Əbədiyyət, yoxsa boşluq?!.   

 

 

 

"Ucalıqda olanda yazıçının həyatı tənhalıq içində keçir. Yazıçı təşkilatları onun tənhalığını bəzəyib-düzəyə bilər, amma çətin ki, işinin keyfiyyətini yaxşılaşdırsın. O, tənhalıqdan canını qurtarıb ictimai fiqur kimi ucalır və çox vaxt da bu, onun yaradıcılığına ziyan vurur. Çünki tək yazıb yaradır, əgər kifayət qədər yaxşı yazıçıdırsa, onun işi günlər keçdikcə irəlidə əbədiyyətin, yoxsa boşluğun olduğunu görməkdir".

ABŞ-ın İsveçdəki səfiri Con Kebot bu sözləri oxuduqca salon hüzünlü bir sükuta qərq olmuşdu. Zaman 1954-cü il, dünyanın müharibələrdən canı dincəlib, qəribə bir azadlıq, sülh havası bərqərardı və Ədəbiyyat üzrə Nobel mükafatçısı bu cür pessimist ovqatdadır. Yazıçı xəstə olduğu üçün yazdığı kiçik nitqi səfir oxumalı oldu... Amma hər cümlədən duyulan bədbinlik sadəcə xəstəliyin gətirdiyi hal deyildi. Nobel mükafatı yazıçı ömrünün növbəti qələbəsi, dayanacağı, aşaması idi və məhz belə anda insan "hər şey var, amma heçyoxdur" - düşüncəsinə qapılır. Ernest Heminqueyin Nobel nitqindən gətirdiyim yuxarıdakı parça insanı həyatla nəfəs-nəfəsə durmuş ölüm, yaxud qələbə ilə yanaşı addımlayan məğlubiyyət haqqında düşündürür. Və bu mənada həyatı da, yaradıcılığı da paradokslardan ibarət olan Heminqueyin "Klimancaro qarları" o qədər yerinə düşür ki.

Ölümqabağı ovqat min illərdir, sənəti düşündürən mövzudur. Ən qədim folklor nümunələrindən tutmuş müasir belletristik əsərlərə kimi bir çoxunda bu ideyanı görmək olur. Yəqin ki, yer üzündə ölüm kimi dəqiq heçyoxdur. Hamı öləcək, bundan qaçmaq mümkün deyil... Elə isə bu cür bonal və aydın mövzu sənəti niyə narahat eləsin?! Məncə, iddia ölümdən sonrakı həyatadır, ona görə. Yalnız Allaha məxsus olan yaratmaq qabilliyyətin varsabu yaratdıqların da başqalarına xoş gəlirsə, niyə öləsən ki?! Hə, bioloji ömrü uzatmaq mümkünsüzdürsə, bir az da taleyə inanıb "yazıya pozu yoxdur" - deyirsənsə, işin qəlizdir. Yaratdıqlarınla qalmaq, ən azı, yaddaşlarda iz buraxmaq istəyirsən. Üstəgəl, bizim "istedad" adlandırdığımız - yuxarıdan diktə. Bəli, istedad Allahın diktantıdır, sadəcə. Sən icraçısan, amma hər şeyi layiqincə yerinə yetirə bilirsənmi?! Bütün bu təzadları, gah özünlə, gah zamanla, gah keçmişlə, gah gələcəklə mübarizəni çəkməyə, aparmağa gücün çatırmı?!  Yaşayaraq yaradanda bunu düşünmürsən, amma elə ki, ölümün, yaxud qaçılmaz sonun xəfif havası üz-gözünə dəyir, düşürsən quyunun dibinə. Geriyə yol yox, sonunda işıq görünən tunel yox, hansısa zirvə, yaxud qələbə arzusunda deyilsən, yeni hisslərə, təzə arzulara həvəsin belə yoxdur. Yerdə nə qalır? Xatirələr. Məhz xatirələrini təftiş edib, "Düzmü yaşadım?" - sualının cavabını axtarırsan... "Klimancaro qarları" bu ovqatı, özünü təftiş edən yazıçı xarakterini dəqiq ifadə etdiyi üçün maraqlıdır. Və Heminqueyin, Nobel nitqi kimi qələbə qazanmış adamın, zirvəyə çatmış qəhrəmanın məğlubiyyətini göstərdiyi üçün qeyri-adidir.

