Azərbaycan şairi Nəsimi yaradıcılığında dördlük fəlsəfəsi

 

 

Azərbaycan ədəbiyyatı öz dahi yazarları ilə əsrlər boyu dünya ədəbiyyatında xüsusi yer almış, Nizami öz "Xəmsə"si ilə dünya ədəbiyyatının korifeyi olduğu kimi, İmadəddin Nəsimi də dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurmuşdur.

 

İstər vətənimizdə, istərsə də Orta Asiya türkləri qazax, qırğız, özbək, türkmən, eləcə də Türkiyə xalqları arasında şöhrət qazanan İmadəddin Nəsimi, günümüzdə belə Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerini saxlamaqdadır.

Prezident cənab İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli Sərəncamı və 2019-cu ili "Nəsimi ili" elan etməsi, tarixi ədəbi və fəlsəfi fikir yaddaşımıza milli qayıdışımızın bariz nümunəsidir.

Dünya ədəbiyyatında Seyid Əli, İmadəddin Nəsimi adları ilə özünə layiqli yer tutan bu filosof şair, 1369-cu ildə Şamaxıda doğulmuş, 1417-ci ildə Suriyanın Hələb şəhərində edam edilmişdir. Onun yaradıcılığına insan təfəkkürünün və onun idrakının maddi və mənəvi aləmdə təzahür formaları və sair fəlsəfi fikirlər əsas yer alır. Hürufi Fəzlullah Nəiminin fəlsəfi elmi, tərbiyə və təlimləri ilə öz fəlsəfəsini təkmilləşdirən Nəsimi, əvvəl sufizm mövqeyində sufi şeyxi Şiblinin təlimini davam etdirmiş, ruhu X əsr sufi filosof-şairi Mənsur Həllacın təliminə yaxın olmuş, sonda isə hürufiliyə meyl etmişdir. O, qədim türk-Azərbaycan, eləcə də Şərq və Yunan fəlsəfi aləminə, onların ədəbiyyatı, astronomiya, astrologiya, riyaziyyat və məntiq elmlərinə yaxından bələd olmuş, İslam və xristian dinin əsaslarını mükəmməl bilmiş, öz qəzəl, tuyuq və məsnəvilərində bunlardan istifadə etmişdir.

Qeyd edək ki, Sufizm miladdan öncə XII yüz ilin sonlarından Zərdüştlükdə yer almış, şaman sufilər geyimdə məbədlərə getmiş, insanın tanrı və kainatla vəhdətini təbliğ etmişlər.

Mənbələr sübut edir ki, Sufizm dünyanın ən qədim dini olmuş, ilk dövlət dini kimi o, sonralar yaranmış İudizmin, Xristianlığın, Müsəlmanlıq və Buddizmin inkişafına da təsir etmişdir. Tədqiqatlarda, Sufizmin təxminən miladdan öncə 5-ci əsrin ortalarında Yunanıstanda yarandığı, burada filosofların fiziki dünyanı öyrənməyi dayandırıb, diqqəti fərdi öyrənməyə yönəltdiyi, bu cərəyanın ilk nümayəndələrinin isə sofistlər olduğu qeyd edilir. Təbii ki, Yunandakı sufizm miladdan öncə XII yüz ildə yaranan Zərdüştlük fəlsəfi təsirinin nəticəsi idi və bu yeni cərəyanın ilk nümayəndələri türk şaman sufilər-sofistlər idi. Zərdüştlükdəki bu fəlsəfəni insana doğru yönəldən Sokrat, fəlsəfədə xeyirlə şərin nə olduğunu araşdırmış, xeyrin bilikdə, şərin cəhalətdə olub, var-dövlətin heç bir xeyir vermədiyini önə çəkmişdir.

