Nəsimi və Füzuli: poetik sistemdə ədəbi
paralelizm
Dünya ədəbiyyatının özəl bir qanunauyğunluğu var: onun yaradıcısı olan sənətkarların əsərlərində bir-birinə oxşar motiv, söz, ifadə və
bənzətmələr mövcuddur. Bu hala klassiklərin əsərlərində
nadir hallarda, müasir şairlərin
yaradıcılığında mütəmadi olaraq rast gəlinir.
Bunu necə
adlandırmaq olar: ədəbi paralelizim, yoxsa plagiat?! Əlbəttə, söhbət klassik sənətkarların
gedirsə, bunu heç cür plagiat hesab etmək olmaz. Görkəmli folklor nəzəriyyəçisi
Benfey yazır ki, əslində, dünya ədəbiyyatı
bir neçə süjetdən, mövzudan ibarətdir. Bu mənada, hətta ayrı-ayrı
yazıçıların yaradıcılığında
mövzu oxşarlığı (təkrarı yox!) olması
da mümkündür. Məsələn,
dünya ədəbiyyatında insanlığı əbədiyyən
düşündürmüş, heyran etmiş, eşq məhəbbət
mövzusunda yazmayan şair və yazıçı tapmaq
çətindir.
Dünyanın həm qədim, həm mövzuca, həm
də poetik baxımdan zəngin bədii irsi Azərbaycan ədəbiyyatı
da bu vəziyyətdən xali deyil. Bu baxımdan ədəbiyyatımızın
iki dahi şairi İmadəddin Nəsimi (1369-1417) və Məhəmməd
Füzuli (1496-1556) yaradıcılığını
müqayisəli təhlil aparmağı mümkün və
lazım hesab edirik. Nəsimi XIV əsrin II yarısı
və XV əsrin əvvəllərində Füzuli isə
(dörd il nəzərə alınmamaqla)
XVI əsrdə yazıb yaratmışdır. Təvəllüd
tarixlərində bir əsrdən artıq - 126 il
fərq var. Belə fərqli zamanlarda yaşayıb
yaratmaları onların zəngin və mənalı bədii
irsində müəyyən ədəbi-fəlsəfi paralellərin
olmasını inkar etmir. Ən azı ona görə
ki, orta əsr şairlərinin əksəriyyəti kimi, bu
mütəfəkkirlər də min illik böyük bir tarixi
qapsayan sufizmin (təssəvvüfün) təsiri ilə
yazıb yaratmış, hətta sufizmin (hürufizmin)
poetikasına qiymətli yeniliklər gətirmişlər.
Bəli
paralelizmlərin yada salaq:
Nəsimi:
Səni
bu hüsnü camal, bu kamal ilə görən
Qorxdular həqq deməyə, döndülər insan
dedilər.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 262 )
Füzuli:
Ey mələksima
ki, səndən özgə heyrandır sana
Həqq
bilir, insan deməz, hər kim ki,
insandır sana.
(Füzuli
M. Əsərləri Altı cilddə, I cild, Bakı, 1994, səh.
42)
İlk baxışdan bu bədii paralelizm hətta plagiat
təsiri bağışlayır. Hər ikisində də motiv eynidir:
Məşuqənin gözəlliyi o qədər kamil və
qüsursuz, ona olan eşq o qədər böyükdür ki,
ona həqq deməyə insan qüdrəti çatmır,
insan deyir. Həqiqətdə isə burada (ümumən sufi poeziyasında!) məşuq - gözəl
Allahdır, ona olan sevgi, ilahi səciyyəyə malikdir. Ümumiyyətlə, insan Allahdır - ənəlhəqq
ideyası hürufizmdə, Nəsimidə konkret, Füzulidə
isə mücərrəd ibarəli xarakterdədir. Bunu
dahi şair özü də etiraf edir:
"Çətin anladılan ibarələrə və
məzmun incəliyinə yaradılışımda bir məhəbbət
var".
(Füzuli M. Əsərləri Altı cilddə, III cild,
Bakı, 1994, səh. 16)
Burada şübhəsiz ki, dahi şair şeir dilinin
obrazlığını, bədii təsvir vasitələrinin
zənginliyini nəzərdə tutur. Əsl şeir hamı
üçün deyil, onu dərk edənlər
üçündür.
Nəsimi:
Dərdi-məhəbbət
aşiqə dərman yetər, var, ey həkim,
Hərdəm mana bir dərd ilən artırma dərman
üstünə. (Nəsimi. Seçilmiş
əsərləri. Bakı: Azərnəşr, 1973, səh.
62 )
Nəsimi:
Dərdimin
dərmanına heç kimsə bulmaz çün əlac,
Yaridən özgə nə çarə söyləgil
sən ey təbib.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 27 )
Füzuli:
Eşqdən
canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə
pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Var bir dərdim
ki, çox dərmandan artıqdır mənə,
Qoy məni
dərdimlə, dərman eyləmə, var, ey həkim!
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 212)
Yaxud
Füzulinin digər bir qəzəlində:
Eşq dərdilə
xoşam, əl çək əlacımdan, təbib,
Qılma
dərman kim, həlakim kim zəhri-dərmanındadır.
