Əhməd bəy Ağaoğlu
yad edilib
Bugünlərdə Nəriman Nərimanovun xatirə muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
"Əhməd bəy Ağaoğlu - böyük mücadilə adamı" adlanan bu tədbir Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşib.
İdarəçilik Akademiyasının "Tarıx" kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyə xanım Əhmədova, AMEA-nın Azərbaycan Milli Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, kulturoloq Mübariz Süleymanlı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, Axund Fərəculla Pişnamazzadənin nəvəsi Nemət Məmmədli və Ağaoğlular nəslinin nümayəndəsi Rövşən Ağayev tədbirin qonaqları olublar.
Muzeyin direktoru Kamilə Hüseynova tədbiri açaraq iştirakçıları salamlayıb. Daha sonra Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətini qısaca əks etdirən videoçarx nümayiş etdirilib. Bədirxan Əhmədov, Mübariz Süleymanlı, Fərhad Cabbarov və Firdovsiyə Əhmədova çıxış edərək milli siyasi və fikir tariximizin nəhəng simalarından olan Əhməd bəy Ağaoğlunun ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq kimi səciyyələndirərək onun geniş fəaliyyətinin müxtəlif tərəfləri haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Çıxışlarda türkçülük ideologiyasının banilərindən biri olan Əhməd bəyin ictimai-siyasi baxışlarından geniş söhbət açılıb, Ağaoğlunun özünəməxsus üsyankar və çılğın təbiətini, mübarizliyini əks etdirən maraqlı faktlar və epizodlar söylənilib.
N.Nərimanovla Ağaoğlu arasındakı münasibətlərdən də danışılıb, bu iki mütəfəkkirin dostluğundan, tariximizdə iz qoymuş yazışmalarından da bəhs edilib.
Ə.Ağaoğlunun zamanında erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması üçün "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlı "Difai" partiyasını təsis etməsi və həmin təşkilatın maariflənmək və güclənmək kimi iki təklif verməsi, həmçinin, erməni və digər düşmən mövqelı xristian milyonerlərin səyi ilə Bakı əhalisinin köçürülməsi təklifinə qarşı durmağı bacararaq bu fitnəkarlığın və fəlakətin qarşısını alması haqda söylənilənlər tədbir iştirakçılarında unudulmaz təəssürat oyadıb.
Ağaoğlular nəslinin nümayəndəsi Rövşən Ağayev bildirib ki, həm Azərbaycan, həm də Türkiyə ictimai-siyasi həyatında böyük rolu olmuş Əhməd bəy Ağaoğlunun 150 illik yubileyilə bağlı tədbirlərin onun təhsil aldığı Fransada - Sorbonna Universitetində, Türkiyədə, eləcə İngiltərə də keçirilməsinə nail olmaq lazımdır.
Daha sonra R.Ağayev Azərbaycanın tarixi, görkəmli ziyalıları, ictimai-siyasi xadimləri haqqında esse, xatirə, qeyd və mülahizələrin toplandığı iki nəşri - Xosrov Ağayevin "Ötən günlərimi vərəqləyərkən" və özünün "Zaman, hadisələr, faktlar" kitabını muzeyə hədiyyə edib.
Tədbirin gedişində ekranda Qarabağın və Şuşanın ecazkar mənzərələri nümayiş etdirilib, Bülbül adına orta ixtisas məktəbinin şagirdləri Abdullayeva Ülkər (ifaçı), Cavanşir (tar) və Əli (kamança) Rüstəmbəylilərin ifasında musiqilər dinlənilib.
Rəna
QƏHRƏMANOVA
Nəriman Nərimanovun
xatirə muzeyinin böyük
elmi işçisi
525-ci qəzet.- 2019.- 17 may.- S.2.