Zülfü Livaneli, Elia Kazan, Lütfi
Zadə və babam...
"İSTƏDİYİN
QƏDƏR DİL BİL, İSTƏDİYİN
QƏDƏR DANIŞ, AMMA HEÇ BİRİ ANA
DİLİNİN YERİNİ VERMİR"
Yadımdadır,
bir neçə ay əvvəl İstanbulun Tarabiya səmtindən
mərkəzə doğru qayıdanda onunla yolboyu
Qarabağdan, qaçqınlardan, məcburi
köçkünlərdən danışmışdıq. Uzun illərdir,
yurd-yuvasından didərgin
düşən insanlarımız
olduğunu dedikdən
sonra, sitəm dolu bir cümlə
də işlətmişdim:
"Bilirsiniz, tikanlı
səddin bu tərəfində dayanıb,
vətəninə boylana-boylana
ölüb getmək nə deməkdir?! Mənim babam Qarabağ deyə-deyə öldü!"
Hə, əslində,
yaxşı bilirdi. Hətta
yurd həsrətini, vətən dərdini, doğmalarından ayrı
düşməyi, yaxınlarının
ölümünə şahid
olmaq acısını
ondan yaxşı kim bilə
bilərdi?! Ömrünün 10 ildən çoxunu
sürgündə keçirmişdi.
Buna səbəb nə erməni, nə qeyri-millətlər
idi. Ona bunu yaşadanlar
öz həmyerliləri,
həmin dönəm dövlət çevrilişi
edərək minlərlə
insanı hədəfə
alanlar idi.
Həqiqətən, torpaq insanı
çəkirmiş...
Yazıçı, ssenarist, rejissor, musiqiçi, siyasətçi
Zülfü Livanelinin
"Elia ilə yolçuluk" kitabını
oxumaq məni bir daha kökü,
torpağı düşünməyə
vadar etmişdi. Görəsən,
insanlar yaşa dolduqca, niyə vətənlərinə dönməyə
can atırlar?! İstər ölüsünün,
istərsə də
son nəfəsdə olan
vücudunun yurduna qovuşmağını arzulayırlar.
Kitabı oxumağa başlayanda
azərbaycanlı alim,
süni intellekt sahəsində qeyri-səlis
məntiq nəzəriyyəsinin
banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə ağlıma gəlmişdi. Hələ
illər əvvəl həyat yoldaşı ilə bir-birinə söz veriblər ki, öldükdən sonra yandırılıb, küllərini
də Amerikada basdırsınlar. Yoldaşı Lütfi Zadədən öncə vəfat etdiyi üçün bu istəyi gerçəkləşdirilib. Amma böyük alim ölənə yaxın fikrindən daşındı
və Azərbaycanda basdırılmağını vəsiyyət
etdi. Hətta xanımına verdiyi
vədə xilaf çıxmaq bahasına bu addımı atdı. Öldükdən sonra vücudunu
torpağına, ana yurduna qaytardı və burada dəfn edildi. Deməli,
"torpaq insanı çəkər" deyimi
təkcə sözdən
ibarət deyilmiş.
Bir xətanın bir ömürlük cəzası...
Kitabda dünya
şöhrətli rejissor,
yazıçı, Kayseridən
olan germir kökənli Elia Kazandan bəhs edilir. 1909-cu ildə İstanbulda yunan ailəsində doğulub.
Dörd yaşındaykən valideynləri
ilə birlikdə Nyu-Yorka köçüb.
Atasının, "Bu görkəmlə rejissor olacaqsan?" deyə danladığı
Kazan, aldığı təhsil
və fitri istedadı sayəsində
20-ci əsrin Hollivud filmlərinin yaradıcılarından
biri olmağı bacarıb. "Rıhtımlar üzərində",
"Ehtiras tramvayı",
"Amerika, Amerika"
kimi unudulmaz kinoları ərsəyə
gətirib. Marlon Brando, Antonio Quinn,
Montgomery Clift, Xulio Harris ve
Karl Malden kimi o dönəmin
əfsanəyə çevrilən
aktyor və aktrisalarını yetişdirən
"Actors Studios"un
qurucusu olub. Artur Miller ve Tennessee Villiamsın əsərlərini böyük
ustalıqla ekranlaşdırıb.
