Bir ulduz da söndü...
MÜASİR
AZƏRBAYCAN RABİTƏSİNİN QURUCULARINDAN OLAN MƏRHUM
CAMAL ALLAHVERDİYEVİN ƏZİZ XATİRƏSİNƏ
"Adamın yaşıdı
ölən zamanda,
Həyat ümidindən iz qalmır onda".
Şeyx
Nizami Gəncəvi
Bu yaxınlarda respublikamızın
rabitəçilərinə ağır itki üz verdi.
Ölkəmizdə rabitənin qurucularından
biri, ömrünün
60 ilini bu sahənin inkişafına
həsr etmiş dəyərli ziyalımız,
el ağsaqqalı Camal
Allahverdiyev aramızdan
getdi.
O, Azərbaycanın qədim
və gözəl şəhərlərindən biri,
təbiət abidəsi
kimi şöhrət qazanmış əsrarəngsiz
Şuşada, mömin
insan, böyük nüfuz sahibi kimi dəyərləndirilən
Kərbəlayi Eyvazın
ailəsində dünyaya
göz açmışdı.
İki qardaş, üç bacı idilər. Böyük qardaşı Cəlaldan sonra ona Camal
adını verdilər.
Cəlal Allahverdiyev yüksək elm zirvəsini
fəth edərək
SSRİ Elmlər Akademiyasının
prezidenti, akademik M.V.Keldışın rəhbərliyi
ilə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı, sonralar AMEA-nın həqiqi üzvü seçildi. Camal müəllim rabitə sahəsini seçdi, bütün şüurlu ömrünü respublikamızda
rabitə quruculuğuna
həsr etdi. O, uzun illər "Soyuztelefonstroy"un Azərbaycan üzrə trestinə uğurla rəhbərlik etmiş, şəhər, rayon və
kəndlərdə rabitə
qurğularının, ATS-lərin
quraşdırılıb əhalinin
istifadəsinə verilməsini
təmin etmişdir. Sonralar Yasamal (Oktyabr) Telefon Qovşağının
rəisi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyində şöbə rəisi vəzifələrində də
özünü bacarıqlı,
hərtərəfli biliyə
malik yüksək ixtisaslı rabitə qurucusu kimi göstərmişdir.
Camal müəllim sadəliyi,alicənablığı
və xeyirxah təbiətilə gözəl
mənəviyyat zirvəsini
fəth edən nadir şəxsiyyətlərdən sayılırdı. Müdrik
təbiətinə, keçmiş
kişilərə xas
olan ağır taxtalı davranışına
görə BTRİB -in ağsaqqalar
şurasının əvəzsiz
sədri idi.... Respublikanın əməkdar
mühəndisi, rabitə
ustası... Onlarla, yüzlərlə gənc mütəxəssisin
rabitə sahəsində
həyat vəsiqəsi
almasına, mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılmasına,
sonralar yüksək mövqe tutmalarına bilavasitə əməli köməklik göstərdi,
arxa, dayaq oldu. Belələrindən
biri - rabitə tikinti sahəsində tanınmış mütəxəssis
və təşkilat rəhbəri kimi tanınan Namazəli Məmmədov sözün
həqiqi mənasında
qədirbilənlik, yüksək
insaniyyətlik nümunəsi
göstərdi, Camal müəllimi bir gün belə diqqətdən, qayğıdan
kənarda qoymadı, hər zaman doğma övladı kimi qulluğunda dayandı. Camal müəllimin hələ
sağlığında vəsiyyətini
məhz Namaz müəllimə etibar etməsi də ona olan güvənc
və məhəbbətinin
sübutu sayıla bilər. Səmavi kitabımız olan
Qurani-Kərimdə deyilir
ki, bir yaxşılığın
yeddi yüz yetmiş dörd haqqı var. Namazəli Məmmədov Camal müəllimin yaxşılığının
haqqını layiqincə
ödədi, sağlığında
öz ehsanını vermiş nadir insanlardan oldu.
Camal müəllim
mükəmməl yaddaş
daşıyıcısı idi. Onun dilindən Akademik
M.V.Keldış, Azərbaycanda
rabitəyə rəhbərlik
etmiş yeddi nazirlə bağlı dəyərli, ibrətamiz
xatirələrini diktofona
yazdım, bəzi xatirələrini kitablarımda
nəşr etdirdim.
