ÇAĞDAŞ
VƏ QƏDİM ÖZBƏKİSTANDA ON GÜN
(və ya
qardaş ölkəyə mart səfəri haqqında may
yazısı...)
Dostum və qardaşım, şair-publisist Əkbər Qoşalı Özbəkistanda "Dünya Yazar və Rəssamlarının Rezidensiyası"na qatılmaq təklifini edəndə tərəddüdsüz razılaşdım. Nədənsə hələ uşaqlığımdan qardaş ölkənin ədəbiyyatı, mədəniyyəti, tarixi abidələri diqqətimi çəkmişdi. 2013-cü ildə Türkiyədə, Qırğız Respublikasında müxtəlif ədəbi-bədii tədbirlərə qatılmışdım. O tədbirlərdə ölkəmizi bir neçə qələm adamıyla tımsil edirdik. Özbəkistana isə tək gedirdim. Bu təklik ilk öncə uçaqda mənə əsər etdi. Qayğılandım, qəriblik hiss etdim. Daşkənd Hava Limanında çemodanımı gözləyərkən sıxıntı içərisində idim. Hava limanından çıxan kimi yüzlərlə adamın arasında üzərində mənim adım və Azərbaycan bayrağı əks olunmuş kağızı yuxarı qaldırmış Azam Abidovu gördüm. Azamla sosial şəbəkədə tanış olmuşduq. Özbəkistanın tanınmış şairidir. Şeirləri dünyanın bir çox ölkələrində çap olunub, qabiliyyətli tənqidçidir. Özbək klassiklərinin əsərlərini dünyanın müxtəlif dillərinə çevirib. İştirak edəcəyim layihənin kordinatoru da Azam Abidovdu. Məni qarşılamağa böyük oğlu Əzizlə gəlmişdi. İlk dədiqələrdən doğmalaşdıq. Çox səmimi ortam yarandı. Bayaqdan hiss etdiyim qəriblik, sıxıntı bir anın içərisində keçib getdi.
Layihənin özəlliyi o idi ki, görüşəcəyimiz özbək yazıçı və rəssamlarının evlərində qonaq olmalıydıq. Hava limanından bir başa Azam Abidovun evinə getdik. Bolqarıstanlı rəssam Mate Mateyev və ABŞ-dan olan filosof Con Mahoney artıq evdə idilər. Tədbirə Bolqarıstandan gəlmiş şair xanımlar Katya Sotilova, Xristina Petrova və Qırğız Respublikasının Oş şəhərindən gəlmiş şair-publisist, "Oş sədası" qəzetinin baş redaktoru Sahiba Şakir, Hindistanlı Sarita Kouhan isə başqa bir özbək yazarının evində idilər.
İlk səfərimiz Namanqan vilayətinə olmalıydı.
NAMANQAN
Əzizin idarə etdiyi, yerli (birgə) istehsal olan "Şevrolet" markalı avtomobil yaşıl təpələrin, ucsuz-bucaqsız ərik və gilas bağlarının arasıyala uzanan geniş, rahat sosse ilə şütüyür. Yenicə çiçək açmış meyvə ağaclarının göz oxşayan rəngarəngliyi, ətri adamı məst edir. Yolbyu gördüyümüz əksər maşınlar Özbəkistan (birgə) istehsalı olan "Şevrolet" və "Daevoo"lardı. Rusiya və digər xarici ölkə avtomobillərini təkəm-seyrək görmək olur.
Qarşıda Tiyanşan və Pamir
dağları görünür. Yolumuz da anidən dağlara
sarı diklən dolaylara çevrilir. Kiçik dağ kəndləri
də geridə qalır. Bahar ovqatı qəflətən
dağların qar ağlığı ilə əvəz
olunur. Qar uçqunlarının qarşısını almaq
üçün yamaclardakı özəl qurğular diqqətimi
çəkir. Dağların zirvəsindən Namanqan vilayətinə
aşırıq. Namanqan "duz məkanı"
anlamındadır. "Nəmək" və "kan, məkan"
sözlərinin birləşməsindən yaranmış
toponimdir. Dağlar da arxada qalır yeni yaşayış yerləri
görünür. Əziz maşını yol
qırağındakı ticarət obyektlərinin həyətinə
döndərb saxlayır. Digər maşınlarda gələn
dostlarımız da burada dayanır. Təndir çörəyi
və qurud alırıq. Özbəkistanda hər mahalın
ayrıca çörək növləri var. Namanqanın təndir
çörəyi də fərqlidir. Onlar da təndir deyir.
