Nazim Hikmət: "Belki
de öldüğüm gün gelir"
Nazim Hikmətin Türkiyədə "Henüz vakit varkən,
gülüm" adlı yeni şeirlər kitabı 42-ci dəfə
işıq üzü gördü.
Sənətkarın kitabda 58 şeiri yer alıb. Şeirlər toplusunu
çapa hazırlayan naşir, yazıçı Rəşid
Çavaş əsərin ön sözündə şairin
keçdiyi keşməkeşli həyat yoluna və
çoxşaxəli yaradıcılığına nəzər
salaraq yazır ki, bu kitab, həm Türk poeziyasında
böyük bir cığır açmış, həm də
modern dünya şeirində türkcəyə yol göstərən
böyük bir şairlə tanış olmaq və
görüşmək ümidi ilə
hazırlanmışdır.
Kitabdakı
şeirlər şairin zəngin poetik irsi ilə müqayisədə
sayca az olsa da, çox məharətlə
seçilmişdir. Belə ki, Nazim Hikmətin həyatı,
taleyi, mübarizəsi, öz dililə desək, ölümə
bənzəyən yalnızlığı bu sənət
nümunələrində öz əksini tapa bilmişdir.
Kitabdakı ilk şeir "Günəşi
içənlərin türküsü" adlanır.
Türkiyənin ünlü şairi Nazim Hikmətin eyni adlı ilk
kitabının 1928-ci ildə Bakıda nəşr olunması
faktını biz bilsək də, dünya miqyasında,
heç Türkiyənin özündə də bu,
çoxlarına məlum deyil. Ona görə
dünya miqyasında deyirəm ki, məşhur Türkiyə
yazıçısı Əziz Nesinin diliylə desək,
bugün Nazim Hikmət dünyanı dolaşan bir Türkiyə
şarkısıdır.
"42-ci
nəşr" kəlmələrini oxuyanda Nazim Hikmətin
1961-ci ildə, yəni vəfatına iki il
qalmış qələmə aldığı nisgilli
misralarını xatırladım:
Yazılarım
otuz-qırx dildə basılır,
Türkiyəmdə Türkçəmlə yasaq.
Nazim Hikmət deyirdi ki, bilirəm, mənim bu arzum,
ölümümdən sonra həqiqət olacaq, ona görə
də ölmək zorundayam. Həqiqətən də
elə oldu. Şairin ölümündən
sonra onun pyesləri Türkiyədə səhnə üzü
gördü, kitabları təkrar-təkrar nəşr olundu,
tez bir zamanda da tükəndi. Bu yerdə
bir hadisəni xatırladım. 1972-ci ildə Türkiyəyə
işləməyə gedərkən Moskvada, qəbulunda
olduğum bir məmur donuq, şüşə gözlərini
gözlərimə dikib mühüm bir tapşırıq
verirmiş kimi mənə dedi: "Tərcümeyi
halınızda yazmısınız ki, Nazim Hikmətdən
dissertasiya müdafiə etmisiniz. Bunu Türkiyədə
türklərin yanında deməyin ha! Çünki
türklər Nazim Hikmətə nifrət edir". Bunun əksini sübut etməyə
çalışsam da, məmur, dediyindən dönmədi.
Türkiyəyə gəlib bunun tamam tərsini
gördüm.
Ercan Yüzərəroğlu adlı bir
türklə dostlaşdım. O biləndə ki, mən
Nazim Hikmətlə görüşmüşəm, gözləri
işıqlandı və bir nəfəsə şairin "Kərəm
kimi" şeirini dedi.
Haqqında söz açdığım kitabda "Kərəm
kimi" şeirini görəndə Ercan Yüzərəroğlunu
xatırladım. Elə bil bu şeiri Nazim Hikmətin öz səsindən
eşitdim (Heç kim Nazim Hikmətin
şeirini onun özü kimi oxuya bilməzdi). O vaxt
ağlıma gəlməzdi ki, çox illər sonra, dəqiq
desək, 2012-ci ildə mənim də Türkiyədə,
türk dilində "Nazim və Azərbaycan" adlı
kitabım çıxacaq, kitab İzmir yarmarkasında sərgilənəcək,
son nüsxəsinədək satılacaq, sonra da təkrar nəşr
olunacaq. Bu, Nazim Hikmətə olan ümumxalq məhəbbətinin
təzahürü idi.
... Kitabı vərəqləyirəm. Şairin "Memet" şeiri. 1957-ci
ildə Varnada yazılıb.
...
Karadeniz akıyor durmadan
deli
hasret, deli hasret,
Oğlum,
sana sesleniyorum,
işitiyormusun?
Memet!
Memet!
Ağlı söz kəsəndə Mehmet anladı ki, o,
dünyaca məşhur bir şairin - Nazim Hikmətin
oğludur. O
Nazim Hikmətin ki,
düz söz dediyi üçün zindana
atılmışdı, həbsxanadan çıxandan sonra isə
49 yaşında əsgərliyə
çağırılmışdı. Söz yox ki,
öldürülmək üçün! Şair
məcbur olub məmləkətindən, ailəsindən,
körpə Mehmetindən ayrılmışdı. Mehmet
də beş yaşında olanda, məhəllə
uşaqlarının "sənin atan kommunistdir" tənəsindən
yorulsa da, atası ilə qürur duymuşdu.
