Bir möhtəşəm ölüm -
Əhməd Ağaoğlunun vəfatının 80 illiyinə
Əhməd
bəy 1939-cu il mayın 19-da İstanbulda,
şəhərin Nişandaşı səmtində yerləşən
ailə mülkündə, övladlarının və
yaxınlarının əhatəsində dünyaya gözlərini
yummuşdu.
Mübaliğəsiz
demək mümkündür ki, 1930-cu illərin sonunda onun
ölümü böyük Atatürkün vəfatından
sonra Türkiyənin ictimai, mədəni və mənəvi həyatında
geniş səs-səda və yanğı doğuran,
haqqında uzun müddət bəhs olunan itkilərdən biri
kimi tarixə düşmüşdü. Cəmiyyətin
müxtəlif təbəqələri, ilk növbədə
isə yaradıcı ziyalılar - yazıçılar,
jurnalistlər, elm və sənət adamları bu ölümə
laqeyd qalmamışdılar. Başqa bir
diqqəti çəkən cəhət isə Əhməd
Ağaoğlunun xatirəsinin təkcə paytaxt şəhərlərində
- Ankara və İstanbulda deyil, bir çox əyalət mərkəzləri
də daxil olmaqla ölkə miqyasında anılması idi.
Əhməd
bəy dünyadan köçəndə Türkiyədə
hakimiyyət sükanı ölkənin siyasi tarixində uzun
müddət "ikinci adam" kimi
tanınan, 1938-ci ilin noyabrından cümhurbaşqanı məqamına
yüksələn İsmət İnönünün əlində
idi. Atatürkdən fərqli olaraq onları
dostluq münasibətləri, fikir və düşüncə
yaxınlığı bağlamırdı. Əksinə, aralarında həmişə bir sərinlik
olmuş, bir gərginlik yaşanmışdı.
Cümhuriyyətin ilk illərindən başlayaraq Əhməd
bəy müxtəlif ictimai və mənəvi-əxlaqi məsələlər
- xüsusən də cəmiyyət həyatında demokratiya,
ziyalının və mətbuatın rolu, liberal dəyərlər,
siyasi plüralizm və s. kimi məsələlərlə
bağlı İsmət Paşa ilə polemika aparmış,
hətta Atatürkün olduğu məclislərdə də
ona açıq etirazını bildirməkdən çəkinməmişdi.
İnönü də mübariz təbiətli,
inandığı həqiqətlər yolunda ölümdən
belə qorxmayan Ağaoğlunu sevmədiyini gizlətmir, əksinə,
ilk imkan düşən kimi bunu açıq şəkildə
büruzə verirdi. Soyuq münasibətini
bəzən hətta şəxsi-ailə müstəvisinə
də keçirirdi. Məsələn, Əhməd bəyin
qızı, Türkiyənin ilk qadın
hüquqşünası Sürəyya Ağaoğlu Parisdən,
"Rokfeller Foundation"dan Fransa ədliyyə qurumlarında
üç aylıq staj keçməklə bağlı dəvət
alanda vükəla heyətinin - nazirlər şurasının
sədri İnönü etirazını bildirmiş,
keçmişdə rus təbəəsi olmuş bir şəxsin
qızının Türkiyəni təmsil etməsini yolverilməz
saymışdı.
İsmət İnönünün tünd xarakteri və
şəxsi münasibətlərdəki gərginlik nəzərə
alınarsa, türk mədəniyyəti və ictimai-siyasi
fikrinin məruz qaldığı itkiyə dövlət səviyyəsində
ciddi reaksiya veriləcəyini gözləmək sadəlövhlük
olardı.
Hökumətin sükutuna rəğmən Əhməd
bəyin ölüm xəbəri cəmiyyəti silkələmiş,
onun çağdaş Türkiyənin ədəbi-mədəni
və mənəvi varlığında nə qədər
önəmli sima olması faktını aydın bir şəkildə
ortaya qoymuşdu. Dinçi, yaxud laik, sağçı, yaxud solçu təmayülə
meyl göstərmələrindən, iqtidar, yaxud müxalifət
cəbhəsinə bağlılıqlarından asılı
olmayaraq əksər ədəbiyyat, mətbuat və sənət
adamlarının bir səslə "ustad"
adlandırdığı Əhməd Ağaoğlu həyatının
son günlərinə qədər türk fikir və
düşüncə tarixində öz öncül
mövqeyini qoruyub saxlamağı bacarmışdı. Təsadüfi
deyil ki, ölümünün ardından ictimai fikirdə və
ziyalı mühitində "Türkiyədə intellektual
toplantıların keçirildiyi yeganə evin qapıları
da bağlandı", "Səhranın ortasında tək-tük
vahələr halında elm və sənət mühitləri
qalmışdısa, onlardan biri də Ağaoğlunun
İstanbuldakı evi idi" - tipli təəssüf və
yanğı dolu səmimi etiraflar səslənmişdi.
