Akademik Məmməd Cəfər Cəfərov Mollanəsrəddinşünas alim kimi

 

MƏMMƏD CƏFƏR CƏFƏROV-110

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatşünaslığı elminə verilən yüksək dəyərin bariz nümunəsidir.

 

Sərəncamda qeyd olunduğu kimi, akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir.

Azərbaycan ədəbiyyatşünaslıq elmində Naxçıvan ədəbi və elmi mühitinin formalaşdırdığı filologiya elmləri doktoru, professor Əziz Şərif (1895-1998), akademik Məmməd Cəfər Cəfərov (1909-1992), AMEA-nın müxbir üzvü Abbas Zamanov (1911-1993), akademik İsa Həbibbəyli (1949) kimi alimlərin müstəsna xidmətləri vardır. Bunlardan elmin ən yüksək zirvəsini fəth etmiş iki ədəbiyyatşünas - akademik Məmməd Cəfər və akademik İsa Həbibbəyli həm də ədəbiyyat nəzəriyyəçisi kimi sanballı tədqiqatlar ortaya qoymuş, xüsusən Azərbaycan romantizminin nəzəri əsaslarını, ideya xüsusiyyətlərini, dünya romantizmi ilə oxşar və fərqli cəhətlərini, romantik lirikanın hansı imkanlara malik olduğunu müəyyənləşdirmişlər. Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim, dekan, kafedra müdiri, "Ədəbiyyat qəzeti"nin redaktoru, Azərbaycan Yazıçılar İttifaqının Tənqid və ədəbiyyatşünaslıq bölməsinin müdiri olmuşdur. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Müasir ədəbiyyat və Ədəbiyyat nəzəriyyəsi şöbələrinin müdiri, institutun direktoru, akademik katibi vəzifələrində çalışmış, 1987-ci ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda elmi fəaliyyətini davam etdirmişdır.      

Azərbaycan-rus ədəbi əlaqələrinin, Azərbaycan və Avropa klassik ədəbi irsinin, romantizmin tədqiqinə və s. mövzulara həsr olunmuş 30-dan çox monoqrafiya, kitab, dərslik, 300-dən çox məqalə onu tənqidçi, ədəbiyyatşünas-alim kimi səciyyələndirir.

"Rus ədəbiyyatı tarixi oçerkləri" (1939), "Rus klassikləri" (1969) və üç cildlik "XIX əsr rus ədəbiyyatı tarixi" (1970, 1974) dərslikləri, "Klassiklərimiz haqqında" (1948), "M.F.Axundovun ədəbi tənqidi görüşləri" (1950), "Ədəbi düşüncələr" (1958), "Füzuli düşünür" (1959), "Hüseyn Cavid" (1960), "Azərbaycan ədəbiyyatında romantizm" (1963), "Cəlil Məmmədquluzadə" (1966), "Estetik zövq haqqında" (1965), "Mütəfəkkirin şəxsiyyəti" (1966), "Estetik tərbiyə, ailə və məktəb" (1967), "Həyatın romantikası" (1968), "Sənət yollarında" (1975), "Nizaminin fikir dünyası" (1982) və s. kitabmonoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz elmi sanbalını, aktuallığını bu günsaxlayan əvəzsiz mənbələrdir. Zəngin və çoxşaxəli elmi fəaliyyətilə yanaşı, akademik Məmməd Cəfər bədii yaradıcılıqla da məşğul olmuş, "Zurnaçı", "M.N.", "Dəmdəməki", "Zorən təbib", "M.Zeynaloğlu" imzaları ilə hekayələr çap etdirmiş, miniatür, novella, povest janrlarında qələmini sınamışdır ("Əntiqə adamlar"). İlk bədii əsəri 1942-ci ildə nəşr olunmuş oçerklərdən ibarət "Snayper İlyas" adlı kitabıdır. Son dövrlərdə akademik İsa Həbibbəyli tərəfindən "Get dolangilən, xainsən hələ" adlı 1965-ci ildə qələmə alınmış, 4 pərdə, 7 şəkildən ibarət pyesi çapa hazırlanmış və 2017-ci ildə nəşr olunmuşdur. Tragikomediyada elmi-tədqiqat institutlarından birində baş verən hadisələrin fonunda keçmiş sovet cəmiyyətindəki ziddiyyətlər göstərilmiş, yeniləşmə zərurəti irəli sürülmüşdür. Əsər ideya-bədii xüsusiyyətlərinə görə, Azərbaycan dramaturgiyasının mühüm yaradıcılıq nailiyyətlərindən biri hesab olunur. Akademik İsa Həbibbəylinin sözləriylə desək, Azərbaycan elmində milli romantizmşünasların, romantizm tədqiqatçılarının əsas rəhbəri və müəllimi Məmməd Cəfər Cəfərov həm də realizmə dair - böyük mütəfəkkir Mirzə Fətəli Axundovun şəxsiyyəti, ədəbi-tənqidi görüşləri, Azərbaycan tənqidi realizminin yaradıcısı Cəlil Məmmədquluzadə, məşhur mollanəsrəddinçi şair Mirzə Ələkbər Sabir, satirik şeirlər, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi haqqındakı tədqiqatları ilə də seçilməyə müvəffəq olmuşdur.