Ayağında qanqrena başlayan, bədənində sürətlə çürümə gedən yazıçı Harri son günlərini yaşamaq üçün gəlib Afrikaya. Klimancaro buranın ən yüksək nöqtəsidir. Yerlilər bura "Allahların evi" deyirlər. Və burda, ilahi bir ucalıqda Harrinin keçirdiyi duyğular, həyat yoldaşıyla dialoqları son dərəcə tanışdır. Heminquey yaradıcılıqla həyatı vəhdətdə göstərir, bir yandan yazıçının məişətini, ovqatını, o biri yandan da əsərini "yazmaqla" bu ikisinin bir-birindən ayrı olmadığını deyir. Nə qədər dəqiqdir, deyilmi? Bəzən yazdığınla, yaşadığını səhv salırsan, xəyalla xatirə bir-birinə qarışır və gerçəklə təxəyyülü seçmək olmur. Və elə buna görə yaradıcılıq daha çox sənin olur, sənə məxsus olur, səndən asılı olur. Axı, həyatı qaralama-ağlama yaşamaq, redaktə etmək mümkün deyil! Üsyan da elə buna görədir... Yaratdıqların səndən asılı olduğu halda, yaşadığın nəzarətdən çıxır, ona görə dözmürsən. Elə Harrinin də bədbinliyi buradan gəlirdi.

Heminquey yaradıcı adamın acizliyini o qədər dəqiq detallarla çatdırır ki! Harri bədəninin də, ruhunun da çürüməyə başladığını anlayır. Və yazıçının "məkan" olaraq Klimancaronu seçməsi simvoldur. Təbiətin dəyişilməz qanunu var, yuxarıya qalxdıqca nəfəs daralır. Nəfəs daraldıqca, ömür halqası kiçildikcə təlaş başlanır. Təsəlli axtarırsan. Məsələn, Heminquey qəhrəmanı elə hey özünü inandırır ki, tamam başqa bir dünyanın adamı olan arvadı ideal qadındır, baxımlıdır, ağıllıdır, bacarıqlıdır, maddi imkanları genişdir. Yəni yenə də hər şey var, amma heçyoxdur. Və heçyoxdursa, yapışmağa saman çöpü axtarmaqdan başqa yol qalmır. Harri gah bulyon, gah sodalı viski içir, gah keçmişə qayıdır, gah bu günə gəlir və öləcəyini dəqiq bilir. Min bir sual içində yeganə dəqiq cavab budur...

Hekayəni oxuduqca düşünürəm, əslində, ölüm fiziki "problem" deyil. Xəstələndiyin, yaxud yaşa dolduğun üçün yaxınlaşmırsan ona, istəyin, yaşamaq istəyin azalanda, bitəndə yaxınlaşırsan. Dörd bir yanın, hər səhər "bircə gün" də artan bioqrafiyan başqa tələblər irəli sürsə də, yenə səndən asılı olmur. Ona görə bütün real səbəbləri düşünüb, daşınıb yaşamaq üçün bəhanə axtarırsan, ən gözəl "bəhanə" isə yaratmaqdır.

"Səyahət zamanı çalışırdılar ki, mümkün qədər az komfortdan istifadə etsinlər; məhrumiyyətlərə dözmək lazım gəlmirdi, amma tam rahatlıq da yox idi və fikirləşirdi ki, yenidən formaya düşəcək: artıq çəkidən xilas olmaq üçün dağlara çəkilib gecə-gündüz məşq edən boksçusayağı o da bu yolla öz piylərini əridə bilər".

Ürəyin və beynin "piyini əritmək" üçün isə HƏRƏKƏT lazımdır. Ruhun, qəlbin, düşüncənin hərəkəti. Dahahoqqalar çıxarmırsan, ilahi! Nağıl qəhrəmanları sayağı barmağını kəsib duza batırırsan, axı yaratmaq üçün ağrı lazımdır... Qırmızı şərab içim keflənim, yox, qoy üstündən yaşıl çay içim, ayılım... Yuxu mane olur, yox, yuxusuzluq beyni yorur... Uşaqlıqda oxuduğum mahnı vardı, onun sözləri ideya ola bilər təzə əsərə? Bəs övladımın gülüşü necə? Yaxşı, səhər açılsın, dördüncü simfoniyanı dinləyib həvəslənəcəm... Kimin idi, ay Allah? Bəstəkarın adı yadında da qalmayıb. Hər halda melodiya yadındadır. Körpə iməkləməyi gəlmişdi gözünün önünə. Hə, yaratmaq üçün bəhanə axtara-axtara daha hansı "kokteylləri" düzəltmir beyin?! Harribu təzadların içində boğulur. Və yaşamaq arzusu yalnız bircə detalla ifadə olunur. Bütün əsər boyu "öləcəm", "ölmək istəyirəm" deyən adam birdən öz xanımından soruşur:

"Sən stenoqrafik üsulla yazmağı bacarırsan?"

"Yox, bacarmıram" - deyir qadın.

Sonra sükut... güllə səsi. Yox, bu, Harrinin mahir atıcı olan arvadının atəşi deyil. Heminqueydir, öldürdü özünü.

Bu da sənə redaktə...

P.S. Ona görə də zirvə qorxuludur. Klimancaro soyuğuna və tənhalığa görə...

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 25 may.- S.17.