Zay kitabların badına gedən günahsız ağaclar

 

“Mükafat yazıçıdan daha əvvəl, əlahəzrət sözə verilir...”  

 

 

Əvvəllər “ayda-ildə” bir dəfə səsi çıxan ya çıxmayan çevik (mobil) telefonum, bir neçə gündür ki, ardı-arası kəsilmədən “haray” qoparır. Gələn zənglər xoşməramlıdır. Dostlar, tanışlar, hətta tanımadığım adamlar məni təbrik edirlər. Bəribaşdan onların hamısına təşəkkür edirəm.

Məsələ burasındadır ki, mən, daha doğrusu mənim yaradıcılığım, bu son bir ay ərzində bir neçə ədəbi mükafata layiq görülüb.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dramaturgiya üzrə keçirdiyi müsabiqədə yazdığım bir pyes (“Payız meşəsində vals”) birinci yeri tutub.

 

Bundan bir qədər sonra AYB-nin təsis etdiyi Cəfər Cabbarlı adına mükafatına layiq görülmüşəm.

Bu yaxınlarda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mənə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

 

Xətrimi istəyən dost-tanışlar təbrik edərkən mənə tez-tez təxminən belə bir sualla müraciət edirlər: “Siz  mükafat alacağınızı əvvəlcədən bilirdinizmi?”

 

Bayaq belə bir suallaModerator.azinformasiya agentliyinin rəhbəri Zülfüqar Hüseynzadə də müraciət etmişdi. Mən rəğbət bəslədiyim bu populyar saytda öz yazılarımla sıx çıxış edirəm və elə bu səbəbdən də qərara aldım ki, bu suala bir qədər ətraflı cavab verim. Orasını da əlavə edim kı, mən Zülfüqar bəylə şəxsən tanış olmasam da onun, əksəriyyəti aktual səciyyə daşıyan cəsarətli yazıları ilə tanışam.

İndi isə keçimmükafat məsələsinə”.

Niyə gizlədək, indi elə bir dövrdə yaşayırıq ki, bəzən bəzi adamların bəzi titul, vəzifə və ya çinləri çox asanlıqla və ya çox çətinliklə əldə etdiklərini eşidir, hətta bəzən bunun şahidi oluruq. Əlbəttə, bu cümlədə bir az dolaşıq, ziddiyyətli  sofistika elementləri də ola bilər. Amma nə edəsən ki, elə həyatın özübu cür ziddiyyətlərdən xali deyildir.

Demək istədiyim budur ki, bəzən hansısa mükafatı, lap elə adi bir kağızdan ibarət olan “qramotanı” əldə etmək üçün müəyyən mövqeyə malik tanış-bilişlərini üz-gözdən salan, az qalamüvafiq idarələrin” qapısını dabanından çıxaran, şikayət ərizələrini yaradıcılıq məhsulu kimi vəcdlə yazanistedadlarada rast gəlmək olur.

Mən həmişə belə düşünmüşəm və indi də belə düşünürəm ki, mükafatı istəməzlər, onu verərlər.

Çox sevindirici haldır ki, ədəbiyyatımızda öz çəkisi, öz səsi, öz ədəbi möhürü olan  bir çox söz ustadlarımızın yaradıcılığı hörmətli dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.

Bəli, ədəbiyyatımızın, bütövlükdə mədəniyyətimizin inkişafında xidmətlərinə görə Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı”, Vahir Əziz, Ramiz Rövşən və Musa YaqubXalq şairi”, Vaqif Bayatlı Odər, Elçin Hüseynbəyli və bəndəniz “Əməkdar incəsənət xadimi”,   habelə Asim Yadigar, Vaqif Əlixanlı, Abbas Güləliyev və Rauf Məmmədov “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüblər.

Hesab edirəm ki, oxucular bu siyahıda adı çəkilən ədəbiyyat adamlarından hər birinin yaradıcılığı  haqqında kifayət qədər məlumatlıdır.

Mən öz fikrimi gizlətmək istəmirəm. Hesab edirəm ki, yazılarına yaxından, özlərinə isə qismən bələd olduğum, cari sərəncamla  Xalq şairi adına layiq görülmüş Ramiz Rövşənlə Musa Yaqubun heç özləri də belə bir ada layiq görüləcəklərinə əvvəlcədən inana bilməzdilər. Bunun səbəbi əlbəttə, yaradıcılıqla bağlı məsələ deyildir. Zira onların hər ikisi qüdrətli şairdir. Ən başlıcası, onlar cəsarətli fikir sahibləridir və bəzən məhz elə bu cəhət, yəni cəsarətlilik amili kimlərinsə xoşuna gəlmir. Halbuki söz adamı elə düz adam olmalıdır. Yəni sözün düzünü deyən adam. Nədənsə, bəzi məmurlar az qala sözü də hansısa maddi obyektlər kimi özəlləşdirmək istəyirlər. Bu mənada mən Prezidentin sərəncamını cəsarətli sözə verilən qiymək kimi dəyərləndirirəm. Və güman edirəm ki, sözün həm obyekti, həm  subyekti, həm mənbəyi həm də mənsəbi məhz həyatın özü olmalıdır. Oxucu yalan sözü qəbul etmir, doğru sözün təşnəsi ilə yaşayır.