Sonralar
Əziz Nesin Mehmetə göndərdiyi məktubunda bu hadisəni
belə nəql etmişdi:
"Türk xalqının duyğularını, özləmlərini
ölümsüzcəsinə şeirləşdirən Nazimin
oğlu Memo!
Kadıköydəki evinizin önündəki
çayırlıqda bir gün yaşıdın olan
arkadaşlarınla oynarkən, onlar aldadılmış
ata-analarının evdə eşitdiklərini uşaq sadəlövhlüyü
ilə üzünə çırpıb sənin atanı
pislədikləri zaman, sən nə ağladın, nə əsəbiləşdin,
nə sarsıldın, nə də küsdün
arkadaşlarından, nə də evə qaçıb
yalnızlığa qapandın... Çayırlıqdakı
yüksəklikdən aşağıdakılara
haykırdın: "Mənim atam dünyanın ən
böyük şairidir!" Sonra yüksəkliklərdən
bağıra-bağıra atanın bir şeirini dedin.
Beş yaşındakı Memo hər uşağın
bacardığı kimi yalnız atasını müdafiə
etmədi. Gerçəyi, doğrunu, hakkı
haykırdı!"
Nazim Hikmət
Münəvvərindən, Mehmetindən ayrılandan sonra zahirən
dəbdəbəli, amma əslində, ağır günlər
yaşadı. Ən ağrılı günləri
Türkiyədən qaçıb gələn Münəvvərlə,
Mehmetlə qısa müddətli görüşləri oldu.
Sonra da şairin qəfil ölümü...
İllər keçdi, Nazimin tək övladının
anası olan Münəvvər də gözlərini həyata
yumdu.
Keçən ilin oktyabrında da Mehmet də bu dünyaya əlvida
dedi. Qalan Nazimin əsərləri, Münəvvərə
yazdığı şeirləri, məktubları və
Mehmetin xatirələri oldu. Türkiyənin "Milliyyət"
qəzetində çap olunmuş, həmin xatirələrin
ilk sətirləri belədir:
"Türkiyədən qaçmağımız bir gecə
sabaha yaxın oldu. Səhər beş radələri
idi. Daha məsul polislər iş başında deyildilər.
İstanbul yuxudaydı... Qaçmağımız
səssizcə oldu. Ən yeni, ən
yaxşı paltarlarımızı geymişdik. Anamızın dəqiq təlimatı vardı.
Yol boyu qəti türkcə
danışmayacaqdıq. Turistik biz...
yabancı bir ailə.
Avtomobil,
avtobus...Bəli... İndi dəqiq
xatırlamıram. Bir neçə nəqliyyat
dəyişdik. Hədəfimiz Ayvalıkdı... (Yer adıdır - A.B.) Ayvalıkdan
çıxacaqdıq xaricə... Mənim
üçün bir oyundu bu, o zamanlar. Gizlənpaç
kimi, qaçdı-tutdu kimi... Bir oyun oynayırdıq və bu
oyunu anam idarə
edirdi.
... Nə bir maneə, nə də əcaiblik oldu. Ayvalıqdan sonrası asandı. Elə
həmin gecə motorlu qayığa mindik. Cınqırımızı
da çıxarmırdıq. Türkiyə geridə
qalırdı artıq... Və biz böyük,
bilinməyən bir aləmə yolçu idik. Bacara bilsəydik əlbəttə. Hələ
ki, gedirdik... Gedirdik və mən atamı görəcəkdim.
Məni qundaqda buraxıb gedən atamı.
... Qarşı sahil məmləkət deyil. Qarşı tərəf Yunanıstandı. Və biz oraya gedirdik. Bütün
işıqlarımız söndürülmüşdü.
Dalğaların üstü ilə enib qalxa-qalxa... Bu səyahət nə qədər sürdü,
xatırlamıram. Onu bilirəm ki, bir kəlmə
də danışmadıq. İnsan oğlu nə qədər
susa bilirsə, o qədər susduq..."
Nazimin,
Münəvvərin və Mehmetin sonrakı taleyi
haqqında çox yazılıb. Məşhur türk
nazimşünası, dəyərli dostum Melih Günəşin
21.09.2017-ci il tarixində mənə hədiyyə
etdiyi "Suyun şavkı" adlı kitabı
qarşımdadır. Melih Günəşin Almaniyada
yaşayan və Nazim Hikməti yaxından tanımış
Anjel Açıkgözlə söhbətindən sətirlər:
"Melih
Günəş: Münəvvər xanımın Varşavaya
gəldiyi günlərdən xəbəriniz var yəqin".
