"Bakını dünyada türkoloji tədqiqatların
mərkəzinə çevirə bilərik"
Müsahibimiz
"Türkologiya" jurnalının məsul katibi, AMEA Nəsimi
adına Dilçilik İnstitutunun Türk
dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru Elçin İbrahimovdur.
-
Elçin müəllim, söhbətimizə
"Türkologiya" jurnalı və onun fəaliyyəti
haqqında ümumi məlumatla başlayaq.
- "Türkologiya" jurnalı SSRİ Elmlər
Akademiyası və Azərbaycan SSR Elmlər
Akademiyasının birgə nəşri kimi "Sovetskaya
tyurkoloqiya" adı ilə 1970-ci ilin aprel ayından nəşr
olunur.
1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev,
1987-1993-cü illərdə SSRİ EA-nın müxbir
üzvü, SSRİ EA Dilçilik İnstitutu Türk dilləri
şöbəsinin müdiri Əthəm Tenişev jurnalın
baş redaktorları olmuşlar.
SSRİ-nin
süqutundan sonra Azərbaycan EA Rəyasət Heyətinin 16
yanvar 1992-ci il tarixli iclasında jurnalın
gələcək fəaliyyəti ilə bağlı qərar
qəbul edilir. Qərarda deyilir: "Keçmiş SSRİ EA
ilə Azərbaycan EA-nın müştərək orqanı
olan "Sovetskaya tyurkoloqiya" jurnalının adı dəyişdirilsin
və 1992-ci ilin ilk nömrəsindən etibarən jurnal
"Türkologiya" adı altında buraxılsın". Eyni zamanda, jurnalın baş redaktoru akademik
Ağamusa Axundov təyin edilir (1993-2015-ci illər). 2015-ci ildə jurnalın baş redaktoru akademik Tofiq
Hacıyev olur.
Azərbaycan
Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral
2016-cı il tarixli qərarına əsasən
Akademiyanın Rəyasət Heyəti jurnalın təsisçisi
kimi müəyyən edilir. Jurnalda
türkologiyanın müxtəlif sahələri üzrə
yazılar çap etmək tövsiyə edilir. Akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin
edilir.
Artıq jurnalın ildə dörd nömrəsi (mart,
iyun, sentyabr, dekabr) mütəmadi şəkildə nəşr
olunur. Jurnalda
Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr
dərc olunur.
- Jurnal əsasən
hansı sahələri əhatə edir? Hansı
rubrikalardan ibarətdir?
- Rəyasət
Heyətinin qərarına uyğun şəkildə jurnal bu
gün öz profilini genişləndirib, təkcə
dilçiliyi deyil, türkologiya elminin tarixini, türk
xalqlarının tarixi və mədəni zənginliklərini,
yazılı abidələrini, mifologiyasını, dil və ədəbiyyat
problemlərini, incəsənət nümunələrini, fəlsəfi
fikrini, dünya türkoloji mərkəzlərini öyrənən
məqalələrə geniş yer verir. Bununla
da jurnal türkologiyanın müxtəlif istiqamətlərində
çalışan alimlərin intellektual məkanına
çevrilib. Jurnalın daimi və
xüsusi rubrikaları müəyyənləşdirilib.
Rubrikalardan başqa, jurnalda resenziyalar, xronika,
personaliya və nekroloqların mütəmadi və sistemli
şəkildə çap edilməsi dünya miqyasında
türkoloji həyatın nəbzini tutmağa kömək
edir.
Məsul katib kimi deyə bilərəm ki, jurnalın
bütün rubrikalarının xüsusi oxucu auditoriyası
var. Xüsusən isə "Türkoloji mərkəzlər"
və "Klassik irs, portretlər" rubrikaları jurnalın
ən çox əks-səda doğuran
rubrikalarındandır. "Türkoloji mərkəzlər"
rubrikamızda dünyanın müstəlif bölgələrində
fəaliyyət göstərən türkoloji mərkəzlər,
tədqiqat mərkəzləri və aparılan
araşdırmalar haqqında məlumatlar çap edirik. Məqsəd ondan ibarətdir ki, çox vaxt
bir-birindən əlaqəsiz və xəbərsiz fəaliyyət
göstərən bu mərkəzlər jurnal vasitəsilə
müəyyən dərəcədə öz aralarında əlaqə
qura bilsinlər, bir-birindən xəbərdar olsunlar.
Jurnalda Tirana Universitetində (Albaniya), Kazan Federal Universitetində
(Tatarıstan), Varşava Universitetində (Polşa), Sofiya
Universitetində (Bolqarıstan), Ayn-Şəms Universitetində
(Misir) və Daşkənd Universitetində (Özbəkistan),
İranda, Almaniyada türkoloji mərkəz və
araşdırmalar haqda məqalələr dərc olunub. "Klassik irs, portretlər" rubrikasında isə
ömrünü türkoloji araşdırmalara həsr
etmiş dünya və Azərbaycan alimlərinin həyat və
yaradıcılığı haqqında məlumat verilir və
haqqında bəhs açılan alimin bir yazısı
çap olunur.
