"Əsrin beşdə üçü
arxada qalıb..."
Natiq
Qubadoğlunun 60 illiyinə
Biz jurnalistikaya gələndə dünya tamam
başqaydı.
Ötən əsrin 80-ci illərini nəzərdə
tuturam.
Onda yazmaq indiki qədər asan və sadə deyildi.
Xüsusən Qarabağ münaqişəsinin
başlaması jurnalistikaya və bütövlükdə mətbuata
qeyri-adi bir nəfəs vermişdi. Hər söz, hər
yazı qığılcım rolunu oynaya bilərdi. Ona görə də yazı-pozu ciddi məsuliyyət
tələb edirdi.
O dövr
həm də "yazsam öldürərlər, yazmasam ölləm"
zamanı idi. Bir tərəfdə dağılmaqda olan sovet
imperiyasının sərt senzurası, o biri tərəfdə
mitinqlərə axışan milyonlar, odlu-alovlu nitqlər...
Natiq Qubadoğlu jurnalistkaya belə bir ağır zamanda
- səksəninci illərin sonlarında gəlmişdi. Özü də
bu sahəni özü şüurlu şəkildə
seçmişdi. Baxmayaraq ki, o vaxtlar gənclik
və fəhlə şəhəri kimi tərənnüm edilən
Sumqayıt şəhərində yaşayır və fəhlə
kimi çalışırdı. Ali təhsil
almaq arzusu onu o vaxtın yeganə universitetinin jurnalistika
fakültəsinə gətirmişdi. Bu
universiteti bitirəndən sonra isə yenə də o
vaxtın yeganə televiziya kanalında - Azərbaycan Dövlət
Televiziyasında çalışmağa
başlamışdı.
Elə o vaxtlar həyat da, insanlar da, ictimai-siyasi
quruluş da tamam dəyişdi. Yeni mətbuat
orqanları yarandı, yeni televiziyalar açıldı.
Və Natiq Qubadoğlu uzun illərdən bəri
çalışdığı iş yerini 2005-ci ildə fəaliyyətə
başlayan İctimai Televiziya və Radio Yayımları
şirkətinə dəyişdi. Bu kanalda maraqlı bir layihənin
müəllifi və aparıcısı oldu: "Bir kəndin
nağılı"...
Uzun illər bu veriliş İctimai Televiziyanın efirini
bəzədi, çoxsaylı tamaşaçı
auditoriyası yığdı. Amma Natiq bu illər ərzində
bir kəndin yox, onlarla kəndin, yaşayış məntəqəsinin
tarixini - nağılını, əfsanəsini və həqiqətini
danışdı.
Necə danışdı?
Bunu görənlər bilir.
Görməyənlər üçün onu deyim ki, məşhur
ziyalılarımızı, tanınmış şair və
yazıçıları, necə deyərlər, qolundan tutub
doğulduğu kəndə-kəsəyə apardı. Xalq
yazıçısı Anarı Ucarın Çiyni kəndində
danışdırdı. Çünki baba yurdu bu kənd
olub...
Musa Yaqubla Buynuzun tarixi ilə yanaşı, indiki gözəlliklərini
də göstərə bildi.
Nəriman Həsənzadə ilə Ağstafaya qədər
gedib çıxdı. Vaxtilə o tərəflərdə ad
çıxaran İsrafil Ağanın xaraba qalmış
yurdundan, Qaçaq Kərəmdən, Qıraq Kəsəmən
kəndinin tarixindən danışdı.
Taleh Həmidlə
Şəmkirin Dəllər-Cəyir kəndinin
keçmişinə işıq saldı...
Beləcə,
Natiq Qubadoğlu "Bir kəndin nağılı"nı danışa-danışa az qala bütün
Azərbaycanın kəndlərinin nağılını - həqiqətini
öyrəndi. Tamaşaçıya bu kəndlərin necə
yaranması, adının haradan qaynaqlanması, Azərbaycan
tarixində oynadığı rol, yetirmələri və s.
barədə ətraflı məlumat verdi.
Sadəcə məlumat vermədi, bu verilişləri hazırlaya-hazırlaya
kəndlərimizin, bütövlükdə
toponomikamızın tədqiqinə maraq göstərdi...
Bu maraq onu kitabxanalara, arxivlərə çəkdi. Bu dəfə o, illərdən
bəri televiziya ekranından söhbət
açdığı mövzularla bağlı elmi mənbələrə
müraciət elədi, bu vaxta qədər "nağıl
kimi" danışdıqlarının elmi əsaslarını
araşdırdı, tədqiq etdi və günün birində
də namizədlik dissertasiyası müdafiə elədi. Kəlbəcər-Laçın
regionundakı tarixi toponimlərlə bağlı...
