Əlvida, ədəbiyyat!..
Neçə gündür, əlim sözə yatmır. Doğru deyirlərmiş,
özü istəməsə,
söz heç kəsə əl uzatmaz, heç kəsə niqab göstərməz. Gərək gözləyəsən
duyğular təmasa girə, hisslərini ürəyindən oxuya.
Anardan yazmaq istəyirdim. 70-80-ci illərdə
o, bizim kumirimiz idi. Ədəbiyyat deyəndə elə
Anar başa düşürdük. Mən onun
bütün yaradıcılığını
diqqətlə izləyirdim.
Ondan daha çox maraqlı əsərlər
gözləyirdim.
Bir dəfə, müsahibə
zamanı demişdim ki,
mən Anarın
nəinki yazılmış
əsərlərini, hətta yazılmamış
əsərlərini də
oxumuşam. Müsahibim gülümsəmişdi, amma mən ciddi
idim. Doğrudan da, deyilməmiş
sözlər hər zaman güclü olur, yazılmamış əsərlər daha dəyərli, qiymətli olur. Söz deyilmədən qüvvətlidir.
Ona görə də, bütün yazıçılar
gələcəkdə yazacaqları
əsərlərin daha
güclü olacağını
düşünürlər. Söz yox, Anar demək
istədiyi, yazmaq istədiyi əsərləri
yazıb, Azərbaycan
ədəbiyyatında öz
yerini çoxdan müəyyənləşdirib. Biz gənclər ədəbiyyat
deyəndə Anarı
nəzərdə tuturduq. Çəkinmədən demək olar
ki, XX əsr Azərbaycan ədəbiyyatı
Anar epoxası adlandırıla bilər.
Biz 70-ci illər gəncliyi Anarın hekayələri ilə gözümüzü açmışıq.
Onun "Mən, Sən, O və telefon", "Gürcü
familiyası" və
başqa hekayələri ədəbiyyatımıza
yeni obrazlar, yeni düşüncələr,
yeni duyğular gətirmişdi. Anar özü yeniliklə
dolu bir gənc idi, onun ideyaları biz gənclərə də təsir göstərirdi.
O, ədəbiyyatda, dramaturgiya
və kinoda orijinal əsərlər yazaraq bizi daha
da ovsunlayırdı. Xüsusən onun qadın
qəhrəmanları cəmiyyətdə
daha çox müzakirə olunur, fərqli ideyalar yaradırdı. İnsanın azadlıq istəyi, fərqli duyğuları, hadisələrə fərqli
münasibəti cəmiyyətdə
birmənalı qəbul
edilmirdi. Bu qadınların heç biri xoşbəxt deyildi. Hamısı yarımçıq taleli, ətraf mühitin təsirində arzulamadıqları həyatı
yaşayırdılar.
"525-ci qəzet"də Anar məni - Azərbaycan yazıçısı
Nisə Bəyimi kədərli yazıçı
adlandırmışdı.
Bu fikrində böyük yazıçı
çox haqlı idi. “Cəmiyyətlə
qarşı-qarşıya dayanan
duyğularını, fikirlərini
reallaşdıra, həyata
keçirə, potensialını
üzə çıxara
bilməyən qadın
yazıçı öz
kədərini əsərlərində
ifadə edir. Sanki kədər də
bir arxa, güvənc, insanın dostu, qəlb sirdaşıdır. Nisə
Bəyim 80-ci illərdə
yazdığı poemalarda
azadlığın səsini
daşıyan, xalqın
bütövlüyü və
yenidən dirilişi duyğularını qələmə
alan bir
şair idi. Lakin baş verən hadisələr, eləcə
də dolğunluq yaşına çatması
onun da yaradıcılığına
təsir göstərdi.
Həyatdan, cəmiyyətdən, insanlardan yüksək əxlaqi dəyərlər,
zəngin duyğular gözləyən yazıçı,
təbii ki, bu yanlışlıqların
içində özünü
tənha hiss edirdi”.
Bizi yalanlar,
yanlışlıqlar deyil,
doğrular sarsıtdı. Biz doğruların nə qədər amansız olduğunu anlayanda kədərli, tənha oluruq. Əslində, kədər və
tənhalıq yazıçının
ən yaxın dostudur, deyirlər. Çünki görünməyən şeylərin hamısı
böyük olur.
Mən ədəbiyyata istəyərəkdən,
qarşıma bir məqsəd kimi qoyaraq gəlməmişəm.
Sanki tale özü öz əli ilə külək kimi məni götürüb ədəbiyyata
gətirib. İlk şeirlərim
qəzetdə çap
olunanda çox sevinmişdim. Başqaları tərəfindən təqdir
olunmaq məni həvəsləndirmişdi. Bəlkə də, bu üzdən
mən ciddi yaradıcılıqla məşğul
olmağa başladım.
Rayonda böyük bir məktəbin dərs hissə müdiri idim, Rayon sovetinin iki çağırış
deputatı seçilmişdim.
Cəmiyyətdə ciddi
mövqeyim var idi. Bəlkə də, ilk yazıçıyam
ki, özümdən xəbərsiz məni Yazıçılar Birliyinin
üzvü qəbul ediblər. Mən yazdığım 14 poemaya, 21 kitaba, ən əsası 4 romana görə heç bir mükafat almamışam.
