Qələmsiz yazılanlar   

 

 

 

Son günlər bir möhtəşəm Qadın obrazı gözümün önündən çəkilmir. Onu düşünür, xəyal edir, söhbətləşirəm.

Professor Vilayət Quliyev Əhməd Ağaoğlunun 150 illik yubileyi münasibətilə onun "67 il sonra" adlı xatirələrini çap etdirib. Xatirələrində Əhməd bəy doğulduğu Şuşadan, uşaqlıq illərindən söz açır. Adamı hüzünləndirən, duyğularını param-parça edən bu xatirələrdə bir işıqlı obraz - Əhməd bəy Ağaoğlunun anası Tazə xanımın obrazı məni əməlli-başlı heyrətləndirdi!

"... Mənim anam Sarıcalı obasından idi. Tərəkəmə idilər. Balaca boylu, incə, zərif, həssas bir qadındı...

... Axundların, mollaların əcaib geyimləri, cübbə nəleyinləri qətiyyən xoşuna gəlməzdi. "Bunlar hamısı hiylədir, aldadıcı şeylərdir, mən oğlumu elə görmək istəmirəm!" - deyərdi.

Ürəyindən keçirdi ki, rusca oxuyum, çiyinlərimdə parlaq epoletlər daşıyım...

Anam bu işi necə gördü?

Qonşuluqda yaşayan ixtiyar dayəsi Kərbəlayı Bahar nənə vasitəsi ilə bir erməni müəllim tapdı. O mənə Bahar nənənin evində, gizlicə rus dilində dərs verəcəkdi.

Üç il bu qayda ilə davam etdi. Müəllim mənə hesab, tarix coğrafiya dəsrləri verdi hər ayın sonunda anam nimtənəsinin ətəyinə tikilmiş rus imperiallarından birini (!) qoparıb zəhmət haqqı kimi Kərbəlayı Bahar vasitəsi ilə ona göndərirdi. atamın, başqa heç kəsin bu məsələlərdən xəbəri vardı.

... Anam sonda öz istəyini həyata keçirəcək, yolumu Kərbəlayi-Müsəlladan, Nəcəfül-Əşrəfdən Peterburqa, Parisə çevirəcəkdi"

***

Sabirabadın Bulaqlı kəndində,  yol qırağında "Dostluq" kafesi var. Uzun illər rayona gedəndə burada dayanıb çay içib sonra yola davam etmişəm. İndi son məntəqə kimi "Horadiz" yazılan göstəricilərdə  o vaxtlar "Laçın", "Şuşa" yazılırdı. Hadisələr başlayandan sonra bu yol daha işlək olmuşdu. İndi Cocuq Mərcanlıda dirənib dayanan yolla Araz qırağı kəndləri ötüb Cəbrayılın, Zəngilanın ərazisindən keçib Xanlıq kəndindən sağa dönür, Qubadlının, məşhur Güləbirt kəndinin, yeni tikilən "Qayğı" qəsəbəsinin yanıyla Laçına qalxırdım. Bəzən davam edib Minkənd yoluyla Zabuxu keçərək Ağoğlana, doğulduğum kəndə - nənəmə qonaq gedirdim. Bəzən Qala dərəsindən, Turşsudan keçib Şuşaya qalxırdım. Ordan da Xankəndini, Əskəranı keçib Ağdama düşürdüm. İndi yaşıllıq içindəki bu məkanda hüznə qərq oldum, keçmişə daldım, acı çəkdim ...

***

Mayın 6-da Bakı Kitab Mərkəzində Kamal Abdullanın rumın dilində dərc olunan "Sehrbazlar dərəsi" kitabının təqdimatında iştirak etdik. Əvvəl kitabın tərcüməçisinə qulaq asdıq, sonra yazıçının fərqli fikirlərini dinlədik.

Gün Kamal Abdulla günü idi. Bir neçə saat öncə Multikulturalizm Mərkəzinin 5 illiyinə həsr olunmuş tədbirdə maraqlı çıxış etmişdi. Kamal müəllim protokolu da nəzərə alır, məmurluqdan doğan tələblərə əməl edir, amma yazıçılığını da unutmur - şablon, standart, çərçivəli danışmır, obrazla, yığcam detallarla hadisələrə bədii yük qatır, düşündürür...

***

Deməli, yaxın bir həftə içində tanınmış kitab evlərində Ramiz Rövşənlə iki görüş nəzərdə tutulub. Kitab evlərinin feysbuk səhifələrindəki elanlara reaksiyadan oxucu marağını təxmin etmək olur. 11 mayda Bakı Kitab Mərkəzindəki görüşə 700, 15 mayda LİBRAFF kitab evindəki imza gününə isə 1900 nəfərdən artıq oxucu gələcəyini bildirib. "Gələcəm" deyənlərin lap 20 faizi gəlsə , bu rəqəm kitab evləri üçün böyük göstəricidir görüşlərin qələbəliklə baş tutacağını göstərir. Bu, həm şeirə, ədəbiyyata, yazıçıya marağın azaldığı iddialarına yaxşı cavabdır.

Şairi təbrik edirəm! Bu yerdə bir şeiri yadıma düşdü:

Hamı mənə sarı gəlir,

Mən durmuşam yerimdə.

Yol getməyə yolu gəlir,

Mən durmuşam yerimdə...

