Bir mahnıyam, nəqarəti O olan...   

 

 

 

Özümə belə etiraf etməyə qorxduğum duyğularla savaşıram. Sol tərəfimdəki bu ağrılar heç yad deyil. Fəqət, bu dəfə daha dərin daha kəskindir. Getdikcə şiddətlənir ağrısı. Hər nəfəs alışımda sancısı daha çox üstələnir. Sanki kimsə ürəyimin mərkəzinə bir xəncər saplayıb.

 

Qəribədir, ağrıdan şikayətlənmirəm, hətta əksinə, zövqümü oxşayır. Surətini görmək kifayətdir ki, ağrı yerini ürək döyüntülərinə təhvil versin. Onu gördüyüm an köksümdə yaralı bir quş çırpınır. Hələ o baxışları. Süzülən gözləri. Bir cüt iri qara gözlər çatılmış qaşlarla gecə kimi zülmət kipriklərin arasından üzümə zillənir. Baxışların toqquşmasından ehtiyat etməsindədir yəqin. Ürkəkcə qaçırır gözlərini. Sağa sola tez-tez fırlanan gözləri mənə hədəflənməmək üçün əməllicə çaba sərf edir. Deyəsən, bu çırpınışları da sevirəm. Onunla bağlı hər şey məni valeh edir.

Beynimdə çarmıxa çəkildiyim müsahibədən üzüağ çıxıram zənnimcə. Bəli, əminəm. Bu heyranlıqdır, xoşlantı. Bu sevdadır. Başqa sözlə eşq.

Afərin Ona! Buz dağını əritməyi bacardı. Mənim kimi bir qayada çiçək bitirdi. Eşqə utopiya deyib gülən bir adamı axmaq bir aşiqə çevirdi. Varlığı da, yoxluğu da yetmir artıq. Ən qəribəsi isə, o, bundan bixəbər öz qaranlıq dünyasında tək tənha həyat mücadələsindədir. Uzatsam əllərimi, çəkə bilsəm kor quyudan, çıxarsam aydınlığa.

Bir bilə bilsə onun üçün öldüyümü, bir gələ bilsə. Qorxmadan gözlərimə dik baxa bilsə. Gözlərini süzdürdükcə ayaqlarımın yerdən kəsildiyinin, qoxusunu duymaq üçün sudan səbəblərlə o küçədən dəfələrlə keçdiyimin fərqinə varsa. Yeridiyi yolların həsrətiylə yandığımı hiss etsə. Sussa da kifayətdir. Baxışlarını oxuyaram. Nəfəsinə toxunaram. Varlığından yoxluğunun heyfini çıxaram. Ömrüm gözbəbəklərini seyr etməklə tükənsin. Səssizcə nəfəsini dinləməklə bitsin həyatım. Onun qollarında tərk etsin ruhum bədənimi. 

Bu necə hissdir? Necə duyğudur?! Kəsilir taqətim, tükənir gücüm. Ondan gedə bildiyim ən uzaq məsafə bədənimin sol yanıdır. Kölgəsini görmədiyim hər yer qürbətdir mənə. İzlərini oxşayıram. Toxunduğu əşyaları qoxlayıram. Tərifsiz bir xoşbəxtlikdir. Qəlbimə doldurduğu hüzur məni həyata bağlayır. Yaxınlaşan addımları nəfəsimi kəsir. Qoxusu ciyərlərimi parçalayır. Adi bir toxunuşdan diksinərkən vücuduma bəxş etdiyi enerji dünyanı aydınlatmağa kifayətdir.

Bir o baxışları. Heyranlıqla, sanki hər göz qırpımı bir nəğmədir. Kiprikləri not cizgilərini xatırladır mənə. Nəqarəti gülüşüdür. Sevirəm bu nəğmələri. Ruhuma aramlıq gətirir.

