Əjdər Ol hekayəçiliyi, yaxud
üç hekayədə Qarabağ
Bir dəfə hörmətli professorumuz Qəzənfər
Paşayev mətndən danışarkən maraqlı bir fikir
demişdi.
Fikir təqribən belə idi: "Hər kəs elə bilir
ki, sadə yazmaq asan işdir. Hamı bərli-bəzəkli
cümlələrə, mürəkkəb ifadələrə
can atır. Ancaq onlar bilmirlər ki, elə ən çətin
iş sadə yazmaqdır. Elə yazmaq ki, onu
bütün təbəqələrdən olan oxucular başa düşsünlər".
Çoxdan eşitdiyim bu cümlələr sonra heç
vaxt yadımdan çıxmadı. Ən çətin, ən
mürəkkəb mövzularda belə içimdəki
qaranlığa işıq oldu.
***
Əjdər
Oldan danışacağam sizə... Şair,
nasir Əjdər Oldan. Daha doğrusu, onun
üç hekayəsindən. Bu haqda
növbəti abzaslarda oxuyacaqsınız.
***
Onun yaradıcılığı haqqında ikinci
yazımı da "sadəlik" sözüylə
başlamağım heç də təsadüfi deyil. Səbəb o
deyil ki, mənim onun haqqında deyəcək başqa
sözüm yoxdur. Səbəb odur ki, onun
özünü də, yaradıcılığını da
bundan yaxşı ifadə edəcək söz tapmaq çətindir.
Ötən əsrin 80-ci illərindən etibarən Azərbaycan
ədəbiyyatına elə bir Əjdər Ol imzası gəlib
ki, uzun illərdir, bir çox müasirindən fərqli
olaraq, həqiqətən də ədəbiyyatımızda
tanınan və tanıdan olmağı bacarıb. "Ədəbiyyat
ölüb", "Oxucu yoxdur", "Müasir
yazıçıları tanımırlar" fikirləri məhz
Əjdər Ol yaradıcılığında əriyib öz
mənasını itirir. Çünki
oxucu onu şair kimi də, nasir kimi də çox gözəl
tanıyır və böyük zövqlə oxuyur.
Əjdər Ol yaşadığı cəmiyyətin,
insanların yazıçısıdır. Onun bundan
ayrı dünyası yoxdur. O, harda olduğunun, nə
cür insanların, hansı psixologiyaya malik adamların
arasında yaşadığının yaxşı fərqindədir.
Onları o qədər gözəl
tanıyır, o qədər mükəmməl analiz edə
bilir ki, hər biri ayrı-ayrılıqda obraza çevrilir.
Əvvəlcə yazıçının düşüncəsində,
sonra isə ağ kağız üzərində.
Və beləcə bir-birindən maraqlı
personajlarıyla yeni hekayələr yaranır.
Bu hekayələrin heç birində təhkiyənin
neçənci şəxsin dilindən olmasının fərqi
yoxdur. Oxucu müəllifi görmür, eşitmir, duymur.
Sanki hər bir obraz özü-özünü
danışır, özünü tanıdır, ifşa edir.
Bu cəhətiylə yanaşı,
yazıçının qüvvətli yumor hissi, dramatik hekayələrə
belə gülüşü, yumoru qatmaq istedadı bizə
böyük Mirzə Cəlili xatırlatmaya bilmir. Əjdər Ol da "Mirzə Cəlilin "Poçt
qutusu"ndan çıxan yazıçı kimi bu məktəbin
izlərini öz yaradıcılığında layiqli şəkildə
qoruyur və gələcək nəsillərə
aşılayır.
***
Əjdər Olu yazıçı kimi səciyyələndirən
bir başqa xüsusiyyəti də onun əsl şəxsiyyət
və vətəndaş mövqeyidir. O, fərdi olduğu cəmiyyətin
heç bir probleminə, ağrısına,
çatışmazlığına biganə qalmır, bu və
ya digər şəkildə mütləq öz hekayələrinə
daşıyır. Bunda onun yazıçı
kimi güclü müşahidə qabiliyyəti əsas rol
oynayır. Hər şeyi hamı
görür, amma yazıçı hamının
gördüyündən hamının anlamadığını
anlayan və anladandır. Təəssüf
ki, bunu hər yazıçı haqqında da demək olmur.