-
Xüsusi rubrikalar haqqında da ətraflı məlumat almaq
istərdik...
- Əlbəttə.
Jurnalın daimi rubrikalarından başqa, bir də xüsusi
rubrikaları var. Bu rubrikalara nümunə olaraq 2016-cı ildə
Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə bağlı "Türkoloji Qurultay - 90" xüsusi
rubrikası, "Kitabi-Dədə Qorqud"un alman dilində
ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə bağlı "Henrix Fridrix Fon Dits və Kitabi-Dədə
Qorqud - 200" xüsusi rubrikası, Ümummilli lider Heydər
Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Heydər
Əliyev - 95" xüsusi rubrikası, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
bağlı "Azərbaycan Xalq Cümhuriyyəti - 100"
xüsusi rubrikalarını qeyd edə bilərəm. Bundan
başqa, bu il Cəlil Məmmədquluzadənin
150 və İmadəddin Nəsimin 650 illiyi ilə
bağlı da xüsusi rubrikamız olacaq.
-
Jurnalın konkret müəllifləri varmı?
- Xeyr,
daimi müəlliflərimiz yoxdur. Ancaq müxtəlif
sahələrdə tədqiqat aparan tədqiqatçılarla əlaqələrimiz
var. Jurnalımızın qapısı qeyd edilən sahələr
üzrə sanballı araşdırması, tədqiqat işi
olan hər bir müəllifin üzünə
açıqdır. Bu gün jurnal əcnəbi
alimlərin xüsusi diqqət mərkəzindədir. Son üç ildə jurnalımızda bir sıra
xarici ölkələrin və təbii ki, Azərbaycanın
tanınmış alimlərinin məqalələri çap
olunub.
Peter
Qolden, Oljas Süleymenov, Əhməd Bican Ercilasun, Aleksandr
Nesterov, Firudin Cəlilov, Osman Fikri Sərtqaya, Aleksandr Bondarev,
İqor Kormuşin və başqalarının məqalələrini
buna nümunə vermək olar.
- Siz, həmçinin,
"Türkologiya" jurnalının nəzdində seminarlar
da keçirirsiniz.
-
Xüsusi əhəmiyyətə malik bu seminarlarda müxtəlif
elm sahə-lərinin nümayəndələrini
maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və
dünyada aparılan türkoloji tədqiqatların
işığında müzakirə edilir. Seminar
bu gün də fəaliyyətini davam etdirməkdədir.
Azərbaycan müxtəlif universitetlərin sabah
qruplarında təhsil alan tələbələr, gənc
türkoloqlar və elmi tədqiqatçılar seminarın
üzvüdür. İlk seminar jurnalın
baş redaktoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə
jurnalın beynəlxalq məsləhətçilərin
iştirakı ilə keçirilib. İkinci
seminarda professor Elbrus Əzizovun rəhbərliyi ilə
türkiyəli professor Əhməd Bican Ərcilasunun
"Başlanğıcdan iyirminci əsrə - türk dil
tarixi" kitabı müzakirə edilmişdi. Bundan
başqa, jurnal Rusiya Federasiyası Ural Federal Universitetinin
professoru Aleksandr Nesterovun "Türk dünyası və
Avropa Birliyi: Qlobollaşan dünyada elmi əlaqələr"
mövzusunda da seminar keçirib.
-
Hazırda jurnalın türk dünyasında və beynəlxalq
arenadakı nüfuzu sizi qane edirmi?
- Bəli, qane edir. Ancaq bu, bütün işlər görülüb qurtarıb mənasına gəlmir. Qane etməkdən əlavə, deyə bilərəm ki, hazırda ən yüksək səviyyədədir. Ancaq şəxsən mən hər zaman gördüyüm işə tənqidi yanaşıram. Gördüyümüz işlərə və arzusunda olduğumuz, planladığımız işlərə nəzər salanda deyə bilərəm ki, bu, bizim arzularımızın cüzi bir hissəsidir. Bir jurnalın baş redaktoru əgər akademik Kamal Abdullayevin kimi yenilikçi bir akademikdirsə, orda nə yeniliklər bitər, nə də hədəflər. Amma jurnalın ümumi işini dəyərləndirsək, konkret rəqəmlərlə çıxış etsək, beynəlxalq nüfuzundan, uğurlarından danışsaq, hər şey daha aydın olacaq. Əlbəttə, mən burda AMEA Rəyasət Heyətinin, akademiyanın prezidenti, akademik Akif Əlizadənin jurnalın işinin ən üst səviyyədə qurulması üçün maddi-texniki və s. işlərdə çox yaxından dəstək verdiyini də qeyd etmək istərdim. Eləcə də baş redaktorumuz Kamal Abdullayevin qayğısını, zəhmətini xüsusi vurğulamağı mənəvi borc bilirəm.
