Bir məruzənin təəssüratı
YAXUD
BİR DAHA ERMƏNİ SAXTAKARLIQLARI VƏ UYDURMALARI HAQQINDA
"Prezident
İlham Əliyev: "...Nəinki Dağlıq Qarabağ,
bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında
formalaşıbdır. İrəvan
xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir.
Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru
Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində
böyük türk dünyası coğrafi cəhətdən
parçalandı..."
Bəli,
bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır, ilk
növbədə, Naxçıvan MR-nın ərazisi, məlum
səbəblərə görə itirilmiş İrəvan, Qərbi
Azərbaycan ərazisi, Ermənistanın addım-addım
özününküləşdirdiyi və Sovet
dövründə ona "bəxşiş" edilən Zəngəzurun
qərb hissəsi, Göyçə, Dərələyəz,
Dilican, nəhayət, Ermənistanın hərbi təcavüzü
nəticəsində işğal olunan Şərqi Zəngəzur
- Laçın, Qubadlı, Kəlbəcər və Qarabağ
əraziləri. Bu yerlərdə tarixi abidələrimiz,
qeyri-maddi mədəni irsimiz oğurlanıb və ya məhv
edilib, əcdadlarımızın izini daşıyan yüzlərlə
toponim dəyişdirilib. Nəticədə, Azərbaycanın
ərazisi kiçildilib, onun vahid quru ərazisi
parçalanıb, Naxçıvan MR ərazidən
ayrılıb, bir vaxtlar Türkiyədən qurudan keçən
yol itirilib və əksinə, Ermənistan İranla bilavasitə
sərhəd əldə edib..."
Bu fikirlər Bakıda keçirilən, əcnəbi
alimlərin də qatıldığı beynəlxalq konfransda
böyük marağa səbəb olan bir məruzədəndir. Təkcə mənim yox,
bütün iştirakçıların diqqətini çəkən,
tutarlı tarixi sübut və dəlillərə əsaslanan
məruzə o qədər aktual idi ki, fikirlərimi
bölüşməyə bilmədim...
Ermənistandan
dədə-baba yurdlarından deportasiya olunan 250 min, öz
ölkəsində məcburi köçkünə
çevrilən 750 min azərbaycanlı - bu, bədnam qonşularımızın
ölkəmizə ərazi iddialarının nəticələrini
əks etdirən ağrılı rəqəmlərdir. Amma təkcə bu deyil. Ermənilər
zaman-zaman yalnız torpaqlarımıza yox, maddi-mənəvi sərvətlərimizə
də göz dikiblər. Azərbaycan ərazisinin
20%-nin işğalı nəticəsində dağıdılan,
yandırılan, məhv edilən mədəni sərvətimiz
də saya-hesaba gəlmir. Təəssüf
ki, bu talan, eləcə də ermənilərin
"özününküləşdirmə siyasəti"
indi də davam edir. Bu mövzunu daim diqqətdə
saxlayan Əqli Mülkiyyət Agentliyi Müəllif
Hüquqları Günündə onu yenidən gündəmə
gətirdi.
"Qədim mətnlər və klassik mənbələr
erməniçilik saxtakarlıqlarını və
uydurmalarını ifşa edir" adlı konfransın təşkilatçısı
da Əqli Mülkiyyət Agentliyi idi. Son iki ildə ənənəvi
olaraq keçirilən eyniadlı tədbir bu dəfə alimlərin
mövzu ilə bağlı yeni araşdırmalarını
auditoriyaya çatdırmaqla Azərbaycanın torpağı,
mədəni irsi və tarixinə yönələn erməni
saxtakarlığını və uydurmalarını bir daha
ifşa etdi. Mənim qənaətlərim isə Əqli
Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor
Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr
erməniçilik saxtakarlıqlarını və
uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz
avtoxtonluğu cəhdləri" adlı məruzəsi
haqqındadır...
Servantes:
"Don bəzəyər də, ifşa edər
də..."
Əslində, bu məruzə son dərəcə
sanballı elmi əsər kimi qiymətləndirilməlidir. Məruzə 4 bölümdən
ibarətdir: "Keçmişdə hay-erməni müəlliflərinin
yazılarında saxtakarlıq və uydurmalar",
"Keçmişdən gələn yalanların müasir
"təsdiqləmə" cəhdləri", "Torpaq
uydurmaları və həqiqətlər" və "Tarixi
uydurmalar davam edir"...
