Türk dünyasına bələdçilik
edən çağdaş məxəz
Çoxillik tədqiqatlarında Türk
dünyasının ortaq dəyərlərini və hədəflərini
incələyərək Azərbaycan oxucuları
üçün önəmli bilgilərin əldə edilməsi
və yayılması sahəsində qibtəediləcək
işlər görmüş, çağdaş nəsillər
üçün gərəkli bir mənəvi qaynaqlar toplusu
yaratmış Əli Şamil ömrünün yeddinci
onilliyinin tamamında bu xəzinəyə bələdçilik
edən elmi və publisistik yaradıcılıq
biblioqrafiyasını oxuculara təqdim edib.
Bəri
başdan deyək ki, bu nəşr ulu türklük sevdası
ilə, babalar demiş, əlində dəmir əsa,
ayağında dəmir çarıq, az qala, bütün Türk
dünyasını ölkə-ölkə, diyar-diyar gəzib
dolaşmış Əli Şamilin türkçülük
dünyagörüşünə, türkologiya elminə
verdiyi qiymətli töhfənin çəkisini və
miqyasını anlamaqda və ondan bəhrələnməkdə
gərəkli bir məxəzdir. Elmi axtarışlara tədqiqatçı
jurnalist kimi başlamış, ensiklopedik
yaradıcılıqla məşğul olmuş və
hazırda AMEA-nın Folklor İnstitutunun beynəlxalq əlaqələr
bölümünə rəhbərlik edən türkoloq həmkarımızın
mənalı və zəngin ömür yolu, istər-istəməz, klasssik maarifçi və demokrat
ziyalılarımızın xalqa xidmət nümunələrini
yada salır.
Əli Şamili 1972-ci ildən tanıyaram. Həmin il
mən Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin
jurnalistika fakültəsinə daxil olmuşdum. Bir-iki
ay sonra fakültədə oxuyan bütün tələbələri
adbaad tanıyırdım. Onların
arasında Əlinin xüsusi yeri vardı. Çünki o, fakültə tələbə elmi cəmiyyətinin
(TEC) sədri idi, buna görə ona "TEC Əli" deyirdilər.
Mən elmi işlərə çox həvəs
göstərirdim. İkincisi, müəllimlər
də, tələbələr də Əliyə dərin
hörmət bəsləyirdilər. Nəhayət,
Əli mənim eloğlum idi. Bəri
başdan deyim ki, mənim jurnalist və sonralar alim kimi
yetişməyimdə onun müstəsna rolu var, bu barədə
yeri gəldikcə məlumat verəcəyəm.
Əli ən yeni tarixin ən gözəl bilicisi idi. Arxivə getməyə
əsla ehtiyac yoxdu, sadəcə olaraq ona yaxınlaşıb
filan tarixi hadisə, filan bolşevik, filan komissar, filan
daşnak, filan ictimai-siyasi xadim barədə sual verib dolğun
cavab almaq mümkün idi. Bir sözlə,
Əli canlı, gəzən ensiklopediya idi.
Bu
biblioqrafiyada 900-dən artıq mənbə və məxəz
var. Bunların arasında ən çox əsər məşhur
Azərbaycan şairi, ədəbiyyatşünası və
folklorşünası, bolşevik repressiyasının
qurbanı Əmin Abid Mütəllim oğlu Əhmədova
(Gültəkin, 1898-1938) həsr olunmuşdur. Əli
Şamil onun haqqında hələ 1972-ci ildən bəri
yazmağa başlamışdır. Əmin Abidin "Azərbaycan
türklərinin ədəbiyyat tarixi" monoqrafiyası,
türk ədəbiyyatında bayatı-mani janrı,
"Kitabi-Dədə Qorqud" dastanları, Firdovsi,
Füzuli, 17-ci əsr Azərbaycan ədəbiyyatı, Yunis
İmrə, Qaracaoğlan, Mirzə Fətəli, Mirzə
Şəfi, M.Ə.Sabir haqqında məqalələri Əli
Şamil tərəfindən dərindən təhlil
edilmişdir. O, bu mövzularda onlarca məqalə qələmə
almış, Əmin Abidin "Buzlu cəhənnəm"
adlı kitabını çapdan buraxmışdır. Həmin
kitaba yazdığı ön söz Təbrizdə
çıxan "Mehri-azadi" qəzetinin 2002-ci il avqust nömrələrində 8 yazı
halında təfriqə edilmişdir. Əli
Əmin Abid haqqında bir çox elmi məclislərdə
çıxışlar etmiş, elmi nəşrlərdə
yazılar yazmışdır. Onun
Türkiyədə nəşr olunan "Milli Folklor",
"Bilge" və "Erciyes" jurnallarındakı
sanballı məqalələri xüsusilə diqqətə
şayandır.
