Ağrılı zamandan
doğulan "Duyğu yarpaqları"
XX əsr
Azərbaycan poeziyasının ünlü simalarından olan
Mikayıl Müşfiq qısa həyatı və
yaradıcılığı dövründə zəngin bir ədəbi
irs yadigar qoymuşdur.
Müşfiqin ədəbiyyata gəlişi olduqca təzadlı
bir dövrə təsadüf edirdi. Azərbaycan XI
Qızıl Ordu tərəfindən işğal edilib Xalq
Cümhuriyyəti devrildikdən sonra ölkədə
bolşevik diktaturası yaradılmışdı. Yeni hökumətin ilk addımlarından biri ədəbiyyatı
və sənəti tam partiyalı bir quruma çevirməkdən
ibarət oldu. Sistemin ideologiyasından kənar
istənilən azad fikir söyləmək düşmən təbliğatı
elan edilirdi və müəllifini ən ağır cəza
gözləyirdi. Belə çətin və
ağır illərdə ədəbiyyatla məşğul
olmağın özü qələm adamından güclü
istedaddan da öncə dövrün təzadlı ictimai-siyasi
proseslərindən düzgün baş çıxarmaq
bacarığı tələb edirdi.
Böyük poetik istedada, güclü ilhama malik gənc
Müşfiqin sinəsi yazıb-yaratmaq eşqi ilə
aşıb-daşırdı. Lakin dövrün tələbləri
və bədii yaradıcılığın əks
olunduğu ədəbi müstəvi onun ilham köhləninin
cövlan etməsi baxımından olduqca dar və təhlükəliydi.
Dünyada "haqq-ədalət" nizamı və "insanların bərabər
yaşadığı" yeni ictimai-siyasi sistem qurduğunu
elan etmiş bolşevik diktaturası bu sistemin ideoloji
dayağı olacaq "Yeni ədəbiyyatı və mətbuat"ı
yaratmağı əsas siyasi məqsəd kimi gündəmə
gətirmişdi. Bunun ardınca da Rusiyadan
başlamış köhnə qələm adamlarının və
ziyalıların "burjua tör-töküntüsü"
adıyla çıxdaş edilməsinin əks-sədası
Azərbaycan kimi milli ucqarlarda daha ucadan eşidilməkdəydi.
Bolşevik hakimiyyətinin yazıçıdan əsas tələbi
təbii istedaddan öncə sinfi sədaqət, hakim
ideologiyanın pafoslu və ritorik təbliğatı idi. "Proletar ədəbiyyatı"
çətiri altında öz ideoloji təmsilçilərini
yetişdirməyi məqsəd olaraq qarşıya qoymuş
siyasi sistem qələm adamını hakim rejimin kor-korana bir təbliğatçısına
çevirmək istəyirdi. Sosialist
realizmi metodunu ədəbiyyatın əsas prinsipi elan edən
bolşevik hakimiyyəti söz sənətinə ideoloji
tribuna kimi baxdığından yazıçı
ilhamını və dünyabaxışını dar bir
çərçivədə buxovlamağa
çalışırdı. Belə qarışıq
illərdə hələ çox gənc yaşlarından
poeziya ulduzu sürətlə parlayan, bir qədər də
ötkəm xasiyyətli Müşfiqin
qaragüruhçuların və sistem "xəbərçilərinin"
gözlərindən yayınıb öz sakit sənətkar
ömrünü yaşaya biləcəyi mümkünsüz
idi. Şairin böyük istedadı və
olduqca çılğın xarakteri ildən-ilə onun sistem
ovçularının tələsinə düşməsini
sürətləndirdi. Məhz şəxsiyyətindəki
bu amillər gənc və istedadlı şairi 30-cu illərin
"qırmızı terror"unun qurbanına çevirdi.
Sovet
hakimiyyəti imperiya boyunca möhkəmləndikcə Moskva
"siniflər mübarizəsi" adı altında
milyonlarla insanı "qırmızı terror"a məruz qoyaraq gözüqıpıq bir
toplum formalaşdırırdı. Mətbuatda
saxta "daxili düşmən obrazı" yaratmaqla ölkədə
ümidsizlik, qorxu və xof mühiti yaratmışdı.
Artıq 30-cu illərin ortalarından
"qırmızı terror" sürətlə metaztaz verərək
bütün ölkəni ağuşuna almışdı.
Mənhus 37-ci ildə ölüm sırası
ziyalılara, qələm adamlarına da gəlib
çatdı. Müşfiq
başının üstünü almış təhlükənin
onu addım-addım izlədiyini yaxşı
görürdü və bu dəhşətin
burulğanından qurtulmaq üçün ruhi
sarsıntılar içərisində vurnuxurdu. Şairin dördlük şeir formasının
rübai janrında qələmə aldığı son mətbu
şeiri "Duyğu yarpaqları" da məhz o ağır
illərin acı ovqatından doğmuşdu.