Yeri gəlmişkən, professor Kamran İmanov bu sahədə
ən fədakar, ən cəfakeş alimlərimizdən
biridir. O, Azərbaycan
tarixinin saxtalaşdırılmasının
qarşısını almaq məqsədilə hazırlanan
çoxsaylı nəşrlərin müəllifidir. Hər dəfə konfrans və seminarlarda həmin nəşrlərin
böyük əks-səda yaratdığının şahidi
olmuşam. Gərgin zəhmət və
araşdırmaların bəhrəsi olan, Azərbaycan, rus,
ingilis dillərində çap olunan bu kitablar maddi-mənəvi
sərvətlərimizə göz dikənlərə çox
tutarlı cavabdır.
Alimin
növbəti məruzəsinə gəlincə... Professor
Kamran İmanov qeyd edir ki, müasir erməni müəlliflərinin
tarixə aid yalanlarla dolu çoxsaylı kitabları bir-birinə
istinadən, həqiqətə uyğun olmayan
"faktları" tirajlayır və beləliklə,
"ermənisayağı mənbə", yəni "dəlillər"
sistemi yaradır. Lakin "böyük həvəslə"
istinad edilən qədim erməni mətnlərinin əlyazmaları,
orijinalları isə tapılmır ki, tapılmır. Çünki bunların kökündə erməniçilik
saxtakarlığı dayanır.
Məruzəyə
Servantesin "Don bəzəyər də,
ifşa edər də..." fikrinin tezis seçilməsi də
təsadüfi deyil. Alim dəqiq fakta müraciət edir:
dünyanın ən zəngin arxivlərindən sayılan
Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin
manuskriptlərinin tapılması müşkül məsələdir.
2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr
olunmuş "Sokrovişa akademiçeskix sobraniy
Sankt-Peterburqa" kitabının tərtibatçı
kollektivinin rəhbəri, milliyyətcə erməni olan
professor Yuriy Petrosyanın yazdığı kimi, minlərlə
nüsxədə qorunub saxlanan erməni əlyazmaları
arasında bir dənə də orijinal yoxdur. Onların
80 faizə qədəri XVII-XVIII, bir neçəsi XIV-XV əsrlərə
aid köçürmələrdir. Erməni
aliminin digər etirafına görə, bu arxivdə VII-XI əsrlərə
aid olan türk orijinallarının sayı isə minlərlədir.
"Erməni
tarixinin atası" sayılan Movses Xorenskinin (Movses Xorenatsi)
"Haylar tarixi"nin uydurma tarixçəsindən
bəhs edən alimin fikrincə, bu əsərə aid
fırıldaqlar və saxtakarlıqlar kitabın adı,
yazıldığı tarix, müəllifliyi, hətta tərcüməsi
ilə də bağlıdır. Yazının
orijinalı yoxdur, hansı dildə yazıldığı da bəlli
deyil. Yazıya istinadlar, əsasən müasir erməni
müəlliflərinə məxsusdur, üstəlik, X əsrə
qədər hay tarixşünaslığında Xorenskinin
adı çəkilmir. Bəzi alimlərin
fikrincə, Xorenski adı ilə anonim keşiş
tarixçisi çıxış edir, çünki onun tərcümeyi-halı
naməlum, saxta mənbələr əsasında yalnız
1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli
tərcüməçi N.Emin tərəfindən tərtib
edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan
nəşrdə yazının adı "Ermənilər
tarixi"nə, 1858-ci ildə isə "Armeniya tarixi"nə
çevrilib, bununla da ermənilər haqqında tarix
uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib. M.Xorenskinin ən böyük fırıldağı
"İncil"dəki təftişlər və bununla
İncilin erməni variantını təqdim etməsidir.
Saxtakarlığın məkrli niyyəti "Xalqlar cədvəli"ndə
Hayk və Armenak fantomlarının uydurması və bu cədvəldə
göstərilməyən şəcərə
qollarını doldurmaqla hayları armenlərin əcdadlarına
çevirmək, üstəlik, sakaların, qədim türklərin
soykökü ilə "qohumluq" yaratmaq idi. Nəticə etibarilə digər xalqların
yaşayış ərazisinin mənimsənilməsi ilə
onların tarixini də hay-ermənilərin xeyrinə
özününküləşdirməkdir. XVIII əsrin
görkəmli tarixçilərindən olan Qibbon yazıb:
"Xorenskidən yalnız digər qədim tarixçilərdə
də olanları götürmək olar..." Beləliklə,
erməniçiliyin ən "sanballı" tarixi
yazısı nəzərəçarpan dərəcədə
saxtalaşdırılmış mənbə kimi
çıxış edərək digər uydurulmuş əsərlərə
"yaşıl işıq" yandırdı...