Dəqiq
yadımdadır, istiqlal şairi, akademik Bəxtiyar Vahabzadə,
professor Qulu Xəlilov, dosent Nəriman Zeynalov hər dəfə
Əli Şamilə rast gələndə onun Əmin Abidlə
bağlı apardığı tədqiqatları təqdir
edir, bu mövzuda dissertasiya müdafiə etməyi təkidlə
məsləhət görürdülər. Lakin
o dövrün siyasi mühiti, elmi və ictimai fikri buna hələ
hazır deyildi. Təəssüf...
Əli Şamilin biblioqrafiyasındakı ən
mühüm məsələlərdən birini türk
xalqlarının problemləri təşkil edir. Xaricdəki
soydaşlarımızın siyasi vəziyyəti, azadlıq
uğrunda mübarizəsi, ədəbi, elmi, tarixi və mənəvi
problemləri Əli Şamilin daim diqqət mərkəzində
olmuşdur. Onun Ədalət Tahirzadə ilə
birlikdə hazırladığı "Türk
xalqlarının tanınmış adamları"
(ensklopediyası sözlüyünün layihəsi) gözəl
və xeyirxah işin başlandığını xəbər
verirdi. Coğrafi və mənəvi baxımdan
böyük əhəmiyyət daşıyan bu iş Azərbaycan
ensklopediyasında 2004-cü ildə baş verən hadisələrdən
sonra durduruldu.
Eləcə
də "Tanıdığım insanlar",
"Dastanlaşmış ömürlər", "Quzey Kıbrıs",
"Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı",
"Colan türkmanları", "Krım sevgisi"
kitabları bunlara parlaq misaldır. Elə bir
türk xalqı yoxdur ki, Əli Şamil ondan bəhs etməsin.
Tanınmış mətbuat işçisi Tahir
Aydınoğlu "Jurnalist Türk dünyasına pəncərə
açır" yazısında bu barədə geniş məlumat
vermişdir.
Zənnimcə, Əli Şamil bu sahədə
Kıbrıs, Krım tatarları və qaqauzlar haqqında daha
çox əsər yazmışdır. 1974-cü ildə adada
baş-layan faciələr, Kıbrısda türklərin məhv
edilməsi, bədnam enozis, EOKA-1, EOKA-2, keşiş Makariosun və
Samsonun törətdiyi cinayətlər, Türkiyənin
Kıbrısa desant çıxarması və imperializmə qarşı
mübarizəsi, Yunanıstanda "qara polkovniklər"
xuntasının devrilməsi, nəhayət, QKTC-nin elanına
gətirib çıxaran hadisələr gözlərimiz
qarşısında baş verdiyindən Əli Şamil
Kıbrıs probleminə daha çox diqqət yetirmişdir.
Onun qələmə aldığı "Kıbrıs
Azerbaycan Mediasında", "Kıbrıs
"Azadlık" Gazetesi Sayfalarında", "Ayna"
Gazetesinin Kıbrıs Hakkında Yazdıkları", "Araştırmacı
Gazeteci İsmail Umutlu ve Kıbrıs Konusu",
"Azerbaycan'da Kıbrıs Türk Milli Mücadele
Konusu", "Türk dünyasında Kıbrısın
öz yeri var" və onlarca başqa yazılar dediklərimizi
təsdiq edir.
Krım tatarlarının problemləri də Əli
Şamili dərindən məşğul etmişdir. 20-ci əsrin əvvəllərində
onların milli dövlət qurmaq uğrunda apardıqları
mübarizə, İkinci Dünya Müharibəsi zamanı ana
vətəndən sürülmələri, min bir əzabla
Krıma qayıtmaları və bəzi digər məsələlər
haqqında Əli Şamilin çox təsirli yazıları
var. "Qanı ilə şeir yazan, milləti
üçün dövlət quran Numan Çələbi
Cihan", "Krım tatarlarının qara günü" həmin
qəbildən olan məqalələrdir. Əli
Şamilin Krım kontekstində məşhur dilçi Bəkir
Çobanzadə və tanınmış yazıçı
Çingiz Dağçı haqqında qələmə
aldığı yazılar xüsusilə seçilir.