Niyə Kəlbəcər-Laçın?
Artıq onda Kəlbəcər də, Laçın da,
bütövlükdə o region da düşmən
tapdağı altında idi. Natiq bu regionun toponimlərini
tədqiq etməklə heç olmasa ordakı yer-yurd
adlarının bizim olduğunu elmi cəhətdən əsaslandırmağı,
sənədləşdirməyi qarşısına məqsəd
qoydu. O torpaqlar işğaldan azad edilincə yer-yurd adlarımız
silinməsin, unudulmasın deyə...
Natiq Qubadoğlu indi də İctimai Televiziyada
"Ocaq" adı ilə silsilə verilişlər
hazırlayır. Ad fərqli olsa da, mövzu oxşardır, Natiq
Qubadoğluna doğma olan temadır: Vətən torpaqları,
onun ayrı-ayrı yaşayış məntəqələri,
bu məntəqələrin dünəni və bu
günü...
Bütün bunlarla yanaşı, Natiq Qubadoğu hələ
gənclik illərindən şeir yazmağa
başlamışdı. Çünki onu jurnalistikaya şeirə,
sənətə, ədəbiyyata maraq gətirmişdi.
Bu şeirlərdə həzin məhəbbət lövhələri
də var idi, ictimai ağrı-acı da, sadəcə qəm-kədər
də...
Düzdür,
sonralar Natiq ailə qurur, iki gözəl övlad
böyüdür, qayğıları, çətinlikləri
bir az da artır. Amma həyatın
bütün qeylü-qallarına, çətinliklərinə,
sevinc və kədərinə baxmayaraq, həzin və lirik
şeirlər yazmaqda davam edir. Və yaza-yaza da
"dünyanın ən qısa yolunu" tapa bilir:
Kim çəkib bu tərsə yolu? -
Gedirsən
get kəsə yolu.
Dünyanın
ən qısa yolu -
Ömürd ən ölümə kimi.
Natiq Qubadoğlu bu qısa yolda çox şeylər
görür.
Hətta Vətən sevgisini nəfsinə qurban verənləri
də:
Hamısı
Vətəndir, Vətənimizdir -
Bu sərvət, bu dövlət, bu da xəzinə.
Bir düşün nəfisin səni incidir?
Hərdən hesabat ver özün-özünə.
Alov da,
ocaq da, tüstü də Vətən, -
Torpağın
altı da, üstü də Vətən!
Natiq Qubadoğunun şeirlərində Vətən
sevgisi, torpağa məhəbbət bəzən həm də
ictimai-siyasi motivlərə köklənir,
günümüzün qlobal problemlərinə yönəlir. Onun 1990-cı
ilin 20 Yanvar faciəsinin qurbanlarından olan İlham və Fərizənin
faciəli taleyinə ayrıca bir əsər - poema-elegiya həsr
etməsi, həmin əsərin motivləri əsasında
film-operanın hazırlanması da şairin ictimai
narahatlıqlarından xəbər verir.
Faciələrimiz
isə 20 Yanvarla bitmir...
Sonralar daha böyük faciələrlə üzləşməli
oluruq. Torpaq uğrunda, Vətən yolunda
qurbanlarımızın sayı artır.
Laçından əl üzürük, Şuşanı
itiririk...
Bax, o
günlərdə Natiq Qubadoğlu hiss edir ki, "bu yaz lalələrdən...
qan iyi gəlir":
Dönüb
üzünə də baxa bilmirəm,
Bu yaz lalələrdən qan iyi gəlir.
Torpağın
üstündə şəhidlər bitir,
Torpağın
altında can inildəyir!
Borçalım,
Zəngəzur, İrəvan, Təbriz..,
Şuşaya əl qoyub, Laçınım dəhliz?
Ürək
çat verdikcə büküləcək diz,
Deyəsən,
yenə də qan iyi gəlir...
Natiq Qubadoğlu sanki cəmiyyətdəki naqisliklərin
doğurduğu narahatlıqlarla yaşayır. Hər
xırda problemi özünə dərd edir. Bütün bunların fonunda, hətta bəzən təbiət
hadisələrinə də etiraz etmək istəyir.
Çünki bir dağın, bir budağın da "yüklənməsi"
onu incidir, düşündürür:
Bu
yarpaqlar böyüdükcə
budağın yükü artır.
Zirvələrə
qar yağdıqca
bu
dağın yükü artır.
Çox
başlar papaqsız qalıb
papağın yükü artır.
Hər
evdə qazan qaynamır
qonağın yükü artır.
Ürək
düşkün, söz qiymətsiz
dodağın yükü artır.