Professor
Kamran İmanov müəlifi olduğu "Erməni yadelli
nağılları", "Öz-özünü təkzib
edən "erməniçiliyin müəllif hüququ"
kitablarına istinadla mif yaratmaqda mahir olan ermənilərin əqli
oğurluq ənənəsinin davam etdiyini bir daha diqqətə
çatdırır: ermənilər xüsusilə azərbaycanlıların
maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə
göz dikməkdən əl çəkmir, əqli oğurluq
və saxtakarlıqla, uydurma cəhdlərlə öz
çantalarını "zənginləşdirirlər".
Bunlar həm real siyasi həyatımıza, həm
də keçmişə, tarixi hadisələrə aiddir.
Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi
qonşularına qarşı ərazi iddiaları, müxtəlif
növ mifologemlərdən irəli gələn
"böyük erməni mədəniyyəti",
"sivilizasiyanın ilk erməni ocağı" mədəni
oğurluqları erməniçilik təfəkküründə
"təbiilik" və "legitimlik" qazandırır. Buna görə də Azərbaycanın işğal
olunmuş torpaqlarının boşaldılmasına, beynəlxalq
hüquq normalarına uyğun yaşamasına məhəl
qoyulmur. Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni
ənənələrinin mənimsənilməsinə dair erməni
ənənəsi davam edir...
Əqli Mülkiyyət Agentliyinin sədri hesab edir ki, hər
bir xalqın, o cümlədən, erməni xalqının
özünəməxsus tarixi var, millətin keçmişində
baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər
gerçəkliyin ayrılmaz hissəsidir. Və biz erməni
xalqına yox, erməniçiliyə, sağlam olmayan
dünyagörüşünü dəstəkləyən bədnam
qonşularımızın millətçi müəllifləri,
ya da sifarişlə tutulan muzdlu xaricilərin
yazdığı yalan, uydurma və böhtanlarla dolu kitablara və
digər yazılara qarşı çıxış edirik.
Xüsusən, tarixşünaslığa aid bu
növ əsərlərdə əsas leytmotiv ermənilərin
Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və
buradan guya itirilmiş torpaqlarla bağlı ərazi
iddialarına qarşı çıxış edirik. Natiqin fikrincə, millətçi hay-ermənilərin
ölkə tarixini etnos tarixi ilə əvəz etməsi
heç də təsadüfi deyil. Səbəb
keçmişdə "Armeniya" adlı dayanıqlı
siyasi anlayışın yalnız olmaması ilə
bağlı deyil. Dayanıqlı
coğrafi anlayış "Armeniya" heç bir vəchlə
erməniçiliyin tamahını təmin edə bilmir.
Çünki bu coğrafi anlayış bir
çoxlarının, o cümlədən, türk
etnoslarının yaşayış məkanı idi.
Əgər M.Xorenskidə "Armeniya" anlayışı
sayca vahidlərlə ölçülürdüsə, indiki
erməni müəlliflərin "Armeniya"larının
sayı onlarcadır, o cümlədən ,ağızdolu
söylədikləri "erməni dövlətçiliyinin
Eçmiədzin dövrü" adlanan "Şərqi
Armeniya" da işlənilir. Aydındır ki,
burada erməni dövlətçiliyinin məskəninə
çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi
Azərbaycandan söhbət gedir. Elə
buna görə yazdıqları tarix "Armeniya tarixi" kimi
qələmə verilmir, "Erməni xalqının
tarixi" kimi də təqdim olunur.
"Ənənə
keçmişin uğurları, tərəqqisi deməkdir, bu
günün tərəqqisi isə zaman keçdikcə
sabahın, gələcəyin ənənəsinə
çevrilir..."