Bəlkə də "əsl
yazıçı" ifadəsi fikrimizi dəqiqləşdirməyə
kömək edər.
Bir tərəfdən onun yaradıcılığı
azərbaycanlı oxucuya həm də buna görə
doğmadır. Orada hər kəs özündən,
öz yaşantısından, problemindən nəsə bir
şey mütləq tapacaqdır.
***
30 ilə yaxındır ki, xalqımızın da, ədəbiyyatımızın
da ən ağrılı problemlərindən biri, birincisi
Qarabağ itkisidir. Bu ağrı zaman-zaman hekayələrə,
şeirlərə, romanlara, poemalara, teatr tamaşalarına,
kinolara, musiqilərə mövzu olaraq, ədəbiyyatımıza,
incəsənətimizə yön verən əsas qüvvəyə
çevrilir.
Əjdər Olun hekayələrində isə bu dərd
tamamilə başqa biçimə bürünür. Burada o, sanki
hadisəyə hər tərəfindən baxır, oxucunu da
özüylə bərabər onun ətrafında
dolaşdırır. Gah içəriyə
girir, hadisələrin düz mərkəzində dayanırıq,
gah da çıxıb göyün yeddinci qatından
tamaşa edirik. Əlbəttə, hardan
baxmağından asılı olaraq, dərdə də, problemə
də, nəql olunan hadisələrə də yanaşman dəyişir.
Elə yazıçıya da bu lazımdır.
O, bir pəncərədən baxmağın əleyhdarıdır.
Ona görə də qarşımızda
bütün pəncərələri açır, "yetməz"
- deyib qapının da yerini göstərir,
"çıxın, bir də yaxından baxın
olaylara" - deyir. Və oxucuya
yazıçının göstərdiyi izlərlə getməkdən
başqa çarə qalmır.
Əjdər Ol oturub ağlamağın, dərdi dərd
kimi çəkməyin tərəfdarı deyil. O, "ölmüş
köpəkdə belə gözəllik tapa bilir", dərdin
özünə də "gülməyi bacarır". Bu gülüş bəzən yumoristik olsa da,
Qarabağ hekayələrində adətən, sarkazm şəklindədir.
Onun bir çox hekayələrində müharibə
yoxdur, amma onun qalıqları, qoxusu, xofu, açdığı
yaralar var.
***
"Hərbi-səhra
komandirinin meymunu" hekayəsində müharibənin
iç üzü, çoxlarının bilmədiyi pərdə
arxası məqamları yazıçı böyük
ustalıqla qələmə alıb. Zabit
çatışmazlıqlarından aptekçi cəbhədə
əsgərlərin böyüyünə çevrilərsə,
o zaman düşmənlə vuruşmaq yerinə
vaxtını meymuna, eyş-işrətə, mənasız əyləncələrə
həsr edəcək, torpaq isə yavaş-yavaş nəzarətdən
çıxacaq. Hekayənin qəhrəmanı komandir də
əvvəllər içində Qarabağ sevgisi, millət
qeyrəti olsa da, xidmət dövründə tamamilə dəyişir,
dəyərlərini itirir: "Bizim hərbi-səhra komandiri
daha vuruşmaqdan bezmişdi. Getdikcə
yaxşı başa düşürdü ki, bu vuruş
acı bağırsaq kimi uzanacaq. Çünki
qarşıdurmanın taleyi, deyəsən, düşmən tərəflərin
əlində deyildi. Ancaq başqa həmkarları
kimi o da hökmlərindən əl çəkmək istəmirdi.
Axıra qədər getmək istəyirdi, harada qırıla,
qırıla..."
Bu itki elə onun özünün "başında
çatlayır" və komandir getdikcə meymuna
çevrildiyini etiraf edir.