- Jurnal hansı beynəlxalq indeksləşdirmə, impakt faktor təşkilatlarının bazasına salınıb?
- Əvvəlcə onu deyim ki, biz ilk növbədə jurnalın hər nömrəsinin vaxtında çap olunmasına çalışdıq və buna qısa zamanda nail olduq. Mən yenə də bu məqamda hörmətli baş redaktorumuz Kamal müəllimin bu zaman kəsiyində jurnala qarşı son dərəcə həssas yanaşmasını qeyd etmək istərdim. Bir il içərisində beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı dünyanın bir sıra nüfuzlu beynəlxalq biblioqrafik indekslərinə daxil edildi və impakt faktor statusu qazandı. Belə ki, impakt faktor statuslu təşkilatlardan jurnalın baş redaktorunun adına və elektron poçt ünvanına bu barədə rəsmi məktublar daxil olub. Bu gün jurnal altı beynəlxalq təşkilatın bazasındadır. Beynəxalq indeksləşdirmə təşkilatlarından Nyu-Yorkda fəaliyyət göstərən Modern Dil Assosiasiyasını (MLA) xüsusi qeyd etmək istərdim. Amerikada fəaliyyət göstərən təşkilat dünyanın ən nüfuzlu impakt faktor təşkilatlarından hesab olunur. Bundan başqa, Hollandiyanın Skolar Jurnal İndeksinin (SAJİ), ABŞ-ın Elmi İndeks Xidmətlərinin (SİS), Türkiyənin Sosial Elmlər İstinad və Türk Təhsil İndekslərinin (TEİ), Almaniyanın Kosmos İmpakt Faktorunun (CİF) bazasına daxil edilib.
- AMEA
Dilçilik İnstitutunda Türk dilləri şöbəsinin
müdirisiniz. Burada fəaliyyətiniz necə
gedir?
- Burada da
böyük hədəflərimiz var. Təvazökarlıqdan
uzaq olsa da, deməliyəm ki, bu gün hədəfimiz, arzumuz
Bakını dünyada türkoloji tədqiqatların mərkəzinə
çevirməkdir və biz buna nail ola bilərik.
Bunun üçün "Türkologiya"
jurnalında və Türk dilləri şöbəsindəki
bütün fəaliyyətimiz Azərbaycan türkologiya
elminin bayrağını daha yüksək elmi dairlərdə
dalğalandırmaqdan ibarətdir. Şöbəyə
Azərbaycan türkologiya elmində sanballı
araşdırmaları ilə seçilən professor Vaqif
Aslanov, akademik Kamal Abdullayev, professorlar Əbdürrəhman
Cavadov, Həsən Quliyev, Məhəbbət Mirzəliyeva,
filologiya üzrə elmlər namizədi Qətibə Mahmudova
və dosent Aygül Hacıyevə rəhbərlik ediblər.
Türk dilləri şöbəsi bu gün təxminən
50 illik tarixi tədqiqat ənənələrini və
türkologiyanın aktual məsələlərinin
araşdırılması sahəsində fəaliyyətini
davam etdirməkdədir. Şöbədə hal-hazırda türk
dillərinin fonoloji, morfoloji və sintaktik məsələlərinin
müqayisəli və müqayisəli-tarixi tədqiqi,
onların müqayisəli qrammatikalarının hazırlanması
sahəsində tədqiqatlar davam etdirilir. İlk
dəfə olaraq hazırlanan "Türk dilləri
araşdırmaları" toplusu da şöbənin əməkdaşlarının
öz sahələrində apardıqları tədqiqatları
ehtiva edir. Eyni zamanda, əməkdaşlarımız
tərəfindən türk dilləri, rus dili və Azərbaycan
dilində danışıq kitabları hazırlanır.
Məsələn, "Azərbaycanca-tatarca-rusca-ingiliscə"
və "Azərbaycanca-özbəkcə-rusca"
danışıq kitabçaları artıq çapa
hazırdır. Türkologiya sahəsində
yazılmış dərin elmi araşdırmaların,
sanballı kitabların rus və ingilis dillərindən dilimizə
tərcümə edilməsi, türkologiyanın aktual problemlərinin
həlli istiqamətində işlər görülməsi,
dünya türkologiyasına dəyərli əsərlər
töhfə verilməsi də şöbənin
qarşısında duran başlıca vəzifələrdəndir.
Həm "Türkologiya" jurnalının məsul
katibi, həm də Türk dilləri şöbəsinin
müdiri kimi öz üzərimə düşən məsuliyyətin
böyüklüyünü anlayıram. Çünki
biz həm ənənəni qorumalıyıq, həm də bu
işdə, tədqiqatlarımızda yeniliklərə imza
atmaq üçün çalışmalıyıq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 18 may.- S.11.