Bəs Nəsimi fəlsəfəsində bu dördlüyün əsas istiqaməti nə ilə bağlı idi və o dövr onun əsərlərini bir çox dillərə tərcüməsi, fəlsəfəyə meyilli ədiblərin bu filosof şairi təbliğ etmə səbəbləri nədə idi? Biz onun əsrlərində vəhdəti vücud, metafizik, idealist, materialist, təbiət kimi xeyli fəlsəfi baxışların yer aldığını görürük. Bunlar Nəsiminin Azərbaycanın və digər Şərq ölkələri alimləri İbn Sina, Xaqani, Nizami, Övhədi, Marağayi, Fələki, Mənsur, Həllac, Fəzlüllah Nəimi, Şeyx Mahmud Şəbüstəri, Əbu Hamid Qəzali kimi xeyli sayda görkəmli şəxsiyyətlərin sahib olduğu biliklərə dərindən yiyələndiyini sübut edir. Bununla yanaşı, Nəsiminin xeyir və şər fəlsəfəsi, bu aləmin insan və kainatla vəhdəti kimi fəlsəfi düşüncələrində biz şəriət, təriqət mərifət və həqiqət dördlüyü ilə rastlaşırıq.

Bu dördlük fəlsəfi fikri sufi dərviş Həsən Bəsri Zünnün-əl-Misri, Bəyazid Bəstami, Həllac Hüseyn ibn Mənsur, Cüneyd Bağdadi, Əbulqasım Quşeyri, Mühyəddin ibn Ərəbi, Şəms Təbrizi və b. filosofların fikirlərində fərqli şəkildə yer almışdır. Bu fəlsəfi fikir XI əsrdə azərbaycanlı filosof Əbu Hamid-Muhəmməd ibn əl-Qəzali tərəfindən, Zərdüştlükdən götürülərək, bir qədər təkmilləşdirilmişdir. Burada insanın özündə bir inancın təcəllası-şəriət, bu inancın təsdiqini əsaslandıran müridlərlə ideoloji bağlılıq-təriqət, bunların tam dərki üçün elmi biliklərə sahib olmaq-mərifət və sonda elm ilə Yaradana qovuşmaq-həqiqəti dərk etmək ideyası əsas götürülürdü. Yunis Əmrə yaradıcılığındakı fəlsəfi istiqamətlərdə də bu dördlük fəlsəfi fikirləri

Şəriət, təriqət yoldur gedənə

Həqiqət, mərifət ondan içəri

kimi, son misrada mərifət və həqiqətin yeri dəyişik verilmişdir. Nəsrəddin Tusinin "Əxlaqi-Nasiri" əsərində də şəriət, təriqət, mərifət və həqiqət mərhələləri yer almaqla mərifət elm olaraq izah edilmiş, M.Təhmasib onun dördlük fəlsəfəsini xalq poeziyasında üçlük kimi, Sərxan Xavəri isə islami qanunlara tabelik-şəriət, hər hansı bir şeyxə istinadən əxlaqi təmizləmə-təriqət, təkamüllə mənəvi əxlaq və idraki keyfiyyətlər-mərifət, emprik varlığın məhvi ilə ilk başlanğıca qayıdışla qəlbin ilahi atributlarla dolması-Həqiqət olaraq təqdim edir. Lakin Nəsimi yaradıcılığında ilk öncə hər hansı bir inamın insan düşüncəsində yer aldığı və şəriət təzahürü fəlsəfəsi əsas olaraq irəli sürülür ki, burada bir inamın yaranması və ona elmin tətbiqi əsas götürülür.

Tövhid içinə nöqteyi əsrarı bulmuşam...

Sahib nəzər bilir ki, xətadır, degil səvab...

Aşiqin əsrarını, həqqi bilən arif bilər...

kimi misralarda Nəsimi sirlərin bilinmə səbəbinin birlikdə, dərin düşüncəli adamların hər hansı bir şəriətə üz tutmasını tövsiyə edir. Sonuncu misrada isə aşiqin sirlərinə agah olma yolunun haqdan keçdiyi vurğulanır ki, bu yol şəriətdən keçir. O, şəriətin dindarlara görə doğru yol olduğunu, Tanrıdan gələn yazılmış qanunların hamısının ifadəsində şəriətdə