Amma illər öncə Anarın tərtib etdiyi "Min beş yüz ilin Oğuz şeri" antologiyasında
adımı görəndə
özümü ən
xoşbəx adam hiss etmişəm.
O şeirləri Anar müxtəlif mətbuat orqanlarından seçib antologiyada yer vermişdi. Mən indi də o
fəxarət duyğusunu
sevə-sevə daşıyıram.
Nədənsə, həmişə məni şair kimi qəbul ediblər. Amma mən
şeirlə bərabər
hekayələr də
yazırdım. Bu hekayələr həm romantik, həm yumoristik, həm realistik üslubda idi. Şübhəsiz ki, Anarın
nəsrindəki motivlər
mənə təsir göstərməmiş deyildi.
Ola bilsin ki,
mənim poeziyam fərqli olduğu üçün nəsrimi
kölgədə qoymuşdu.
Amma bu, mənə təsir edirdi. Çünki mən bütün
yaradıcılığım boyu özümü roman yazmağa hazırlayırdım.
Poeziyamın əlçatmaz
və təkrarolunmaz olduğunu bilirdim. Amma nəsrdə də elə qüdrətli nümunələr yazmaq istəyirdim ki, ədəbiyyatda təkrarı
olmasın. Mən
dalbadal "Onlayn",
"Çarxıfələk", "Təkbuynuzlu",
"Qızıl məbəd"
romanlarımı təqdim
edərkən ədəbi
mühit çox təəccübləndi. Onlar
belə hesab edirdilər ki, şeir yalnız nəzm şəkilində
ola bilir.
Amma mənim romanlarımın
hər biri fantastik şeir idi. Əl çatmayan, ağla
gəlməyən, insanı
yüksəldən, cəmiyyəti
tərəqqiyə aparan
elmi-fantastik sevgi romanları idi. Əminəm,
vaxt gələcək
bu əsərlər özünə layiqli yer tutacaq.
Hələ ilk yaradıcılığından Anarın əsərlərində
qəribə bir mistika, fantastika var idi. Uşaqlıqdan Jül Vern kimi fantast yazıçıların aludəçisi
olduğumdan, bu janrın Azərbaycan ədəbiyyatında da inkişaf etməsinə çox sevinirdim. Çünki ədəbiyyat mənim
üçün bir növ mistikadan və fantastikadan ibarətdir. Olsun ki,
böyük ustadın
yaradıcılığı da mənə təsir etmişdi. Anarla mənim aramda yaş fərqi azdır. Mən onun yazdıqlarını
ruhən anlamışam,
nə demək istədiyini öz-özlüyümdə
müəyyənləşdirmişəm.
Əslində, biz Anarla çox
az görüşmüşük,
az söhbət etmişik, demək istədiklərimi heç
vaxt ona deməmişəm. 2000-ci ildə "İlahi vaxt" kitabımın Yazıçılar Birliyində
təqdimatı oldu.
Bu, elə bir
gözəl tədbir
idi ki, mənə
ömür boyu bəs elədi. Əyalətdə - Sabirabadda yaşamağım
məni ədəbi mühitdən uzaq salsa da, indi kitablarım
məni respublikada təmsil edir. Mən inanmazdım ki, romanlarım belə bir asanlıqla yayılıb, sevilə.
Qısa müddətdə mənim
sağalmaz xəstəliyə
tutlmağım hamını
təəccübləndirdi. İki romanım kompüterimdə
yarımçıq qaldı.
Bəlkə də, onlar
yazdıqlarımın ən
yaxşıları olacaqdı. Neyləmək olar, insan ötəri varlıqdır.
Hər şeyə hazır olmalıyıq. Amma Anarın mənim haqqımda yazdığı
məqalədən təsirləndim,
onu dost təəssüratı
kimi qəbul elədim. Yəqin ki, bundan sonra Azərbaycan ədəbiyyatında hələ
çox əsərlər
yazılacaq, çox istedadlar gəlib keçəcək. Nə xoş
ki, onların içində mənim də bir payım
olacaq.
İndi mənim əlim
sözə çatmır. Mən ən sevimli
dostlarıma da "əlvida" yaza bilmirəm. İnanıram ki,
qədirbilən dostlar mənim kitablarımı
tək qoymayacaqlar. Mən tərk
eləsəm də, şeirlərim heç
vaxt Sizləri tərk etməyəcək.
Çünki bu
şeirlər Yunus Əmrənin, Füzulinin, Cəfər Cabbarlının, Nazim Hikmətin, Rəsul Rzanın misraları
ilə yanaşı dayanıb. 80 illik
yubileyində mən Anara böyük
bir esse həsr
eləmişdim, onu söz
məbədinin baş kahini
adlandırmışdım. İndi də, Ona böyük, müqəddəs işində uğurlar arzulayıram. Ədəbiyyat Sizə
əmanət, Anar müəllim!
Əlvida, ədəbiyyat, əlvida, Anar!
Nisə
BƏYİM
525-ci qəzet.- 2019.- 24 may.- S.11.