"Suyu axtaran adam"ın oxucularla görüşü
Əməkdar elm xadimi, professor Tofiq
Məliklinin bu günlərdə işıq
üzü görən
yeni kitabı - "Suyu axtaran adam" əsəri avtobioqrafik romandır.
"Təknur" nəşriyyatında
çap olunan 384 səhifəlik romanda bütün əngəllərə,
çətinliklərə baxmayaraq, "oddan qorxmayan suyu", yəni uğuru, başarını, doğrunu,
ədaləti, haqqı
axtaran adamın həyat hekayəsi qələmə alınmaqda,
eyni zamanda, qəhrəmanın yaşamı
fonunda 70 illik zaman kəsiminin real mənzərəsi öz əksini tapır.
Kitab müəllifin
"Sözə başlarkən"
adlı ön söz əvəzi yazısı ilə açılır. Burada T.Məlikli kitabı yazmaq səbəbindən,
avtobioqrafik romanın yaranma ehtiyacından söz açır:
"...mən də, bir çoxları kimi, öz həyat
yolumu, necə yaşadığımı, yenidən
dünyaya gələrsəm,
bu yolu təkrarlamaq
istəyib-istəmədiyimi, vicdanımın rahat olub-olmadığını düşünürəm".
Müəllif, davam edərək, düşüncələrinə
aydınlıq gətirir:
"...geriyə yolçuluq
edərək, keçən
günlərimi varaqlayaraq,
"adam kimi yaşaya bildinmi?" sualına dürüst cavab verməyə çalışacağam. Bacaracağammı? Bilmirəm.
Amma sınayacağam".
"Suyu axtaran adam" bütünlüklə
"adam kimi yaşaya bildinmi?" sualına cavab axtarır, əslində.
Müəllifin həyat yolçuluğu
on iki bölümdən
ibarətdir. Birinci bölüm "Ot kökü üstə bitər" adlanır ki, burada yazıçı uzaq keçmişə nəzər salır.
Bölmənin "Soyköküm
haqqında bir neçə söz" adlı yarımbaşlığında
"keçmişini unudan
gələcəyini görə
bilməz" - fikrini
əsas tutan professor, Hacı Məlik tayfasının 300 illik tarixindən, ulu babası Hacı Məliyin Gəncə xanlığındakı böyük
nüfuzundan söz açır, onunla bağlı maraqlı tarixi əhvalatları bölüşür. Sözügedən bölmədə, həmçinin,
Tofiq Məliklinin atası Məlikov Davud Abbasqulu oğlu və anası Məlikova Yamən İsmayıl qızı da yad edilir. Yazıçı onları yüksək
ehtiram və sevgiylə xatırlayır,
uşaqlıq illərinin
ən gözəl və qayğısız zamanlarına onların xatirələri qanadında
səyahət edir.
Əlbəttə, budəfəki səfərin
yol yoldaşı biz oxucularıq.
Bölmənin digər yazılarında nənəsi Dursun xanımdan, uşaqlığını
keçirtdiyi Gəncədən,
gəncliyinin ilk şahidi
Bakıdan, unudulmaz tələbəlik illərindən
söz açır. Müəllif
o illəri belə xatırlayır: "Ən
parlaq uşaqlıq xatirələrimdən biri
də Novruz bayramıyla bağlıdır.
Müharibənin yenicə bitməsinə,
vəziyyətin ağır
olmasına baxmayaraq, hamı bayrama hazırlaşır, evlər
təmizlənir, divarlar
boyanır, məcməyidə,
ocaq üstündə
paxlavalar bişirilir, küçəmizdə tonqallar
qalanır, üzərindən
hoppanılır, məşəllər
yandırılırdı. Bu bayrama ən
çox da uşaqlar sevinirdi, çünki, məhz bu bayramda onlara
təzə paltar alınır və geydirilirdi. Mən də, təzə paltarımı geyən kimi küçəyə
qaçıb, uşaqlara
göstərmək, sevincimi
paylaşmaq istəyirdim.
Unutmayaq ki, bizim uşaqlığımız
çox ağır illərdə- çörək
növbələrinin, yoxsulluğun,
aclığın hökm
sürdüyü bir vaxtda keçmişdir".
Kitabın ikinci bölməsi "Elmə aparan yol" adlanır. Müəllif
bu bölməni Konfutsinin məşhur aforizmi ilə başlayır: "Biliyə,
elmə aparan üç yol vardır: düşünmək,
təhlil etmək yolu ən doğru
yoldur, təqlid etmək ən asan yoldur, ən
ağrılı, acılı
yol təcrübəyə
dayanan yoldur".
Bu bölmədə yazıçı
Moskvada keçən tələbəlik həyatından,
aspirantura illərindən
danışır. O, həmçinin,
Aydın Məmmədov,
Əkbər Babayev kimi həyatında və tələbəlik dövründə iz buraxmış şəxsiyyətlərdən
də söz açır. Əsərdə müəllifin - qəhrəmanın əsgərliyə
çağırılması, həmin dönəmdə
başına gələn
əhvalatlar və
"bir günlük əsgərlik" həyatı
da öz əksini tapır.
