Uzaq və yaxın Meksika
(Əvvəli ötən şənbə
saylarımızda)
Müasir Meksika digər inkişaf edən ölkələr
arasında nisbətən yüksək iqtisadi səviyyəsi
ilə fərqlənir, onun inkişafı bol xammal bazasına əsaslanır. Ölkənin
yerinin təki çox sayda böyük metal filizi, neft, təbii
qaz və kükürd ehtiyatlarına malikdir. Öyrənilmiş və istifadə edilən iri
enerji resurslarının, hər şeydən əvvəl
neftin, qazın və hidroenerjinin bol olması iqtisadi inkişaf
üçün xüsusi əhəmiyyət kəsb edir.
Meksika Braziliya və Argentina ilə birlikdə
sosial-iqtisadi inkişaf səviyyəsinə görə
Latın Amerikasının ən çox sənayeləşmiş
ölkələri siyahısına daxildir. Burada əsas
yeri emal sənayesi tutur. Nəqliyyat
infrastrukturasının ümumi geriliyi sahələr və
rayonlar arasında daxili iqtisadi əlaqələr
yaradılmasında çətin keçilən maneə
rolunu oynayır. Əvvəllərdə olduğu
kimi, Meksika qonşu ABŞ-ın təsərrüfatı ilə
sıx bağlıdır. Sənayedə
işləyən meksikalıların gəliri isə Birləşmiş
Ştatlarda olduğundan 6 dəfə, kənd təsərrüfatında
çalışanlara nisbətən isə müvafiq olaraq 15
dəfə aşağıdır.
Az məhsuldar
əkinçilik meksikalıların xeyli hissəsinin əsas
məşğuliyyət növüdür, lakin bu sahə
sürətlə artan əhalinin tələbatını
bütünlüklə ödəmək qabiliyyətində
deyildir. Meksika kənd təsərrüfatında
pambıq, kofe, meyvələr və müxtəlif tərəvəzlər
istehsalı xüsusi əhəmiyyətə malikdir. Emal sənayesində isə transmilli korporasiyalar əsas
mövqelərə nəzarət edirlər. Məhsulun xeyli hissəsi Birləşmiş
Ştatlara daşınır. Beynəlxalq əmək
bölgüsündə Meksika hələ də bazara xammal əmtəələrini
göndərən ölkə rolunu oynayır.
Latın Amerikasının bütün ölkələrindən
Meksikaya daha çox turist gəlir. Onları mayya və
asteklərin qədim mədəniyyət abidələri,
gözəl dəniz kurortları, unikal landşaft cəlb
edir. Dövlət turizm
industriyasının inkişafına ciddi fikir verir, yeni turist mərkəzləri
yaradılır, köhnələr modernləşdirilir.
Neft və qaz, əsasən Meksika körfəzinin sahilində,
Tampiko limanının yanında çıxarılır. Neft
hasilatını xarici inhisarçılar bütünlüklə
öz əllərinə almışlar. Yeni
yataqların kəşfi isə Meksikanı dünyanın ən
iri neft ölkələri sırasına daxil etdi.
Meksika həm də hidroresurslarla zəngindir. Təbii isti
su mənbələrindən də elektrik enerjisi
alınır. Qara metallurgiya da möhkəm
xammal bazasına malikdir. Əsas Latın
ölkələri arasında Meksika ənənəvi olaraq əlvan
metallurgiyanın inkişafı səviyyəsinə görə
seçilir. Ölkədə yerin təki əlvan metal
filizləri ilə zəngindir.
Təbii
iqlim amillərinə görə Meksika ərazisi kənd təsərrüfatı
məhsulları istehsalına az
yararlıdır. Ölkənin sahələrinin
40 faizini səhralar və yarımsəhralar tutur, ikinci 40
faizini isə dağlar və meşələr təşkil
edir. Ərazinin yalnız 15 faizinə
yaxını, özü də suvarma şərti nəzərə
alınmaqla kənd təsərrüfatı üçün
yararlıdır. Hazırda Meksikada 4 milyon
hektardan artıq suvarılan torpaq vardır və bu göstəriciyə
görə ölkə dünyada aparıcı yerlərdən
birini tutur.