Hekayədə iki düşmən tərəfin
müharibənin ortasında bir-birləriylə mehriban
danışığına,
razılaşdırılmalarına da toxunulur. Bir tərəf
meymununa toy eliyəndə düşmən tərəfiylə
razılaşır ki, bu gün bizim kef məclisimizdir, atəş
açmayın. Və ya digər tərəf
itinə ad günü keçirəndə qarşı tərəf
onları yaylım atəşiylə təbrik edir. Bu da
dövrün və müharibənin əsl üzünü
açıb göstərir: "Ratsiya ilə
özününkülərdən öyrəndi ki, top atan
düşmən əsgərləridir. O, qarşı tərəfin
səhra komandiri Rubenlə əlaqəyə girdi. Ruben dərhal
xəttə çıxıb yaxşı bildiyi Azərbaycan
dilində dedi:
"Ara,
narahat olma, gördüm sizdən səs çıxmır, dedim Atəşin toyunun atəşfəşanlığını
özüm eləyim. Keçən dəfə
bizim Qraqın ad günündə sən bizi qabaqlayıb
topdan yaylım atəşləri
açdırmışdın. Borcundan
çıxıram".
***
"Qəzənfər müəllimgilin Şuşaya
yürüşü" və "Qəbulda" hekayələrində
isə müharibə çoxdan, lap çoxdan bitib, arxada
qalıb. Ancaq onun vurduğu mənəvi zərbələr,
açdığı yaralar hələ də keçməyib.
Müharibə insanların mənəviyyatında
hələ də davam etməkdədir. Kimi bədənindən
əlildir, kimi də ruhundan...
İllərdir
Qarabağın düşmən tapdağında olmasına
dözməyən "Qeyrət" təşkilatının
sədri Qəzənfər müəllim və təşkilat
üzvlərinin Şuşa "yürüşü" və
bu yürüşdə bir şəxsiyyət kimi, insan kimi, vətəndaş
kimi alçaldılması "pambıqla baş kəsmək"
ifadəsini xatırladır. Onu saxta qəhrəmanlığa
təhrik edən, bir növ sındıran polis rəisi
Yengibarın özü isə çoxdan sınmış
adamdı. Yoxsa Qəzənfər müəllimin
"eşitmişəm ki, Şuşanın müdafiəsində
olmusunuz?" - sualına dolub durmazdı.
Bu da taleyin bir ironiyasıdır bəlkə də: onda
Şuşadan qaçanların qabağına keçirdi,
indi Şuşaya getmək sevdasına düşənlərin...
Amma hekayəni
oxuduqca görürük ki, Şuşa
yürüşü dü, Qarabağ həsrəti də,
bütün o əsib-coşmaqlar da görüntü xatirinədir,
əslində. Yəni heç Qəzənfər müəllim
də Şuşaya getməyin yanğısında deyil:
"Polislərin gəlişi aksiya iştirakçılarını
əməlli-başlı hövlləndirmişdi. Qabaqları kəsilsə də, onların
çoxusunun gözlərinin içi gülürdü.
Sanki özlərini göstərməyə adam
axtarırlarmış...
Qəzənfər müəllimin də içində toy-bayram idi. Zarafat deyildi, hökümət qüvvələri onu adam bilib, tərəf kimi qəbul etmişdilər. Heç şübhəsiz, boynuna götürdüyü məsuliyyəti dərk edirdi. Risk edib bu qədər adamın qabağına düşmək, vurub təmas xəttini keçmək, özünü və yoldaşlarını güdaza vermək təhlükəsi... - düşünəndə adamın tükü biz-biz olur. Olmadı elə, oldu belə, birdən səni bir kopoyoğlu saymadı, hökümət adamları da Allahından dönüb özlərini görməzliyə vurdular və yaxud dedilər ki, Qəzənfər müəllim, buyur, başının dəstəsilə keç get ermənilərin, nə bilim, onların "çaşqa-loşqa" olduqları əmisi uşaqlarının, dayısı uşaqlarının üstünə, can sənin, cəhənnəm Tanrının. Bu müharibədə bir qoşun adam qırılıb, əlli-altmış nəfər də artıq ölsə, dünya dağılmayacaq ki...
