Sən yalnız mənimsən...
Bəzən olur ha, göy üzündə heç ulduz yoxkən, ay qorxaqcasına buludların arxasından boylanınca, balaca bir ulduz "mən daha sönmədim" deyib işıldamağa başlayar. Bax, o ulduzumsan mənim...
Susuzluqdan çatlamış torpaqlara düşən bir damcı yağışı torpaq necə də aclıqla özünə çəkir. Bax, o yağış damcımsan mənim...
Tutqun havadan sonra buludların arxasından utanaraq gülümsəyən günəşimsən mənim... Payız gəlincə bütün yarpaqlar xəzəl olub ayaqlar altında xışıldayarkən, budaqdakı son yarpaq israrla qopmaq istəməz. Küləyə qarşı dirəşər, möhkəmcə tutunar budağa. Bax, o yarpağımsan mənim...
Qışın ayazına baxmayaraq, uşaqlar hər səhər oyanır oyanmaz pəncərəyə qaçar, qarın nə vaxt yağacağını böyük bir maraqla gözləyər. Bax, o həsrətlə gözlənən qarımsan mənim... Ən xoşbəxt anlarımda gözlərimdən süzülən sevinc göz yaşlarımsan...
Yaşanmış ən gözəl xatirəm, baxmağa doymadığım mənzərəmsən mənim...
Qışda baharım, yayda qarımsan. Dörd fəsli eyni anda yaşadan yeni ayımsan mənim...
Ən dadlı şərbətdən daha dadlımsan mənim. Qaranlığımın günəşi, gündüzümün ayısan...
Bu dünyada cənnətim, çəkdiyim ən böyük həsrətim, yaratdığım ən möhtəşəm şah əsərimsən mənim... Xoşbəxtliyimin memarı həyatımın baharısan... Gizlətdiyim ən dərin sirrim, aşikar etdiyim ən mükəmməl gerçəyimsən mənim... Bəlkə də çox arzuladım səni Allahdan. Bilmirəm, bu, təsadüfdür, yoxsa zərurət, artıq həyatımdasan. Bəlkə də bu şirin bir yuxudur. Elə isə oyatmasın kimsə məni. Çünki, sən - insanın ömründə bircə dəfə görə biləcəyi, oyanınca "bəlkə davamını gördüm" ümidilə təkrar yatmağa çalışdığı, təkrarlanmaz, möhtəşəm bir röyasan.
Sən - fırtınalı dənizimin sakit limanısan. Qoynuna sığınmışam dalğaların qorxusundan. Sən - çılğın dəniz ləpələrinin qayaya çırpdığı qızıl balığımsan. Həyatıma, ruhuma sakitlik gətirdin. Artıq, səhərlər daha xoşbəxt oyanıram. Daha az ağlayıram gecələr. Sən - yaralarımı sarmaq üçün Tanrımın göndərdiyi məlhəmsən.
Hər gecə gözlərinlə toqquşmaq, qoxunla yuxuya getmək, hər sabah
qoynundan "günaydın"
pıçıltınla oyanmaq həyatıma
əvəzolunmaz bir dad
gətirib. Qaranlıq mağarama sızan
günəş şüası kimisən. Çox
ehtiyacım olan bu şüa məni zülmətdən qoruyur. Sən- ölmüş
ümidlərimin, dəfn olunmuş
arzularımın, itirilmiş keçmişimin gələcək hədiyyəsisən. Səni düşündükcə
sadəcə gözəlliklər gəlir ağlıma.
Haqqında düşündükcə üzümdə yaranan utancaq təbəssümümsən.
Tanrının mənə ən böyük
ərmağanısan. Sən üzümü
güldürən, qəlbimi sevindirən səbəbsən. Bu, çox qəribə bir hissdir. Daha
çox etibar, daha çox inam, daha çox
hörmətdir. Sən varkən, sanki
dünyanın heç bir
pisliyi bulaşa bilməz
mənə. Sən varkən heç bir təhlükə qorxuda
bilməz məni. Amma qorxularım da böyükdür. Ya bir gün
bu yuxudan oyanırsam
deyə. Ya bir gün mənə "həyatında sadəcə
bir qonaq idim, indi isə getməliyəm"
deyərsən deyə. Sənə hisslərim artdıqca itirmək
qorxum da
çoxalır. Bu, bir
oddur. Bilə-bilə alova
doğru addımlayıram. Yanıram, amma ağrını hiss
etmirəm. Çünki səninləyəm.
Səninləykən həyat daha gözəldir.
Yaxşı ki varsan.
Yaxşıki varımsan. Sən mənsən... Mənim
özünsən... Qədərim, alın yazımsan... Sən
yalnız mənimsən...
Leyla CAMAL
525-ci qəzet.- 2019.- 22 may.- S.21.