızdan sonra nəhayət,
növbə bizə də çatdı. Ramiz
müəllimə əvvəlki görüşdən
yazdığım reportajın çıxdığı qəzeti
verəndə: "Müəllim, burada
da sizin görmədiyiniz
gizli sevgilər vardı, reportajımda
oxuyarsınız" - dedim. O isə:
"Hə? Mütləq oxuyacam. Amma heyif, arada
bəzi uşaqların kitabına adlarını yaza bilmədim, tələsiyə düşdü, eləcə imzaladım, onlar ürəyimdə qaldı" - dedi. Onunla sağollaşanda
eşitdiyim son
sözlər bu oldu. Daha demədim ki, o oxucular sizin
narazı qaldığınız o
imzanı necə bağırlarını basıb əzizləyirdilər,
görməniz lazım idi, Şair!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 18 may.- S.15.