Gənc ədiblərin
Qulu Ağsəslə görüşü
Sahil
bağındayam. Fəvvarələrin səsi sakitlik boyu
axa-axa bərkdən səslənirdi. Sahil bağının
adamsız yaşıllığında siqaretimə güc verə-verə
Gənc ədibləri gözləyirdim. Bu gün Qulu Ağsəslə
görüş olacaqdı. Milli kitabxananın qabağında
gənclərin sümürdüyü siqaretlərin
göyümtül tüstüsü
burula-burula qalxıb "Qorkinin" daş
bığlarına qonur, orada dincini alırdı. Gənclər
mırt vururdular.
Şair
demiş, "gözləməkdən gözüm çuxura
düşdü". Gördüm fəvvarələrin səsini
içimdə eşidirəm, yolu keçdim, "Xaqani"
küçəsindən buruldum Yazıçılar Birliyinə.
Pillələri iki-iki qalxdım. Və üçüncü
mərtəbəyə çatmışdım ki,
qulağıma səslər gəldi. Bu səslər məni
dartıb-dartıb içəri saldı. Sən demə, Gənc
ədiblər içəridəymiş. Adamlar masalarda əyləşib,
hərənin başı bir şeyə qarışıb.
Dayandığım yerdən Qulu müəllimi gəzdim. Yox,
hələ gəlməyib. Deməli, hələ tədbir də
başlamayıb. Gənc ədiblərin arasında bir əl
qalxdı qəfil. Sonra ağ bayraq kimi yellənib
özünü nişan verdi. Bu, Rəvan idi. Rəvanın
özünü nişan verən əllərini tez
gördüm və o əllərinin havasını içimdə
öz yerinə qoyub yaxınlaşdım.
-
Hardaydın? - deyir.
-
Aşağıda. Sən hardan gəldin, görmədim?
- Mən
şeirdən gəlmişəm, indi nəsrə yol gedirəm
- Rəvan deyir və qımışır.
Gülüşü sifətinə qırış yayır.
Gənc
ədiblər dəyirmi masada əyləşib Rəşad Məcidə
diqqət kəsiliblər. Elə indi saatımı yoxlayıb
"Qulu müəllim gecikir" yazacaqdım, bir də
gördüm külək kimi içəri girdi. Arxasınca
da Orxan Saffari. Elə bil, Qulu müəllimin arxasınca gələn
bu iri, yekəpər oğlan şair yox, cangüdəndir. Orta
əsrlərdən gəlib, Səlib yürüşlərinə
çıxacaqmış, yolu, təsadüfən,
Yazıçılar Birliyinə düşüb. Rəşad Məcid gözlərini
qıyıb Gənc ədiblərin görüşlərində
birinci dəfə iştirak edən gənclərə
"köhnələri" təqdim edir. "Gənc klassiklər"
deyir onlara. Və Ulucay Akifdən Orxan Saffariyəcən gənc
müəllifləri təqdim edir, yazdıqlarından,
yazacaqlarından danışır.
Gənclər
özlərini təqdim edirlər.
Qazaxdan
gələn bir xanım şeirlərini oxuyur. Xanım rayonda
yaşasa da, imkan tapdıqca Gənc ədiblərin
görüşlərində iştirak edir. İsa
Hüseynovun təbirincə desək, zaman o zaman idi ki, indi həmin
xanım imkan tapıb Gənc ədiblərin
görüşündə iştirak edə bilmişdi və
bundan olduqca xoşbəxt görünürdü. Gözləri
qızıl kimi parıldayırdı. Şeirlərini də
eyni məhəbbətlə oxudu, misralardakı
vurğuların üstündən elə keçirdi ki, elə
bil, şeiri incitmək istəmirdi.
Qulu
müəllim şeirin sonunda fikirlərini bildirir:
-
Şeirdə yük var. O yükü ora qoymaqla olmur e,
qızım...
- Məndən
asılı deyil. Ürəklə...
-
Ürək də ağılla idarə olunmalıdır.
