Dost sözü
Mayın 26-da Nailə İbrahimovanın
doğum günüdür. O, Bakı
Musiqi Akademiyasının
"Konsertmeyster ustalığı"
kafedrasının müdiri
və professoru olmuş, gözəl qadın və insan, pianoçu və pedaqoq idi. Nailə xanımla biz dost idik. Bir çox ölkələrdə
- Fransada, Türkiyədə,
Belarusda və başqa yerlərdə, müxtəlif tədbirlərdə,
konsertlərdə olmuşduq.
Deyirlər, insanla yol yoldaşı olanda, onu daha yaxşı
tanıyırsan. O, geniş
intelektə, zövqə,
biliyə malik qadın idi.
Dost haqqında böyük
filosof şair Cəlaləddin Ruminin kəlamı yadıma düşür. O deyirdi ki, "qüsursuz dost axtaran dostsuz qalar". Biz bir-birimizdə
şübhəsiz ki,
qüsur axtarmırdıq,
lakin bir-birimizin varlığından həzz
alır, qürur duyurduq, maraqlarımız,
zövqümüz, yumor
hissimiz bir-birimizə xoş gəlirdi. Məndən öncə isə o, mərhum bacım, pianoçu Elmira
Səfərova ilə
dost idi. Elmira deyərdi
ki, Nailə öz istedadı, biliyi, intellekti ilə mədəniyyət
naziri ola
bilərdi. Mən də onunla
razı idim.
Azərbaycan konsertmeyster ustalığı
tarixinin inkişafında
Nailə xanım İbrahimovanın
böyük rolu olmuşdur. O, konsertmeyster ustalığı haqqında,
onun tarixi, nəzəriyyəsi və
təcrübəsi barədə
qiymətli kitab, dərs vəsaiti yazmışdır. Bu vəsait Bakı Musiqi Akademiyasının
fortepiano fakültəsinin tələbələri
və müəllimləri
üçün nəzərdə
tutulmuşdur. Lakin bu tədqiqatın, mən bunu məhz vəsait deyil, tədqiqat adlandırıram,
çünki onun daha geniş əhəmiyyəti və
rolu vardır. O,
tədqiqatında həm
bu sahənin inkişaf tarixini, həm də əsas nəzəri xüsusiyyətlərini, konsertmeyster
təcrübəsini, müasir
konsertmeyster repertuarını
təhlil və təqdim edir, böyük ədəbiyyat
siyahısı və onun izahatını verir. Tədqiqatda pianoçular üçün
o qədər əhəmiyyətli,
dəyərli tövsiyələr
və məsləhətlər
verilmişdir ki, bunu bir qədər
genişləndirib elmi
əsər kimi müdafiə etmək də olardı. Olardı, əgər özü olsaydı. O, əvvəllər
də Azərbaycan musiqisi haqqında dissertasiya yazmışdı
və əlyazmasını
(o vaxt hələ kseroks yox idi),
oxumağa elmi rəhbərinə vermişdi,
təəssüf ki, elmi rəhbəri onu itirmişdi. Mən biləndə çox təəccüb elədim.
O isə bu məsələyə ona xas olan təvazökarlıqla,
çox sakit reaksiya verdi,
itirib də... - dedi.
Bir neçə
illər professor adını
almaq üçün
Nailə xanımın
sənədləri Ali Attestasiya
Komissiyasında yatıb
qalırdı. Mənə məlum olmayan
səbəblərə görə,
onun sənədlərinə
"yox" deyilmişdi
və heç baxılmırdı da.
Lakin mən mədəniyyət
üzrə ekspert şurasının sədri
seçiləndən sonra,
elə ilk işlərdən
biri Nailənin sənədlərini professuraya
təqdim etməyim oldu. Prezidiumun iclasında mən çıxışımı onunla başladım ki, dünya şöhrətli musiqiçi
Mstislav Rostropoviç
Bakı Musiqi Akademiyasında kafedralar ilə tanış olanda, Nailə xanımın sinfinə girib ona professor kimi müraciət etmişdi, çünki onun gördüyü dəyərli işlərlə
tanış idi. Biləndə ki, Nailə
xanım hələ
professor deyil, çox
təəccüb eləmişdi.
Prezidiumun iclasında da
mən verən məlumatdan sonra, Nailə xanımın
professor olmamağı etiraz
doğurdu. Birinci coğrafiya
sahəsində məşhur
akademik öz müsbət rəyini bildirdi, onun səsə qoyulub keçirilməsini təklif
etdi. Beləliklə, hamı yekdilliklə
Nailə xanımın
professorluğuna səs
verdilər. Mən
Nailəyə bu barədə xəbər verib, onu təbrik
edəndə, zarafatla
dedim ki, heç bilməzdim ki, məşhur akademik sənin bu cür fanatındır.
O da güldü və soruşdu ki, o kimdir? Dedim
gözəl mütəxəssis
və alim.
Mən Nailə haqqında çox danışa bilərəm, onun hazırladığı tələbələr
bir sıra müsabiqələrdə laureat
adına layiq olmuşlar. O, çox gözəl həyat yoldaşı və ana idi.
Onun həyat yoldaşı, gözəl pianoçu Fərhad Bədəlbəyli
çalanda Nailənin
həyəcanını müşahidə
etmək kifayət idi. O, həm sayırdı, həm oxuyurdu, həm də dirijorluq edirdi. Fərhadın isə gənclikdə
ona dəlicəsinə
aşiq olması yadımdadır. O, "Dəniz"
əsərini Nailəyə
ithaf etmişdir, Nailənin təbiətinə
uyğun, dənizin gah coşqun, gah sakit vaxtını
Fərhad gözəl
təsvir etmişdir. Bu əsər ifa
olunarkən yanımda
oturan Nailəyə yavaşca deyərdim ki, indi sənin
sevgi mövzun səslənəcək, bu
vaxt o, çox utanardı.
Bu günlərdə isə Fərhad Bədəlbəylinin
digər gözəl əsəri "Pərvərdigara"
möhtəşəm ifada
- dünya şöhrətli vokal ustaları Anna Netrepko, Yusif Eyvazov və
Elçin Əzizov tərəfindən böyük
uğurla səsləndi.
Dahi C.Verdi
deyirdi ki, əgər
bəstəkarın yaradıcılığından bir-iki melodiya yadda qalıb oxunmursa, o, bəstəkar deyildir. C.Verdinin özünün əsərləri ifa olunan gündən bəstəkarın
melodiyalarını bütün İtaliya oxuyardı. Heydər Əliyev mərkəzində
"Azərbaycana sevgi ilə" adlı
möhtəşəm konsertdən neçə gün keçdiyinə baxmayaraq,
mən hələ də Fərhadın orada
ifa olunan "Pərvərdigara"
əsərinin gözəl melodiyasını oxuyuram,
zümzümə edirəm. Doğrudur, Fərhad
özünü bəstəkar hesab etmir, bu,
onun bir hobbisidir (dirijorluq kimi), amma çox
uğurlu hobbidir. Fərhadın
bu uğuruna Nailə
xanım çox sevinərdi. Onun şad ruhu bu
gün bizimlədir. Allah
ona qəni-qəni rəhmət eləsin!
Zemfira
SƏFƏROVA
Akademik,
Əməkdar Elm Xadimi
525-ci qəzet.- 2019.- 22 may.- S.17.