Film sektorunda parıldayan
Kazan 1950-ci illərdə McCarthy dönəmindəki xətalarına
və Amerikaçı
Olmayan Fəaliyyətlər
Komitəsi (HUAC) ilə
olan əlaqəsinə
görə həyatının
geri qalanını
"xain" damğası
ilə yaşamağa
məhkum edilib. Oskar daxil olmaqla
xeyli mükafatlara layiq görülüb, amma buna ürəkdən
sevinə bilməyib.
Livaneli onun bu vəziyyətindən bəhs edərkən deyir ki: "Məncə, xətasının
(kiçiltməyə çalışmıram,
xəyanət də deyə bilərsiniz) bir insanı ölənə qədər,
yarım əsrdən
çox təqib etməsi əsl yunan faciəsidir. Qurtuluş yoxdur, əfv yoxdur, dönüş yoxdur, sadəcə, bu damğa ilə
ölmək var. Kədərli
deyilmi?"
Görünən budur ki, içində
böyük fırtınalarla
yaşadı. Həyatının
son dəmlərində anasının
doğulduğu torpaqlara
onun qucağına can
atan körpə kimi qaçdı. Bəlkə də, bu qaçışın
səbəbi məsumiyyətinə
dönmək, ruhuna çökən ağırlıqlardan
arınmaq, rahatlamaq arzusu idi.
"Nə amerikalı, nə yunan, əsl anadolulu..."
Kitabda baş
verən hadisələrdən, insanların fizioloji
vəziyyətlərindən mimiklərinə qədər olan bütün
ayrıntılardan bəhs edilir. Səhifələdikcə
özünü Kazan
və Livaneli ilə birlikdə Amerikadan Kayseriyə qədər addımlayan yol yoldaşı kimi hiss edirsən. Livanelinin başqa əsərlərində olduğu kimi, burada da hadisələrin,
xarakterlərin, hisslərin iliyə kimi
sirayət etdiyini duymaq
mümkündür. Livaneli
Elia Kazanla böyük yazıçı Yaşar
Kamal vasitəsi ilə tanış olub. Hətta "Sis" filmində Kazana kiçik bir rol verib - bu
film onun oynadığı
son səhnə işidir. Kitabda təkcə
Kazanın xatirələri,
kədərli anları
yox, bunlara səbəb olan coğrafiya və tarixdən də bəhs edilir. Livanelinin həyatı Kazanın həyatı ilə mütəmadi kəsişir.
Bir tərəfdən Elia ilə səfərə davam edərkən, digər tərəfdən
yazıçının yaşadıqlarına
da şahid oluruq. Burada öyrənirik ki,
Elia Kazan özünü
nə amerikalı, nə yunan, əsl anadolulu kimi hiss edir. Hətta türkcəni Anadolu şivəsi ilə danışdığını, bir çox aktyorları işləməyə
razı salmaq üçün "Anadolu
gülüşü"ndən istifadə edir. Oğlunu itirəndə Livaneli ona məktub
göndərir və başlığına "Qara
xəbər" yazır,
çünki Elianın
ürəyini yandıran
ağrının türk
dilində ancaq bu deyimə uyğun gəldiyini deyir. Livaneli onun əsl anadolulu olduğunu, illər sonra bunu daha dərindən
hiss etdiyini söyləyir.
Eyni zamanda, onun həm
də nyu-yorklu olduğunu ortaya qoyur. Əlbəttə, dörd yaşından
getdiyi ölkədə,
Amerika və ingilis mədəniyyətinin
içərisində özünü
nə qədər qoruya bilərdi ki?
Kitabda sadəcə, Elia Kazan və Zülfü Livaneliylə deyil, Tennessi Uilyams, Ceyms Din, Martin Skorseze,
Robert de Niro və təbii ki, Merlin Monro ile qarşılaşırıq.
