İlyas Əfəndiyev şəxsiyyəti:
təkrarsızlıq və unudulmazlıq
Xalqın ədəbiyyat tarixinə daxil olmuş klassiklərin ədəbi-tarixi mövqeyini öyrənmək üçün onların həyatı, yaradıcılığı və bədii irsinin poetik-estetik keyfiyyətləri ilə bərabər, həm də onlar haqqında duyğusal xatirələr etibarlı məxəz rolunu oynayır.
Xalqın tarixinə, mənəviyyatına
və əbədi düşüncəsinə daxil
olmuş belə sənətkarlar sırasında
yaradıcılığı və sənəti tarixin sınaqlarından üzüağ çıxmış
Xalq yazıçısı
İlyas Əfəndiyevin
müstəsna yeri
var. Dünya ədəbi
prosesinin təcrübəsi
göstərir ki, klassiklər zamanları yaradır, zamanlar isə klassikləri yaşadır. Öz ilhamlı qələmi
ilə qalmaqallı XX
əsrə güc gəlmiş qüdrətli
qələm sahibi İlyas Əfəndiyev belə yazıçılardandır.
O, Azərbaycan ədəbiyyatı
tarixinə öz yaradıcılığının və şəxsiyyətinin
fərdiyyəti ilə
daxil olub. Onun əsərləri də, şəxsiyyəti də,
haqqında yaddaşlara
köçmüş xatirələr
də orijinaldır.
İlyas
Əfəndiyev hər
adamla oturub-durmaz, ədəbi-ictimai mövqeyi
olmayanlarla görüşməz,
millilik ətri gəlməyənlərdən uzaq
durardı. Onunla bağlı
doğulduğu torpaqda
- bu gün düşmən əsirliyində
olan başıbəlalı
Füzulidə uşaqkən
yaddaşıma köçmüş
və mənə böyük ədibimizi sevdirmiş bəzi nəcib xatirələrə
səyahət etmək
istərdim.
Görkəmli sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının
klassiki, Xalq yazıçısı İlyas
Əfəndiyevin yaradıcılığına
mən məktəb illərindən bağlı
olmuşam. Atam Xanoğlan Əliyev
dil-ədəbiyyat müəllimi
olmaqla yanaşı, həm də kəndimizdəki orta məktəbin direktoru idi. O, həm klassik, həm də müasir ədəbiyyatı dərindən
bilirdi. Atamın şəxsiyyətinə və yaradıcılığına
dərin hörmət
bəslədiyi, ən
çox sevdiyi yazıçılardan biri
unudulmaz sənətkarımız
İlyas Əfəndiyev
idi. Sənətkarın
yaradıcılığını dərindən
izləyən atam onun həm nəsr,
həm də dram əsərlərini ürəkdən
bəyənər və
övladlarına məsləhət
edərdi ki, bu əsərləri biz də oxuyaq. Atam İlyas Əfəndiyevin televiziyada göstərilən
tamaşalarına da böyük həvəslə
baxar və daxili bir qürur
duyardı. Ədibin həm
böyük yazıçı,
həm də nüfuzlu bir şəxsiyyət, ailə
başçısı kimi
mənəvi keyfiyyətlərindən
bizə ürək dolusu söhbətlər edərdi. Atam deyərdi ki,
İlyas müəllim
övladları üçün
həm ata oldu, həm də ana. Gənc yaşlarından ömrünü
övladlarının tərbiyəsinə
və bədii yaradıcılığa həsr
etdi. Qürurlu bir şəxsiyyət
və görkəmli sənətkar olaraq sağlığında öz
heykəlini Azərbaycan
xalqının qəlbində
ucaltdı, həmişəyaşar
əsərlərilə ədəbiyyat
tariximizdə əbədi
yerini tutdu.
Atam İlyas Əfəndiyevin oğlanları - Xalq yazıçısı Elçinlə və professor Timuçin Əfəndiyevlə də həmişə fəxr edərdi. Həmişə mənə və məndən kiçik qardaşlarıma deyərdi ki, ataya hörmət və ehtiramı Elçin müəllimdən, Timuçin müəllimdən öyrənin. Nümunəvi, fəxr ediləsi övladlardır. Qeyd etdiyim kimi, mən hələ orta məktəbdə oxuyarkən xalq yazıçısının o zaman çapdan çıxmış bütün əsərlərini oxumuşdum. Unudulmaz sənətkarın doğulduğu torpağa ayaq basması Qarabağ əhli üçün bir bayram idi. Yadıma onun 1965-ci ildə mayın 1-də böyük qardaşım Şəfanın toyuna gəlməsi düşür. Mayın 26-sı həm də ölməz sənətkarımızın dünyaya gəldiyi gündür. O zaman mənim 12 yaşım var idi. O vaxta qədər əsərlərini sevə-sevə oxuduğum, şəklini kitablarda gördüyüm böyük sənətkarı ilk dəfə idi ki, evimizdə görürdüm. Bu toyda görkəmli sənətkarımız, ailə üzvləri və Sabirabaddakı dostu, həkim Əli Ağabəyov da iştirak edirdi. Toyu Azərbaycanın məşhur xanəndəsi Ağabala Abdullayev öz dəstəsi ilə idarə edirdi. Xalq yazıçısı Şəfanın toyu ilə əlaqədar təəssüratını "Mənim qohumum çoban Rəşid" xatirə-oçerkində daha geniş təfsilatı ilə təsvir etmişdir. Mən bu toyda tək bizim ailənin deyil, ümumən kəndimiz Kürdmahmudlunun böyük bir izdiham yaşadığını qeyd etmək istəyirəm. Rabitənin hələ geniş vüsət almadığı bir zamanda böyük sənətkar İlyas Əfəndiyevin Füzuli rayonunun Kürdmahmudlu kəndinə gəlməsindən bütün ətraf rayonların necə xəbər tutmasını təsəvvür etmək çətindir. Belə ki, İlyas Əfəndiyevin qardaşım Şəfanın toyuna gəlməsindən İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Cəbrayıl və Füzuli şəhərlərində yaşayan xeyli insan xəbər tutmuşdu. Onlar sənətkara olan məhəbbətini bildirmək üçün dəvətsiz olaraq toya gəlmişdilər. Gördüyüm bu unudulmaz anlar böyük sənətkara olan el məhəbbətinin timsalı kimi tarixin yaddaşında əbədi həkk olunmuşdur.