Onun "Bekir Sıtkı Çobanzade'nın
Türk Halklarının Kültürel Etkileşim ve
Değişiminde Rolu" və "Birleşik Türk-Tatar
devleti yaratmak uğrunda şehit olan Bekir Çobanzade"
adlı məqalələri çox əlamətdardır. Bunlar İstanbulda, Simferopolda və Türküstan
şəhərində (Qazaxıstan) çıxan məcmuələrdə
dərc olunmuş və elmi dövriyyəyə daxil
edilmişdir. Əli Şamilin "Görkəmli
Krım tatar ədibi Cengiz Dağçı vətən
torpağına tapşırıldı", "Gözlənilən
ölümün acısı və ya Çingiz Dağcı
dünyadan köçdü", "Çingiz
Dağçının "Korkunç yıllar"
romanında azərbaycanlı obrazı" məqalələri
onun həyatına, sənətinə və mübarizəsinə
həsr olunmuşdur.
Türklərin başıbəlalı başqa bir
xalqı olan qaqauzların adını mən ilk dəfə
Əli Şamildən eşitmişəm. Həmin dövrdə Azərbaycan
gənclərinin siyasi dünyagörüşü və milli
şüuru məhdud, biliyi səthi, savadı az
idi. Əli Şamil yazıları və
şifahi təbliğatı ilə maarifçilik
funksiyasını yerinə yetirirdi. Yadımdadır
ki, ötən əsrin son rübündə qaqauzların
"Ana sözü" qəzeti oxucu qıtlığı
üzündən bağlanmaq təhlükəsi ilə
üz-üzə qalmışdı. Əli
Şamil digər vətənpərvər insanlarla birlikdə
abunə yazılışı kampaniyasına başladı və
qısa müddət ərzində Azərbaycanda yüz minlərlə
insan "Ana sözü"nün oxucusu oldu. Bu münasibətlə Əli Şamilin
"Qardaş xalqımıza böyük maraqlıq"
adlı məqaləsi həmin qəzetdə dərc olundu.
Alimin Kişinyovda və Komratda çap edilən
"Azerbaycanda Gagauzlar", "Azerbaycanda Gagauzlarla İlgili
Kaynaqlar" adlı məqalələri dərin rəğbətlə
qarşılandı.
Əli Şamilin qaqauz ədəbiyyatı ilə
bağlı fəaliyyəti də təqdirə layiqdir. Qaqauz şairəsi Tudora
Arnautun "Qaqauzam, Bucaqdır yerim" adlı kitabı
haqqında onun dövri mətbuatda "Ələsgər
bulağından su içən qaqauz qızı",
"Qaqauz qızı, qaqauz sözü", "Həmkarımızın
şeir payı", "Ortaq ədəbiyyata doğru",
"Qaqauz ədəbiyyatı" adlı məqalələri
çıxmışdır. Əli Şamil bununla kifayətlənməmiş,
İranda "Varlıq" və "Mişov
dağı" dərgilərində "Bir qaqauz
şairi" adlı yazılarla çıxış
etmişdir.
Əli Şamil digər türk xalqlarının problemləri
barədə də əsərlər qələmə
almışdır. Yer məhdudluğunu nəzərə
alaraq bunlar haqqında bir-iki nümunə ilə kifayətlənək.
"Azadlıqsevər uyğurlar üçün şəhid
şair Lütfulla Mütəllib nümunəsi",
"İnamını itirdiyindən ömrünü bitirən
Qamzat Acigəldiyev (26 yaşında ölümə
sürüklənən noqay şairi)", "Mustafa
Çokay - türklük savaşçısı",
"Osman Batur - qəhrəman türk", "Toktoqul
Satılqanov", "İtkilərimiz.
Folklorşünaslığımızın ağsaqqalı
Ata Tərzibaşı dünyadan köçdü",
"Qarslı Aşıq İslam", "Kumuk
Edebiyatının Düneni ve Bugünü", "Nogay
Edebiyatı Eskiden ve Şimdi", "Colan türkləri -
qarabağlıların tale qardaşları", "Colan
türklərinin folkloru" və s. və i.a.
Son illər
milli dəyərlərimizə sahib çıxanların
artdığı, turizmin sürətlə inkişaf etdiyi bir
dövrdə Əli Şamilin 1930-1950-ci illərdə
Qazaxıstana sürgün olunmuş soydaşlarımız
haqqında yazdığı "Sürgün olunanların
sorağı ilə", Azərbaycanda iki min kilometr uzaqda,
İranın güneyində yaşayan, özlərini bizim bir
parçamız hiss edən qaşqaylar haqqında
yazdığı "Qaşqay elinə səfər", eləcə də yüz əlli ilə
yaxın Rus imperiyasının tərkibində olsaq da, mədəni
əlaqələrimizi yüksək səviyyədə qura
bilmədiyimiz qırğız elləri haqqında
yazdığı "Tarixi köklərin sorağı, ulu əcdadların
izi ilə, yaxud Isık göl məni nədən kövrəltdi"
silsilə məqalələri məlumat-sorğu
kitabçası mahiyyəti daşıyır.
