Köhnəni dağıt(ma), yenisini tik:
hər şeydən sonra metamodernizm
(əvvəli ötən şənbə
sayımızda)
Dünya ədəbiyyatında postmodernə
keçid absurd teatrın
təmsilçilərindən olan Samuel Bekket yaradıcılığıyla da bağlanır. Bizdə eyni
işi Vaqif İbrahimoğlu "Yuğ"
teatrını yaratmaqla
gördü. "Yuğ" yeni mərhələ oldu.
Umberto Ekonun postmodernizm
haqqında fikri yerinə düşər:
"Modernizm özündən
əvvəlkini yox edə bilmədi. Postmodernizm modernizmə cavabdı: yox edə bilmirsənsə, ona yenidən ironik yanaşacaqsan, sadəlövhcəsinə yox,
anlaqlı". Ekonun postmodernliyi
nədədir? Sadə izah
verək. "Qızılgülün
adı" romanında
kilsənin ifşası,
minillik inancların saxtakarlığı, kilsənin
müqəddəsliyin, ruhsallığın
yox, eybəcərliyin
məbədi kimi təqdim edilməsi. Əsərdə qızılgüldən danışılmır. Qızılgül simvolikası əsərin
özündə deyil,
verdiyi mesajdadır.
Rozenkreyserlik adlı bir dini orden var. Onlar qarşılarına xristianlığın təkmilləşməsini
məqsəd kimi qoyublar. Rozenkreyserliyin simvolu olan qızılgül daha dərinlərə enmək,
hadisələri qat-qat
araşdırmaq anlamı
verir. Bir də savaşa
qarşı qızılgüllə
çıxmaq mesajı
ötürür. Burada inqilab
motivi var, dəyişimə səsləyiş
var, amma bu inqilab zopa
təklif etmir. Məsələn, Saakaşvilinin hakimiyyətə
qızılgüllə gəlməsi
kimi. O, tərəfdarları
ilə qızılgül
götürüb parlamentə
girdi. Saakaşvili tam bir metamodern
siyasətçi idi.
Çünki təkcə dağıtmırdı,
yerinə yenisini tikirdi.
Sonra
postmodern yerini metamodernə
verdi.
Metamodernizmin ən böyük özəlliyi postmodernin inkar etdiyi dəyərlərə
yenidən baxışdı;
ailə, tarix, din, irq, sevgi, mənəviyyat,
dürüstlük, xeyir
və s.
Metamodernizm dəyərləri danmağı
yox, yeniləməyi təklif edir. Metamodernist sayılan
yazıçı Deyv
Eqqers isə özünü heç bir cərəyana aid etmir. "Mən
bu günün yazıçısıyam, yeniyəm"
deyir. Yeni yazıçı - metamodernist,
bir az
da altruistdir. O, insanlarda xeyirə, dürüstlüyə ehtiyacın
olması mesajını
verir. Metamodernist deyir ki, dağıtmaq yaxşı
deyil, dağıtmaq şərin işidi.
Bəşəriyyətin xeyirə ehtiyacı
var. Özü əzab
çəksə də,
oxucusunu depressiyaya salmamağa, "hər şey bitdi, yeni dünyada artıq yaxşı adamlara, mənəviliyə
yer yoxdu" qənaətini dəyişməyə
çalışır. "Belə deyil!"
- deyir.
Eybəcər reallıqları göstərir, amma bu reallıqları dürüstlüyə, həqiqətə
olan ehtiyac fonunda ortaya qoyur. "Doğru
yol" axtarır. Hətta çıxılmaza dirənəndə belə
bunu zarafata salır. Deyv Eqqers yazır: "Hər ağrının işıqlı
tərəfini tapmaq olar - deyirlər. Son həftələr nədirsə, işıqlı
tərəf tapmaq alınmır. Gerçəkdən, biz işıqlı tərəf
tapmaq istəyirik, amma ha çalışırıq,
heç nə tapa bilmirik". Çarəsizliyə belə yumorla
yanaşmaq yeni yazarların özəlliyidir.
Yeni yazarların öldürücü
yumoru dəyərlərə
yox, dəyərsizliyə
qarşı qaldırılan
üsyandır.