Müdrik sənətkarın toyla bağlı oçerki "Kommunist" qəzetində dərc olunduqdan sonra kəndimizdən rayon mərkəzinə asfalt yol çəkildi. Kürdmahmudlu camaatı, ətraf kəndlərimizin insanları hörmətli yazıçımıza bu xeyirxah işi üçün bir ağızdan uzun ömür arzuladılar və minnətdarlıq etdilər. Qürur duydular ki, elimizin çox hörmətli, nüfuzlu və qüdrətli bir sənətkarı var.
Xalq yazıçısının "Orfey quyudan çıxandan sonra nə gördü..." xatirə məqaləsində bir parça var: "... Neçə il bundan qabaq bizi Füzulinin Kürdmahmudlu obasına - yaxın qohumumuz Şəfanın toyuna dəvət etmişdilər (Şəfa Əliyev indi Bakının tanınmış cərrahlarındandır). Biz də yığışıb getmişdik. Oğlanın atası - mənim anamın əmisi oğlu Xanoğlan müəllimin bağçasında böyük mağar qurulmuşdu. Oba adətinə görə, toyun musiqi dəstəsi hörmətli qonaqların qabağına çıxıb, onları musiqi ilə qarşılayır. Bizi də elə qarşıladılar. Mən çalğıçılar içində əlində qaval Ağabalanı gördükdə, ürəyimə ani bir kədər çökdü... O gecə biz Ağabala ilə xeyli söhbət etdik. Keçən günləri, Ağabalanın Kərəmi, Məcnunu, Aşıq Qəribi oynadığı vaxtları xatırladıq...
Mən Ağabalanı Şəfanın toyunda görəndə səhhətindən şikayət edirdi. Dedim ki, nə üçün sanatoriyalardan birinə gedib müalicə olunmursan?
- Ailəni qoyub getmək olmur... Çörəkpulu qazanmaq lazımdır.
İki gün davam edən toy məclisində iştirak edənlər gözəl şənlik anları yaşadılar. Görkəmli sənətkarımızın iştirak etdiyi, qardaşım Şəfanın bu toy məclisi həmişə xatirimdədir.
İlyas Əfəndiyev qələminin məhsulu olan Alxan, Uğur, Nuriyyə, Şahnaz, Nicat, Həsənzadə, Nərmin, Sarıköynək, Valeh, Möhnət qoca, Qızyetər, Ərşad, Xurşidbanu, Aynur kimi parlaq obrazlar bu gün də bizimlədir, illər keçsə də, onlar yaşlaşmırlar, özlərinin cəsarətini, təravətini və mərdliyini qoruyub saxlayırlar. Sənətkarın böyük məhəbbətlə yaratdığı bu obrazlar yenə də xeyirxah, səxavətli, vəfalı və mübarizlik simvolları kimi yaşayır, oxuculara da həmin hissləri təlqin edirlər. Xalqın dərin məhəbbətini qazanmış əbədiyaşar İlyas Əfəndiyev yaradıcılığı daim ətir saçan boy çiçəyidir. Böyük istedad sahibi, bənzərsiz sənətkar "Sən həmişə mənimləsən" pyesində yazır: "... məsələ tez və ya gec ölməkdə deyil. Ömür onsuz da nisbi şeydir. Ancaq... Boy çiçəyini yadınıza salın. Özü neçə vaxtdır ki, xəzan olub gedib, amma ətri indi də bizi heyran edir... Yaxşı insanlar da belədir... Özləri məhv olsalar da, xatirələri həmişə bizim ləyaqətlə yaşamağımıza kömək edir. Bizim üçün təsəlli olur". Təbii ki, bu sözlər unudulmaz sənətkarın elə özünə aiddir. Yazıçının xoşbəxtliyi orasındadır ki, o, xalq tərəfindən sevilir və heç bir zaman unudulmur. İlyas Əfəndiyev həmişə bizimlədir. Şəxsiyyətin, xüsusilə ədəbi şəxsiyyətin - sənətkarın ömrü əsərləri ilə bərabər, həm də xatirələrdə davam edir.
Vəfa XANOĞLAN
Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 28 may.- S.19.