Kənd təsərrüfatının aparıcı sahəsi
əkinçilikdir. Belə ki, bitkiçilik bütün kənd
təsərrüfatı məhsulu dəyərinin 60 faizindən
çoxunu verir. Heyvandarlığın
payına isə 34 faizə qədəri düşür.
Becərilən əsas ərzaq bitkiləri
qarğıdalı, buğda, düyü və lobyadır.
Qarğıdalı və lobya ölkənin hər
yerinə yayılmışdır və başlıca ərzaq
bitkiləri hesab olunur. Meksika alimləri
quraqlığa davamlı buğda sortları
yetişdirmişlər. 1970-ci illərdə
Azərbaycanın Muğan rayonlarında "tritikale"
adlanan Meksika sortu becərilirdi, bu buğda formasında olan, əslində,
çovdar-buğda hibridi idi. Bu yem bitkisi
bizdə ərzaq buğdası kimi becərilir və buğda
kimi də tədarükə təhvil verilirdi. Sonralar bu rayonlaşdırılmamış bitki
sortuna aludəçililik azaldı və həmin özfəaliyyət
həvəsi uzun sürmədi. Meksikanın
özündə isə suvarma zonalarında texniki bitkilərdən
pambıq becərilir.
Mədəniyyət:
ənənə və müasirlik
Öz
ispan əcdadlarından dili bir vərəsə kimi
götürən müasir meksikalılar maddi və mənəvi
mədəniyyət sferalarında həm də müxtəlif
hindu xalqlarının bir sıra
xüsusiyyətlərini qəbul etmişlər. Onları dəyişdirib, bu mefamorfoza prosesində həmçinin,
formalarını inkişaf etdirərək, əslində, yeni
səviyyədəki Meksika mədəniyyətini
yaratmışlar. Bu mədəniyyət, hindu
xalqlarınınkından olduğu kimi, ispan mədəniyyətindən
də fərqlidir.
Meksika mədəniyyətinin ikitərəfli mürəkkəb
mənşəyi onun bütün ifadələrində nəzərə
çarpır. Belə ki, yuxarıda deyildiyi kimi, Meksika əkinçiliyində
qarğıdalının əhəmiyyəti indi də
saxlanılır, o isə təmiz ənənəvi hindu ərzaq bitkisidir. Hələ
Kolumbdan əvvəlki dövrdə Meksika iqtisadiyyatı bu
bitkinin becərilməsinə və onun məhsulunun
istehsalına əsaslanırdı. Buğdanı
isə buraya ispanlar gətirmişdilər.
Meksika əkinçiliyi
başlıca olaraq hindu irsi əsasında
inkişaf etmişdi, heyvandarlığı isə yalnız
ispanların bir töhfəsi saymaq olar. Avropalıların gəlişinə
qədər hindu tayfaları ətini yemək
üçün və ov üçün yalnız it
saxlayırdılar, indi də meksikalılar əziz
qonaqlarına it kəsir və ya belə təkliflə
müraciət edirlər. Akapulkonun bir il əvvələ
kimi üç il müddətinə meri işləmiş
professor bizi evinə dəvət edəndə, it kəsməyi
təklif etdikdə, mən müxtəlif bəhanələrlə
boyun qaçırdım. Onun həyətinə
maşınla girəndə portağal bağının
arasında iri budlu, qısa tükləri olan iki it bizə
yaxınlaşdı. Eks-mer, yəqin ki,
onlardan birini kəsməyi nəzərdə tutmuşdu.
Bundan beş il əvvəl Özbəkistanda
olarkən koreyalıların yaşadığı və
işlədiyi məşhur "Politotdel" kolxozuna
getmişdik. Vaxtilə bu kolxozun futbol
komandası bizim "Neftçi"miz və Daşkəndin
"Paxtakor"u kimi SSRİ çempionatının
"B" qrupunda oynayırdı və hələ 50-ci illərdə
kolxozun böyük futbol stadionu var idi. Məşhur sədr,
Sosialist Əməyi qəhrəmanı Xvan, Qdlyan və
İvanovun respublikada apardıqları kütləvi repressiya əməliyyatı
nəticəsində həbs edildiyindən, onu cavan bir adam əvəz edirdi. O, bizə yerli
koreyalıların həyətlərindəki ətlik
kiçik itləri göstərdi və hörmətli qonaq
kimi bizə it kəsməyi təklif etdikdə, mən
razılıq vermədim, ona görə də kolxozun
fermasından olan bol bildirçin qızartmasına və soyutma
yumurtalarına qonaq olduq. Bir xalq kimi
koreyalılarda, vyetnamlılarda it əti istehlakda əslində,
xüsusi yer tutur.