Əhməd bəyin ölüm xəbəri
yayılınca zamanın İstanbul valisi olan Kərkük azərbaycanlısı,
tanınmış türk siyasi və dövlət xadimi
Lütfi Kirdar (1887-1961) dəfn mərasiminə rəhbərliyi
və meydana çıxan bütün məsələlərin
həllini öz üzərinə
götürmüşdü. Çoxsaylı mərasim iştirakçılarının
İstanbulun tarixi Təşviqiyyə camisində
qıldıqları cənazə namazından sonra mərhum
Feriköy məzarlığında, altı il
əvvəl haqq dərgahına qovuşmuş həyat
yoldaşı Sitarə xanımın yanında dəfn
edilmişdi. Dəfndə vali Lütfi Kirdar, Əhməd bəyin
Malta sürgünündən bəri dostluq əlaqələri
saxladığı, Sərbəst Firqə quruculuğunda birgə
çalışdığı keçmiş baş nazir və
keçmiş TBMM başqanı Əli Fəthi Okyar,
Türkiyə Böyük Millət Məclisinin üzvləri,
çoxlu sayda ziyalılar, mətbuat nümayəndələri,
universitet mənsubları, vəkillər və hərbçilər
iştirak edirdilər. İstanbuldakı
Çapa Qız Müəllim Litseyinin müəllim və tələbələri
də tam tərkibdə dəfn mərasiminə qatılanlar
arasında idi.
Təzə
məzar önündə keçirilən mitinqdə
yuxarıda adı çəkilən Əli Fəthi Okyar,
yazıçı və jurnalist həmkarlarından Pəyami
Səfa, İsmayıl Həbib, soydaşı,
tanınmış türkoloq, İstanbul universitetinin professoru
Əhməd Cəfəroğlu, keçmiş tələbələrindən
Camal İzmirli vida sözləri söyləmişdilər. Ailə üzvləri adından oğlu Səməd
çıxış edərək atasının xatirəsinə
bu qədər ehtiram və diqqətlə
yanaşdıqlarına görə bütün
iştirakçılara minnətdarlıq
duyğularını çatdırmışdı.
Əhməd
Ağaoğlunun vəfatının ertəsi günündən
başlayaraq demək olar ki, qırx mərasiminə qədər
Türkiyənin istər mərkəzi, istərsə də əyalət
qəzetləri öz səhifələrində türk ictimai
fikrinə və mədəniyyətinə üz vermiş
böyük itki ilə bağlı onlarla vida yazısı, məqalə,
xatirə və s. çap etmişdi. Onların
müəllifləri ölkənin tanınmış
yazıçıları, jurnalistləri, görkəmli
söz və fikir adamları idilər. Müəlliflər
arasında Əhməd Ağaoğlunun rəhbərliyi
altında çalışmış mətbuat xadimləri,
Ankara Hüquq Məktəbində və İstanbul
Darülfünunda dərs dediyi keçmiş tələbələri,
müxtəlif vəsilələrlə tanıdığı
fərqli peşə sahibləri vardı. Türkiyənin
çeşidli guşələrində yaşayan, bəziləri
hətta biri digəri ilə tanış
olmayan bu adamları birləşdirən ümumi hiss türk
dünyasının öndər insanlarından birinin itkisindən
doğan təəssüf və kədər idi. Onlar Əhməd Ağaoğlunun şəxsiyyətinə,
fəaliyyətinə, xalqın fikir və mədəniyyət
tarixində yerinə və irsinə münasibətdə
türk cəmiyyətində nadir təsadüf olunan
şükran dolu bir mütəşəkkillik nümayiş
etdirmişdilər. Bu, həqiqi qədirşünaslıq
nümunəsi idi.