Çörəyin yalnız dadı deyil, görkəmi də
gözəldir. Sanki bir sənət əsəridir. Taxta qəliblərlə
kündənin üzərinə naxış vurulur. Xəmir
iri taxta təknələrdə əllə yoğrulur. Qurudları da
bir qədər fərqlidir. Bizim motal pendirinin
dadını verir. Çox bərk
olmadığından çərəz kimi yeyilir. Ümumiyyətlə özbək mətbəxi
çox dadlı və zəngindir. Özbək
qonaqpərvərliyinin özəlliyi və gözəlliyindən
ayrıca söhbət açacam.
Namanqanın bir qəsəbəsinə
çatırıq. Buradakı məktəblərdən birində
qonaqların şərəfinə tədbir düzənlənib.
Azamın tələbə yoldaşları ilə
görüşürük. İlk öncə
məktəb direktorunun evində nahar edirik. Özbək qonaqpərvərliyi özünü
göstərməkdədir. Masa yerdən
30-40 sm yüksəklikdədir. Masa ətrafında
yerə döşənmiş döşəklərin üzərində
otururuq, mütəkkələrə dirsəklənirik. Yemək başlamazdan öncə özbək dilində
dua oxunur (yemək sona çatanda da dua təkrarlanır).
Şagirdlər və müəllimlər bizi Sırdərya
çayının qırağında, arxeoloji
qazıntılar sonucunda üzə
çıxarılmış qədim şəhərin
yaxınlığında qarşılayır. Məktəblilərin
Novruz şənliyinə qatılırıq. Milli geyimli uşaqların rəqsləri, musiqi
nömrələri adamı heyran edir. Həm də
şagirdlər özbəkcəyə çevrilmiş şeirlərimizi səsləndirir.
Şeirini bir başqa dildə eşitməyin ayrı ləzzəti var. Sonra
tələbə gənclərin bayram şənliyinə
qatılırıq, onlarla rəqs edirik. Azamın
tələbə yoldaşı bizi evinə dəvət edir.
Müəllimədir. Özbəkistanda
müəllimlərə sosial evlər tikilib münasib qiymətə
uzunmüddətli kreditlə verilir. (Əslində ev deməklə bir qədər
kiçiltmiş oluram. Hər cür şəraiti
olan iki, üç qatlı villalardan söhbət gedir).
Axşam isə Azamın atası evində qonaq oluruq. Onu da deyim ki,
Özbəkistanda şəxsi evlərin tikintisində belə
tarixi memarlıq gələnəyi qorunur. Həyətin
dörd yanı otaqlar, digər yardımçı tikililərdir.
Ev həyət-bacası ilə birlikdə
kiçik kanrvasarayı andırır. Qarşılanma
törəni fərqlidir. Qaval çalan
bir qadın hamımızın adlarını çəkərək
bizləri nəğmə ilə qarşılayır, milli
geyimli gənc qadın isə adı çəkilən
qonağın qarşısında təzim edir. Ümumiyyətlə Özbəkistanda qonaqpərvərlik
ayrıca bir gələnəkdir, özəl ritualdır.
Süfrə çox zəngindir, necə deyərlər,
barmaq qoymağa yer yoxdur. Bolqarıstanlı rəssam Mate
zarafatla deyir: "iki gündə o qədər yemişəm,
artıq əyilib ayaqqabımın ipini bağlaya bilmirəm."
Az qala
smalyakı unutmuşdum. Smalyak özbəklərdə
səmənidən hazırlanan halvanın adıdır.
"Novruz"da smalyak bişirmək özü
də bir ritualdır. Qonum-qonşu
yığışır, iri tiyanlarda smalyak bişirir,
növbə ilə qarışdırırlar. 24 saata
hazır olan bu yeməyin özəlliyi odur ki, şəkər
tozu və ya digər şirinləşdirici dad vurulmadan bal dadı verir.