Bəzən deyirlər ki, yazıçıların az qala hamısı müxalif fikirlidir. Qəribədir. Bəs nə cür olmalıdır? Bəyəm yazıçı statistika işçisi kimi rəqəmlərlə işləməlidir? Yazıçı ilk növbədə özüylə müxalifətdə olmalıdır və bu bəzilərində (yenə bəzilərində!) olduğu kimi süni “başqacürdüşünən” pozasını almamalıdır. Bir anlığa hamının eyni cür düşündüyü, lap elə eyni cür geydiyi bir cəmiyyəti təsəvvürünüzə gətirin. Bu, ya faciə, ya  komediya, ən yaxşı halda isə tragikomediya ola bilər.

Ədəbiyyata yüzlərlə tərif deyilsə də, mən daha çox ədəbiyyata verilmiş klassik tərifi təqdir edirəm. Yəni, düşünürəm ki, ədəbiyyat doğrudan da gerçəkliyi əks etdirməlidir. Amma bu inikas obrazlı şəkildə olmalıdır. Söz “fırçası” bütün rəngləri ilə  çəkmək lazımdır. Təbii ki, yüksək sənətkarlıqla... Di gəl ki,  bizdə həyata yalnız ya qara, ya da yalnız eynəklə baxanlar daha çoxdur. Belələri həmin eynəkləri elə sözün də gözünə pərçimləyirlər. “Eynəkli” sözlərlə uzağı görmək olmaz.

Yəqin bədii sözə dəyər verənlər də belə düşünür ki, yazıçı məhz cəmiyyəti narahat edən problemləri qabartmalı, onları “öz rəngində” təqdim etməli, didaktika ilə məşğul olmamalıdır. Bütün həyatını “təhqir ədəbiyyatına” həsr edən kəslər kimi, bütün həyatını “tərif ədəbiyyatına” sərf edən kəsimlər də vardır. Hərçənd ki, bizdə tarixən mıdhiyyə janrı və ya ədəbiyyatı da olub.

Oxucu bu gün təzəlik, yenilik amacındadır. Amma, bir çox hallarda ədəbi təsərrüfatı bayağı məhsullarla, yumşaq desək, gözdən salırlar. Sözün gözdən düşməsi faciədir.

Yazıçının ən böyük sərvəti SÖZdür.

Yazıçı özünün keçəcəyi körpüdən sözünüdüz keçirməlidir...

Bəli, bu gün zəif əsərlərin bolluğu ucbatından ekologiyaya, meşə təsərrüfatına ciddi zərər dəyir. Deyə bilərlər ki, bu adam nə danışır, axı bədii əsər hara, ekologiya hara? Məsələ burasındadır ki, kitabların nəşr olunduğu kağızlar məhz meşə məhsullarından hazırlanır. Elə kitabların nəşrinə ödənilən pul da ağac materiallardan hazırlanır. İndi özünüz fikirləşin, nə qədər ağac zay kitabların badına gedir?

Ətraf mühiti, o cümlədən təbiətin “yaşıl ciyəri” hesab olunan meşələri ... zəif əsərlərdən, mənasız-məzmunsuz kitablardan qorumaq lazımdır. Bunun üçün oxculara ünvanlanan kitabların həm müstəqim, həm də məcazi mənada qiyməti olmalıdır.

Deyəsən, mən verilən sualdan bir qədər yayındım, eləmi? Bəlkə də... Amma əslində biz ədəbiyyat söhbəti edirik.

Hə, xatırımdadır, sual belə qoyulmuşdu: “Siz  mükafat alacağınızı əvvəlcədən bilirdinizmi?” Qısa və konkret deyirəm: “Qətiyyən, bilmirdim”.

Hər halda mənim onlarla pyesimə ölkəmizdəki və xaricdəki bir çox nüfuzlu teatrlarda quruluş verilib. Diqqətlə saymasam da, elə pyeslərimin sayı qədər elmi və bədii kitablarım nəşr olunub. Təkcə “Dəniz köçü” adlı povestim rus, ingilis, fransız, özbək və qeyri dillərdə dünyanın bir sıra ölkələrində (Azərbaycanda, Rusiyada, İranda, Özbəkistanda) dəfələrlə çap edilib.

Zənnimcə, mükafat yazıçıdan daha əvvəl əlahəzrət sözə verilir.

Amma orasını təxmin edə bilərəm ki, bu fəxri adların verilməsində AYB sədri, hörmətli Xalq yazıçımız Anarın rolu mütləq olub.

Bütün oxucu və tamaşaçılarıma uğurlar arzusu ilə,

 

Sizin Firuz Mustafa,

Əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2019.- 28 may.- S.17.