1960-cı illər həm böyük Azərbaycançı ədib, istedadlı dramaturq, nasir, kiçik hekayənin böyük ustadı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinə hazırlıq işləri aparılırdı, həm də 1966-cı il bütün türk-müsəlman dünyasını aydınladan bir satirik məcmuə olan, Cəlil Məmmədquluzadənin şah əsəri "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 60 illik yubileyi tamam olurdu. Görkəmli alimin Cəlil Məmmədquluzadənin yazıçı, jurnalistictimai xadim kimi fəaliyyətindən bəhs edən əsərinin 1966-cı ildə tamamlanması, əlbəttə ki, təsadüfi deyildi. Həm də Məmməd Cəfər dahi ədibin 100 illik yubileyi münasibətilə SSRİ Yazıçılar İttifaqının Birləşmiş Plenumunda 1966-cı ildə məruzə etmişdir.

 

Bu məruzənin mətni "Cəlil Məmmədquluzadə haqqında söz" adı ilə "Sənət yollarında" kitabında yer almışdır. Eyni ildə qələmə alınmış "Həmişə bizimlə" məqaləsində Cəlil Məmmədquluzadənin bədii yaradıcılığının və onun təşkilatçısı, naşiriredaktoru olduğu "Molla Nəsrəddin" jurnalının təsir dairəsinin bir ölkə ilə, bir xalqla məhdudlaşmadığını, islamın intibahında, müsəlman cəmiyyətinin islah edilməsində həlledici rol oynadığını yazmışdır. Çünki 1966-cı ildə SSRİ-nin tərkibində olan, dini ateizmin təbliğ olunduğu bir zamanda islam dininin intibahından danışmağın özü böyük cəsarət tələb edirdi.

 

Akademik Məmməd Cəfər Azərbaycan ədəbiyyatında bir sıra yeniliklərə imza atan dahi mütəfəkkir Mirzə Fətəli Axundovla başlayan realist ədəbiyyatı Cəlil Məmmədquluzadənin yüksək xəlqilik, zəngin milli kolorit, müasir ruhestetik zövqə əsaslanaraq fikir, düşüncə ədəbiyyatı, döyüşkən ədəbiyyat, sözaltı məna ədəbiyyatı, yəni XX əsrin tələb etdiyi ədəbiyyat səviyyəsinə qaldırdığını "sosialist realizmi" və ya "tənqidi realizm" terminlərindən istifadə etmədən vurğulayaraq Mirzə Cəlil yaradıcılığına yeni həyat bəxş etməyə nail olmuşdur. Məqalədə, həmçinin, jurnalın əsas müəlliflərinin tarixi xidmətlərini xatırlatmaqla yanaşı, dəyərli alim bu əvəzsiz mənbənin müasiri olduğu dövr və gələcək üçün əhəmiyyətini, aktuallığını xüsusi vurğulayaraq, onun faksimilesinin nəşrini başa çatdırmağı əsas vəzifələrdən biri kimi qiymətləndirmişdir. Məqalədə Cəlil Məmmədquluzadə zəngin ictimai məzmunlu əsərləri ilə, xalq üçün döyünən nəcib qəlbi ilə bizim canlı, müdrik müasirimiz adlandırılır, xüsusən hər cür cismaniruhani əsarətə qarşı mübarizə aparan xalqlarçün çox mühüm əhəmiyyəti olması baxımından Mirzə Cəlilin əsərlərinin və satirik jurnalın Qərb dillərinə tərcüməsi, nəşri və tədqiqatı amili də diqqət mərkəzinə çəkilir. Ədəbi əlaqələrin inkişafında qarşılıqlı tərcümələrin rolundan bəhs edərkən öz xalqının ədəbiyyatına dərindən bağlı olan alim Azərbaycanın dünya ədəbiyyatının inkişafına xeyir verəcək dahi söz ustalarını dünya dillərinə sistemli və ardıcıl tərcümə etməyin artıq zamanı yetişdiyini qeyd etmişdir: "Məlumdur ki, mədəni xalqların çoxu bədii söz ustalarını dünyaya tanıtdırmışlar və biz onların əsərlərini tərcümə edir, öyrənir, onlardan faydalanıb ədəbiyyatımızı inkişaf etdiririk. Biz özümüz də yaradıcılığı bəşəri əhəmiyyət kəsb edən yazıçılarımızı xalqlara yaxşı tanıtdırmalıyıq ki, onlar da bizim söz ustalarımızın yaradıcılığından, mütərəqqi fikirlərindən faydalana bilsinlər". 