Neçə kişilər dəviyi-islam edər, amma

Tək aradə bir xaç ilə zünnar bulunmaz

vəhdət təşkil etdiyini, çox kişilərin müsəlmanlıq etdiyi halda, burada xaç və zünnarın olmadığını kafərliklə bağlayır, bütün din və şəriətin eyniliyini, onun tək Tanrı tərəfindən gəldiyini oxucuya çatdırır. O, şəriətin haqdan gəldiyini, buna müxtəlif yanaşmalardan şərin doğulduğunu göstərir. Bu baxımdan Nəsimi hürufilikdə təriqəti əsasən, nəfsdən uzaq olub özünü paklamaq, yaranışdan razı qalmaq, dinləmək mədəniyyətinə çatmaq, səbirli olmaq, mənəvi saflıq, hikmət, bilik, səbr, təqva-dinin qadağan etdiyi şeylərdən uzaq olma, iradə, günahdan arınma, tədricən mərifətə-elmə meyldə-insani keyfiyyətlərdə görür. Nəsimi qəzəllərində təriqətin bu amilləri hər an insana xatırladılır.

 

Vari möhnətdir cahanın, nə umarsa, ey könül...

Dünyanın nazünəimicifədir, yəni nəcis...

Həq bilir işini, səbr et, fariq ol, qüssə yemə...

Bu misralarda Nəsimi, insana şiddətli zərər verənin tamah olub, onun fani dünyaya bu vücud-maddilikdə bağlılığının yanlış olduğunu, onu şərə sürüklədiyini ona anladır.

Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi...

Möhnəti çoxdur cahanın zülmətində gen, sağın...

misralarında isə o, ilk olaraq nəfsdən yayınmaqla paklıq inamına qovuşmaq, içdəki kəsalətdən-cahan zülmətdindən yayınmaqla insanın özünü dərkini ona tövsiyə edir və

Dünyanın nazünəimilaşeyi-murdar imiş...

Payəndədegil dövləti ey xacə cahanın...

Dünya evinin səltənəti beş gün imiş çün,

Bünyadını yıx, ər kimi zirüzəbər eylə...

kimi misralarda dünya nemətinin insan vücudunu-şəxsiyyətini əyməsi, ondan uzaq olması gərəkliyi və özündə bu inamin aşılanmasını vurğulayır. Çünki nəfsin bu maddi varlıqdakı təzahürləri də əbədi və mütləq deyil. Nəsimi əsərlərində bütün bu qanunauyğunluqlar və heyvani nəfslərin kamillik baxımından inkarı insan psixologiyasında baş verən təlatümlərin zəruriliyi və reallığının nəticələri vücud və nəfs vəhdətində göstərilir.

Gərçi bu gün Nəsimiyəm, həşimiyəm, qureyşiyəm

Ayətim bundan öncədir, ayəti-şana sığmazam

misralarında Nəsiminin Həşimi və Qureyşi tayfalarından olub, fərqli tayfa təriqətlərini adlaması, bundan öncə də insanın ruhla vəhdəti, ruhun əbədiyaşarlığı, müxtəlif zamanlarda ayrı-ayrı fərdlərin cismində dünyaya gəlişi fikri reallaşır. Diqqət etsək, bu ideya bəşəri elmdə yer alan "maddə kütləsinin itməməsi" və "enerjinin saxlanması" qanunlarının tətbiqindən əvvəldir. Nəsimi burada insanın dünyaya gəlişi və bir gün də gedəcəyini, onun dünyaya bağlılığının yanlışlığını anlatmağa çalışır.

Ey özündən bixəbər qafil, oyan.

Haqqa gəl kim haqq deyilbatil, oyan.

Olma fani aləmə mail, oyan.

Mərifətdən nəsnə qıl hasil, oyan.