Elia Kazan
Merlin Monro ilə sevgili olub, amma
Livaneli onun Monro və digər
qadınlarla münasibətlərinin
məhrəm olduğunu
düşündüyü üçün bu mövzuya çox toxunmayıb. Səfər gah
Amerikada, gah Türkiyədə, bəzən
gəmidə, birdən
təyyarədə, hərdən
avtomobildə davam edir. Ankarada Kayseriyə gedən
yolda artıq dəlicəsinə arzulanan
istəyin gerçəkləşməsini,
həsrətin sona çatdığını anbaan
yaşayırıq. Yoldakı fasilələri,
uca dağı görməyin xoşbəxtliyini
izləyirik. Böyük rejissor
ana yurdunda özü ilə başbaşa qalır, hüzura qovuşur.
"İstədiyin qədər
dil bil, amma ana dilindəki
kimi söyə bilməzsən"
Zülfü Livaneli deyir ki, "istəyir, dünyanın ən pis, ən dəhşətli,
lap belə, xarabaxana yeri olsun, fərqi
yoxdur, insanın torpağı həmişə
ona əzizdir. Oranın havası, suyu, bitkisi, təbiəti adamı özünə çəkir. Təkcə bu
deyil, elə ana dili də
ən azı ana yurd qədər
vacibdir. İstədiyin qədər dil bil, istədiyin qədər danış, amma heç biri ana dilinin
yerini vermir. Doğma dilində söydüyün
kimi söyə bilməzsən, sevgi sözlərini öz dilindəki kimi yansıtmağı bacarmazsan.
Yurd, dil, kök bambaşqa
duyğudur".
Somon balığının hekayəsi
Böyük yazıçının danışdığı hekayədən
sonra həm Elia Kazanı, həm Lütfi Zadəni, həm də babamı daha yaxşı anladığımı hiss edirdim:
"Müxtəlif səbəblərdən
başqa ölkələrə
köçmüş, orada
çox böyük uğurlar qazanmış, zənginliyə, şan-şöhrətə,
məşhurluğa qovuşmuş
insanlar olub. Amma həmişə geri dönüblər. Bu, təkcə insanlarda belə deyil. Misal olaraq, somon balığını
çəkə bilərəm.
Bu balıqlar şirin suda törəyirlər. Sonra köç
etməyə başlayırlar.
Duzlu sulardan ötür, okeanlardan keçir, kilometrlərlə məsafə
qət edirlər.
Ölmək vaxtı çatanda
doğulduqları yerə
qayıdırlar. Geri dönəndə tərsinə
üzürlər, elə
çoxu da bu məqamda ovlanır. Bütün canlılarda yerinə
- vətəninə dönüş
istəyi var".
"Məni kəndimizə apar"
Livaneli Kazanın Merlin Monro ilə sevgili olduğunu, ömrü Hollivudun dəbdəbəli, parlaq həyatı içərisində keçdiyini söyləyir: "Amma bir gün nə oldu? "Məni kəndimizə apar" dedi. Bu bir növ ana bətninə dönüş etmək kimi idi. Çox maraqlıdır. Türk dilini ingilis dilinə baxanda az bilirdi. Anası Kayserinin kəndindən getmiş, şivə ilə danışan qadın idi. Elia da bu cür danışıq tərzini ondan öyrənmişdi. Nyu-York vurğusu ilə danışırdı, arxasınca qəflətən ağır bir kənd şivəsi gəlirdi. Yeni evləndiyi arvadı ilə bağlı deyirdi ki, "bu qız yaxşı qızdır, amma bir az dəlidir". Kökə dönüşü Elia Kazanda gördüm. Onu Kayseriyə - ana yurduna apardım. Çox dəyişmişdi, anasının evi dağıdılmışdı, kilsənin içində heyvan saxlanılırdı, bunları görəndə 90 yaşlı kişi oradaca ağladı. Bunlar üçüncü Oskarı aldıqdan sonra oldu".
Ən maraqlısı isə Kazanın Livaneliyə
verdiyi bu tövsiyə
olur: "Əsla heç
bir şey üçün üzülmə. İstədiyin
qədər hirslən, əsəbləş, döyüş,
savaş, söy, amma üzülmə, çünki
üzüntü insanı çürüdür".
Təəssüf ki, özünün
içindəki savaş ölənə
qədər bitmir ki, bitmir!
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 18 may.- S.14.