Şair ətrafında repressiyanın qorxunc kabusunun
dolaşdığını, təhlükə
halqasının gündən-günə sürətlə
daraldığını görürdü. Özünü
bu bəladan qurtarmağın yeganə yolunu sadəlövhcəsinə
sistemi vəsf etməkdə görürdü. Sovet hakimiyyətinin
insanlara azad və bərabər bir dünya bəxş
etdiyini, özünün də "insanı və sənəti
qiymətləndirən yaxşı adamların
sırasında" olduğunu sanki partiya boslarının diqqətinə
çatdırmaq üçün haray çəkirdi:
Mən
bir yüksəlişin sevdasındayam,
Siniflər döyüşü dünyasındayam.
İnsanı,
zəhməti qiymətləndirən
Yaxşı adamların sırasındayam.
Müşfiq saxta bir donosla neçə-neçə
günahsız insanın gedər-gəlməzə göndərildiyini,
bir gecədə bir ailənin, bütöv bir nəsilin məhv
edildiyini görürdü və bu amansızlıqlardan daxilən
sarsılırdı. O, sistem başbilənlərinə
"donosbazların" yaratdıqları rəylərin saxta,
özünün günahsız, hələ çox gənc
olduğunu, poeziya kəhkaşanında
"hilalının" yenicə bədirləndiyini, ədəbiyyat
ümmanında "səndəlinin" yelkəninin təzə-təzə
açıldığını bəyan edərək "qara
yellərin" yolundan çəkilməsini
hayqırırdı:
Mən gəncəm,
bilirəm istiqbalım var,
Hələ
bədr olmamış bir hilalım var,
Yelkənim
açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
Müşfiq görürdü ki, qırmızı
diktatura "siniflər mübarizəsi" adı altında
özünə azacıq yad görünən, gözünə
yaxşı dəyməyən minlərlə günahsız
insanın həyatını bir göz qırpımında
qaraldır.
Belə çarpaşıq və dolaşıq bir dövrdə
daxili sarsıntı yaşayan gənc Müşfiq
özünün də yeni hökumətin "bir əsgəri"
oduğunu və hər cür sinif qovğasında səfərbər
olub onlarla bir sırada dayandığını
xatırladırdı. Dövrün ironiyası onda idi ki,
sistem hər gün ölüm mələyinin bir
addımlığında boy göstərdiyi insanlardan
"xoşbəxt olduqlarını" etiraf etməyi, həm
də bu "xoşbəxtliyi" şüar kimi səsləndirməyi
tələb edirdi. Müşfiq də "belə bir
dövrün" şairi olmağın "xoşbəxtliyindən"
danışırdı:
Sinif
qovğasına səfərbərəm mən,
Əsgərlər içində bir əsgərəm mən.
Bu
dövrün şairi olmaqla ey dost,
Bir
düşün, nə qədər bəxtəvərəm mən!
Lenin və onun bolşevik bandası sosialist
inqilabını bütün dünyaboyu yayacaqları
şüarı altında Avropanın və digər qitələrin
də yuxularını qaçırmış, bir çox
ölkələrdə öz ardıcıllarını
yetişdirməyi bir vəzifə olaraq qarşıya
qoymuşdular.
Bu, həm də o illər idi ki, İtaliyada və
Almaniyada bolşevizm kimi daha bir qorxulu siyasi millətçi cərəyan
- faşizm öz sərhədlərini sürətlə
genişləndirir, insanlığı təhdid edirdi. Moskva Hitler faşizmi ilə dünyanı
bölüşdürməklə bağlı gizlin
separatçı danışıqlara getsə də, bir
gün bu bəlanın onun özünü də
yaxacağını yaxşı dərk edir, faşizmi
düşmən elan edərək xalqda bu qüvvəyə
qarşı nifrət ruhu aşılayırdı.
Uzaq
üfüqlərdən yenə səs gəlir,
Böyük inqilaba dadirəs gəlir.
Təslim
ol deyirəm, faşist ordusu!
Üstünə dağ kimi Dolores gəlir.
Gənc
Müşfiq içinə düşdüyü atəşin
nə qədər qorxunc və sərhəd
tanımadığını bir şair fəhmi ilə duyur,
bu "azadlıq ordusu"nun artıq Avropadan Afrikaya
yayıldığını görür və bu
qarşısıalınmaz qüvvəni sanki sözün
qüdrəti ilə tərbiyə etməyin
mümkünlüyünə özünü inandırırdı:
Canlanır
gözümdə günəş ordusu,
Afrika
arslanı - həbəş ordusu,
Dağlarmı
boylanır qaz dumanından,
Yoxsa azadlığın sərkəş yavrusu?!
Bolşevik diktaturası özünü məzlum sinfin və
insanların hakimiyyəti olduğunu sözdə elan etsə də,
real əməldə insan və onun şəxsiyyəti rejim tərəfindən
dəyərsiz bir əşya kimi heçliyə sürüklənirdi. Müşfiq
min illər boyu insanlığın yaşadığı
acı məhrumiyyətləri, qanlı tiranların insanlara
yaşatdığı bəlaları tarixdən yaxşı
bildiyindən həssas bir şair qəlbi ilə buna üsyan
edir, bir daha belə acı dramların yaşanmamasını
arzulayırdı.
