Zülmət gecələrdə
yazılanların işığı
Sanballı söz və qələm adamı, yazıçı, publisist
Novruz Nəcəfoğlu
- Novruz Novruzov ömrünün 65 ilini çiyinlərində yüksək
dövlət qulluğunun
şərəfli məsuliyyətilə
bərabər, yaradıcılıq
fərəhi, yeni əsərlərin sevinci ilə qarşılayıb
yola saldı.
Ədəbi yaradıcılığa əvvəl şeirlə,
publisistik yazılarla başlayan qələm dostumuz sonralar çiynini daha ağır yükə verdi. Nəsrə
keçib, bir-birinin ardınca "Çarəsiz
yolçu", "Yollar
uzanan gün",
"Keçən cavan
çağım ola...",
"Atüstü bir nağıl", "Nağıl
adam", "Yuxuya gedib gecə" kimi oxunaqlı, oxucular tərəfindən
maraqla, rəğbətlə
qarşılanan povestlərini
və romanını çap etdirdi. Povest və hekayələri rus dilinə tərcümə olundu, qardaş Türkiyədə
kitabları işıq
üzü gördü.
Tanınmış qələm adamları,
tənqidçilər onun
yaradıcılığı haqqında dəyərli fikirlər söylədilər.
"Arılar gecələr
uça bilmirlər. İşıq işartısına, şöləsinin
çevrəsinə toplaşırlar.
Ancaq zülmətdə
yaşayır, min bir dərdin dərmanı olan məhsullarını da qaranlıqda hasilə gətirirlər..." Novruz Nəcəfoğlunun esselərinin
birindən sətirlərdir...
Və dediklərindən bilirəm
ki, gündüzlər
iş-gücdən macalı
olmayan Novruz Nəcəfoğlunun özü
də yuxusuna haram qatıb gecələr yazı-pozu ilə məşğul olur. Dostumuzun o zülmət gecələrdə
qəlbinin, zehninin işığında hasilə
gələn yaradıcılıq
nümunələrinin özləri
də bəlkə elə buna görə
də belə nurludurlar.
Ədəbi cameədə Novruz Nəcəfoğlu imzası
ilə tanınan dostumuz həm də Vətəninə, xalqına ləyaqətlə
xidmət edən, Prezident İlham Əliyevin etimadını
doğrultmaq üçün
əzmlə çalışan
bir dövlət məmurudur.
AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli "525-ci qəzet"də
çap etdirdiyi "Şabranda ədəbi həyat" adlı məqaləsində yazır
ki, "Novruz Novruzov bu vaxta
qədər çalışdığı
rayonlarda sosial-iqtisadi göstəricilərlə yanaşı,
maarif, mədəniyyət
və mətbuatın
da inkişaf etdirilməsi sahəsində
nəzərəçarpacaq nailiyyətlər qazanmışdır.
Onun İcra başçısı
olduğu rayonlarda yaddaqalan ziyalı mühiti formalaşmışdır.
Fikrimcə, bu fərqli
bir üslubda çalışan Novruz Novruzovun təkcə işlədiyi rayonda deyil, ölkə miqyasında ədəbiyyat
və mədəniyyətin
inkişafına xidmətidir.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü olan Novruz Novruzov müstəqillik dövrü
Azərbaycan bədii nəsrinin və bədii publisistikasının
tanınmış, qəbul
olunan nümayəndələrindən
biridir. Yaradıcılığındakı həyata və
insana yaxınlıq, əsərlərindəki həyat
nəfəsi və torpağa bağlılıq,
təbiilik və sadəlik onun fərdi ədəbi simasını səciyyələndirir.
Novruz Nəcəfoğlunun publisistikası
da bədiilik xüsusiyyətinə görə
fərqlənir və
qəzetçilikdən uzaq
olan, nəsr əsərlərinə yaxın
bir tərzdə yaranan orijinal sənət örnəkləridir.
Hazırkı mərhələdə o, ardıcıl yaradıcı
fəaliyyəti ilə
yeni Azərbaycan nəsrini və müasir bədii publisistikanı layiqincə
təmsil edir.
Novruz müəllim
yaxşı rayon rəhbəri
olub, əhatə etdiyi bölgənin inkişafı yollarında
məsuliyyətlə çalışdığı
kimi, ölkəmizdə
yeni ədəbiyyatın
da inkişaf etdirilməsinə ürəklə
və şərəflə
xidmət edir. Onun bədii
əsərlərindən müasir
insanın nəfəsi
və ana torpağın ətri gəlir. O, rayon rəhbəri
olaraq mühüm təsərrüfat-quruculuq işləri
ilə məşğul
olub, həm də müasir səviyyəli bədii əsərlər yaratmağın
mümkünlüyünü isbat etmişdir".
Burasını da qeyd etmək istərdim ki, qələm dostumuzun qəhrəmanlarının
bir qismi çalışdığı rayonlardan ona yaxşı tanış
olan insanlardır. Bir vaxt cəbhə bölgəsinə yaxın
Goranboyda İcra başçısı işlərkən
şahidi olduğu hadisələr "Ağ
qayadan atılan güllə" povestində
qələmə alınıb.
Yeri gəlmişkən, onun Qarabağ mövzusunda olan bu povesti
və "Yollar uzanan gün" hekayəsinin əsasında
film də çəkilib.