"Keçilər"
əcəl axtarır
çomağın yükü artır.
Tısbağa
qınından çıxmır
çanağın yükü artır.
Göz
yaşı qəlbə təsəlli
yanağın yükü artır.
Adicə
"göz yaşının... yanağa yük"
olmasından üzülən şairin insanların min sifətə
düşməsindən təəccüblənməsi tamamilə
təbiidir:
Sonu nədir, bəllidi ki?
Gözü doymur dəlidi ki?
İlahi,
lap zəlidi ki,
Nə
hala düşərmiş adam?
Natiq Qubadoğlunun jurnalistika
yaradıcılığında olduğu kimi, şeirlərində
də torpaq eşqi, Vətən sevgisi, yurd-yuva məhəbbəti
əsas mövzulardandır. O, özünü yurdun-yuvanın,
bu torpağın məlhəmi hesab edir:
Köküm
torpaqdadır, göy zəmiyəm mən,
Mənə
yananların həmdəmiyəm mən,
Bu ana
yurdumun məlhəmiyəm mən,
Ölsəm, demək onun yarasındayam.
Adi bir kənddəki
sadə abidə də, uca bir dağ zirvəsi də,
tariximizin sirli-sehirli yadigarı olan Qobustan qayaları da
şairin ilham pərisini coşdura bilir:
Çox
fırladır bizi bu yer kürəsi,
Qulağımda
Araz səsi, Kür səsi,
Sevincimin
zirvəsisən, zirvəsi,
Kədərimin dəryasısan, Qobustan.
Bəzən
adama elə gəlir ki, Natiq Qubadoğlunun şeirlərində
kədər yükü bir az ağır gəlir:
Kövrəldi
qəlbimin simi,
Mən kimi gözlədim, kimi?
Axtarıb
tapıram qəmi,
Sevinci itirən yoxdu.
Kim itirəcək sevinci? Onsuz da çoxumuz bu
qarışıq dünyada bəzən tamarzı
qalırıq sevincə...
Amma Natiq
Qubadoğlu hərdən girdabına düşdüyü bu qəm
dünyasında da nikbin motivlər axtarır, heç olmasa xəyali
bir dünya qurmaq arzusuna düşür:
Nə
yaxşı azı da, çoxu da gördüm,
Bu gecə
acı da, toxu da gördüm,
Dərviş
buta verdi, yuxuda gördüm,
Bir dünya quracam özümə durub.
Və beləcə şair özünə bir dünya
qurur, öz aləmini qurur və bu dünyadan həzz alır. Çünki ətrafında
yaxşılar var:
Mənim
dostlarıma inamım olub,
Ümid
sönən yerdə gümanım olub,
Yaxşılar
həmişə həyanım olub,
Ürəyi təmizlər sırasındayam.
Bu sətirləri
yaza-yaza onun sosial şəbəkələrdə bu günlərdə
paylaşdığı bir şeirin ilk bəndini
xatırladım:
Əsrin
beşdən üçü geridə qalıb,
Ömrün görən indi harasındayam?
Sağımda
gül açıb, solum saralıb,
Kədərlə
sevincin arasındayam,
- deyir şair...
Əslində,
elə hamımız beləyik, daha doğrusu, həyat belədir:
bir yanı sevinc, bir yanı kədər...
Oğul istəyirəm ki, kədəri mərdi-mərdanə
unuda bilsin, sevinci dostlarla ürəkgenişliyi ilə
paylaşsın. Onda həyat maraqlı olur.
O ki
qaldı indi ömrün harasında olmağa...
Bax, bu, sual ritorikdir. Onu müəyyənləşdirməyə
hətta şair ilhamı da kifayət eləmir, eləməyib,
bundan sonra da eləməyəcək.
Bunu ulu
tanrıdan başqa kim bilə bilər ki!?
Amma bu qəmli
misraların müəllifinin fiziki mənada ömrün
harasında olduğunu özü bir az
"üstörtülü" nişan verib...
"Əsrin
beşdən üçü geridə qalıb..."
Bax, əsas
məsələ budur!
Şair
dostum Natiq Qubadoğlu da altmışı haqladı!!!
Deməli, narahat olmağa dəyməz, şair. Sən ömrün lap
yaxşı yerində, gözəl mərhələsindəsən...
Elə
bir mərhələsində ki, evə dax il
olanda iki gül nəvənin əhatəsinə
düşürsən (Baba olmayanlar bu gözəlliyin
miqyasını hardan bilsinlər?!).
Bax onda, şair demiş, hələ
yaşamağa dəyər... özü də çox
yaşamağa dəyər...
Müsəllim
HƏSƏNOV
525-ci qəzet.- 2019.- 18 may.- S.23.