Azərbaycan ədəbiyyatı antologiyası qazax dilində

 

 

Son illərdə Azərbaycanla Qazaxıstan arasında elmi-ədəbi əlaqələr sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

 

Qarşılıqlı olaraq müxtəlif beynəlxalq elmi konfranssimpoziumlar keçirilir, fundamental elmi əsərlər, ədəbi nümunələr tərcümə olunaraq yayılır. Bakıda, Nursultanda, Almatıda müxtəlif mövzularda keçirilmiş çoxsaylı beynəlxalq tədbirləri, sərgiləri, kitab təqdimatlarını buna misal göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra aparıcı institutları ilə Qazaxıstanın elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etdirilir.

Qazaxıstanda yerləşən Beynəlxalq Türk Akademiyasının (BTA) fəaliyyəti daha əhatəli şəkildə aparılır ki, bu da təkcə Azərbaycan və qazax xalqlarının deyil, bütövlükdə türk dünyası ölkələri arasında ədəbi-elmi əlaqələri ardıcıllıqla davam etdirir. BTA-nın son illərdə məsələyə ümumtürk konstekstindən yanaşaraq başladığı irimiqyaslı layihələr geniş coğrafi əhatə dairəsi ilə seçilir. Ortaq türk dili, ədəbiyyatı, tarixibaşqa istiqamətlərdə bir sıra dərsliklərin hazırlanmasını, multimedia resurslarının meydana gəlməsini, elm, ədəbiyyat sahəsində kütləvi nəşrlərin işıq üzü görməsini BTA-nın son illərdə həyata keçirdiyi möhtəşəm layihələr sırasına aid etmək olar. Beynəlxalq Türk Akademiyası tərəfindən ayrı-ayrı türk xalqlarının ədəbiyyatlarını ümumiləşdirən antologiyaların hazırlanmasına start verilməsi isə daha böyük əhəmiyyət kəsb edir ki, bunu da həmin qohum xalqların ədəbi əlaqələrinin böyük coğrafi məkanda davam etdirilməsinin inkişaf göstəricilərindən biri kimi səciyyələndirmək olar.

Beynəlxalq Türk Akademiyasının ideyası və təşkilatçılığı ilə "Türk xalqları ədəbiyyatı" seriyasından ilk olaraq qazax dilində "Azərbaycan ədəbiyyatı antologiyası" nəşr olunmuşdur. Bu yaxınlarda Qazaxıstanın paytaxtı Nursultan şəhərində çapdan çıxmış, yüksəkixtisaslı mütəxəssislər tərəfindən hazırlanmış bu kitab qazax xalqına Azərbaycan ədəbiyyatı, onun klassikləri və müasirləri, görkəmli şair və yazıçıların yaradıcılığı haqqında mükəmməl və ətraflı məlumat verir.

Kitab Beynəlxalq Türk Akademiyasının prezidenti, Qazaxıstan MEA-nın müxbir üzvü Darxan Kıdırəlinin qələmə aldığı giriş sözü ilə açılır. Azərbaycan xalqının türk xalqları arasında bədii yaradıcılığa meyli ilə xüsusi seçildiyini, orta əsrlərədək türkdilli ortaq yazılı və şifahi ədəbiyyatımızın formalaşmasına əvəzsiz töhfələr verdiyini qeyd edən professor Darxan Kıdırəli giriş sözündə Azərbaycanın dünya şöhrətli klassiklərinin əsərlərinin bütün bəşəriyyətin dəyərinə çevrildiyini xüsusi vurğulayır. Bu ədəbiyyatın özünəməxsus təsirli bədii təsvir və ifadə vasitələrilə yüksək bəşəri düşüncə sayəsində fars və ərəbdilli ədəbiyyatın zənginləşməsində, Azərbaycan türkcəsində dolğun və əsrarəngiz ədəbi nümunələrin meydana çıxmasında, türkçülüyün bədii inikasının yaradılmasında hikmətli və fəlsəfi poeziya, təkrarsız dramaturgiya əsərləri ilə milli şüurun intibahına xidmət göstərdiyini bildirən yazı müəllifi haqlı olaraq "Azərbaycan ədəbiyyatı antologiyası"nın qardaş Azərbaycan xalqını daha yaxından tanımağa, onun mənəvi zənginliyini öyrənməyə şərait yaradacağına əminliyini ifadə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli antologiyaya "Azərbaycan ədəbiyyatı: çoxəsrlik zəngin ədəbi ənənə və müasirlik" adlı geniş həcmli ön söz yazmışdır. Məqalədə yarandığı qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf yoluna ardıcıllıqla və ətraflı nəzər salınır. Akademik İsa Həbibbəyli Azərbaycan ərazisindəki qədim qayaüstü rəsmləri milli bədii təfəkkürün ilk təsviri nümunələri kimi xarakterizə edərək yazır: "Qobustan və Gəmiqaya rəsmlərindəki poetik baxış, süjet, silsilə və motivlər Azərbaycanda xalq yaddaşının ilkin bədii ifadəsidir. Əgər Qobustandaya Gəmiqayadakı təsvirləri eyni mövzular, oxşar süjetlər üzrə yan-yana düzsək, oxuyub bütövləşdirə bilsək, bir neçə dastanın mətni alına bilər. Qobustan və Gəmiqaya Azərbaycan şifahi xalq ədəbiyyatının daş kitablarıdır".