"Cəlil Məmmədquluzadə haqqında söz" adlı məruzəsində dəyərli alim Cəlil Məmmədquluzadəni aydın məqsədi, yüksək amalı ilə ədəbiyyata gələn, xalqının azadlığı naminə əlinə qələm alan, xalq, vətən haqqında hərtərəfli düşünən, varlığı çox əhatəli bir baxışla dərk edən yazıçılardan hesab edərək onun yaradıcılığını millilik, beynəlminəlçilik, insanpərvərlik baxımından yüksək dəyərləndirir. Akademik Məmməd Cəfər görünür, ötən əsrin 60-cı illərində də ədəbi mübahisəyə səbəb olan çox mühüm bir məsələyə də bu məruzəsində aydınlıq gətirmişdir. Bu gün olduğu kimi, o zamanlar da tənqidi realizmin mahiyyətinin nədən ibarət olduğunu anlamayanlar Mirzə Cəlili cəmiyyətin müsbət cəhətlərindən yox, nöqsanlarından yazmaqda təqsirləndirmişlər. Alim bu iradlara cavab olaraq Mirzə Cəlilin yüz illərlə yatmış millətin qulağına dirilik şeypuru çalmaqda onların bəsirət gözünü açmağı, dostu ilə düşmənini tanıtdırmağı, zülmü rədd etmək əhval-ruhiyyəsini yaratmağı əsas məqsəd olaraq qarşıya qoyduğunu və azadlıq uğrunda böyük məqsədlərə çatmaqçün cəmiyyəti tamamilə yenidən qurmağın zamanı gəldiyini yazdığını qeyd edir: "Cəlil Məmmədquluzadənin cəmiyyətin nöqsanlarına qarşı amansız olması belə bir yüksək və müsbət estetik ideal ilə əlaqədar idi!" Həqiqətən də, tənqidi realizmin əsasını ayrı-ayrı şəxslərin tənqidi, islah olunması deyil, bu şəxsləri meydana gətirən ictimai quruluşun tənqidi və onun məhvə məhkumluğunun ortaya qoyulması təşkil edirdi. Məruzənin sonunda Cəlil Məmmədquluzadə nəsri lakonizmi, dramaturgiyası qəhrəmanın ümumxalq taleyi haqqında düşünməsi və böyük ictimai ideal uğrunda mübarizə aparması baxımından nümunəvi bir yaradıcılıq, dahi ədibin özü isə cəsarəti, möhkəm əqidəsi, sarsılmaz iradəsilə müasir dövr və gələcək nəsillər üçün nümunə adlandırılmışdır.  

Dəyərli alimin tarixi romanlar ustadı Məmməd Səid Ordubadinin anadan olmasının 100 illik yubileyi münasibətilə 1972-ci ildə qələmə alınmış "Ordubadi haqqında söz" məqaləsində bir şair, dramaturq, jurnalist, memuarist, siyasi publisist, tərcüməçi, qüdrətli nasir-romançı, həm də bir Şərqşünas alim kimi zəngin bir irs qoyub getmiş Azərbaycan ədibinin yaradıcılığı, tarixi xidmətləri sadalanır, Ordubadi sözün yüksək mənasında xalq yazıçısı, xalq adamı adlandırılır.

Cəlil Məmmədquluzadənin sözlərilə böyük satirik şair Mirzə Ələkbər Sabir haqqındakı oçerkini "Hünərvər şair" adlandıran akademik Məmməd Cəfər Sabir yaradıcılığının müasirlik ruhunu xüsusi bir məhəbbətlə araşdırmışdır. Dəyərli alim Sabirin də, digər mollanəsrəddinçilər kimi, geridə qalmış vətəndaşı müasir ruhda tərbiyə etmək kimi böyük bir vəzifəni öz üzərinə götürdüyünü, cəhalətlə mübarizədə hansı üsullar və vasitələrdən istifadə edəcəyini çox yaxşı bildiyini qeyd etmişdir.

Yuxarıda qeyd etdiklərimizdən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan ədəbiyyatı, rusAvropa ədəbiyyatına dair tədqiqatları ilə Azərbaycan ədəbiyyatşünaslığı, Azərbaycan romantizmşünaslığı, füzulişünaslığı tarixində önəmli mövqeyə malik olan akademik Məmməd Cəfər həm də mollanəsrəddinşünas alim kimi özünəməxsus həqiqət, doğruluq və səmimiyyətlə öz sözünü demişdir. Onun görkəmli mollanəsrəddinçilər haqqındakı tədqiqatları həm elmi qənaətlərinin dəqiqliyi, düzgünlüyü, həm də emosionallığı ilə, güclü məntiqi ilə diqqəti cəlb edir.   

 

Aygün Orucova

Filologiya üzrə fəlsəfə doktoru AMEA Naxçıvan Bölməsi

 

525-ci qəzet.- 2019.- 25 may.- S.23.