Eşq gizli bir pərdədir, məncə, tərifsiz. Kəlmələrin kifayətsiz qaldığı yerdir. Bəzən onu sevməyə belə ehtiyat edirəm. İncitməkdən, qırmaqdan qorxuram. Baxışlarımı belə təsərrüf edirəm ki, tükənməsin gözəlliyi. Baxdıqca əksilməyindən qorxuram. Danışanda sözləri ehtiyatla seçirəm. Qəlbinə toxunmasın deyə.

Bir mahnıyam nəqarəti O olan. Bir ağacam budaqları o qoxan. Hər rüzgarda ətrafı qoxusuyla dolduran.

Bir torpağam yağışa deyil Ona həsrət. Yağdırsa yağmurlarını, tökülsə leysan, yusa həsrətimi, hicranımı. Bir romanam epiloqum Onunla bitən. Bir qəzələm adı şah beytimə yazılan. Bir kinoyam alt yazısı sevgimi anlatan. Bir dünyayam "EŞQ" isimli. Tək sakinim "YAR" isimli. Bir limanam tək gəmim O. Bir dənizəm dalğalarım ona coşan. Bir körpəyəm ruhuyla can tapan. Bəlkə Həvvayam, onun qabırğalarından yaranan.

Ondan uzaqdakı hər addım bəzən qürbət olur mənə. Elə bir yerdədir ki toxunsam yandıracaq, uzaqlaşsam donduracaq.

O, damarlarımdakı qana qarışıb ürəyimdə yurd saldı. İlk dəfə bu qədər asan qəbul etdi ürəyim kimisə.

O, ucsuz bucaqsız səhralarda su kimidir. Dərin dənizlərdə nadir bir balıq kimi. Bir isidən, bir donduran, bir güldürən, bir ağladandır. O, həm xəstəlik, həm sağlamlıq kimidir. Hər gün ağlımdakı ilk son fikirdir. O, həyatın özüdür, Candır, canandır. Həm yardır həm yara. Həm dərddir, həm dəva.

Qəfil gəldi həyatıma, gülüşləriylə bütün dərdlərimi unutdurdu. Sonra tək dərdim onun mənə gülümsəmədiyi anlar oldu.

Həsrəti bölərkən yuxularımı, çarəsizcə gizlədim duyğularımı. Onu itirməyin qorxularını dəf edə bilsəydim kaş. Ona bircə addım gələ bilsəydim kaş. Qürur divarlarını yıxa bilsəydim kaş.

Bir pıçıltı istəyirəm Ondan. Elə səsli-küylü yox, bir cümlə, bir söz, hətta bir nöqtə belə kifayətdir. Astaca "səni sevirəm" pıçıldasın. Elə bir pıçıltı ki, qulağımı deyil, ürəyimi parçalasın. "Darıxdım, gəl artıq" deyə üsyan etsin pıçıltısı. "Olmazsa olmazımsan" deyə fəryad qoparsın.

"Sənsiz darmadağınam, gəl parçalarımı birləşdir" deyə hayqırsın...

Gəlməkmi? Əsla! Qaçaram, həm ayaqyalın uşaq kimi. Qollarımı açıb Ona doğru uçaram. Yetər ki, "sənsiz ölürəm" deyə pıçıldasın.

Bəs sonra?

Yox inanmıram. Tarix təkrarlanmaz. Həyat mənə qarşı bu qədər qəddar ola bilməz.

Yenə eyni qorxular. Yenə eyni şübhələr. Ona addım atmayım deyə ayağımı qandallayan "bəlkə"lər. Məğlub olmayacam qorxularıma. Tərəddüdlərim vəsvəsədən başqa bir şey deyil. Yelləncəkdən yıxıldım deyə parka küsməliyəmmi? Bəlkə bu dəfə yaralarım qabıqlayacaq, qopmadan. Qapağını örtdüyüm kitabın qaranlıq xatirələri aydın gələcəyimə mane ola bilməz. "Bəlkə"ylə çıxılan yoldan "kaş ki"ylə qayıdanlardan olmayacam.

 

 

Leyla CAMAL

 

525-ci qəzet.- 2019.- 28 may.- S.21.