Uzaq və yaxın Meksika
(Əvvəli ötən şənbə saylarımızda)
Meksikada
pivə də çox içilir və pivə sifariş verildikdə, onun "bianko" və ya "neqro" - ağ
və qara olması soruşulur. Qara pivə ağ pivənin
içməyə öyrənənlərə
ekzotik məhsul kimi daha xoş
gəlir və irland qara pivəsindən
fərqli olaraq bu, o qədər də acı olmur.
Qədim xalq içkisi isə şokoladdır, ancaq əvvəllər onu indi olduğundan
başqa cür hazırlayırdılar. Buradan həmin
içki bütün
dünyaya yayıldı.
Meksikalılar bəzi xörəklərə
bol şokolad sousu əlavə edirlər. Mexikonun "Dörd atlı"
restoranında meksikalı
dostlarımız hinduşka
əti sifariş verdilər. Qarnir kimi düyünün
üstü qara şokolad sousu ilə örtülmüşdü.
Hinduşka əti də çox yumşaq idi, bıçaq onu yağ kimi
kəsirdi.
Digər katolik ölkələrində
olduğu kimi, Meksikada kilsə bayramları çoxdur. Bayrama əvvəlcədən
hazırlaşırlar və
bütün mahaldan qonaqlar dəvət edirlər. Hindu icmalarında
təşkil edilən
kilsə bayramlarında
köhnə hindu
mərasim rəqslərinin
ifasını da görmək mümkündür.
İspanlar fiestaları sevdikləri kimi, meksikalılar da karnavalların vurğunudurlar. Şəhərlərdə belə karnavallar
doqquz gün davam edir. Qadınlar, qızlar çox bəzəkli paltarlar geyinirlər, kişilər
də onlardan geri qalmamağa çalışırlar. Lakin buradakı karnavallar Rio-de-Janeyronun məşhur karnavalı ilə müqayisədə uduzurlar.
Karnaval iştirakçıları utanmağa
məhəl qoymadan həm də erotik səhnələr nümayiş etdirirlər.
Lakin ən maraqlı və təəccüb doğuran
bayram ölənlərin
yad edilməsi və ya "ölülər günüdür". Meksikalılar doğumu və ölümü həyatın
fazaları hesab etdiklərindən, digər
xalqlarla müqayisədə
ona başqa cür münasibət bəsləyir, ölümü
fəlakət rəmzi
kimi qəbul etmirlər. Meksikalıların bayramları içərisində
bu, ən milli bayram olmaqla,
onların qədim dini və fəlsəfi
baxışlarını çuğlaşdırılmış
şəkildə ifadə
edir və bunda adamların ölümə münasibətlərinin
özünəməxsusluğu öz əksini tapır. Həmin gün matəmi
yad etməkdən əsər-əlamət olmur,
şadlıqla keçən
bir bayram şənliyinə çevrilir.
Qəbiristanlıqda hüzn
yeməyindən sonra yaşlı adamlar şadlanmağa başlayır,
uşaqlar isə Meksika barədə sənədli filmin müəllifi, məşhur
kino xadimi Sergey Eyzenşteynin yazdığı
kimi: "Şəkərdən
düzəldilmiş adam başlarını
və kiçik qəbirlər formasındakı
şokoladı yeyir və insan skeleti
şəklində olan
oyuncaqlarla əylənirlər".
Biz 9 noyabrda Akapulkoda
olarkən məni şəhərin eks-meri evinə qonaq dəvət etdi və dəvət xanımının xahişi
əsasında olduğuna
görə etiraz edə bilmədim və bir nəfərlə
ora getdim. Onun evi şəhərin şimal
tərəfində, təpənin
üstündə yerləşirdi
və oradan Sakit okean sahilinə
gözəl mənzərə
açılırdı. Evin həyəti subtropik meyvə ağaclarından
ibarət bağla örtülü idi.
Ev sahibəsi ilə tanış
olduq, sifətindəki
hindu cizgiləri onun an azı metis olduğunu göstərirdi. Dəvəti qəbul etdiyimizə
görə səmimi şəkildə minnətdarlığını
bildirdi. Biz qonaq otağına keçdik və professor qonşu otaqdakı o qədər də zəngin olmayan kitabxanasını göstərdi.
Bizi bayram münasibətilə
hazırlanmış şirniyyatlara
və digər milli xörəklərə
qonaq etdilər. "Ölülər günü" olmasına
baxmayaraq, biz məclisdə
heç bir hüzn əlaməti hiss etmədik, əksinə, evdə şadlıq əhval-ruhiyyəsi hökm
sürürdü.