Hindu tayfaları o vaxtlar Şimali və Mərkəzi
Amerikada bol olan vəhşi hinduşkanı da əhilləşdirmişdilər. Bundan başqa, onlar həm də
bal arısı saxlayırdılar. Meksikalıların ispanlara qədər
heyvandarlıq təsərrüfatı yalnız bu üç
növdən ibarət idi.
Avropalılar gələnə qədər Amerika,
ümumiyyətlə, kotan əkinçiliyini də
tanımırdı və indiki dövrdə də Meksikada sərt
maili torpaqlar, dağ yamacları şumlanmır, orada torpaqlar və
bitkilər qazan dirək vasitəsilə becərilir. Onlardan istifadə
təkcə məhsul istehsalına xidmət etmir, həm də
torpaqları güclü yağış yağanda yuyulmadan,
sürüşmədən, sərt eroziyadan qoruyur.
Bitkilərin becərilməsində həm də universal
əhəmiyyətli ağır bıçaqdan - maçetedən
istifadə olunur, bu alət avropalılar gələndən
sonra meydana çıxmışdır. Maçete ilə
torpağı kollardan təmizləyirlər, həm də
şəkər qamışını biçirlər.
Maçete daha çox bizə Kubadakı şəkər
qamışı plantasiyalarındakı biçin prosesindən
tanış idi. Fidel Kastro da
şəxsən biçində əlində maçete
iştirak edirdi. Gələcək ispan dili
mütəxəssisləri olacaq sovet tələbəri də
Kubada staj keçdikləri müddətdə əllə
şəkər qamışı biçininə cəlb
olunurdular. Sonralar kombaynlar meydana gəldi.
Meksikada qədimdən, ispanlara qədər olan dövrdən
əkinçiliyə həm də kəndlərdəki kustar
istehsallar da əlavə olunurdu. Qədim
dulusçular, daşyonanlar, toxucular və zərgərlər
qəribə ustalığa yiyələnmişdilər.
Meksikalıların evləri yerli şəraitdən
asılı olaraq müxtəlif materiallardan - gildən,
çiy kərpicdən, daşdan, çubuqlardan və
qamışdan tikilirdi. Tropik zonada evlərin damı hündür
idi, samandan olurdu, mülayim zonada isə onlar kirəmitdəndir.
Kasıb adamların komalarında, adətən,
pəncərələr olmurdu, onlar olduqca kasad şəraitə
malik olurdu. Adamlar, adətən, həsir
üstündə yatırdı, cənubda isə bəzi
hallarda qamakda yatırdılar, qamak yatanları sürünən
həşəratlardan qoruyurdu, evin müxəllifatı
xörək üçün qabdan, su üçün
böyük küpədən və alət kimi isə
taxılı döyən metatedən ibarət idi.
Varlıların evində isə ispan ənənələri
nəzərə çarpırdı. Meksikalıların da
daxili həyətində, ispanlarda olduğu kimi, isti və
bürküdən adamı azacıq xilas edən patio -
yaşıl bitki kollarının və kiçik fəvvarənin
olduğu məkanın olması vacib sayılırdı.
Maddi mədəniyyətin
daha bir sferasında ispan və hindu irsinin təsiri
aydın nəzərə çarpır. İspanlar gələnə
qədər hindu xalqlarına təkərdən
istifadə prinsipi məlum deyildi. Məhz buna
görə də onlar dulusçuluq dövrəsini bilmirdilər.
Bundan əlavə, Meksikada yük heyvanları da
yox idi və belə dağlıq ölkədə XVI əsrə
qədər bir yerdən başqa yerə getmək növü
ayaqla yerimək idi. Su yollarından da, demək
olar ki, istifadə olunmurdu, bütün yüklər beldə və
ya əllə daşınırdı. Maraqlı
cəhət odur ki, Meksikada indi də müasir nəqliyyat
növləri ilə yanaşı, bəzi rayonlarda hambal sənəti
kimi tameme qalmışdır, bu ağır işlə daha
çox hindular məşğul olurlar. Hindular
yükü beldə daşıyırlar, onun bərkidildiyi
boyun qayışı hambalın alnından keçir.