Varis Diriyenin "Səhra çiçəyi" avtobioqrafik romanı dünya qadınları üçün ruhlandırıcı
dalğaya çevrildi.
Romanın "Harda yaşamağınızdan
asılı olmayaraq uğur qazana bilərsiz, qaydalara yenilməyin" mesajı
impulsvericidi.
Zeydi Smit
"Svinq vaxtı"
romanında infantilliyin
faciəsini, şoulaşmanın
insana vurduğu zərbəni bütün
detalları ilə göstərir. Devid Foster Uolles isə
özü depressiyadan
əziyyət çəkirdi.
Ancaq oxucu bunu hiss etmirdi. Devid oxucunu ayaqda saxlamağa çalışırdı.
İnsanlara yeni dövrün
tələbi kimi sırınan mənəviyyatsızlığı
"bizi aldadırlar"
ironiyası ilə
alt-üst edirdi.
Sonunda depressiyaya dözməyib intihar etdi.
Kanonları inkar edən cərəyandan sonra metamodernizm bütün doqmaları yenilənmək
təklifi ilə ortaya çıxır. Yeni dövrlə
(rəqəmsal, elektronik,
nano) klassisizmi birləşdirir. Burada
"anında insan"
var. Dəyərlərə təkrar baxış var, postmodernizmdən fərqli olaraq, alternativ təklifi var, dəyərlərin interpretasiyası var. Bütün
dövrlərin adamı
Nitşe deyirdi ki, nə üçün
yaşadığını bilən insan, "necə"nin cavabını
da tapacaq. Metamodernizm necələrin cərəyanıdı.
Əgər Freyd epoxasında bütün bədbəxtliklərin səbəbi
seksual doyumsuzluqla izah edilirdisə, Viktor Frankl epoxasında bədbəxtliklərin səbəbi
"məna"nın
itməsi ilə izah edilirdi. Frankl açıqlayırdı:
"Həyatın mənası
itəndə apatiya, mənəvi çöküş
yaranır və bu, kütləvi intiharlara səbəb olur".
Bütünlükdə yeni dövr mədəniyyəti motivasiya
üzərində qurulub. Mənəvi məktəblərə dönüş
başlayıb. Stimullaşdırıcı
treninqlər dəbə
düşüb. Hindistanın, Çinin mənəvi təlimləri - caynizm, zen-buddizm populyarlaşıb.
Bu yaxınlarda Bakıya dəvət edilən hind ruhani hoca Sadhquru təlimləri
ilə dünya səyahətinə çıxır.
Onun ruhu acılardan azad edən meditativ təlimlərinə
kütləvi şəkildə
ehtiyacın olması,
çağdaş insanın
böhrandan əziyyət
çəkməsinin göstəricisidir.
Bu anlamda Oşoya
olan ehtiyac da eyni məzmun
daşıyır. Bütün bunlar
sözsüz ki, yeni ədəbiyyata da yansıyır. Ekhart Tolle "Yeni dünya" adlı metamodernistik
kitabında insan eqosunun qətli ilə məşğuldur.
Onun nəzəriyyəsi insanı
silkələyib ayıltmaq
üçün əlindən
gələni edir.
Bu kitabda "eqo" insanın doqmalardan asılılığı
nəticəsində formalaşan,
"əsl olmayan kimlik" kimi ifadə edilir. Non-fikşn adlanan,
bədiilikdən daha çox fikirlərin sadə əksini çatdıran elmi-kütləvi
ədəbiyyatla yeni insan yetişdirməyə
girişib.
Metamodern öz disiplini ilə seçilir. Onun seçimi
bədii yük yox, mənəvi yükdü. Metamodernizm özünün
sıraladığı dəyərləri
və ya ənənəvi dəyərlərə
öz münasibətini
alqoritmik səliqəyə
salan dünyagörüşüdür.