Hər halda, Qəzənfər müəllimdə bir anlıq da olsa, özündən razılıq əmələ gəlmişdi. Polislərin gəlişi onun təşkilatının yürüşünü təmtərağa mindirmişdi..."
Səmimiyyət... İnsanlarda çatmayan məhz səmimiyyətdir, bəlkə də. Vətəni sevən də səmimi deyil, sevməyən də... Heç Qəzənfər müəllim də... Yəqin ona görədir ki, sonda özü özündən xəcalət çəkir.
Bir də Şuşaya, Cıdır düzünə tələsənlə onu yolundan saxlayanın bu münaqişəni "Cıdır düzü" restoranında yekunlaşdırmaları var...
***
"Qəbulda" hekayəsi isə yenə də bir məmurla bir Qarabağ əlilinin üz-üzə gəlməsini əks etdirir. Bütün məmurların eyni cür hissiyyatsız, laqeyd, qəddar olduğuna inanan, "bu dava elə bizlərdən ötrü idi?" - deyib dad yanan əlil, bu dəfə, deyəsən, tamam fərqli bir məmurla qarşılaşmışdı. Onun təkgözünü, bir ayağını soyuqqanlılıqla seyr edən, sanki bütün gileylərini, narazılığını eşitmirmiş kimi üzünə baxan məmurun birdən-birə gözlərinin dolmağı onu çaşdırır. Qardaşını həmin müharibədə itirən, onun iki balasına baxan bu məmurun əlilə qibtəylə yanaşmağı, "kaş o da sizin kimi Qarabağdan yarımçıq bədənlə qayıdaydı. Uşaqları hələ də məndən atalarını istəyirlər. Üzlərinə baxa bilmirəm" - deməyi, təkcə onun yox, onun kimi yüzlərlə, minlərlə azərbaycanlının ortaq yanğısıdır.
***
Əjdər Ol hekayəçiliyi müasir Azərbaycan ədəbiyyatının yeni hadisəsidir. Hekayə kimi asan göründüyü qədər çətin bir janrda demək olar ki, hər mövzuya toxunmaq və hər mövzunu özünəməxsus şəkildə qələmə almaq bir yazıçının üstün istedadından və peşəkarlığından xəbər verir.
Əjdər Ol Azərbaycan dilini ən incəliklərinə
qədər dərindən bilən sənətkardır. Onun
həm şeirlərində, həm də hekayələrində
bu, özünü göstərir. O, dilin bütün rənglərindən,
bütün çalarlarından yüksək peşəkarlıqla
istifadə etməyi bacarır. Məhz bu çalarların
hesabına təhkiyə oynaq havaya bürünür. Gah ədəbi
dil, gah loru danışıq, gah da şivə, ləhcə
bir-birinə qarışır. Təkcə dil hadisəsi
hesabına böyük Azərbaycanın mənzərəsi
balaca hekayədə canlanır. O, sanki hadisələri nəql
etmir, bir rəssam dəqiqliyi ilə onları çəkir, təsvirini
yaradır. Fırçası qələm, boyası söz
olan rəssam-yazıçı oxucularını hekayəsindəki
olaylara, personajlara məhz bu yolla doğmalaşdırır.
Sanki hər bir obraz oxucunun tanışına, hətta bəzən
özünə çevrilir. Qəzənfər müəllimin
saxtalığına qəzəbləndiyin yerdə,
özünü onun xəcalətilə utanan yerdə
tapırsan. Ya da şikayətçi əlillə birgə əsəbləşdiyin,
özlüyündə haqq tələb etdiyin məmur birdən
gözündə acizləşir. Hərbi-səhra komandirinin
mənfi obrazı özlüyündə onu sənə
yadlaşdırmışdısa, bir kişi olaraq, hər kəsin
gözü önündə meymun tərəfindən
alçaldılması ilə yazığın gələ
bilir. Bütün bunlar Azərbaycan ədəbiyyatı tarixində
Əjdər Ol imzasının silinməzliyini təmin edəcək
əsas faktorlardır. Biz bu cür hekayələri hələ
çox oxuyacaq, cəmiyyətimizin iç üzünü
bir yazıçı qələmiylə daha aydın görəcəyik.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 25 may.- S.16.