Nəsimi irsi Molla Cümə
yaradıcılığında
Milli-mənəvi dəyərlərimiz haqqında
düşünəndə göz önünə ilk
gələnlərdən biri,
bəlkə də birincisi qürur mənbəyimiz Nəsimi olur.
Şairin zəngin və rəngarəng yaradıcılıq
irsi tükənməz
enerji mənbəyinə
çevrilmiş, özündən
sonra gələn qüdrətli sənətkarlarımızın,
xüsusən də görkəmli aşıqlarımızın
yaradıcılığına güclü təsir göstərmişdir.
Şair aşıq yaradıcılığına
qıfılbənd bağlama
və əlif-lam kimi şeir şəkilləri gətirmişdir. Bunlar milli
poeziyamızda yeniliklər
idi.
Bu yazımızda Nəsiminin
"Əlif-lam" və
"Tərs əlifba"sının
görkəmli el sənətkarı
aşıq-şair Molla
Cümənin yaradıcılığına
təsirindən və
daim yaradıcılıq
axtarışlarında olan
aşığın "Əlif-lam"
şeir şəklini
inanılmaz dərəcədə
inkişaf etdirməsindən
və zənginləşdirməsindən
bəhs edəcəyik.
Yeri gəlmişkən
qeyd edim ki, bu mövzu
tədqiqata ilk dəfədir
cəlb olunur.
Etiraf etməliyik ki, görkəmli Aşıq
Molla Cümənin yaratdığı "Əlif-lam"
və "Tərs əlifba" Nəsiminin ruhuna daha yaxındır.
Aşığın "Əlif-lam" və "Tərs əlifba"sını fərqləndirən
cəhət onların
yalnız eşq, məhəbbət, sevgi ilə bağlı olmasındadır.
Onu da deyək ki,
"Əlif-lam" və
"Tərs əlifba"nın ən yaxşı nümunələrini
Molla Cümə yaratmışdır. Ümumiyyətlə, Molla Cümə bu aşıq şeir şəklini hədsiz inkişaf etdirmiş, aşıq yaradıcılığını zənginləşdirmişdir.
Ənənəvi "Əlif-lam"dan ixtisarla nümunə:
QIZ
"Əlif" - əlin ver əlimə
Gedək
bizim ellərə, qız!
"Bey" - baxıb güvənirəm,
Üzündəki tellərə qız!
"Cim" - camalın oxşayır,
Tez açılan güllərə,
qız!
"Hey"
- hərəm sonasısan,
Uçub
qondun göllərə,
qız!
"Lam"
- Leylidən dərs götürüb, -
Döndərdin Məcnunə məni
-
"Mim" - mislin cəllad, məni
Qoymusan nə hallara, qız.
"Yey" - yaxın çək özünə,
Molla Cümə vəfadarı.
Sarmaşsın kəmər kimi,
İncə nazik bellərə, qız.
"Gəlsin" adlı
"Tərs əlifba"da
yazdığı şeirindən
azca qısaltma ilə nümunə:
"Zad" - zərrafım, dürri-gövhər,
Qiymət
verib alan
gəlsin.
"Sad"
- sidqilə danışaram,
Simu-zəri olan gəlsin.
"Tey" - dürüstün
deyim sizə,
Dərya kimi dolan gəlsin.
"Sin"
- şeytana lənət
edib,
Haqqı yada salan gəlsin.
"Zat" - zəndini itirməyib,
Söyləməyib yalan gəlsin.
"Sin"
- sinədən qaynayıban,
Eşq əhlini
bilən gəlsin.
"Əlif" - Allah, nə səbəbdən
Şad könlüm etdin şikəstə,
"Sad"
- sağsağan cəmdək
yanında
Qızılquşla durar qəsdə,
Molla Cümə bir bülbüldü
Laçın olub çalan gəlsin.
Molla Cümənin
tam fərqli "Əlif-lam"ları
da vardır. "Görüb" belələrindəndir.
Aşığın ən mükəmməl
tədqiqatçısı, görkəmli folklorşünas
alimimiz, professor Paşa
Əfəndiyev bu şeiri divani adlandırmışdı. Əslində, bu şeir
"Əlif-lam"ın fərqli
formasıdır. Çox da
böyük olmayan "Görüb" "Əlif-lam"ını
burada verib fikrimizi aydınlaşdırmağa
çalışacağıq.
Bülbül sayaq cuşə
gəldim "yey"i
"əlif", "zey"in
görüb,
Başladım göftar deməyə
"yey"ü "vav"ı
"rey"in görüb.
Bədirlənmiş camalına qalmışam mail olub,
Bildim candan xeyir yoxdur "mim"ü "əlif",
"zey"i görüb.
Bir Alahım nə xoş səndə "qaf"ü, "lam", "xey"
yaradıb.
Bal şərbəti sormaqlığa
"lam" ilə "bey"
yaradıb.
Busə üçün aşiğinə
"yey", "nun"ü
"xey" yaradıb.
Başım versəm fədayə
"kaf", "vav"ü
"zey"ni görüb,
Bismillahdan Molla Cümə
"dal"ü, "rey"i
"sin" oxuyub.
Bu sevdanı məşq
eylədi "fey"i,
"rey"i, "sin" oxuyub.
Bir "mim"
hərf dilə düşüb, "tey"ü
"rey"i, "sin" oxuyub.
