"Çölçü"nün bəşəri mübarizəsi   

 

 

 

Öncə ondan başlayaq ki, "Çölçü" beş qitədə nümayiş olunmuş yeganə Azərbaycan filmidir. 2012-ci ildə tanınmış kinorejissor Şamil Əliyevin ekranlaşdırdığı film bu illər ərzində saysız-hesabsız mükafatlar qazanıb, müxtəlif nüfuzlu film festivallarının qalibi olub. Lap elə bu günlərdə üç Beynəlxalq Film Mükafatının müsabiqə Proqramına daxil edilib.

Həmçinin, "Çölçü" "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunub ilk sırada yer alıb.

Ekran işinin ssenari müəllifi Əməkdar artist Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, Prodüseri Müşfiq Hətəmovdur. Əsas rolları Əməkdar artist Bəhruz Vaqifoğlu, Salome Demuria, Vidadi Həsənov, Cavidan Məmmədli, Vüsal Mehrəliyev başqaları ifa ediblər.

Filmin uğurlarını dünya (xüsusən, Avropa) insanının ona marağını görərkən, istər-istəməz bir sual doğur: nədir "Çölçü"nü fərqli edən?

***

Film sürətlə inkişaf edən, durmadan qloballaşan, yüksək texnologiya, internet dünyasının tam ortasına sanki min il, milyon il öncəllərdən gəlib düşmüş nadir "nüsxədir". Bu nüsxə qloballaşmaya qarşı çıxır, özünün arxaik saflığını sivilizasiyanın çirklənmiş bəzək-düzəyinə qarşı qoyur. Eyni zamanda, bir xalqın yaddaşı, milli özünüdərki, kimliyini anlamaq üçün qət etdiyi yol sivilizasiyaya qarşı mübarizəsi filmi fərqləndirən əsas xüsusiyyətlərindəndir.

80 dəqiqəlik filmin böyük hissəsi çöldə keçir. Burada ata-oğul (V.Həsənov C.Məmmədli) yaşayır, ömürlərini dəvələrinə baxmaqla keçirirlər. Onlar müasir dünyadan uzaq, damı qamışla örtülmüş, hər küncündən qadınsızlıq yağan kiçik daxmada bir-birinə ümid olub yaşayırlar.

Vaxtilə müasir dünyadan qaçan Ulu, sivilizasiyadan uzaqlaşaraq ucsuz-bucaqsız çölə üz tutur, təmizlənmək, arınmaq, saflaşmaq ümidiylə. Ancaq onun həyat yoldaşı çölün - arxaik dünyanın səssizliyinə, saflığına dözə bilməyərək geriyə - sivilizasiyaya qayıdır. Ulu isə balaca oğlu ilə çölün nəhayətsizliyində ömür sürməyə davam edir. Onun üçün seçdiyi bu həyat xoş idi, rahat idi. Ancaq uşaq dəvələrdən başqa heç olmayan bu yeknəsəklikdə bütün əyləncələrə ac böyüyürdü. Ona görə Ulu hər gecə ona qədim xalq oyunu "Kilimarası"ndan çölçü ilə qızın məhəbbət dastanını danışırdı. Balaca oğlanın düşüncələrində özünə əbədi yer edən bu nağıl bir məqamdan sonra filmin əsas süjet xəttinə çevrilərək inkişaf etməyə başlayır.

Çölü - arxaik dünyanı qloballaşan cəmiyyətdən həm ayıran, həm onunla birləşdirən tək şey dəmiryoludur. Ara-sıra, xüsusən, gecələr oradan eşidilən qatar səsi isə köhnə dünyaya yeni dünyadan daxil olan təhdid, etiraz, üsyan kimi ucalır. Ömrünü atasıyla birgə çöldə, dəvələrə baxaraq keçirən bu həyata alışmış oğlanın ağlını qarışdıran, yeni dünyaya qarşı maraq yaradan tək şey elə o qatar səsidir. O səs sanki onu çağırır, mədəni həyatın, bəzəkli dünyanın qapılarını hər an üzünə açmağa hazırmış kimi səsləyir. balaca çölçümüz vaxtsa o dünyaya gedəcəyini bilir, daha doğrusu, hiss edir. Ona görə o, çöl adamı qiyafəsi içərisində hər an dəyişməyə, "mədəniləşməyə" hazır ruh böyüdür.

"Qəbir itən yer yurd olar" deyən Ulu, bir gün elə oturduğu yerdə, səssizcə ölümə təslim olur. Artıq böyümüş qəhrəmanımız (B.Vaqifoğlu) onu çöldə, qəbiri itəcək şəkildə basdırır.

***

Çölçünün insanlardan uzaq düşməyinin yaratdığı fərqliliyi biz atasının nəşini yumaq üçün qəsəbəyə aparanda görürük. Yol-yordam bilməyən oğlan atasının cənazə namazında sanki başqa dünyadan gəlmiş kimi yad, qərib görünür. Onun təəccübü, təcrübəsizliyi o qədər təbii, o qədər səmimidir ki, hətta bəzən tamaşaçıda gülüş doğurur.

Bundan sonra qəhrəmanımız böyük çöldə tək-tənha yaşamağa başlayır. Ta ki onun yoxsul kimsəsiz komasına qadın nəfəsi dəyənə qədər.

Qısasaçlı qız həmin o sivilizasiyanın qoynundan qopub gəlib. O da müasirliyin qurbanıdır. Ona görə arxaik dünya onun üçün əsl qurtuluş məkanıdır. Qız sanki özünü məhz burada- insanlardan uzaqda tapır.

Çölçünün komasına pənah gətirən qız, o, evdə yoxkən hər tərəfi təmizləyir, silib-süpürür. Ancaq bu, oğlanın xoşuna gəlmir, həm onu qorxudur. Çünki onun yalnız dünyasına yad insan daxil olmaq istəyirdi.

Qız isə məhz bu dünya üçün yaradıldığının fərqindədir. Bu, özünü onun erkən adaptasiyasında, geyimində göstərir. Beləcə, zamanla çölçü ona öyrəşir onlar birgə yaşamağa başlayırlar. Qısasaçlı qızın keçmiş sevgilisi onun haqqındakı həqiqətləri çölçüyə danışandan sonra isə onlar arasında uçurum əmələ gəlir. Bununla belə qız gəldiyi dünyaya geri qayıtmır. Yenə çölə üz tutur. Dəvələrin onu izləməsi daşa söykənib oturan qızın ətrafına cəm olması isə artıq arkaik dünyanın onu qəbul etməsini göstərir.

 

Ekran işindəki təbiət təsvirləri bəzi konkret epizodlar var ki, dünyaca məşhur rejissor Tarkovskinin filmlərini xatırladır.

Filmin sonluğu isə açıq qalır. Qız artıq çöl adamına çevrilib. Bəs, ömrü boyu özü bilmədən sivilizasiya dünyasına can atan çölçü?

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2019.- 25 may.- S.17.