Hər bir meksikalıya uşaqlıqdan tanış
olan gülən ölümün karnaval obrazı, zamanın hər şeyə qalib gəldiyini təcəssüm etdirir. Zaman daim dünyaya məhv olma və yeniləşmə gətirir - bu obraz xalqın həyatı necə hiss etməsini açmaqla yanaşı, yaşanılan
ömürün və
ölümün birliyi,
vəhdəti barədə
qədim astek konsepsiyasını əks
etdirir.
Ümummilli bayramlar içərisində
İstiqlaliyyətin elan
olunması Günü
meksikalılara xas olan şadlanmaqla, hay-küylə, qələbəliklə,
əlvan tamaşa səhnələri ilə
keçirilir.
Meksikalıların sevdikləri oyun, öküz döyüşü
- korridadır. İlk öküz döyüşü
hələ 1529-cu ildə
keçirilmişdi, bu
vaxt Meksikanın işğalından vur-tut
10 il keçirdi.
İndi isə o, milli bayrama çevrilmişdir.
Cavanların öz cəldliyini
və cəsarətini
göstərmək oyunlarından
digəri isə rodeodur. Öküzü quyruğundan tutub
yerə yıxır və sonra onu
minib çapırlar.
Meksikada futbola da həmçinin,
böyük azarkeşlik
göstərilir.
Şifahi poeziya və musiqi Meksikada geniş yayılmışdır. Xalq yaradıcılığında
onların iki əsas mənbədən
olan axını - ispanların və meksikalıların folklorunun
bir-birinə çuğlaşmış
sintezində vahid mahiyyəti əks etdirir. Poeziyada ispan şeir
ənənələri üstünlük
təşkil edir.
Bütövlükdə isə Meksikada
şifahi xalq yaradıcılığı müxtəlif
dillidir. Hər bir
yerdə meksikalıların
və hinduların öz rəvayətləri,
əfsanələri vardır
və onlar bəzən Kolumbdan əvvəlki epoxaya gedib çıxır.
Mahnı folkloru da zəngin
və rəngarəngdir. Onun ən
maraqlı forması balladadır - siyasi xarakterli korridodur. Korrido demokratik janrdır və onu xalq
özü qoşur.
Bu mahnıları, adətən, gitaranın müşayiəti ilə
kişilər oxuyur.
Qoşulub, bəstələnib oxunan mahnılar bir müğənnidən
digərinə keçir.
Mahnılarda ispan təsiri
güclü olsa da, yüzillər ərzində onlara Meksika xalq lirikasının
ritm və melodiyasının təsiri
keçmişdir və
daha yumşaq səslənməni qəbul
etmişdir.
Meksikalılar, ümumiyyətlə, çox
musiqi sevən xalqdır və buna nümunə - hər gün ölkənin musiqi həyatında özünü
göstərən köçəri
xalq orkestrləri - mariaçilərdir. Onlar, əsasən, simli
alətlərdən - gitaralardan,
skripkalardan ibarətdir.
İndi isə ona trubanı
də əlavə edirlər. Belə orkestrin tərkibində
12-yə qədər musiqiçi
olur. Onlar şəhərləri və kəndləri gəzir, yarmarkalarda və toylarda çalırlar. Mariaçilər çox kiçik məbləğə də
istənilən sifarişi
yerinə yetirirlər.
Mariaçi musiqisinin və gitaraçılar dəstəsinin
çalğısı altında
meksikalıların xalq
rəqsləri ifa edilir. Meksikalıların rəqsləri də
özünəməxsusdur. Ən geniş yayılmış
rəqs xarabe tanatiodur, onu tanqo kimi cütlüklər
ifa edir.
Professional
ədəbiyyatda, təsviri
sənət və fəlsəfədə də
iki çox fərqli mədəniyyətlər
dünyası birləşmiş,
ispan ənənələri
hindu mədəniyyətini
tamamlamışdır. Öz ifadəsini
bu, təsviri sənətdə daha çox tapmışdır.
Dieqo Riveranın, Xose Oroskonun, David Sikeyrosun əsərlərində
ənənəvi motivlər
çox güclüdür,
burada söhbət üslüblaşdırmaqdan deyil,
həqiqi vərəsəlikdən,
xalq ənənələrinin
ruha nüfuz etməsindən gedir. XX əsrin bu nəhəng
rəssamları öz
fərdi fərqliliklərinə
baxmayaraq, onları yeni sənətlə qədim xalq ənənələri arasındakı
körpü birləşdirir.
Meksika divar rəsmləri - murallar barədə ayrıca danışmaq lazımdır, çünki bu növ rəngkarlıq ölkədəki yaradıcı insanların sənətində xüsusi və daha böyük yer tutur. Binaların divarlarında, hasarlar üzərində böyük rəsmlər çəkmək adi hal xarakteri daşıyır. Latın Amerikasının digər şəhərlərində də divar rəsmlərinə tez-tez rast gəlmək olur. Mexikonu gəzdikcə dahi rəssamların yaratdıqları incilər göz oxşayır.