Ertəsi gün Namanqan şəhərinin başqa bir məktəbində
şərəfimizə törən hazırlanıb. Yenə
gözəl musiqilər, rəqslər və özbkcə
şeirlərimiz şagirdlərin ifasında təqdim olunur.
Növbəti səfərimiz tarixin möcüzəsi
olan Səmərqəndədir.
SƏMƏRQƏND
Daşkənddən
Səmərqəndə sürət qatarı
ilə gedirik. Yolqırağı ərazilər
Namaqanda gördüyümüzdən fərqlidir. Daha çox boz çöllər, qumlu təpələr
bir-birini əvəz edir. Mate Mateyev gördüklərini
karandaşla cib dəftərçəsinə çəkir. Arada bizlərin əks olunduğu dostluq
şarjalarını da göstərir. Qırğız
Respublikasından gəlmiş özbək qızı Sahiba
Şakirlə yanaşı əyləşmişik. Taleyindən danışır. 2013-cü ildə
bölgələrində baş vermiş bir
münaqişə zamanı iki qardaşını itirib.
Rusiyada yaşayan
qardaşı isə anasını oraya aparıb. Oğul itirən ana artıq Oş şəhərinə
dönmək istəmir. Sahiba isə əksinə,
Oşda qalıb orada insan hüquqlarını savunmaqla,
üzüntülərin çözümüylə
uğraşır.
Mən özüm milli münaqişə zamanı, daha
doğrusu, Ermənistanın öz havadarlarının hərbi-siyasi
dəstəyi ilə Azərbaycan torpaqlarını
işğalı sonucunda doğma yurd-yuvamı itirdiyimi deyirəm. Bu mövzuda
yazdığım "Qıfıl" şeirimi söyləyirəm,
kövrəlir. Sanki tale
oxşarlığı bizi doğmalaşdırır.
Sahiba "...Abilərimi itirdim, Özbəkistanda bir Azərbaycanlı
abi buldum" deyir və o andan etibarən məni "abi" deyə
çağırır...
Səmərqənddə bizi Özbəkistanın
ünlü rəssamı Əhməd Umarov
qarşılayır.
Öncə şəhər qırağındakı
"İmam Buxra" türbəsini ziyarət edirik. Bu tarixi abidə
özünün zəngin memarlıq ornomentləri ilə diqqəti
cəlb edir. Naxışların sehrinə
düşürsən. Axşam Əhməd
Umarovun evində məclis düzənlənir. Rəssamın evi də bir sənət əsəridir.
Geniş salonda divarlardan özünün çəkdiyi
əsərlər asılıb. Həm gələnəkçi,
həm də, çağdaş və sürrealist üslubda
çəkilmiş bu əsərlər adamı
düşüncələr aləminə qərq edir.
Burada bir neçə səmərqəndli şairlə də
tanış oluruq. Kərim
Turamuradın söylədiyi qoşmanı çətinlik
çəkmədən anlayıram və bir neçə dəqiqənin
içərisində Azərbaycan türkcəsinə
çevirirəm. Biz azdan məclisə
tarzən gəlir. Gözəl özbək
musiqiləri, Bolqarıstanlı Katya Sotilovanın və
Xristina Petrovanın rəqsləri xoş ovqat yaradır.
Ertəsi gün Səmərqəndi gəzirik. Uşaqlıqdan
görmək istədiyim bu şəhərin sirli-sehirli məqamları
(hadisələri!) məni ovsunlayır. XIV-XV
yüzillərə aid tarixi abidələr öz
orjinallığını qoruyub saxlayıb. Əmir Teymur məqbərəsi çox əzəmətlədir.
Gümbəzin içi xalis qızılla
işlənib. Dünyanın ən
böyük və qədim dini təhsil ocağı da bu
şəhərdədir. Özbəkistanın
ən qədim yüksəkqatlı binası da diqqətimi
çəkir. XIV yüüzilə aid olan
bu bina 7-8 qatdan oluşur. Qədim
kağız fabriki isə daha ilgincdir. Burada kustar
üsulla istehsal olunan kağızların ömrü
çağdaş kağızlardan bir neçə yüz il çoxdur. Hindistanlı
xanım şair Sarita bu kağızlardan imzalayaraq yadigar
qalsın deyə hər birimizə ayrı-ayrılıqda hədiyyə
edir.