(Füzuli M. Əsərləri. Altı cilddə, III cild, Bakı, 1994, səh.
125)
Nəsimidə
I beyt: Dərdi məhəbbət olana dərmanı həmin məhəbbətdədir,
üstəlik, dərman - eşq dərdi verib, dərdimi
artırma, çıx get, ey həkim.
II beyt: Mənim
dərdimə heç kim dərman eyləyə bilməz,
çünki mənim dərdimin məni bu dərdə (eşq bəlasına!)
salan yarım - sevgilimdir.
Füzulidə
I beyt: Ey həkim, eşqdən canımda gizli bir xəstəlik
var, mən eşq xəstəsiyəm, dərdimi xalqa bildirmə.
Bu, elə (xoş) bir dərddir ki, ən
yaxşı dərmandan artıqdır. Məni dərdimdən
ayırma, dərdimə dərman etmə, çıx get, ey həkim.
II beyt: Ey
təbib mənə əlac etmək fikrindən əl çək.
Eşq dərdi mənə xoşdur. Mənə dava-dərman etmə, mənim
ölümüm sənin zəhərə dönmüş dərmanındadır.
Dərman verib, məni öldürmə. Ümumən, Füzuli (və orta əsrlərin əksər
şairləri) bu qənaətdə idi ki, haradan gəlməsindən
asılı olmadan "dərd şairlərin sərmayəsidir". (Füzuli M. Əsərləri.
Altı cilddə, III cild, Bakı, 1994, səh.
15)
Cigərdə
dağı, könüldə məlalı olmayanın,
Sözündə
sanma ola zövqü oxşayan qüdrət.
Fərəhlə
eyş sözə zövq bəxş edə bilməz,
Sözün
canı sayılır qüssə,qəm,
kədər, möhnət.
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 15)
Sən demə, qəm, kədər, möhnət həqiqi
şeiri doğuran cəhətdir, kədərlə
yazılmayan şeir zövq bəxş edə bilməz. Kədər və zövq:
- poetik paradoks deyilmi?! Daha bir neçə bədii
paralelizmi qeyd edək. Akademik şeirimizin ilk nümayəndəsi
İzzəddin Həsənoğlu yazır:
Apardı
könlümü bir xoş can fəda dilbər.
Nəsimi
yazır:
Apardı könlümü məndən bu gün ol, cənnətin
hurisi.
Nəsimi:
Düşdü
Nəsiminin başı zülfü kimi ayağına,
Düşəli
can gözü anın bədri-müəmməm alına.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 27)
Füzuli:
Zülfi
kimi ayağın qoymaz öpəm nigarım,
Yoxdur onun yanında bir qılca etibarım.
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 223)
Belə oxşar beytlərə, bədii paralelizmlərə
çox misal gətirmək olar. Lakin gəlin əsas məsələdən
- SÖZdən söhbət açaq.
Orta çağların (elə sonrakı dövrlərin
də!) ədəbiyyatında ən müqəddəs
varlıq olan söz haqqında söz deməyən şair
tapmaq çətindir. Dahi şair Nizami Gəncəvi məşhur
"Söz" şeirində belə deyir.
Sözün
də su kimi lətafəti var,
hər
sözü az demək daha xoş olar.
İnci tək
sözlər seç, az danış, az
din,
qoy
öz sözlərinlə dünya bəzəsin.
Şah və
şair Xətai ondan bir neçə əsr sonra çox
konkret deyib:
Söz
var kəsdirər başı,
Söz var kəsər savaşı.
Nəsimi və Füzuli ənənə tandemində
SÖZə münasibətində də paralel məqamlar
vardır. Nəsimi öz sözünə böyük dəyər
verir, onu nadir adamların, xiridarların başa düşəcəyi
mənalarla doğru yüksək dəyər hesab edirdi.
Nəsiminin
söz meyarı ali əyarları
ölçmək üçün idi.
Heç
kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 28)
Çünki:
Nəzmi Nəsiminin yəqin Allahu Nurun şərhidir. (Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 314)
Yaxud: Sən
bu Nəsiminin dilini anla, bil sözün.
Kim, var bu dildən özgə bizim bir lisanımız.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 326)
Ya da: Gərçi
Nəsimi sözün dadını verdi, vəli
Kim bu
sözü fəhm edər, kim bu xəyalı
bilər.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 451)
Mövlana Məhəmməd Füzuli həm klassik bədii
sözün özünü yaradıb, həm də
sözün bədii-poetik mahiyyətini, onun fəlsəfəsini
şərh edib.
İlahi feyzdən bir xəzindir söz.
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 12)
Sözə
xor baxmaq olmaz, hər bir söz
Ərşdəndir,
gəlib hədiyyət bizə
Qəlbimiz
meyl edir həmişə ona
Çünki söz nazil oldu qəlbimizə.
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 11)
Söz yaradanın mədhü-sənası, nəğməsidir.
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 12)
Sözün
ölməzliyinə söz yoxdur
Biz gedərsək də, söz qalar baqi.