Vida
yazıları bir insan, dost, müəllim, alim, ictimai xadim,
siyasətçi, hüquqşünas, qəzetçi,
dövrünün böyük milliyyətçisi və
türkçüsü kimi Əhməd Ağaoğlunun şəxsiyyətini
müxtəlif rakurslardan görməyə imkan verirdi. Müəlliflər xəsis, lakin dəqiq ştrixlərlə
mərhumun mürəkkəb həyat epopeyasının
ayrı-ayrı səhifələrini, xarakterinin özünəməxsus
cəhətlərini göz önündə canlandırmışdılar.
Maraqlıdır ki, Əhməd bəy haqqında
yazanlar, xatirələrini bölüşənlər,
böyük ürəklə səmimi söz söyləyənlər
yalnız onun hörmət və etimadını
qazanmış yaxın dostları deyildilər. Azərbaycanlı mütəfəkkirin
polemika apardığı, bəzən kəskin tənqid etdiyi,
ünvanlarına sərt sözlər söylədiyi "əks
cəbhənin" adamları da itkinin
ağırlığına dostlardan az
yanmırdılar. Məsələn, Əhməd
bəy sağlığında XX əsr türk fikir həyatının
ünlü simalarından olan tarixçi, filosof,
iqtisadçı Şevket Süreyya Aydemirin türk inqilabı
ilə bağlı fikirlərinin ən kəskin tənqidçisi
olmuşdu. "Dövlət və fərd"
əsərində Aydəmirin konsepsiyasının
daşını-daş üstündə
qoymamışdı. Amma bu, Şevket
Süreyya bəyə böyük həmkarının
ölümü ilə bağlı ən təsirli vida
sözlərini yazmağa mane olmamışdı. Yaxud digər müəllifin - tanınmış
türk qadın yazıçısı Şükufə
Nihalın əri Əhməd Həmdi Başar dəfələrlə
Ağaoğlunun kəskin, hətta amansız tənqidlərinə
məruz qalmışdı. Müxtəlif
vaxtlarda münasibətlərində gərginlik
yaşanmışdı. Amma bu təsadüfdə
də şəxsi incikliklər böyüklük və
insanlıq etirafının qarşısında maneəyə
çevrilə bilməmişdi.
Xəstəliklərin üzüb əldən
saldığı Əhməd bəyin həyatının son
günləri və ölümü ilə bağlı ən
təsirli yazılardan birini isə oğlu, gələcəyin
tanınmış yazıçısı və dövlət
adamı Səməd Ağaoğlu qələmə
almışdı. İlk dəfə müəllifin 1940-cı ildə
Ankarada nəşr olunmuş "Babamdan hatıralar"
kitabında yer almış həmin kədərli
yazını Əhməd bəyin vəfatının 80-ci
ildönümü günündə Azərbaycan türkcəsinə
uyğunlaşdıraraq "525-ci qəzet"in oxucularına
təqdim edirəm.
ÖLÜM
Səməd
Ağaoğlu
Ölümə qarşı həqarət, nifrət və
tabeçilik göstərmədən onu təbiətin qanunu
kimi gözləmək güclü insanın xarakterində
öz əksini tapır. Son iztirabımız eyni zamanda, həm də
son təcəssümümüzdür.
Mark Aureli
Son iztirabımız eyni zamanda, son təcəssümümüzdür.
Janna
Mariya Qyuon
Bir gün Ankarada böyük bacım Tezerin evinə
getmişdim. Mayın ilk həftəsi başa çatmaqda idi.
Masanın üstündə atamın məktubunu gördüm. Mənə idi. Açdım.
"Gözümün
nuru,
Məktubunu aldım. Səhv eləmirsən.
O gün həm xəstə idim, həm də sənə hirslənmişdim.
Xəstə idim. Çünki artıq həmişə xəstəyəm.
Taqətim, qüvvəm tükənib. Ən kiçik bir hərəkət, ən balaca bir
tərpəniş məni yorur. Həmişə
əsəbilik içərisində gah birinə, gah digərinə
çımxırmaqdayam. Əminəm ki,
bu səbəbdən artıq ətrafımdakılar da məndən
beziblər. Özüm kimi onlar da
mümkün qədər tezliklə məndən
canlarını qurtarmağı düşünürlər.
Əgər yanımda olsan, sən də eyni
cür fikirləşərdin. İndi
başa düşürəm ki, qocalıq yalnız səhhəti
yerində olan adamlara yaraşır. Mənim
kimi sağlamlığını itirənləri uzun müddət
yaşatmağa dəyməz.
