Musiqişünas-alim Ramiz Zöhrabovun xatirəsi
anılıb
Mayın
22-də Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli
musiqişünas-alim, Xalq
artisti Ramiz Zöhrabovun anadan olmasının 80 illiyinə
həsr olunmuş elmi konfrans təşkil
edilib, həmçinin,
"Milli musiqişünaslığımızın
iftixarı" adlı
kitabının təqdimatı
olub.
Tədbiri Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə açaraq tanınmış
alimin ömür yolu və zəngin
yaradıcılığından danışıb: "Bizim
aramızda olmasa da, onun adı
Bəstəkarlar İttifaqında
həmişə xatırlanır.
O qədər xarizmatik,
çoxyönlü fəaliyyəti
vardı ki, hamısını desəm,
böyük mövzu ola bilər.
Ramiz müəllim birinci növbədə musiqişünas-alimdir.
Çox
fəxrlə qeyd edirdi ki, kitabları
müxtəlif ölkələrdə
tirajlarda çap olunub. Rusiyada, Türkiyədə, İranda
və ölkəmizdə
25 kitabı çap olunub. Bu kitablar
dolğun məlumatlarla
zəngindir".
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimləri
Zemfira Qafarova R.Zöhrabovun Azərbaycan
musiqi elmində özünəməxsus yeri
olduğunu vurğulayıb.
Tədbirdə çıxışlarda qeyd
edilib ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın
yaradıcılığına həsr olunmuş çoxlu sayda monoqrafiyanın, dərsliyin
və 300-dən artıq
elmi, populyar məqalənin müəllifi
olan R.Zöhrabovun tədqiqatlarının başlıca
obyekti muğamdır. Onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın
inkişafında mühüm
xidmətləri var. R.Zöhrabovun
ilk dəfə olaraq, görkəmli xanəndələrin
ifasından 100 təsnifi
nota yazması və onun əsasında təsniflərin janr xüsusiyyətlərinin və
musiqi dilinin təhlilini aparması, o cümlədən, 9 zərbi-muğamı
xanəndə və sazəndə ansamblının
ifasından partitura şəklində nota yazaraq
onların nəzəri
əsaslarını öyrənməsi
diqqətəlayiqdir.
Onun muğamın nəzəri
əsasları ilə
bağlı tədqiqatı
fars dilinə
tərcümə edilmiş,
əvvəlcə hissə-hissə
jurnallarda, sonra isə tam şəkildə
kitab halında "Azərbaycan modal musiqisi"
adı ilə nəşr olunub.
R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının
bir qolu da təhsil və maarifçiliklə
bağlıdır. Vaxtilə
onun televiziyada müəllifi və aparıcısı olduğu
"Bəstəkarlarımızın portreti", "Sənətə
həsr olunmuş ömür", "Poeziya
və musiqi",
"Romans axşamı" və xüsusilə "Xalq musiqisi inciləri"
silsiləsindən "Muğam
sənəti haqqında",
muğam dəstgahlarına
həsr olunmuş verilişləri tamaşaçıların
yaddaşına həkk
edilib.
"Milli musiqişünaslığımızın
iftixarı" adlı
kitabın tərtibçisi,
mərhumun qızı
Leyla Zöhrabova tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirərək nəşr
haqqında öz fikirlərini bölüşüb. Bildirib ki, kitabda Ramiz
Zöhrabovun müxtəlif
illərdə həm ölkəmizdə, həm
də rus dillərində jurnal, məcmuə, qəzet və kitablarda musiqişünaslar, bəstəkarlar,
ifaçılar haqqında
dərc olunan seçilmiş elmi-publisistik
məqalələri və
resenziyaları əksini
tapıb.
Tədbirdə, həmçinin, Əməkdar
müəllim, professor Səadət
Seyidova "Ramiz Zöhrabov - milli musiqişünaslığımızın iftixarı" kitabı haqqında", professor Cəmilə
Həsənova "Ramiz
Zöhrabovun elmi yaradıcılığı", Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı "Ramiz
Zöhrabovun maarifçilik
fəaliyyəti", sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Bənövşə
Rzayeva "Ramiz Zöhrabovun pedaqoji fəaliyyəti haqqında"
məruzələrlə çıxış
ediblər.
Sonra tədbirin bədii hissəsində Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestri bəstəkarın
"Uşaq lövhələri"
Süitasından "Tap görüm"
adlı hissəni,
"Qavalla rəqs"ini
və "Musiqi lövhələri" Süitasının
birinci hissəsini ifa edib.
Tədbir
iştirakçıları, həmçinin, Bəsti Qasımova və Orxan Cəlilovun ifasında R.Zöhrabovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi
"Hər gün",
o cümlədən, Beynəlxalq
müsabiqələr laureatı
Rövşən Qurbanovun
(tar), Əməkdar artist Toğrul
Əsədullayevin (kamança),
Əlibala Rzayevin
(piano) və Amil Mustafayevin (nağara) müşayiəti ilə
Muğam televiziya müsabiqəsinin laureatı
Rəvanə Qurbanovanın
ifasında "Məhəbbət
yollarında" mahnılarını
dinləyiblər.
Sonda R.Zöhrabovun
ailəsi adından qızı Leyla Zöhrabova çıxış
edərək tədbirin
keçirilməsinə görə
Azərbaycan Bəstəkarlar
İttifaqının kollektivinə
təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 24 may.- S.8.