Bu dəfə
"gənc klassik" Ulucay Akif söhbətə daxil olur və
qollarını çirmələyib dili boğaza qoymur. Elə
bil, Ulucayın çirmələnmiş qolları onun
danışığını tərcümə eləmək
istəyir. Ulucayın çirmələnmiş qolları
deyir:
- Nə
xanım ağlamadı, nə də şeir ağlatmadı,
ona görə xoşuma gəldi. Eşq olsun!
Xanım
deyir:
- Mən
şeirlərimi video variantda da paylaşıram, amma çox
baxış olmur.
Bu dəfə
daha bir "gənc klassik" Rəvan Cavid müdaxilə
edir. Rəvanın da dili zəifdir. Yüz dəfə
demişəm, Mövlud Süleymanlı, Saday Budaqlı, Yusif
Səmədoğlu, İsi Məlikzadə oxu. Amma nə xeyri
var, Salman Rüşdinin təsirindən çıxa bilmir.
Buna görə, reportajda Rəvanın cümlələrini tərcümə
ilə verəcəm:
-
Xanım, meqabaytımız olmur
e... Həm də gərək video keyfiyyətli olsun. Videodan da
çox, şeir "keyfiyyətli" olmalıdır - Bu
sözü deyərkən çevrilib Ulucaya baxır və
sanki Ulucay da onun nə dediyini başa düşür.
Başını təsdiq işarəsində qaldırıb
yendirir. Rəvan söhbətini gülüş ilə bitirir.
Gənc
ədiblərdən daha biri qalxıb özünü təqdim
edir:
- Mən
İdman Akademiyasında oxuyuram -
deyir.
Qulu
Ağsəsin yaxşı yumoru olduğunu yazının əvvəlki
hissələrində yazdığımı
xatırlamıram. Ona görə demək istəyirəm ki,
Qulu Ağsəsin yaxşı yumoru var. Təkrarlıq
olacaqsa, oxuculardan səmimi qəlbdən üzr istəyirəm.
Qulu müəllim deyir:
-
Burdan baxanda güləşçiyə oxşayırsan elə!
Hamının
sifəti gülüş formasında əyilir.
Şeirimi
telefondan oxuyacam deyir.
-
Şeiri telefondan oxuyanda şair yoxa çıxır - Rəşad
Məcid deyir.
-
"Adın üşüyəcək
dodaqlarımda" - şeirin bu hissəsində, elə bil,
Qulu Ağsəsin cini hürkür. Deyir bu misraya görə
bir neçə şair bir-biriylə küsülü gəzir.
Bir deyir, mənimdir, o biri deyir, mənimdir. Hamı öz
adına çıxarır. Ona görə yaxşı
oxumalısan, özündən əvvəlki yazılanları
içindən keçirməlisən ki, təkrarlıq etməyəsən.
De görüm, kimləri oxuyursan gənclərdən?
Gənc
ədib bir müddət duruxur. Söz boğazında tikə
kimi qalır. Udqunmağa taqəti yoxdur.
- Elə
sizi, Qulu müəllim! - dilindən bu ifadə
çıxır. Adamlar qımışır. Rəvan Cavid və
Ulucay Akif başqa bir dildə zarafatlaşıb
gülüşürlər. Mənə elə gəlir, bu dili
ancaq onlar ikisi bilir.
-
Quludan götürmüsən o ifadəni? - Qulu müəllimin
bu sözüylə hamı eyni dildə gülümsəyir.
Hətta Rəvan və Ulucay da.
Tədbirin
sonunda ədəbiyyatımızın cangüdəni, Səlib
yürüşlərinin veteranı Orxan Saffari ilə
küçəyə düşüb siqaret çəkdik.
AYB-in önündə dostları gözləyə-gözləyə
həyatdan, gələcək gözəl günlərdən,
sevgidən danışdıq. Sonra uzun-uzun susduq. Sonra Milli
Kitabxananın önündən keçəndə Maksim
Qorkinin heykəlinə sataşdı gözüm. Göz vurdu
mənə heykəl.
Fəvvarələrin
səsi sakitlik boyu axa-axa bərkdən səslənirdi.
Orxan HƏSƏNİ
525-ci qəzet.- 2019.- 22 may.- S.16.