Məsələn, deyirdi ki, Rabitə naziri N.Nəsrullayevin kabinetində
anasının telefon zənginə ayağa duraraq cavab verdiyinin
dəfələrlə şahidi
olmuşam. SSRİ Rabitə
Nazirliyinin Azərbaycan
üzrə müvəkkili
Yeseyanın Azərbaycanın
o vaxtkı rəhbəri
M.C.Bağırovun İ.V.Stalinlə
telefon danışıqlarına
qulaq asmaq üçün yaratdığı
xüsusi gizli qrupun ifşa edilməsi, Şuşada uşaqlıq illərində
canlı şahidi olduğu hadisələr -
ermənilərin dəhşətli
fitnə-fəsadları, taxıl
sahələrində azərbaycanlı
uşaqların başlarını
oraqla kəsmələri
və başqa epizodlar nə qədər təsirli, tükürpədici və
düşündürücü, qan yaddaşımıza həkk olunan hadisələr idi.
Camal müəllim
əxlaqi-mənəvi dəyərlərimizin
daşıyıcısi və
qoruyucusu sayılırdı. Hər sözü
yerində deyər, hər kəsin qəlbinə dəymədən
nöqsanını göstərər,
bu zaman qarşı tərəfin
tutduğu yüksək
mövqe də onu çəkindirməzdi.
Vəzifədə ondan yüksəkdə,
lakin övladları yaşda olan bəziləri onun məğrur, qürurlu təbiətini, prinsipial mövqeyini qəbul edə bilmir, sındırmağa, əyməyə
çalışırdılar. Lakin bunlar əbəs cəhdlər olaraq qalırdı. O, Dağ
kimi əzəmətini
son nəfəsinədək qoruya bildi. Milli mentalitetimizi
bayağı, yad yanaşmalardan qoruyurdu.
Onda həyatın bütün
suallarına cavab vardı. Həyatı sevən, öz
sağlığında özünə
abidə qoyan insan kimi yaddaşımızda
qaldı Camal müəllim. Məclislər yaraşığı, kollektivin
məclislərinin daimi
və əvəzsiz masabəyisi seçilərdi.
Ciddi, zəhmli təbiətilə
dərin, məzmunlu və mənalı yumoru bir birini
tamamlayırdı. Kiçik vətəni
Şuşaya çox
bağlı idi.
Şuşa ermənilərin işğalına məruz
qaldıqdan sonra onu qanadları sınmış qartala bənzədirdim.
Həyat yoldaşının dediyinə
görə, rəhmətlik
məni gec tanıdığını etiraf
edərək təəssüfünü
bildirərmiş. Aramızda yaş fərqinin az olmasına
baxmayaraq, ağsaqqalım,
böyük qardaşım,
əqidə sirdaşım
kimi həmişə onun hörmətini yüksək tutmuş, unutqanlığa məruz qaldığı illərdə
diqqət və qayğımı əsirgəməmişəm.
Uşaq
yaşlarımda yaşıdlarımla
axşamlar gimcədə
ünsiyyət edərkən
bəzən ulduzun (ola bilsin
ulduza bənzər səma cisminin) düşdüyünü müşahidə
edərdik. Bu zaman deyərdilər ki, sabah kimsə
dünyasını dəyişəcək.
Həmin
xatirələrimi yadıma
salaraq düşünürəm
ki, Camal müəllimin həyatdan
gedişiylə kainatın
bir ulduzu da söndü.
Böyüs rus ədibi və mütəfəkkiri
F.M.Dostoyevski yazır ki, insanın varlığı yoxluğunda
görünür. Camal müəllimin
əbədiyyətə qovuşmasından
keçən qısa
müddətdə onun
varlığını daha
dərindən dərk
etməyə başladıq.
Fəqət, o da bu vəfasız dünyadan narazı getdi, unutqanlıq, laqeydlik kimi naqis reallıqla
barışa bilmədi.
Böyüyümüz,
ağsaqqalımız, dostumuz Camal Eyvaz oğluna
Allah-Təaladan qəni-qəni rəhmət diləyirik. Amin!
Hikmət
ƏBDÜLHƏLİMOV
525-ci qəzet.- 2019.- 28 may.- S.20.