Sənə hirslənməyim də eyni şeydən
qaynaqlanır.
Uşaq kimi hər dəqiqə
aranıb-axtarılmağı istəyirəm. Belə olmayanda ağlıma qəribə şeylər
gəlir, özümə yer tapa bilmirəm".
Məktuba tarix qoyulmamışdı. Bacıma
telefon etdim, "Atamdan məktub gəlib, oxudum. Heç vaxt belə acı və ümidsiz sözlər
yazmamışdı. Görünür, xəstəliyi
daha da şiddətlənib", - dedim.
Bacım:
"Elədir, - dedi. - Bu səhər İstanbuldan zəng
vurdular. Dünən ağır böhran
keçirib. Məktubu isə,
görünür, daha əvvəl yazıbmış".
Vəziyyətindəki böhran dərinləşirdi. Aldığım
məktub atamın son əl yazısıdır. Qəribə
təsadüf! Məndə və
bacı-qardaşlarımda olan yüzlərlə məktubunun
hamısının altına tarix qoyulub. Son
məktubunda isə bunu nədənsə unutmuşdu. Bəlkə
artıq çox yaxında olan əbədi vida anını xəstələnməmişdən
əvvəl hiss etmişdi? Ziya Göyalp həyatının
son anlarında canlı, hər şeyə hakim insanın
ölüm nəticəsində qovuşacağı
heçlik haqqında dəhşətlə
düşünürmüş. Bundan
qorxduğunu da yazmışdı. İndi
artıq atam da həmin o dəhşətli heçliyin
içərisindədir.
(Səməd
Ağaoğlu)
Məktubun üstündən üç gün
keçdi.
Mayın
16-da, həftənin ikinci günü Sarı qışlada,
çalışdığım otağın qapısı
ağzında bacımın ərinin görünməsi ilə
başlayan və atamı torpağa tapşırandan sonra təkrar
həmin otağa, eyni masanın başına
döndüyüm ana qədər davam edən bir həftəlik
zaman indi xırda təfərrüatlarına qədər, amma
sadəcə iki saat seyr edilən film, yaxud oxunan roman kimi
yaddaşıma hopub.
Bacımın
ərini görər-görməz:
- Nə
olub, atamın xəstəliyi çox ağırdı? - deyə soruşdum.
- Bəli,
indicə zəng vurmuşdular. Sizi istəyirlər.
- Bəlkə
ölüb? Mənə düzünü söylə!
- Səni
əmin edirəm ki, ciddi bir şey yoxdur. Bacın
(Tezer nəzərdə tutulur - V.Q.) bir azdan təyyarə ilə
yola düşəcək. Əgər yetişə bilməsən,
sən də axşam qatarla get.
Böyük bacım Sürəyya da Ankarada idi. Onu axtarıb
tapdım. Axşam qatarda, Pendik
stansiyasında bizi qarşılayacaq qəzetçilərin hələlik
ehtimal etdiyim fəlakətli xəbərlə bağlı
sorğu-suallarından bacımı necə
qoruyacağımı düşünürdüm. Sonra ikilikdə atamın bəlkə də artıq
öldüyü, fəlakəti sakit qarşılamaq lazım
gəldiyi haqda danışıb özümüzü ertəsi
günün həyəcanlarına hazırlamağa
başladıq.
Qəzetlər səssizdi. Heydərpaşa
vağzalından evə telefon açdıq. "Dünənə nisbətən indi vəziyyəti
daha yaxşıdır. Sizi göyləyir",
- dedilər.
Evə gəldik. Otağına girən kimi gözüm
çarpayısının altındakı böyük oksigen
balonuna sataşdı. Yandakı masanın
üstünə qlükoza şüşələri
düzülmüşdü. Bunların
ikisi də mənim nəzərimdə ölüm
anının yaxınlaşdığı zaman xəstələrin
yanında saxlanan zəruri ləvazimatlar idi. Anam öləndə də evimizə eyni avadanlıq
və dərmanlar gətirilmişdi.
Atam rəngi sapsarı, gözləri yumulu halda yataqda
uzanmışdı.
Bacım
Tezer: - Ata! - deyə səsləndi, -
uşaqlar gəldilər.
Gözlərini
açdı, bizə baxıb: - Çox şükür!
Çox şükür, gəldilər, - dedi. İkimizi
də uzun-uzadı öpdü.