Şifahi xalq yaradıcılığı nümunələrindən xalqın bədii təfəkkür yaddaşı kimi söz açan akademik İsa Həbibbəyli azərbaycanlıların qədim əcdadları olan oğuz türklərinin həyat tərzini, dünyagörüşünütaleyini əks etdirən möhtəşəm ədəbi abidə "Dədə Qorqud" dastanı, həmçinin, xalqın vətənpərvərlik və qəhrəmanlıq duyğularını, bununla bağlı müxtəlif motivləri özündə əks etdirən "Koroğlu" eposu haqqında fikirlərini bölüşür. Məqalədə ümumtürk ədəbiyyatının bir qolu olan Azərbaycan bədii söz sənətinin bəşəri duyğularla köklənmiş bədii yaradıcılıq nümunələri ilə yanaşı, öz mənbəyini qədim dövrlərdən alaraq orta əsrlər, intibah dövrü, romantizm, realizm mərhələsi, sovet epoxası və müstəqillik dövrünün bədii söz sahibləri haqqında məlumat verilir, şair və yazıçıların əsərlərindən misallar göstərilməklə ön söz müəllifinin ədəbiyyatşünaslıq elmi üzrə səlis və mükəmməl qənaətləri sadalanır. Ön sözdə min illik tarixi bir dövrdə Azərbaycan ədəbiyyatının keçiyi yol bütün mərhələlər və dövrlər üzrə ardıcıllıqla, bəhs olunan dövrün qüdrətli ədəbi şəxsiyyətləri olan görkəmli yaradıcı simaları, müxtəlif istiqamətli yaradıcılıq xətləri akademik araşdırma ilə müfəssəl olaraq öz yerini tutur. "Bütün inkişaf mərhələlərində Azərbaycan xalqının böyük dayağı və əsas hərəkətverici qüvvəsi olmuş" (İsa Həbibbəyli) çoxəsrlik Azərbaycan ədəbiyyatının rəngarəng mənzərəsini yaradan antologiyanın Qazaxıstanda nəşr olunmasını Beynəlxalq Türk Akademiyasının türk dünyası ədəbiyyatını tanıtmaq və inkişaf etdirmək yollarında atdığı əhəmiyyətli addımlardan biri olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli "Azərbaycan ədəbiyyatı antologiyası"nı xalqımızın davamlı ənənələrə malik olan böyük ədəbiyyatının mükəmməl bir ədəbi təqdimatı kimi səciyyələndirir. Ümumiyyətlə, akademik İsa Həbibbəylinin kitaba yazdığı iri həcmli ön söz bütün əsas mərhələləri ilə Azərbaycan ədəbiyyatı, onun tarixi inkişaf yolu, yaradıcıları və davamçılarını tam və hərtərəfli əhatə edən tamamlanmış mükəmməl konspektdir ki, bu da milli ədəbiyyatımızın heç bir vacib elementin diqqətdən kənarda qalmadığı real mənzərəsini yaradır.

Kitab Nizami Gəncəvinin "Leyli və Məcnun", həmçinin, "Yeddi gözəl" poemalarının böyük bir hissələrinin təqdimatı ilə açılır. Sonra İmadəddin Nəsiminin qəzəli, Şah İsmayıl Xətainin şeirləri, Məhəmməd Füzulinin qəzəl və rübailəri, Molla Pənah Vaqifin qoşmaları, Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib", "Hacı Qara" əsərləri, Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası, "Poçt qutusu" hekayəsi, Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər" hekayəsi verilir. Daha sonra oxuculara Mirzə Ələkbər Sabirin "Millət necə tarac olur-olsun...", "Bizə nə" şeirləri, Hüseyn Cavidin, Əhməd Cavadın, Cəfər Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın, Mirzə İbrahimovun poeziya nümunələri və nəsr əsərlərindən parçalar təqdim olunur. Qazax oxucuları antologiyada həmçinin, Mir Cəlalın "Göz yaşı romanı", Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması, Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması və şeiri, eləcə də Məmməd Arazın "Ayağa dur, Azərbaycan" və "Mənim elim" şeirləri ilə də tanış olmaq imkanı qazanırlar.

Nursultan şəhərinin "Elm" nəşriyyatında qazax dilində nəşr olunmuş "Azərbaycan ədəbiyyatı antologiyası"nın beynəlxalq redaksiya heyəti Darxan Kıdırəli (Qazaxıstan), İsa Həbibbəyli (Azərbaycan), Kenyexan Matıjanov (Qazaxıstan), Abdıldajan Akmataliyev (Qırğızıstan), Nasimxon Raxmonov (Özbəkistan), Firdaus Xisamitdinova (Rusiya, Başkortostan) və Kim Minnullin kimi türk dünyasının nüfuzlu alimlərindən (Rusiya, Tatarıstan) ibarətdir.

Antologiyada toplanmış tərcümeyi-hal məlumatları və müəlliflərin bədii əsərləri Kasım Amanjolov, Ulıkbek Esdəulet, Kədirbek Kunıpiyaulı, Aynur Maemerova, Amantay Şərip, Füzuli Məcidli, Akedil Toyşanulı, Amantay Şərip, Jandos Bədelulı və başqalarından ibarət təcrübəli alim-tədqiqatçılar qrupu tərəfindən yüksək peşəkarlıqla tərcümə edilmiş, BTA əməkdaşlarının iştirakı ilə yaradıcılıqla tərtib olunmuşdur.

Böyük mütəfəkkirlər İmadəddin Nəsiminin və Cəlil Məmmədquluzadənin yubileylərinin beynəlxalq miqyasda bütün türk dünyasında qeyd olunduğu bir ərəfədə işıq üzü görmüş bu kitab əlamətdar tarixlər üçün qiymətli töhfədir. İnanırıq ki, 30 çap vərəqi həcmində 1000 nüsxədə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı antologiyası" müntəxəbat xarakterli dəyərli ensiklopedik məlumat toplusu olaraq qardaş qazax oxucuları arasında xüsusi dəyərə malik yer tutacaqdır.

 

Ağahüseyn ŞÜKÜROV

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 22 may.- S. 15.