Eduard Errionun fikrini xatırladan professor Kamran İmanov
qeyd edir ki, bu, həqiqət olsa da, Azərbaycanın mədəni
irsinin mənimsənilməsinə dair erməni ənənəsinə
aidiyyəti yoxdur. M.Xorenskidən başlayaraq, "əzabkeş
xalqın itirilmiş əraziləri" haqqında mifologemlər
erməniçiliyin qonşularının torpaqlarına ərazi
iddialarının revanşist əsasını təşkil
edir. Sonra alim erməni qədim mətnlərinin
xüsusiyyətinə nəzər salır, bildirir ki, burada da
bir şablon - "qəhrəman xristian keçmişinə
malik" və "düşmənlərin əhatəsinə
düşən və incidilən qədim xalq" istifadə
edilir.
Daha sonra
natiq məruzədə əcnəbi alimlərdən sitatlar gətirir...
Amerika
alimi, Harvard Universitetinin professoru R.Tomson: "Əvvəla, erməni
tarixi narrativlərinin müəllifləri, adətən, kilsə
ruhaniləridir, onlar kilsənin sifarişi əsasında
yazıblar. İkincisi, ermənilərin tarixi
yazılarında hadisələrin təsviri yoxdur, onların
xüsusi, seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü, yazılar elan olunan
zamandan qat-qat sonra əmələ gəlib və əsrlər
boyu, XIX əsrə qədər, hay-ermənilər tərəfindən
əlverişli olan əlavələr və dəyişikliklərə
məruz qalıb".
Rusiyanın
tanınmış etnoloqu V.Şnirelman: "Müasir hay-erməni
tarixşünaslığı "şanlı keçmişin"
yazılı şablon və obrazlarına əsaslanır".
Bununla belə,
erməni xalqının tarixi ilə bağlı yaradılan əfsanələr
şüurlu halda uydurulur və konkret müəlliflərə
məxsusdur: Qriqor Arsruni, Raffi, Leo, Mkrtıç, Xrimyan XIX əsrin
sonlarında bir sıra tarixi mif və əfsanə
yaradıblar.
Həmin mif və əfsanələri sübutlarla
alt-üst edən Kamran İmanov tanınmış rusiyalı
yazıçı Yuriy Pompeyevin qənaətini diqqətə
çatdırır. Yuriy Pompeyevin fikrincə, erməni zadəganlarının
Tanrı törəmələri olduqları haqqında
böyük tirajlarla buraxılan uydurmaların Artaşes
Arsruni kimi müəllifləri dərc edilir, Suren Ayvazyanın
saxta tarixləri yer alır. Nəticədə
"etnosun kollektiv yaddaşı süni yaradılan
xülyalı keçmişin qəfəsindədir, gələcək
isə gələcəyin yox, əksinə, keçmiş
naminə təsəvvür edilir".
Yazıçı Flober demişkən: "...keçmiş
bizi saxlayıb buraxmır, buna görə də gerçək
bizdən vaz keçir".
Məruzəçi
budəfəki konfransın qonağı, tanınmış
Rusiya tarixçisi və politoloqu, publisist, tarix elmləri
doktoru, professor Oleq Kuznetsovdan da sitat gətirir:
"... cahillik, naşılıq... istənilən erməni
humanitar fikrinin vizit kartıdır. Buna görə də Ermənistanda
müasir elmi biliyə yox, aşkar nasist Tsexakron (Njde) nəzəriyyəsinin
tövsiyələrinə uyğun olaraq, yaşamağa
üstünlük verilir..."
Yeri gəlmişkən, professor Oleq Kuznetsovun konfransda "İkinci Dünya müharibəsi dövründə kollaboratsionizm" mövzusunda çıxışı da böyük maraqla qarşılandı. O, ermənilərin xəyanətləri ilə bağlı faktları diqqətə çatdırdı. Oleq Kuznetsovun fikrincə, hər bir xalq mövcudluğunu davam etdirmək və inkişaf üçün öz ideologiyasını formalaşdırır. Ona görə də hər bir xalq özünüdərkdən çıxış edərək ya özü üçün tarix yaradır, ya da öz həqiqi keçmişi ilə fəxr etmək və gələcəyini qurmaq üçün irsini öyrənir. Ermənilər hansısa yolla dünyada mövcudluqlarını saxlamaq məcburiyyətindədir. Onların mövcudluğu, gələcəklərini qurmaq üçün digər mexanizmləri yoxdursa, bu, artıq onların ətrafında yaşayanların yox, erməni xalqının öz problemidir. Oleq Kuznetsov hesab edir ki, bu cür tədbirlər, həm Azərbaycan xalqı, onun özünüdərki, həm də beynəlxalq elmi ictimaiyyət üçün vacibdir. Çünki bu məkan, bu müstəvi yeni məlumatların səsləndiyi, yeni tədqiqatların nəticələrinin açıqlandığı yerdir. Bunun əsasında isə günümüzün tələblərinə cavab verən ideyalar yaranır. Bu baxımdan, bu cür tədbirlər və onların iştirakçısı olmaq çox faydalıdır...