Ankaradan danışdım. Son məqalələrinin
cəmiyyətdə böyük əks-səda
doğurduğunu söylədim. Vəziyyəti
elə də qorxulu görünmürdü. Həmişəki böhran anlarında olduğu kimi,
onu üzüb əldən salan yorğunluqdan, bir də
çətinliklə nəfəs almasından başqa ciddi dəyişiklik
nəzərə çarpmırdı.
-
Yaxşısan, ata. Heç nəyin yoxdur.
Əlini
uzadıb: - Məni qaldır, - dedi.
Əlindən yapışdım. Oturarkən
başını üzümə söykədi. Sifəti
od tutub yanırdı. Gözlərimə
baxaraq: - Səməd! - dedi, - həyat bitdi. Axır
ki, gəlib sona çatdım.
O günə
qədər xəstələndiyi vaxtlarda kimsə ondan belə
söz eşitməmişdi.
- Nə
danışırsan, ata? Sən hələ nəvələrinin
toyunu görəcəksən.
Sözlərini
bir də təkrar elədi:
- Həyat
bitdi!
Sonra təkrar yerinə uzanıb həmişəki kimi
balaca bacım Gültəkinlə zarafatlaşmağa
başladı.
Daimi həkimi ən sevimli dostlarından olan Aqil Muxtar
idi.
- O,
böyük adamdır, - deyirdi, - bizdə çox az təsadüf edilən böyük adamlardan
biridir.
Bu dəfə Aqil bəy Bolqarıstanda idi. Odur ki,
müalicəsi ilə xəstəliklərinin tarixçəsini
yaxşı bilən, həm də atama daha çox qəlbi və
fikirləri ilə bağlı olan doktor Həsən Fərid
məşğul olurdu. Atama: - Hey, baba! - deyirdi,
- xəstəlik bu dəfə yaman çıxdı, səni
lap yordu. Amma sən də xəstəliyin
arxasını yerə vurdun. Maşallah, bir aslansan!
(Əhməd
bəy Ağaoğlu)
Sonra
bayırda bizə: - Uşaqlar, vəziyyəti qorxuludur,
çox qorxuludur, - deyirdi. - Amma yenə də dünənkinə,
ondan əvvəlki günə baxanda nisbətən
yaxşıdır. Görün necə
danışırdı...
Dostlarının çoxunu ən lazımlı
anlarında tərk eləyən ürək indi də onu
buraxıb getməyə hazırlaşır və həyatında
ilk dəfə zəiflik göstərirdi.
İstanbula mayın 17-si, çərşənbə
günü gəlmişdik. Ertəsi gün səhər
atamın vəziyyəti daha da yaxşılaşdı, kefi
duruldu. Ürəyi də sanki qaydasına
düşmüşdü. Bacım Ankaraya, ərinə
zəng vurub atamın vəziyyətinin
yaxşılaşdığını, daha gəlməsinə
ehtiyac qalmadığını dedi.
Bir az sonra atam kürəkəni ilə maraqlandı.
- Ata, gəlməyə lüzum yoxdur. Lap yaxşısan. Doktorlar da təminat verirlər.
Atam başını aşağı dikdi.
- Yox, yox! Sabah səhər mütləq burada olmalıdır.
Sonra əlavə etdi:
- Siz doktorların dediklərinə baxmayın. Onlar bütün müşahidələrini daha çox gözlə gördüklərinə əsaslanıb aparırlar. Ölüm isə daha çox içdən gələn, daxili hadisədir. Mən artıq sonuma yetişmişəm.
Bizə vəziyyətin yaxşılığa doğru dəyişdiyini söyləyən doktor yanılmırdı. Ürəyi daha müntəzəm döyünür, idrar artır, hətta iştahı belə qayıdırdı. Bütün bunların fonunda atamın yenə də ölümdən danışmasını əsəblərinin zəifləməsi ilə əlaqələndirirdik.
O gün Aqil Muxtar bəy də Bolqarıstandan qayıdıb gəldi. Bu, atama böyük mənəvi qüvvət verdi.
- Ah, doktor, səni həmişə narahat edirəm. Nə edə bilərsən, qoca dostun var. Ölənə qədər əziyyətini çəkməli olacaqsan.
Az qala bir həftə sərasər yuxu nə olduğunu bilməmişdi.
- Doktor, yatmaq istəyirəm. Mənə bir yuxu dərmanı ver. Bir saatlığına da olsa, yatmaq istəyirəm!
O gecə
həyatının son yuxusuna daldı.