***

Yazıçılar Birliyinin Katibliyi Musa Yaquba "Nəsimi" mükafatı vermişdi. Şair xəstəydi, İsmayıllıda, doğma Buynuz kəndindəydi. Mükafatı təqdim etmək Əjdər Ola həvalə olunmuşdu. Sonra şairi görmək istəyində olanlar artdı. Paşa Qəlbinur, Ağalar Bayramov, Maarif Soltan da heyətə qoşuldu. Mayın 13-də - şairin ad günündən bir neçə gün keçmiş Buynuza getdik, Musa Yaquba "Nəsimi" mükafatını təqdim etdik, çay içdik, söhbətləşdik, xatirələrə daldıq. Şairin şeirlərini dedik. Təbii ki, Ağalar Bayramov şairin şeirlərini daha çox, həm də daha bəlağətlə dedi.

***

"Birbu dünyaya gəlməyə- tövbə!"

Arif Abdullazadə filologiya elmləri doktoru və yaxşı şair idi. Şeirlərinin intonasiyası və aurası fərqliydi. Keçən əsrin 90-cı illərində "525"ə tez-tez gələrdi... Məqalələrini, şeirlərini çap edərdik. Bu misra da onun şeirindəndir. Hərdən kövrək bir hüzn içində yada düşür və müəllifini də ehtiramla xatırladır.

***

Əsas möcüzənin göstərilməsidir! Bunu "Barselona"nın, yoxsa "Liverpul"un etməsi ikinci dərəcəlidir.

***

Keçmişlə yaşamayın. Nostalji adamı qocaldır. Gənc qalın...

***

Uşaq idim, qanmırdım...

***

Sevgi olmasa, gözəllik uzun müddət ovsunda saxlaya bilməz.

***

Qarabağın o günləri, yoxsa bizim cavanlığımız?!.

***

Gözün doysun...

***

Keçmiş gözümdən düşdü...

***

"Şuşaya duman gəlib"?!  :(

***

... At dəryaya... sonrasıyla işin yoxdur, heç düşünmə də...

***

Baxır kim yazır da... Müəllif yazıyla yarıbayarıdır...

***

Kiyevdə nə var ki, yaşamağa... Mən 1500 il yaşayardım.

***

Heç kim oxumayacaqsa, yazmağın nə mənası?! Sms-i, heç olmasa,  bir nəfər oxuyur...

***

Heç kim neqativ istəmir...

Amma bəlkə, neqativdən zövq alanlar da var?!

***

Fərqli səsdən, fərqli sözdən qaçmayın...

***

Bizi oyaq saxlayanlar var...

***

Görməmişlik pis şeydir. Əlacsız xəstəlikdir.

***

Qayğısız uşaq kimi ürəkdən sevinə bilirsənsə, xoşbəxtsən!..

***

Bütün Qadın dır-dırları eyni tonda, eyni tembrdə olur. Bu, Kişi beynini qıcıqlandıran ən öldürücü səs, ən qorxunc musiqidir!

***

An əbədidir, əsasdır. Anı uduzdunuzsa, ayların, illərin zəhməti lazımdır onu bərpa etməyə...

Fürsəti buraxmayın, anı yaxalayın!..

***

İroniyanı, incə yumoru hiss etməyənlə dərinə getməyin mənası?!

***

Heç biri uşaq doğmayıb, amma abortun əleyhinə danışırlar. :)

***

Bu, düşük şeylər yazırmış. Feysbuk paxırları yaxşı açıb-tökür...

***

Buxova mədhiyyə

Buxovlar olmasa, xaos yaranar! Buxovlar idarəetmənin ən vacib həlqəsidir. Dinin, dövlətin, qanunların, cəmiyyətin, mentalitetin, ailənin... buxovları!

Yaşasın buxovlar!

***

Bunun yiyəsi yoxdur ki?!

***

Zəncir çeynəyənlərə salamlar olsun! :)

***

Abırsızlıq əsasən kökdən tərbiyədən gəlir. Nadir hallarda sonradan yaranır.

***

Kiminsə çörəyinə bais olmağı cəmiyyət aqressiv qarşılayır. Popkorn satan uşaqla millət vəkilinin əhvalatı da buna görə elə kəskin reaksiya doğurdu.

Mərhəmətli cəmiyyətik ki?!

***

Dopdolu həyat... Adama görə dəyişir...

***

Sizcə, ifritə və cadugərləri niyə yandırırmışlar ki?! Fitnə-fəsad, nifaq yaradırmışlar, ağlı başdan çıxarırmışlar?!

***

Ən maraqlı və baxımlı yarış-mübarizə Qadınların bir-biriylə mücadiləsidir! :)

***

Bütün itirdiklərimiz unudulur. Bütünmü?!

***

Vicdan hamıda var. Sadəcə, miqdarı fərqlidir.

***

Həqiqətən də üzündə insan əzabının ən ağır ifadəsi vardı.

***

Hamı cəhd edir. Amma alınması əzmə və bəxtə bağlıdır.

***

Küçə süpürən də öz uğursuz taleyinin hirsini zir-zibili, toz-torpağı adamların ayağına tərəf süpürməklə çıxır. Hikkəsini göstərir...

***

Bulvardakı fəhlə qadınlar öz aralarında gileylənirlər: "İftar süfrəsi verirlər, hamısı varlılardır. Oruc tutan bir-iki kasıbı da çağırın da... Savab olar".

***

Hər adamın gizli bir eşq tarixçəsi var...

***

Sənə çox minnətdaram. Heç kimdən heç ummamaq, heç kimdən heç gözləməmək hissini yaratdığına görə...

***

Bir adamın yubileyində neçə dəfə iştirak qəbuldur?! :)

***

Bərdənin girişi lap Nizami Gəncəvi yazdığı kimidir - güldür, çiçəkdir!

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 22 may.- S.9.