Tofiq Məliklinin
Moskva xatirələri
bir bölmə ilə yekunlaşacaq kimi görünmür. Onun kimi
ünlü bir alim, pedaqoq və
başqa ölkələrdə
də imzası, adı ilə tanınmış ziyalının
həyatı təbii
ki, hər zaman xarici ölkələrlə,
qürbət diyarlarla
bağlı olacaqdı.
Elə də olur. Həyatının çox uzun
zamanını xarici ölkələrdə keçirən
professor 80-ci illərdə yenidən
başlayan aktiv elmi fəaliyyətlə bir daha Moskvaya
üz tutmalı olur. Onun ikinci Moskva səfəri və buradakı fəaliyyəti
kitabın "Yenə
Moskva, yenə qaynar həyat" adlı dördüncü
bölməsində cəmlənib.
Bölmənin digər yarımbaşlıqlarında
Tofiq Məlikli ilk dəfə olaraq poetik yaradıcılığından
da söz açır. "Bir
az da poeziya:
"Duyğuların ən
gözəli"ndən "Ayrılıq heykəli"nə"
adlı yazısında
o, 1978-ci ildən 2012-ci ilə
qədər uzanan yoldan söz açır. 1978-ci ildə Türkiyədə
işlədiyi vaxt ilk
şeirlər kitabı
"Duyğuların ən
gözəli" 4500 tirajla
çap olunur. Ondan uzun illər sonra - 2012-ci ildə isə "Ayrılıq heykəli" Tofiq Məliklinin şair kimi oxucularıyla ikinci görüşünə
çevrilir. İkinci kitabın
qazandığı uğur,
rezonan şairin özünü də yaxşı mənada təəccübləndirir. T.Məlikli bu haqda yazır: "Hər yazıçı,
şair, yaradıcı
adam üçün
yaratdığı əsərə
məsləkdaşlarının, peşəkar ədəbiyyatçıların
obyektiv münasibəti
olduqca önəmlidir.
Nə gizlədim,
"Ayrılıq heykəli"nin yaratdığı
rezonans mənim üçün də gözlənilməz oldu. Afaq Şıxlının
"Qürbəti kimsə
sevməzdi, Şairlər
yazmadan öncə...", Nəsib Nəbioğlunun "Bizim
də payımıza yazmaq düşüb"
yazıları, Südabə
Ağabalayevanın "Ocaq
daşı" essesi
yaradıcılığıma mənim də gözlərimi açan qiymətli əsərlərdir".
Daha sonra müəllif yazıçı
Təranə Vahidin onun kitabı haqqındakı "Doğma
düşüncələr"ini təqdim edir.
Üçüncü bölmə sentimental və
bir o qədər də fərəhli duyğularla zəngindir. Bu bölmə gənc Tofiq Məliklinin həyatının bəlkə
də, ən önəmli dövrünə
- arzularının məmləkəti
Türkiyə ilə
ilk görüşə həsr
olunub. Türkiyə
ilə tanışlığı
İzmirlə ("Salam, gözəl
İzmir!") başlayan
Tofiq Məliklinin bu səfəri tarixi bir savaşla
qəribə şəkildə
eyni günə təsadüf edir: "Türklərin Kipr savaşı ilə. Müəllif özü də bunu elə
biz deyən kimi ifadə edir: "Kipr savaşının bizim Türkiyəyə gəldiyimiz günü başlaması da qəribə bir təsadüf idi".
Arzularının məmləkətinə növbəti
səfər isə paytaxt Ankaranın adı ilə bağlıdır. Onun bu səfəri
İzmirdə olduğu
kimi, tərcüməçilik
fəaliyyəti ilə
əlaqədar olur.
Ancaq ondan fərqli olaraq, daha uzun
müddətli, daha fərqli macəralarla zəngin.
Onun Türkiyə ilə bağlı xatirələrinin qalanını kitabın doqquzuncu və onuncu bölmələrində oxuyuruq. Doqquzuncu bölmədə yazıçı xatirələrindən "İstanbullu günlərim" deyə bəhs edir. Burada o, İstanbul universitetlərində pedaqoji fəaliyyətindən, qardaş ölkədə Azərbaycanı tanıtmaq üçün gördükləri işlərdən söz açır və iki qitəni qovuşduran şəhərdən "Sən bambaşqasan, gözəl İstanbul" deyə bəhs edir.
Onuncu bölüm isə bütünlüklə türkiyəli yazıçılara həsr olunub. Burada müəllif türkiyəli yazıçı dostlarından Fazil Hüsnü Dağlarca, Orxan Kamal, Oktay Akbal, Yaşar Kamal, Məlih Cövdət Andayla olan bir az məzəli, bir az kövrək, ancaq çox maraqlı və zəngin bilgiyə sahib xatirələrini bölüşür.