Bu dörd misralıq tuyuqda isə Nəsimi insanın maddi aləmə meylində özünü dərk edə bilmədiyi, Haqqın dediklərindəki batilliyin üzə çıxarılması, onun qəflətdə olmaqla özünə vurduğu ziyanı, Haqqı tanıya bilmədiyi, fani aləmə mailliyi, kəsalətdən oyanması ona tövsiyə edilir. O, insanın fani dünyaya bağlılığını - qəflət yuxusunda olmasını maddi varlıqla və ondakı nəfs təzahürləri ilə bağlayır. "İnsan" adlı yaranışda şüurun təzahürləri və bundan ortalığa çıxan mahiyyət, vücud-maddilik və nəfs-mücərrədlik şəklində bütün bəşəri yaranışda mövcuddursa, təbii ki, bu vəhdət birliyində insan xarakteri şərə yaxındır. Nəsimi, bütün bunları qavramağın insanın bu qəflətdən ayılıb, kəsalətdən azad olması yolunu üçüncümərhələdə mərifətdə - elmdə görür. 

Mərifətdir xalis altun sikkəsi fəzl, hünər...

Tanı altunu dəğəldən ari dinar istəmə  

misralarında da, Tanrının dərk edəcək yolun üçüncü mərhələdən, mərifət-elmdən keçdiyini qeyd edən şair, elmlərə sahiblənməklə kamilliyə-Haqqa qovuşmağı  önə çəkir. Burada mərifətin-elmin təmiz qızıla bənzəri, ondan hazırlanan sikkələrin dəyər, məziyyət, ləyaqət, comərdlik və xeyri özündə cəm etdiyi, elmə gedən hünərlə bağlılığı açıqlanır.

Biz Nəsimi əsərlərində mərifət və irfanı ilahi biliyin qaynağı, kəşf və ilham məhəlli, Allahın təcəlli aynası, ilahi isim və sifətlərin ən mükəmməl şəkildə təcəlla etdiyi yer kimi tam olaraq görürük. Burada mərifət-elmdən keçib həqiqətə, Haqqa qovuşur.

Gəl, ey Seyyid Nəsimi, arif ol kim,

Cahan çün əhli-irfan mənzilidir...

Əhli-irfanəm, bilirəm xəlqi mən sima ilən,

İttisali-həqqübatilinfisali məndədir...

misralarında "Əhli-irfan-allahı dərk edən" Nəsimi özüdür, o, yaranmışı ilk baxışdan anlaya bilir, Haqqa yaxınlıqdan uzaq olanlara coşub, qəzəblənmir, onlardan uzaq olmağı bildirir. Burada əsas ideya, hürufilikdəki insan Tanrı vəhdəti, Tanrının insan bətnində təcəllasıdır.

Haqq mənəm, Haqq məndədir, Haqq söylərəm...

- misrasında, eləcə də qəzəl, məsnəvi, rübai və tuyuqlarında Nəsimi Tanrıya olan məhəbbətin özündə olduğunu dərk etmək, özündə comərdlik, şəfqət və torpaq misali təvazö kimi üç xisləti birləşdirməkdən bəhs edir. Bu misra müqəddəs kitab "Qurani-Kərim"in "Bəqərə" surəsində "Mən sizi özümə bənzər xəlq etdim" ayəsində insanın tək bir fərd olması və kamilliklə Allahı dərk etməsi fikrini təsdiq edir. Bu Nəsiminin dini elmlərə tam bələd olub dördüncü mərhələyə öz varlıq və kamilliyi ilə adladığını sübut edir.

Bütün bu fəlsəfi aləmin mövzu bazasına Nəsimi Allahın birliyi, insanda onun təcəllası, düzgünlük, nəfsin tərbiyəsi, Allaha qovuşmaq, vəhdəti-vücud ideyalarını daxil etmişdir ki, bu ideya qədim dövr Azərbaycan fəlsəfəsi üzərində qurulmuşdur. Buradakı dördlük fəlsəfəsini ümumiləşdirərək nəticə kimi deyə bilərik ki, sufi hürufi fəlsəfəsi bu xalqa Zərdüştlükdən gəlmiş, miladdan öncə VIII əsrdən yunan və başqa xalqlara da adlamış, Nəsimi isə bu fəlsəfəyə dərindən yiyələnməklə, onu Şərq və Qərb fəlsəfi aləminə diktə etmişdir.

 

 

FİRUDİN RZAYEV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 24 may.- S.15.