Səhərə yaxın çox halsız vəziyyətdə
ayıldı.
-
Çox taqətsizəm, heç belə
olmamışdım, - dedi.
Biz bunu dərmanın təsirindən olan
halsızlıq hesab elədik.
Lakin saatdan saata zəifliyi daha da artırdı. Bu ara
soyumağa başlayan ayaqlarına isidici torba qoyan bacım
Tezerə: - Faydası yoxdur, - dedi. Sonra əllərini sifətinin
bərabərinə qaldırıb uzun-uzadı baxdı:
- Buz
kimidir.Artıq qan dövr eləmir.
Böyük
bacım Sürəyya bağçada öz əlləri ilə
yetişdirdiyi gülləri dərib gətirən Tezeri
göstərərək: "Ata! - dedi, -
bax, sevimli qızın sənə necə güllər gətirib!"
Atam gülləri iylədi. Sonra bir həftədən bəri yatağının yanından ayrılmayan xəstə baxıcısına tərəf çevrilib başı ilə bizi göstərdi:
- Mənim əsl güllərim bunlardır. Bax, bu uşaqlarımdır! - dedi.
O anda hamımız yatağın ətrafında dayanmışdıq. Xəfif bir təbəssümlə sözünə davam etdi:
- İnsan da bir maşındır. Sadəcə,
ürəyi, vicdanı olan maşındır. Hər bir maşın kimi
sonda o da dayanmalıdır. Ölüm təbiətin
qanunudur. Hamımız o qanuna boyun əyəcəyik.
Artıq mən də dayanmaq üzrəyəm.
Mətanətli olun, heç vaxt bir-birinizdən
ayrılmayın!
Bir ara yanında yalnız bibim qaldı. Bir neçə dəqiqə sonra otaqdan
çıxıb hıçqıra-hıçqıra
özünü döşəməyə
çırpdığını gördük. Demə,
içəridə atam əllərindən tutmuş:
-
Günahımdan keç. Səni incitmişəmsə,
günahımdan keç! - demişdi.
Sonra titrəyən
sağ əlinin mürəkkəb ləkələri heç
vaxt çəkilməyən üç barmağını
yuxarı qaldırıb:
- Məni
bu barmaqların haqqı olan pulla dəfn edərsiniz. Son yazılarım üçün aldığım
qələm haqqı dolabın gözündədir, -
demişdi.
Təkrar yatağının başına toplandıq. Gözlərini divarda bir
nöqtəyə zilləyib yavaş səslə:
- Anam,
atam, Sitarə - hamısı gəldilər. Ətrafımda
dolaşırlar, - dedi.
Qapı açıldı. Doktor Həsən Fərid
içəri girdi. Saat təqribən on
olardı. Nəbzini yoxladı. Sifəti dərhal dəyişdi. Bu ifadədən artıq atamın sonunun
çatdığını anladıq.
Doktor
soruşdu:
- Bəy
baba, bir ehtiyacın varmı?
Əlinin
işarəsi ilə - Bəli! - cavabını
verdi.
Doktor bizə:
- Siz çıxın! - dedi.
İçəridə yalnız mən qaldım. Doktorla xəstə
baxıcısı atamı qaldırıb yatağında
oturtdular. Gözləri gözlərimə
zilləmişdi. Üzü sapsarı idi.
Qanı qaçmış əli
sürüşüb yatağının üstünə
düşmüşdü.
- Bəy
baba, bəlkə su istəyirsən?
Xəstə baxıcısı dodaqlarına bir
qaşıq ərik şirəsi uzatdı. Çətinliklə
uddu. Gözlərini üzümdən
çəkmirdi. Bu anda müdhiş həqiqəti dərk
etdim: atam gözlərimə baxa-baxa ölürdü.
- Ata,
ata... - deyə pıçıldadım.
Çənəm titrəyir, boğazıma nə isə
tıxanıbmış kimi udqunurdum.
Doktor
çiyinlərimdən yapışdı:
- Get, bacı-qardaşlarına ürək-dirək ver. Haydı, get!
Dal-dalı qapıya çəkildim. Gözləri
hələ də gözlərimdə idi. Sağ əli yataqda
sürüşüb düşdüyü vəziyyətdə
hərəkətsiz qalmışdı. Boğazından
xırıltı səsi gəlirdi...
Vilayət
QULİYEV
525-ci qəzet.- 2019.- 18 may.- S.8-9.