Məruzədə qeyd olunur ki, istər erməni müəlliflərinin qədim mətnlərinə, istərsə də tarixə dair çoxsaylı müasir müəlliflərin yazdıqlarına erməni və qərb, xarici tarixşünaslığın verdiyi qiymətlər köklü surətdə fərqlənir. Professor Kamran İmanov "erməni tarixinin atası" M.Xorenski haqqında iki fikri nəzərə çatdırır. Birincisi, Ermənistan Elmlər Akademiyasının rus dilində olan nəşrindən götürülüb: "...Xorenskinin əsəri ilk erməni tənqidi tarixdir və milli elmi-tarixi fikrin incisi və şah əsəridir..." İkincisi, məşhur tarixçi Avqust Karriyerin 1896-cı ildəki sözləridir: "Onun - Xorenskinin məlumatlarına inanmaq naşılıqdır. Onun xəbərlərinin əksəriyyəti uydurmadır".
Və Əqli Mülkiyyət Agentliyinin sədri bu nəticəyə gəlir:
"İki ayağı üstündə duran həqiqətdən fərqli olaraq yalan və uydurma bir ayağı üzərində durur və onun dayanıqlığı üçün növbəti yalana əl atılır..."
Professor Kamran İmanovun sözlərinə görə, bütün bunlar araşdırmanın əsas məqsədinə - Cənubi Qafqazda ermənilərin avtoxton olmamasına, bununla bağlı Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngəzur və Göyçə mahallarının tarixi və bugünkü torpaqlarına olan iddiaların ifşa olunmasına xidmət edir. Və alim yenə də Prezident İlham Əliyevdən sitat gətirir: "...biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir..."
Məruzənin sonunda "... müasir əsərlərində erməni tarixçiləri çalışırlar ki, Cənubi Qafqazda, ən azı Kiçik Asiyada ermənilərin avtoxtonluq konsepsiyası ön plandakı konsepsiya kimi təqdim edilsin" deyən Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov tanınmış alim, professor L.S.Kleynin sözlərinə istinad edir: "... erməni elmində ermənilərin Zaqafqaziyada öncədən yaşadıqlarını isbat etmək tendensiyası çox güclüdür: yəni onlar heç bir yerdən gəlməmiş, miqrasiyaları isə yalnız Kiçik Asiya daxilində olmuşdur... Onlar (ermənilər) Kiçik Asiyada və ya Zaqafqaziyada öz ata yurdunun olması konsepsiyasını böyük həvəslə qarşılayırlar, çünki belə olduğu halda ermənilərin kökünü başqa heç bir yerdən çıxartmağa da dəyməz, bunlar öncəki vətənlərində yaşamaqdadırlar..."
... Kamran İmanov giriş nitqində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarını da diqqətə çatdırmışdı. "Azərbaycan yeniləşir, qüdrətlənir, ölkəmizin nüfuzu beynəlxalq miqyasda artır və xalq dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Dövlət başçısının mühüm qərarları Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır..." deyə Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələrini xatırlatmışdı: "Vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir". Dünya Bankının "Doing Business-2019" hesabatında isə Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlət sırasındadır. Gələcəyi olmayan Ermənistan isə keçmişi, özü də uydurma keçmişi ilə yaşayır, özlərini dünyaya Cənubi Qafqazın avtoxton sakinləri qismində təqdim etmək üçün terroru və terrorçuları dəstəkləyir, istənilən saxtakarlıqla, sağlam məntiqdən uzaq olan uydurmalara əl atırlar. Ancaq nə qədər cəhd etsələr də, gec-tez tarixi faktlar ortaya çıxır və onlar ifşa olunurlar...
"Bu qədər. Və hesab edirik ki, əlavə şərhə ehtiyac yoxdur". Kamran müəllim məruzəsini bu sadə və çox anlaşılan cümlə ilə bitirir...
Bəli, hörmətli Kamran müəllim, əlavə
şərhə ehtiyac yoxdur. Amma... Əgər ermənilər
başa düşə bilsələr...
Firuzə
NADİR
525-ci qəzet.- 2019.- 24 may.- S.10.