Anjel
Açıkgöz: “Münəvvər Avropaya gəlir və
Nazimə telefon açır "geldim" deyə,
"qaçdım" deyə. Ağabəy
(N.Hikmət - A.B.) şok olur. Gözləmirdi
çünki... o sırada evli idi və nə edəcəyini
bilmir. Münəvvəri Varşavaya
aparır, ev tutur, universitetdə işə düzəldir".
Nazim odla su arasında qalır. Bir müddət sonra hər
şeyi ölüm həll edir. İndi bu
dünyada nə Nazim var, nə Münəvvər, nə də
Mehmet".
... Yenə kitabı vərəqləyirəm. Nazim Hikmətin "Orxan Səlim" şeiri.
Şair Türkiyədə
müxtəlif qəzet və jurnallarda "takma" adlarla, yəni
təxəllüslərlə çıxış edirdi:
Adsız yazıçı, Mən, Bəndəniz,
İmzasız Adam, Qartal, Orxan Səlim.
Benim
sıska
Benim
cılız
Benim
zavallı çocuğum Orxan Selim
Sen yapdığı iyiliyi yüze vuran degilsin
Və ben
nankör değilim...
Bu misraları oxuyarkən Nazim Hikmətlə
görüşdə (1961. Moskva.) şairin dediyi sözləri və onun
şaqraq gülüşünü xatırlayıram: "Bir
nəfər vardı, burda, yazmışdı ki, Nazim Hikmətin
ağır günlərində Türkiyədə ona dayaq
olan Orxan Səlim adlı bir gənc yaşayırmış. Əkbərə (şairin tədqiqatçısı,
həmyerlimiz Əkbər Babayev nəzərdə tutulur - A.B.) tapşırdım
ki, onu başa salsın. Orxan Səlim mənim təxəllüsüm
idi".
2002-ci il Nazim Hikmətin 100 illiyi Yunesko xəttilə
bütün dünyada qeyd olundu. Həyat
yoldaşımla İstanbuldaydıq. Nazimin
100 illiyinə həsr olunmuş afişlərə baxıb,
sevinirdik. "Biz Azərbaycandanıq.
Nazim Hikmətin 100 illik yubileyinə gəlmişik"
- deyəndə hamı bizimlə mehribanlıqla
görüşür, söhbətləşirdi. Biləndə ki, Nazim Hikməti görmüşəm,
onunla dəfələrlə görüşmüşəm,
onun haqqında kitab yazmışam, rəğbətlə
baxırdılar mənə. Bir nəfər də
ünvanını verdi, xahiş etdi ki, ona
kitabımı göndərim (Sonra göndərdim də!)
Amma Nazimi istəməyənlər də vardı
Türkiyədə. Bir gün taksiyə minəndə sürücü bildi
ki, nə məqsədlə gəlmişik İstanbula, deyindi:
"O, Vətən xainidir", - dedi. Nazimlə
görüşlərimdən danışdım, şairin
"Məmləkətim" şeirini əzbər dedim ona.
Bir az yumşaldı, "Vallah, nə
bilim, belə deyirlər", - dedi. Yadıma 1972-ci ildə
Türkiyədə bir kitab mağazasındakı
satıcı ilə olan söhbətim düşdü:
- Bir istəyiniz
varmı, əfəndim? - deyə
soruşdu.
- Var, əlbəttə,
- dedim - Sizdə Nazim Hikmətdən nə var?
Cavab belə
oldu:
- Bizdə
Vətən xaininin kitabı satılmaz!
Əvvəlcə gözlərim
önünə Moskvadakı məmur gəldi, sonra kitabsatan və
taksi şoferi... Nə yaxşı ki, azdır,
çox azdır bunlar. Qəribədir ki,
bu "azlar"dan bizdə də var. Şairin
"Dünyanın ən tuhaf məxluqu" şeirini
xatırladım. Elə bil ki, bu əsər Nazimi sevməyən
əqrəb xislətli
adamcıqlar üçün
yazılmışdı.
Akreb
gibisin, kardeşim,
Korkak bir
karanlıq içindesin, akreb gibi!
... Ən
nəhayət, şairin yeni kitabındakı son şeiri:
"Otobioqrafi", yəni tərcümeyi-hal.
1902-de
doğdum
Doğduğum
şehre dönmedim bir daha
geriye
dönmeyi sevmem...
61 illik bir ömür. Məzarı qürbətdə.
Sənəti bütün dünyada. Sözlərinə bəstələnmiş nəğmələr
diyar-diyar dolaşır. Şəxsiyyəti,
yaradıcılığı, ona həsr olunmuş sənət
əsərlərində, tədqiqat işlərində,
haqqında qələmə alınmış kitablarda. Səsi,
sözü, nəfəsi ürəklərdə, xatirələrdə!
Və heç zaman ölməyəcək misralarında:
Şiirlər
yazarım
Basılmaz,
basılacaq ama.
Bir mektub
beklerim müjdeli
belki de
öldüğüm gün gelir
mutlaka gelir ama!
Aqşin BABAYEV
525-ci qəzet.- 2019.- 22 may.- S.18.