Hər
yetən at sürdü meydan başında,
Min oyun oynatdı dövran başında.
Gurlamaz
bir daha bizim ölkədə
İnsan
ildırımı insan başında!
Sovet
sistemi insanlar arasında sinfi bərabərsizliyi ləğv
etdiyini bəyan etmişdi və etiraf etmək lazımdır
ki, bu sistemin müsbət tərəfləri də az deyildi. Savadsızlığın
ləğvi istiqamətində ciddi islahatlar həyata
keçirən bolşevik hakimiyyəti insanlarda şəxsi
mülkiyyətə, var-dövlət hərisliyinə inzibati
yolla ciddi sədd qoymuşdu və bu da cəmiyyətdə
sürətli sinfi təbəqələşmənin
qarşısını müəyyən qədər
alırdı. Müşfiq bu müsbət amilləri bir
sənətkar olaraq dəyərləndirir və bunları
görmək istəməyənləri tənqid atəşinə
tuturdu:
Əl
çək bir dəfə də öz acığından!
Üz
çevir gördüyün murdar yığından!
Bir az da danışsaq heç yaman olmaz,
Bizim dövrümüzün
yaxşılığından.
Sistem öz üstünlüyünü göstərmək
üçün hər cür təbliğat vasitəsindən
istifadə edirdi. Bu sırada yeni quruluşun əməkçi
qəhrəmanlarının yetişdirilməsi və
bunların bütün ölkədə təbliği
xüsusi yer tuturdu. Bu qəhrəmanların
yaradılmasında sistemin mahiyyətinə uyğun müəyyən
"pripiskalar" olsa da, o illərdə öz əməyi ilə
ucalan əsl zəhmət adamları da az
deyildi. "Staxanovçular hərəkatı"
adı altında başladılan hərəkatın Azərbaycanda
da tanınmış qəhrəmanları yetişmişdi.
Bunların ən parlaq nümayəndələrindən
biri pambıq ustası Bəsti Bağırova idi.
Şair "Duyğu yarpaqlarında" "ordenli Bəsti"nin alın tərindən ilham almaqla
yanaşı, açıq mətnlə bəzi bədxahların
müəyyən yerlərə xəbər
daşıdıqlarına da işarə vururdu:
Qardaşım, bunu da yaz dəftərinə,
Get mənim
dilimdən çatdır yerinə:
Ölsün
bu dünyada xain çıxanlar
Ordenli Bəstinin
alın tərinə!
"Duyğu yarpaqları"nda ideoloji-siyasi
baxışların təbliğinin üstünlüyünə,
bir qələm adamının öz
günahsızlığını sübut etmək
üçün müəyyən ədəbi-bədii
priyomlardan bacardığı qədər istifadə etməsinə
rəğmən, bu rübailər həm də istedadlı
bir şairin böyük poetik ustalıqla qələmə
aldığı yüksək poeziya nümunəsi idi.
Klassik yazılı ədəbiyyata xas olan rübai
janrının Müşfiq qələmində yeni forma və
məzmunda təzahürü, eyni zamanda, ictimai-siyasi proseslərin
bədii ədəbiyatda inikası idı.
"Duyğu
yarpaqları"ında Mikayıl Müşfiq o zamanlar
şairliyi asan dolanışıq mənbəyi sayanlara,
ilhamsız söz adamlarına da ciddi şəkildə öz
yerlərini göstərirdi:
Şairə
ilhamdan maya gərəkdir!
Anasız
cocuğa dayə gərəkdir!
Şairəm
söyləyir yerindən duran,
Adamın
üzündə həya gərəkdir!
Müşfiq ruhən azad sənətkar olduğundan söz adamı üçün azadlığın nə qədər böyük nemət, əvəzsiz sərvət olduğunu daxili mənəvi ağrıyla yaşayırdı. Şair xəyalında görmək istədiyi, ürəyində arzuladığı azad dünyanın özünün yaşadığı sosialist cəmiyyətində bərqərar olduğunu yazmaqla onun bütün dünyada qalib gəlməsini istəyirdi:
Hər tərəfdə quran toy-büsat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sığmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm!
Müşfiqin şəxsi faciəsi, tarixin acı ironiyası idi ki, bu misraları çap etdirdiyindən cəmi bir neçə ay sonra gənc və istedadlı şairin azadlığı əlindən alınaraq özü "qırmızı terror"un qurbanına çevrildi. Şahidsiz və məhkəməsiz mənhus "troyka" tərəfindən edam cəzasına məhkum olunmuş şairin belə bir vəhşiliklə öldürülməsi azad sözün edamı demək idi. Onun adı və yaradıcılığı uzun müddət qadağan olunsa da, tarix bir həqiqəti növbəti dəfə sübut etdi ki, əsl sənəti və azad sözü heç vaxt girov saxlamaq mümkün deyil.
İlham
MƏMMƏDLİ
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 18 may.- S.18.