Tənhalıq haqqında improvizə   

 

 

 

Sən çoxluğun obrazının bir ştrixi ola bilərsən, amma tənha təksənsə, bu sənin öz obrazın var deməkdir. İnsanın bütün yaradıcı keyfiyyətlərinin başında isə onun öz obrazının olması gəlir. Odur ki, dünyanın bütün şedevrləri tənha, marginal adamlar tərəfindən yaradılıb. Çoxluğun təyinatı isə nələrəsə xor baxmaq, nələrisə ayaq üstə sürəkli alqışlamaqla sınırlıdır.

Tənhalığı sevməyənlər - azadlığı sevməyənlərdir, çünki yalnız tənhalıqda azad olmaq mümkündür"

Artur Şopenhauer

Bilmirəm fikir vermisinizmi, son zamanlar sosial şəbəkələr tənhalıqdan şikayətçi olan insanların kədərli statusları ilə dolub-daşır. Hələ bu, aysberqin görünən tərəfidir. Özü bunlar, "darıxıram" ifadəsini bir növ mataha çevirmiş şair-yazıçı statusları deyil. Sonuncuların "ilahi" darıxmaqlığı tamam başqa söhbətin mövzusudur...

Açığı, mən heç vaxt tənhalıq hissinə tutulmamışam   tənhalıqdan çox da əziyyət çəkən adam olmamışam. Ona görə yox ki, həyatım başdan-başa mən sevdiyim məni sevən adamlarla süslənib, ona görə ki, bunu bir həyat gerçəyi kimi qəbul etmişəm, vəssalam. Fikrləşmişəm ki, tənhalıq  anadangəlmə xəstəlik kimidir, onunla mübarizə aparmaqdansa, baş-başa verib yaşamağa alışmaq lazımdır.

Lakin burada ekzistensiyadan yox, "kütləvi tənhalaşma"dan söhbət gedir görünən odur ki, belə davam etsə, cəmiyyətimiz marginallaşmış insan toplusuna çevriləcək. Ətrafda baş verənlərin ümumi havasına uyuşmayan, ənənəvi sosial davranış normalarından bezikmiş, artıq  mədəni etik ənənənin öz cazibəsində saxlaya bilmədiyi insanlar toplusuna. Əlbəttə, tənhalıq marginallıq bir qədər fərqli şeylərdir, amma tənhallıq hissi marginallığa aparan ən kəsə yoldur.

Mən burda tənhalara ürək-dirək vermək, dərdini bölüşmək, onların içini sızladan həyatına zəhər qatan məyusluqlarını yumşaltmaq fikrində deyiləm. Ona görə ki, əslində, onları kiminsə ovundurmasına ehtiyac yoxdur. 

Tənhalar marginallar həmişə azlıqdadır ("iki birdən çoxdur" kimi alındı, amma eybi yoxdur). Palaza bürünüb, elnən sürünən çoxluq belə adamlara həmişə xor baxır. Amma bu, çoxluğun haqlı olduğuna dəlalət etmir. Daha çox əksinə! Çoxluğun içində yer alıb, azlığa xor baxmaqdan asan yoxdur. bundan da rəzil yoxdur. Bu nöqtədə yunan müdriki Prienli Biantın min öllər öncə dövriyyəyə buraxdığı sözləri xatırlamaq lazım gəlir: "Pislər həmişə çoxluqdadır". Öz sözlərimizlə desək, çoxluq - ...luq!

Abırlı insan gözünü açıb, özünü çoxluğun içində görüncə təlaşlanmalı, bura necə gəlib düşdüyünün hesabını aparmalıdır.

Sən çoxluğun obrazının bir ştrixi ola bilərsən, amma tənha təksənsə, bu sənin öz obrazın var deməkdir. İnsanın bütün yaradıcı keyfiyyətlərinin başında isə onun öz obrazının olması gəlir. Odur ki, dünyanın bütün şedevrləri tənha, marginal adamlar tərəfindən yaradılıb. Çoxluğun təyinatı isə nələrəsə xor baxmaq, nələrisə ayaq üstə sürəkli alqışlamaqla sınırlıdır.

Tənha adamların ağzını bir yerə yığmaq, barmağını tuşlayıb göstərdiyin şeyi onlara bəyəndirmək, yaxud onlarda nəyəsə nifrət oyandırmaq müşkül məsələdir. Uzun illər Rusiya televiziyasında "İnanılmaz gerçəklər" verilişinin müəllifi olmuş böyük fizik Segey Kapitsanın bu haqda gözəl bir deyimi var: "Qoyunlardan sürü düzəltmək asandır, oğul istəyirəm ki, pişiklərdən sürü düzəltsin".

Tənhalığı asıb-kəsən, yamanlayan, ondan yaxa qurtarmaq istəyən sənətkarları başa düşürəm, amma istərdim ki, bir az onun fəzilətləri barədə düşünək. İrfan çobanları, Budda xristian rahibləri tənhalığa elə-belə çəkilmirdilər hər halda.

Bədii ədəbiyyatda "tənha"ların taleyi ilə bağlı fikirlər bir-birindən çox da fərqlənmir - öz güclü xarakteri ilə seçilən tənha qadın Tatyana Larinadan fərqli olaraq, ictimai rəyin əsirinə çevrilmiş, axının ətalətindən çıxa bilməyən yumşaq təbiətli Yevgeni Onegin axırda peşman olur, ancaq artıq heç nəyi düzəltmək mümkün deyil... Əvvəl-əvvəl hamını sevən, hər kəsə şəfqətlə yanaşan Peçorin, çoxluğun mövqeyini baxışlarını qəbul edəndən sonra paxıl, kinli, insanlara nifrətlə yanaşan adi subyektə çevrilir...

Sonda dünyanın ən tənha adamı ünvanını qazanmış Diogen haqqında  çoxlarımızın bildiyi bir rəvayəti xatırlatmaq istəyirəm. Bir gün Diogen öz çəlləyində oturub, özünü günə verirmiş. Aleksandr ona yaxınlaşıb, özünü təqdim edir:

- Mən - böyük hökmdar Aleksandram.

- Mən isə Diogenəm, it Diogen.

- Sənə niyə it deyirlər?

- Mənə sür-sümük atana quyruğumu bulayıram, atmayana hürürəm, pis adamları isə dişləyirəm.

- Bəs, məndən qorxmursan? - Aleksandr soruşur.

- Sən kimsən - xeyir, yoxsa şər?

- Əlbəttə, xeyir! - Aleksandr öz ayranına turş demir.

-  Elə isə, Xeyirin nəyindən qorxacağam?! - Diogen cavab verir.

- dilərsən dilə məndən!

- Çəkil, günəşin qabağını tutma...

Diogen bir başqası ilə, yəqin ki, tamam başqa cür dialoq qurardı. Amma bu, iki tənha adamın dialoqudur - onlardan biri piramidanın başında, digəri isə lap dibindəydi. Biri tənhalığa məhkum olunmuşdu, o birisi isə könüllü olaraq özünü tənhalığa təslim etmişdi...

 

 

Etimad BAŞKEÇİD

 

525-ci qəzet.- 2019.- 28 may.- S.21.