Sakinlərin paltarına gəldikdə, ABŞ sərhədinə
yaxın olan yerlərdə kombinezon geyinirlər. Kombinezon Uinston
Çörçillin də sevimli ev
paltarı idi. Çiyinə baş üçün deşiyi
olan və həm qabağı, həm də arxanı örtən
və sarape adlanan bürüncək atırlar: başqa hindu xalqlarında bu "panço"
adlanmaqla, həm paltar rolunu oynayır, həm də yatanda
yorğanı əvəz edir. Qızmar günəşdən
qorunmaq üçün başı müxtəlif formadakı
samandan toxunan şlyapalar ilə örtürlər. Onun iri dəyirmi kənarları olduqda sombrero
adlanır (ispan sözü olan "sombra" "kölgə"
deməkdir). Meksikalı dostlarımız
sombreronun şərəfinə poetik dildə uzun monoloq
söyləməyə daim hazırdırlar. Onlar əziz qonaqlarına nazik qızıl saplarla
işlənmiş sombrerolar bağışlayırlar, bizə
də belə hədiyyə verdilər.
Qadın milli geyimi isə olduqca müxtəlif və rəngarəngdir. Bu geyimin mütləq hissəsi
reboso adlanan şaldır, onunla lazım gəldikdə
başı örtürlər, hindu
qaydasında uşağı beldə gəzdirmək və
ağır yükü daşımaq üçün də
ondan istifadə edilir. Köhnə dövrlərdə
Azərbaycan qadınları da uşağı beldə gəzdirmək
üçün hindulara oxşar qaydada şalı həm də
bu məqsəd üçün istifadə edirdilər. Meksikalı qadınlar bəzək şeylərini
çox sevirlər, bu məsələdə onlar bizim
yaxşı tanıdığımız kürd və
qaraçı qadınlarına bənzəyirlər.
Kişi paltarının bir yaraşıqlı
növü də vardır və o, milli geyimə çevrilmişdir. Bu, çarro adlanan atlı kostyumudur. Bu paltar dar qara şalvardan,
uca dabanı olan qara çəkmədən, qalstuk və ya
boyun ləçəyi ilə bağlanmış ağ köynəkdən və gödək
jiletdən ibarətdir. Kostyumun xoş təsirini
iri sombrero tamamlayır.
Meksika milli mətbəxində, əsasən,
qarğıdalıdan istifadə olunur, onu isladıb, metatedə
döyürlər. Yumşaq kütlə əmələ gəlir.
Onu sadəcə olaraq suya
qarışdırıb içirlər, bu yemək
növü atole adlanır. Daha çox isə
ondan kökələr - tortilya bişirirlər. Bəzən onu azərbaycanlıların pendir
dürməyi kimi büküb, içinə ət qoyurlar.
Əlavələr rolunu pendir və çile bibərinin
başlıca rol oynadığı müxtəlif souslar
oynayır. Əhalinin qidalanmasında
qarğıdalı ilə yanaşı, lobya və
düyü də böyük yer tutur.
Çile
bibəri olduqca acıdır, onunla tanış
olmayan adam onu yedikdə dodaqlarının yanında suluq əmələ
gəlir. Ancaq meksikalılar süfrədə
ondan çox istifadə edirlər. Şorba
yeyəndə, çileni onun suyuna batırıb, sonra
ağızlarına ötürürlər.
Meksikada çox yayılmış milli içki pulke və
ya maqey aqavasının qıcqırdılmış şirəsidir. Pulkeni
hazırlamaq üçün aqavanın tikanlı budaqları
kəsildikdən sonra onun çox iri qarpız boydakı
kökü çıxarılır və şirəsi emala məruz
qalır. Mavi aqavadan isə dünyada məşhur
olan tekila adlanan araq hazırlayırlar. Tekilanın
başqa növ araqlardan tam fərqli olan öz içilmə
qaydası vardır və onda limondan, həm də duzdan istifadə
olunur.
(Ardı
var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 18 may.- S.22.