(Füzuli M. Əsərləri. Altı cilddə, III
cild, Bakı, 1994, səh. 14)
Elə bütün bunlara görə Nəsimi kimi Fizuli
də qürur və əminliklə deyirdi ki, "Şeir
yazanın adı şeir vasitəsilə aləm səhifəsində
əbədi olaraq qalır". (Füzuli M. Əsərləri.
Altı cilddə, III cild, Bakı, 1994, səh.
12)
Göründüyü kimi, hər iki sənətkar
SÖZ-ü müqəddəs saymış, onu ilahidən
"nazil olan" bir misilsiz xəzinə hesab etmişdir. Bəlkə
elə ona görə də hər iki söz dühası
sözün şəninə SÖZ qəzəli
yazmışdır.
Nəsimi:
Dinləgil
bu sözü ki, candır söz,
Aliyü asiman məkandır söz.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 32)
Nəsiminin
"Söz" qəzəli bu beytlə başlayır:
Söz ruhdur və o uca göylərdən gəlib.
Füzuli
yazır:
Söz
candır, əgər bilirsə insan
Sözdür
ki, deyirlər özgədir can.
Bu beyt
dahi şairin bir qəzəlindəndir:
Əgər
insan dərk edirsə söz ruhdur,
başqa
məna vermək boş sözdür.
Bu oxşarlıq bədii təfəkkür eyniyyətindən
və sözün ilahi mənbəyi (Allah vergisi olan istedad və
ilham!) haqqında fikir ənənəsindən irəli gələn
oxşarlıqdır.
Nəsimi
"Söz"ündən bəzi beytlər:
Şeş cəhətdən münəzzəh anlavü bax,
Şoylə
kim xaliqi-cahandır söz.
Tulü ərz
ilə ümqü bulunmaz
Yəni bihəddü binişandır söz.
Əqli-küll,
ərşü kürsi, lövhü qələm,
Çar ünsür, nöh asimandır Söz.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 322)
Söz Allahın qüdrətini ifadə edir və əslində,
kaf və nun birləşməsindən əmələ gələn
"kon" sözü ilə Allah kainatı vücuda gətirdiyi
üçün yaradılışın ən əvvəli
sözdür.
Söz müqəddəsdir, "yaradanın mədhi-sənası,
nəğməsidir" (Füzuli) ki, "göylərdən
nazil olub".
Nazil olmaq
dörd səma kitabına "Tövrat", "Zəbur",
"İncil və "Quran"a aiddir ki, hətta onlarda
SÖZlə yazılıb.
Nəsimi:
Zahirü batin, əvvəlü axir,
Aşikaravü həm nihandır söz.
Kafü
nundan vücuda gəldi cahan,
Əgər anlar isən, əyandır söz.
Söz həm aydın, həm də gizlidir, sözün
qüdrəti də, gözəlliyi də bundadır, gizli
söz, yəni bədii, obrazlı söz deməkdir.
Füzulinin
"Söz" qəzəlində deyilir:
Xəlqə
ağızın sirrini hərdəm qılır izhar söz,
Bu nə
sirdir kim, olur hər ləhzə yoxdan var
söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Göründüyü kimi, Füzuli də sözün yoxdan var olması qənaətinə gəlir. Əli əleyhissəlam deyib ki, "hər kəs öz dilinin altındadır". Ona görə də Füzuli deyir ki, kimin səviyyəsi, istedadı nə dərəcədədirsə, onun özü də həmin səviyyədədir. Nəsimi kimi Füzuli də sözün qüdrətini Allahın qüdrətinə bərabər tuturdu:
Sözə
can ver ki, sən nə əcəl yuxulu tutanda,
Sözüm sən o yuxudan oyatsın, diriltsin.
Bu minvalla da Füzuli SÖZ-ü ölünü diriltmək
qüdrətinə, möcüzəsinə malik ilahi bir
güc hesab edirdi. Klassiklər belə bir
yaradıcılıq prinsipini həmişə əsas qəbul
etmişlər, "sözün yeri dar, mənanın yeri
geniş olsun". Nəsimi də, Füzuli də
"Söz" şeirlərini eyni qayda ilə (az qala təkrar tərzində!)
yekunlaşdırırlar.
Nəsimi:
Aqil isən sözü müxtəsər et
Ey Nəsimi,
çün bigiriftardır söz.
(Nəsimi. Seçilmiş əsərləri.
Bakı: Azərnəşr, 1973, səh. 322)
Füzuli:
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi
xar söz.
Hər iki sənətkar tarixin müxtəlif zaman kəsimlərində
yaşayıb yaratmalarına baxmayaraq, sözü müqəddəs
saymış, onun nüfuzunu daim cəsarətlə, inamla
qorumuş, "söz gözəlinin nazını çəkməyi"
(Füzuli) şairlərin vəzifəsi hesab etmiş,
sözü ilahi mənasında qoruyub saxlamaqla dünya
şöhrətini qazanmışdır. Orta əsrlər
bədii poetik sistemində Nəsimi və Füzuli biri digərini
tamamlayan iki mərhələdir.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 25 may.- S.18.