Novruz Novruzovun
Şabranda İcra başçısı işlədiyi
dövrdə rayon mərkəzində
onun təşəbbüsü
ilə tikilib istifadəyə verilən
"Ağsaqqalar evi"nə
bir təqaüdçü
baba kimi elə özüm də tez-tez üz tuturam. Dövlət
başçısı cənab
İlham Əliyevin Sərəncamı ilə
Siyəzən rayon İcra
Hakimiyyətinin başçısı
təyin edilməsindən
sonra ağsaqqallar öz aralarında son vaxtlar ən çox məhz Novruz müəllimdən söz açır, onun vaxtında görülmüş dəyərli
işləri xatırlayır,
razılıqla sadalayırlar:
- Rayonumuzun tarixi Şabran adı Novruz müəllimin vaxtında qaytarıldı.
- Klasssik şairimiz, bir vaxt Şabrandakı
şah zindanında dustaq olmuş Xaqanini bu dəfə
heykəl kimi Şabrana gətirdi... Hələ bir adına şeir,
sənət ocağı
kimi Xaqani poeziya evi də
inşa etdirdi.
- Təzə parklar, xiyabanlar, bulaq kompleksləri, su fəvvarələri, Saat qülləsi, abadlaşan
küçələr...
- Hələ neçə-neçə
yeni ənənələr:
Ulu öndərin ad günündə Çıraqqalanın
zirvəsinə izdihamlı
xalq yürüşləri.
- Novruz bayramında cıdır yarışları...
Görülən işləri sadalamaqdan doymayan el ağsaqqalları söhbətlərini həmişə də xeyir-dua ilə yekunlaşdırıb əminliklərini ifadə edirlər ki, əlbəttə, Novruz müəllim qonşu Siyəzən rayonunda da dövlətimizin başçısının etimadını layiqincə doğruldacaq, o rayonda da işqlı əməllərə imza atacaq!
Bir yazı-pozu adamı kimi mənimsə yadıma Novruz müəllimin rayonun ədəbi-mədəni mühitində bağlı gördüyü işlər düşür:
- Prezident sərəncamı ilə görkəmli sənətkarımızın yubileyləri ilə bağlı rayonda keçirilən təntənəli tədbirlər.
- 2012-ci ildən bəri respublikamızın tanınmış söz adamlarının iştirakları ilə rayonda keçirilən ənənəvi Xaqani poeziya günləri.
- 2017-ci ildə Xaqaninin ərəbcə şeirlərinin filoloji tərcümə kitabının çapına dəstək və Akademiyanın Ədəbiyyat İnstitutu ilə birgə Şabranda elmi praktik konfransın keçirilməsi.
- Qədim Şabran şəhəri ilə bağlı rayonda keçirilən Beynəlxalq elmi konfrans və bu konfransdakı məruzə və çıxışların kitab halında çapı.
- Vaxtaşırı keçirilən kitab təqdimatları, tanınmış şair və yazıçıların imza günləri.
- Yerli yazarların kitablarının çapına dəstək.
- Rüblük "Çıraqqala" ədəbi-bədii, publisistik toplunun nəşri.
Sözümün bu yerində bir yubiley tədbirini xatırlayıram.
2011-ci ildə Xalq yazıçısı, görkəmli ədib və ictimai xadim Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı Prezident Sərəncamından bir neçə gün sonra sənətkarın ailə üzvlərinin, Bakıdan gəlmiş adlı-sanlı qələm adamlarının iştirakı ilə bizim Şabranda təntənəli yubiley mərasimi keçirildi. Mirzə İbrahimovun qızı, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru Solmaz İbrahimova elə indi də hər görüşümüzdə minnətdarlıqla yada salır ki, atamın 100 illik yubiley tədbiri ilk dəfə məhz Novruz müəllimin təşəbbüsü ilə, Şabranda, özü də yüksək səviyyədə qeyd olundu.
Qədirbilən şabranlılar onu bir də buna görə minnətdarlıqla yada salırlar ki, Tahir Əkbərin bəstələdiyi, Xalq artisti Gülyaz Məmmədovanın ifasında səslənən məşhur "Şabran" mahnısının sözlərinin müəllifi, doğulub boya-başa çatdığı yurd kimi elə Şabranı da özünə doğma bilən Novruz müəllimdir və indi bu nəğmə Şabran üçün az qala bir himn kimi səslənir.
Min illərlə yaşıd, şəhərlər şahı,
Turan torpağıdı, ocaqdı Şabran.
Tarixlər şahidi, mərdlər oylağı,
Vətən qalasıdı, qucaqdı Şabran.
Novruz müəlllimi 65 illik yubileyi münasibətilə
səmimi qəlbdən təbrik edir, bu müxtəsərcə ürək sözlərimi
yubilyar haqqında tanınmış ədəbiyyatşünas
və yazıçı Pərvinin fikirlərinə qoşularaq tamamlayıram: "Gəncliyindən
bu yana müxtəlif
vəzifələrdə çalışmış,
hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı
olan yazıçı sənətdən,
ədəbiyyatdan bircə addım da
uzaqlaşmayıb. Əksinə, uzun illər
Şabran rayonunda İcra başçısı işlədiyi
müddətdə Şabranı ədəbiyyat mərkəzinə,
sənət məbədinə çevirib.
Əminəm ki, ən yaxın günlərdə
sözlə, ədəbiyyatla bağlı tədbirlərin sədasını
Siyəzəndən də eşidəcəyik".
Aydın
TAĞIYEV
AYB
Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2019.- 18 may.- S.19.