Tikililərin böyük düz səthini hansısa bir mövzudakı rəsmlərlə bəzəmək Kolumb epoxasına qədərki Meksika incəsənəti üçün xarakterik idi. Teotiuakan və Yukatan məbədləri bu qaydada bəzədilmişdi. Mexikonun kasıb adamların yaşadığı ucqar qəsəbəsində sınıq-salxaq evlər olduqca pis görünüşə malik idi. Şəhər meriyası çıxış yolunu tapdı, xeyli miqdarda boya ayırdı və könüllü rəssamları mural çəkməyə cəlb etdi. Beləliklə, 2 hektar ərazidə evlərin əvvəlki miskin görünüşü divarlara çəkilən muralların və rəngarəng boyaların hesabına dəyişib, əvvəlkindən fərqli olan cazibədar bir mənzərə yaratdı.
Müasir monumentalist rəssamlar köhnə ənənələri mexaniki deyil, öz yaradıcılıqlarına üzvi surətdə qəbul etməklə və onları rəngkarlıq texnikasının ən yeni nailiyyətləri ilə birləşdirməklə, özünməxsusluğu ilə fərqlənən təkrarolunmaz yüksək sənət yaratmışlar və bu əsərlər həm də nəhəng sosial səslənməyə sahib olmuşdur. Murallarda abstrakt (mücərrəd) üsluba da geniş yer verilir. İctimai binaların otaqları və fasadı çoxrəngli rəsmlərlə örtülür. Bu əsərlərin mövzusu çox hallarda Meksika xalqının böyük keçmişi ilə, onun İstiqlaliyyət uğrunda mübarizəsi ilə, 1910-1917-ci illərin inqilabi hadisələri, dövrün sosial problemləri ilə bağlı olur. Burada Meksika incəsənətinin demokratik ənənələri, rəssamların öz xalqına xidmət göstərmək, faydalı olmaq istəyi üzə çıxır. Dieqo Riveranın sözlərinə görə, Meksika rəssamları istərdilər ki, onların divar rəsmləri, əks olunmasında Meksika xalqının özünü gördüyü iri güzgüyə çevrilsin.
Meksika ədəbiyyatı da xeyli inkişaf etmiş, Xuan Rulfonun, Karlos Fuentesin, Oktavio Pasın əsərləri dünya şöhrəti qazanmışdır.
Ölkənin bir-birinə bənzəməyən regionları
Meksikanın ərazisi təbii şəraitinə görə, həm də inkişaf səviyyəsinə və əhalinin etnik tərkibinə görə olduqca rəngarəngdir. Ölkədə 8 iqtisadi rayon vardır və onlar başlıca iqtisadi zonaları təmsil edirlər.
Mərkəzi-cənub rayonu sahəsinə görə ölkənin əkinçilik rayonlarından biridir, lakin həmin ərazi daim ölkənin tarixi özəyi olmuşdur. Burada ən yüksək əhali sıxlığı vardır. Əsas məskunlaşma arealları dağlar arasındakı Mexiko, Toluka, Morelos məkanlarıdır. Bu rayonda heç bir iri çay arteriyası yoxdur. Su təchizatı da çox ciddi problem xarakteri daşıyır. Torpaqlar güclü surətdə eroziyaya uğramışdır, bu da kənd təsrərrüfatı ilə məşğul olmanı çətinləşdirir. Bu rayonun inkişafına paytaxt Federal mahalı güclü təsir göstərir.
Mexiko dağ halqası ilə bağlanmış vadidə yerləşir, bu dağların içərisində isə daim qarlarla örtülü Orisaba seçilir. İndiki Mexikonun yerində astek imperiyasının paytaxtı olan Tenoçtitlan yerləşirdi, bu şəhəri ispanlar qısa müddətdə viran qoymuşdular. Onlar Bağdadı, Tripolini, Xodeydanı və Suriyanın isə, demək olar ki, bütün şəhərlərini xarabalıq məkanına çevirən müasir monstr vandalların eybəcər işlərinə hələ yarım min il əvvəl elə bil ki, start vermişdilər. Mərkəzi və Cənubi Amerikaya qırğınlar gətirən, bütöv sivilizasiyaları, maddi və mədəni varlıqları məhv edən ispan konkistadorlarını üç əsr əvvəl Xarəzmi, Bağdadı xarabazara çevirən monqol ordaları ilə də müqayisə etmək olar. Vandallar harada olmalarından asılı olmayaraq eyni ssenari ilə hərəkət edirlər, daim viranəlik izlərinin müəllifləri kimi xatırlanırlar, dahi Nizaminin xarabalıqlar arxitektoru olması ilə öyünən Ənuşiravanını yada salırlar.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 25 may.- S.22.