Yazıçı qoyduğu problemi
çözür, təhlil
düzəni ilə dəqiqləşdirir. Metamodernizm həyat
tərzidi, dünyaya münasibətdi. O, baş
verənlərə laqeyd
deyil, apolitik deyil, inkarçı deyil. O, yenilikçidi, hətta ideoloqdur. Yanlış
olaraq postmodernin bitdiyini metamodernin başladığını deyənlər
var. Bu mənada Ekonun
“heç bir cərəyan bitmir, hər dövrün öz postmoderni var, necə ki hər dövrün
öz manerizmi var" fikrini yaza bilərik. Bugünkü təhlillə Servantesdə
də, Markiz de Sadda da ayrı-ayrlıqda
postmodern elementlər tapmaq
olar. Sülh mövzusunda yazılan bütün əsərlər
metamodern ideyasına uyğun ola
bilər; Tarixi konfliktdən çıxış
yolu kimi barış göstərilir.
Metamodernin ən önəmli
və onu sevimli edən cəhəti işığa
inamdır, ümiddir,
barışdır.
Çağdaş nəsrimizdə Cəlil
Cavanşir, Sahilə İbrahimova, Səhər Əhməd, Kənan Hacı, Sevinc Pərvanə, Pərviz Cəbrayıl, İlqar Fəhmi kimi yazarların da adını qeyd etmək gərəkdir. Onlar və adlarını çəkmədiyim bir çox yerli imza metamodern dövrünün yazarları
olsalar da, əsərlərində metamodernistik
element azdır.
Sahilə İbrahimovanın sonuncu romanı "Şeyx"
yazarın insanlığı
klassik - saf, platonik eşqə çağırışdır, dəyərlərə yenidən
baxış təklifidir
və onu yeni eşqlə paralel təqdim etməsi metamodernistik xətdir. Elif Şafakın "Aşk"
romanını xatırladan
"Şeyx" dövrün
sevgiyə olan inamını qaytarmaq cəhdidir, eşqin önündə sonsuzadək
müxtəlif sərhədlərin
- ailə, din, irq, savaş olmasına üsyandır.
Yaxınlarda bir dostum çağdaş ədəbiyyat haqda soruşdu. Kolleqalarımın kitablarından örnəklər
gətirdim. Heyrətlə baxırdı. "Nə yaxşı oxumusan? Yazarlardan hansı çağdaş
müəllifi xəbər
alıram, oxumadığını
deyir. Bir-birini oxumur bizim yazarlar.
Bu, böyük bədbəxtlikdir"
- dedi. Yazının bu dəmində
Latın Amerikası ədəbiyyatının taleyi
ilə Azərbaycan ədəbiyyatının taleyini
tutuşdurmaq istəyirəm.
Bu haqda ayrıca
yazım var.
Latın Amerikasından dünya nəhəngləri çıxacağı
onların öz ağıllarına da gəlməzdi. Kolonial komplekslə yaşayan,
daim azadlıqları uğrunda savaşan xalqların yazıçıları
da özgüvənsiz
olur. Latın Amerikasının torpaqları qanla suvarılıb. İşğallardan
ayıla bilməyən,
cəhalət, yoxsulluq,
talan altında olan ölkələrin yazarlarının nəsə
ciddi bir iş görə biləcəklərinə inam
yox idi. Ta o zamanacan ki, onların
əsərləri Fransada
tərcümə edildi.
ABŞ universitetlərinə
mühazirə deməyə
dəvət aldılar.
Ta o zamanacan ki, kolonistlər onlardan "əl çəkdi və əl uzatdı". Onlar bir-birini oxumazdı,
dünya nəhənglərinin
yanında biz kimik - düşünərdilər. Dünyaya çıxdıqdan, başqa
dillərə çevrildikdən
sonra Qabriela Mistral, Markes, Lyosa, Borxes və digərləri bir-birini ciddi qəbul etməyə başladı.
Barak Obamayla
görüşdə Uqo Çaves
uruqvaylı yazıçı Eduard Qaleanonun "Latın Amerikasının kəsilmiş
venaları" əsərini hədiyyə edir.
Bu kitabda kontinentin bütün əzablı
taleyi, işğal olunma tarixi yazılıb. Bu mənada Rəsulzadənin
"Əsrimizin Səyavuşu" əsərini ruscaya, ingiliscəyə çevririb
dünya siyasətçilərinə hədiyyə
etməyimiz gərəkdir. Ölkənin bərk-bərk bağlanan düşüncə
qapıları açıldığı andan
ədəbiyyatımız dünyada dövr edəcək.
Aysel
ƏLİZADƏ
525-ci qəzet.- 2019.- 25 may.- S.12.