"Suyu axtaran adam" kitabının beşinci bölməsində Türkiyənin böyük şairi Nazim Hikməti yad edir. "Nazim Hikmət Ədəbi İrsi üzrə Komissiyanın məsul katibi" başlıqlı bölmədə "Komissiyanın gördüyü işlər", "Yaxşılığa yamanlıq", "Nazim Hikmət və doktor Qalina" adlı yazılar daxil edilib. Sonuncu yazıda Nazim Hikmətlə həkimi və həyat yoldaşı Qalina Kolesnikova arasındakı sevgidən, bağlılıqdan, yeddi illik ailə həyatından danışılır, Qalinanın sevgili ərinə olan sədaqətindən söz açılır. Bu evlilik Nazimin Vera adlı gənc qadına aşiq olması ilə sonlanır. Ancaq humanist və içində qadın ədaləti, anlayışı daşıyan zərif ruhlu Qalina Nazimin yeni sevgisini ona bağışlayır. Tofiq Məlikli söhbətlərinin birində bunu ondan soruşanda isə belə izah edir: "Nazim dahi şair, yaradıcı adam idi. Yeni əsərlər yazması üçün ona yeni həyəcanlar, duyğular, hətta streslər lazım idi. Mən bunları başa düşürdüm. Ancaq bir həkim kimi də başa düşürdüm ki, bu hadisə Nazimin həyatını qısaldacaq, çünki o, ağır xəstə idi, daim nəzarətdə olmalıydı". Bu cavabdan sonra bir daha qadın hissləri qarşısında təslim olmamaq, onun məhəbbətinə heyran qalmamaq əldə deyil.
Kitabın altıncı bölümündə Tofiq Məliklinin "Xaricdə pedaqoji fəaliyyət"i, yeddinci bölümdə "Sovet Türkoloqlar Komitəsi sədrinin müavini", səkkizinci bölümdə isə "Ziyalı borcu"ndan danışılır. Bu bölmələrdə oxucu müəllifin Venesiya, Strasburq, Türkistan və digər yerlərdəki uğurlu fəaliyyətindən danışılır.
"Suyu axtaran adam" kitabının on birinci bölümündə Moskva yenidən yad edilir. Burada yazıçı 90-cı ildən sonrakı Moskva həyatından söz açır. Burada o, "Moskva "Vəhşi kapitalizm"ə keçid dövründə", "Moskva Dövlət Linqvistika Universiteti", "Daha da alovlanan "OCAQ", "Hər şeydən əvvəl-elm" yazıları ilə özünün elmi fəaliyyətindən danışır. Bölmədə, həmçinin, Tofiq Məlikli "elmi fəaliyyətimi dəyərləndirmək mənim işim deyil. Bunu bir çox dəyərli rus, azərbaycanlı, xarici tənqidçilər, yazarlar, şərqşünaslar daha professional şəkildə etmişlər" - deyərək, Xalq yazıçısı Anarın "Altmış beş yaşlı "Altmışıncı" və türkiyəli şair Ataol Bəhramoğlunun "Məliklinin "Nazim Hikmət"i" məqalələrini oxuculara təqdim edir.
Tofiq Məliklinin avtobioqrafik romanı on ikinci bölümdə "Yenə də Vətən yaxşıdır..." başlığı ilə, "Salam, doğma, Bakı" yazısı ilə tamamlanır. Uzun müddət vətəndən ayrı qalan, müxtəlif ölkələrdə, şəhərlərdə elmi, pedaqoji fəaliyyətlə məşğul olan yazıçı vətənə qayıtmasının tarixçəsinə belə başlayır: "Moskva Dövlət Linqvistika Universitetində Türk dili və mədəniyyəti bölümünü qurduqdan, bu quruma 20 il rəhbərlik etdikdən və 70 illik yubileyimdən sonra yavaş-yavaş universitetdəki vəzifələrimdən ayrılaraq Vətənə dönməyi və orada sakit bir ortamda elmi işlərimlə məşğul olmağı planlaşdırmağa başladım".
"Suyu axtaran adam"ın axtarışları bu fikirlərlə tamamlanır: "İnsan oğlu özünü dərk etdiyi andan etibarən "oddan qorxmayan suyu", yəni su kimi şəffaflığı, təmizliyi, dürüstlüyü, haqqı, ədaləti axtarıb tapmağa çalışır. Rastlaşdığı bütün çətinliklərə, əngəllərə baxmayaraq, o, özünə yol edən su kimi, yaşamı boyunca seçdiyi yoldan, formalaşdırdığı həyat fəlsəfəsindən uzaqlaşmamağa səy edir və axtardığı "suyu" tapdığı zaman "bəli, mən həyatımı adam kimi yaşadım", - deməyə haqq qazanır".
Və Tofiq Məlikli
artıq vətəninə qayıdır:
"Atalarımızın gözəl bir
kəlamı var: "Su
hər şeyi təmizlər, üz qarasını təmizləməz".
Uzun illərdən sonra
vətənə qayıdarkən, çalışmalısan ki, üzü ağ dönəsən".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 22 may.- S.10.