Bəhəmdullah gəşt eylədim
"dal"i "vav"i,
"zey"in görüb.
Maraqlıdır ki, tədqiqatçı
hər misra üzrə hərflərin
nə məna verdiyini misranın əvvəlindəki fikrə
əsasən aça
bilmişdi: yaz, yüz (üz), naz, qılıx, ləb, yanax, göz, dərs, fars, tərs,
düz (Bax: Molla Cümə. Əsərləri. Bakı, "Şərq-Qərb",
2006, s.19-20).
Ənənəvi "Əlif-lam"da ərəbcə
hərf verilir və Molla Cümənin
"Uğradı" "Əlif-lam"ında olduğu
kimi sonra mənası açılır.
"Əlif" - eylə bir mərhəmət,
Mətləbimə çatım, gedim.
"Bey" - bağrıma basım səni,
Canım canə qatım, gedim.
"Tey" - tədarük gör axşama,
Bircə çimir yatım, gedim.
Molla Cümənin
bəzi "Əlif-lam"larında
misradan hasil olan fikrə əsasən hərflərin
nə məna verdiyi açıqlanır.
Məsələn:
Bülbül sayaq cuşə gəldim "yey"ü
"əlif", "zey"in
görüb.
Misranın əvvəlki hissəsi açıqca göstərir
ki, söhbət yazdan gedir. Ərəbcə hərflər bunu təsdiqləyir.
Başqa
bir misal:
Bal şərbəti sormaqlığa
"la" ilə "bey"
yaradıb.
Göründüyü kimi, söhbət "ləb"dən gedir.
Molla Cümənin
"Görüb" "Əlif-lam"ını
fərqləndirən bir
cəhət də vardır. Misralar hansı hərflə
başlayırsa, həmin
hərflə bitir.
Aşıq yaradıcılığında misranın ilk və son hərfləri eyni hərflə başlayır
və bitirsə "əvvəl-axır" şeir
forması hesab olunur. Yəqin buna görədir ki, prof. Paşa Əfəndiyev aşığın
"Əlif-lam"ını "əvvəl-axır" şeirlər
sırasında vermişdir
(bax: Molla Cümə. Əsərləri. Bakı, "Şərq-Qərb",
2006, s.401).
Halbuki
"əvvəl-axır"ın Molla Cümənin "Görüb" "Əlif-lam"ına heç bir oxşarlığı
yoxdur. Məsələn:
Nalə
çəkən bir bülbüləm, gül
üstündə sən
dayan,
Nəcim
canın qurbanıyam,
getməğinən sən
dayan,
Nə müddətdir mən yanıram, İsmi Pünhan, sən də yan
Namərd olma, gəl yanıma, ay z alım minnətinən.
Molla Cümənin tamamilə fərqlənən "Artıq",
"Olma", "Gözəl",
"Əlifə", "Ey qasid", "Şirindi sevdiyim",
"Əlif-dalinən" kimi çox maraqlı şeirləri vardır. Demək olar ki, onların hamısı eşq, məhəbbətdən
bəhs edir. Aşığın qoşma
üstündə yazılmış
üç bəndlik
"Şirindi sevdiyim"
"Əlif-lam"ı deyilənlərə
dayaq olur:
Dost da öz dostundan
olurmu bezar,
Yatmıram gecələr, "fi
", " kaf "i," rey "dən.
Sinəm
butasına sənsən
kamandar,
Keçirdim oxların "cim",
" kaf"i, "rey" dən.
Bağban
olan qulluq eylər bağa da,
Sonalar məşhurdu teldə, cığada,
Xidmətkarın gözü olar
ağada,
Ağa nə istəyir "nun", "kaf"i,
"rey" dən.
Molla Cümə oxur türkü, ərəbi,
Arzular özünə xaki turabı,
İsmi-Pünhan, ləblərinin şərabı,
Şirindi, sevdigim, "şin",
"kaf"i, "rey"
dən.
(Hərflərin mənası:
fikir, cigər, nökər, şəkər.)
Aşığın "Əlif-lam"ları axıcılığı,
dilin şirinliyi, məna dərinliyi, xalq dilinin zənginliyi
ilə adamı heyrətə gətirir.
İsmi
Pünhan, gəl barışaq, indi rəqib yandadı,
Ayrılıq da beş
gün olar, qəm hicranın candadı,
Yəqin
bildim, bu barədə külli təqsir məndədi,
A bivəfa, sən
yanışma "yey"i
"əlif" "dal"inən.
(yadinən)
Bəxtiqara Molla Cümə,
çək sinənə
saz, ağla,
Qələm alıb bir dərdini min dəftərə
yaz, ağla,
Həkim
gəlib desə sənə vecsiz yerə az
ağla,
Bu dünyada qəm
çəkəsən "dal"i "əlif"
"dal"inən.
(dadinən)
Çəkinmədən deyə bilərik ki, "Əlif-lam" aşıq şeir şəklinin ən mükəmməl nümunələrini
Molla Cümə yaratmış və Aşıq poeziyasını
xeyli dərəcədə
zənginləşdirmişdir.
Söhbət açdığımız
"Əlif-lam"dan, eləcə də şairin
bağlama, qoşma və
başqa şeir şəkillərindən
görmək olur ki, dahi Nəsimi aşıq
yaradıcılığına necə qüvvətli təsir
etmişdir.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 25 may.- S.15.