Əli
Şamilin Axıska türkləri, özəlliklə Xəstə
Hasan haqqında yazıları az deyil. Hələ 1984-cü ildə "Sovet
Naxçıvanı" və 1986-cı ildə "Sovet
Gürcüstanı" qəzetlərində dərc etdirdiyi
ilk məqalələr 2012-ci ildə qarşımıza
"Axıskalı Xəstə Hasan (şeirləri və
şeirlərinin yaranması haqqında söhbətlər)"
kitabı olaraq çıxır. Bu əsər
"Ahıska" qəzetində 2013-cü ilin yanvarından
dekabrın sonunadək
hər həftə təfriqə olunmuş və
46 məqalə şəklində dərc edilmişdir.
Görkəmli qələm sahibinin zəngin
biblioqrafiyasında "Koroğlu" və Naxçıvan
mövzuları xüsusi yer tutur. Məlum olduğu kimi,
"Koroğlu" dastanı türk dünyasının ən
çox yayılmış folklor nümunələrindən
biridir. Onun tacik, erməni, gürcü
versiyaları da var. Əli Şamil bu dastan haqqında
vaxtılə bir sıra elmi-nəzəri məqalələr
yazmışdır. 2000-ci ilin əvvəllərində
Əli Kamalinin arxivində ortaya çıxan
"Koroğlu" eposu ilə bağlı qələmə
aldığı yazılarla koroğluşünaslığa
mühüm töhfələr vermişdir. Onun
"Koroğlu" eposunun variantları Əli Kamali arxivində",
"Əli Kamali arxivindəki "Koroğlu" eposunun
variantlarında mətnşünaslıq məsələləri",
"Koroğlu" dastanının (Əli Kamali arxivindəki
variantlar)" təkrar nəşrinə ön söz",
"Əli Kamali arxivindəki "Koroğlu" dastanında
Eyvaz obrazı" və başqa məqalələri, simpozium
və konfranslardakı çıxışları folklorsünaslığa
xüsusi dəyər qatmışdır.
Biblioqrafiyada Naxçıvan haqqında informasiya və
zarisovka xarakterli xeyli yazının olması məni təəccübləndirdi. Uzaq Şərqdən
tutmuş Volqaboyuna, Şimali Qafqaza qədər böyük
bir coğrafiyada çıxan mətbuat orqanlarında Əli
Şamilin Naxçıvan haqqında reklam mahiyyəti
daşıyan yazılarının dərc edilməsi əslində,
bir vətənpərvərlik örnəyidir. Məsələ
orasındadır ki, iqtisadi cəhətdən zəif olan
Naxçıvana əlavə maliyyə cəlb etmək
üçün Əli Şamil diyarın təbii gözəllikləri,
balneoloji iqlimi, astma xəstəliyinin birinci müalicəsi
olan duz mədənləri haqqında dolğun bir məqalə
yazaraq onu rus dilinə çevirtdirmiş və müxtəlif
rayon, şəhər və vilayət qəzetlərinin
redaksiyalarına göndərmişdir. Nəticədə
SSRİ-nin müxtəlif regionlarından Naxçıvana
axın başlamışdır. Bu dəfə
də növbə problemi ortaya çıxmışdır.
Əli Şamil baş həkimlə və digər
vəzifə sahibləri ilə danışaraq iki növbə
yaratmağı təklif etmişdir. Növbələrdən
biri ancaq türk əsilli soydaşlarımız
üçün nəzərdə tutulmuşdur. Naxçıvana gələn xəstələr
Əlinin məqaləsi çıxan rusca qəzetləri də
özləri ilə gətirdikləri üçün
bugün onların adlarını bu biblioqrafiyaya yerləşdirmək
mümkün olmuşdur.
Bu biobiblioqrafiya Əli Şamilin 70 illiyi münasibətilə tərtib olunmuşdur. Professor Qəzənfər Kazımov seçilmiş əsərlərinin on cildliyini nəşr etdirib. Bir dəfə mənə dedi: Bilirsənmi, bu cildlərlə heç də filan-filan problemləri həll etdiyimi söyləmirəm. Sadəcə filan-filan problemlər barədə düşündüyümü bildirmək istəmişəm. Əli Şamil də öz həyatını çətin problemlər barədə düşünməyə həsr edən insandır. Düşünmədən həll etmək mümkün deyil.
Ramiz ƏSKƏR
BDU-nun
Türkologiya kafedrasının müdiri, professor
525-ci qəzet.- 2019.- 24 may.- S.13.