Sırada isə... tarixin özü və sözü
olan Xivə bizi gözləyir.
XİVƏ
Daşkənddən Xivəyə uçaqla 2 saata çatdıq. Orada bizi şairlər Bəhram Rozimuhammad və Səyyarə Salayeva gözləyirdi. Bəhram Rozumuhammad Özbəkistanın tanınmış şairdir. Onu özbək poeziyasında modernizmin banisi də adlandırmaq olar. Hələ 70-80-ci illərdə yazdığı şeirlərlə dövrünün şairlərindən fərqlənə bilib. Uzun zaman Daşkənddə yaşayıb-yaradıb. Ömrünün ahıl çağlarında isə doğma el-obasına qayıdıb.
Xivə Xarəzm vilayətində yerləşən qədim bir şəhərdir. Burda çox fərqli ovqata köklənirəm. Səmərqənddə tarixə bu gündən baxırdım, sanki əlimi gözümün üstünə qoyub uzaqları seyr edirdim. Xivəda isə tarixin içinə düşmüşəm, yüzillərin o tayına səfər etmişəm, XIV yüzildəyəm... Hava da çox soyuqdur, əynimdə nazik gödkçə olmasına baxmayaraq üşüdüyümün fərqində deyiləm. "İçan Qala"nı ( -"İçəri şəhər"i) Bəhram Rozumuhammadın, Səyyarə Salayevanın müşaiyəti ilə dolanırıq. Daha çox diqqətimi cəlb edən Pəhləvan Mahmud türbəsidir. Pəhləvan Mahmud qoluzorlu, igid bir adam olub, eyni zamanda dövrünün sufi şairi kimi tanınıb. Həm pəhləvanlığın, həm sufiliyin, həm də şairliyin bir adamda cəmləşməsi məni təəccübləndirir...
Axşam Səyyarə Salayevanın evində qonaq oluruq. Bizləri Səyyarə xanımın oğlu Munis, qızı Fəridə və gəlini qarşılayır. Burada qarşılanma tamam fərqlidir. Evin təzə gəlini əllərini dizlərinə toxunduraraq qəribə şəkildə təzim edir. Burada da bir-birimizin şeirlərini öz dillərimizə çeviririk, zəngin Xarəzm süfrəsinə və könül süfrəsinə qonaq oluruq.
Sonuncu iki günüsə Daşkənd ədəbi-mədəni mühiti ilə tanış olmalıyıq...
DAŞKƏND
Özbəkistan Milli Kitabxanasında bizi jurnalistlər, yazıçılar qarşılayır. Səfərimiz barədə mətbuat nümayəndələrinə məlumat veririk. Milli Kitabxananın binası yeni inşa olunmuş əzəmətli bir memarlıq örnəyidir. Həm tarixi, həm çağdaş memarlığın əlamətlərini özündə birləşdirib.
Şəhər turu başlayır. Daşkənd çağdaş şəhərdir. 1966-cı ildə baş verən güclü zəlzələdən sonra yenidən qurulub, küçələr, prospektlər geniş və təmizdir. Zövqlə əkilmiş çiçəklər, yaşıllıq göz oxşayır. Layhəmizə Türkiyədən qatılmış (digər tədbirlərə gecikmiş) Nihad Özdalla da Daşkənddə tanış oluruq. Nihad ilk baxışdan təkəbbürlü görünsə də, istedadlı gəncdir. Özü demişkən, onun şeirləri şeirdə bir ekspermentdir.
Axşam Özbəkistanın tanınmış xanım şairi, ölkənin bir çox ədəbi ödüllərini almış Xasiyyət Rüstəmin bağ evinə yollanırıq. Xasiyyət xanım ölkəsinin ən ünlü ədəbiyyat qəzetlərindən birinin - "Kitab dünyası"nın baş redaktorudur. Xasiyyət Rüstəmin bağ evi Daşkənd yaxınlığında, səfalı bir yerdə, yazıçılar məhəlləsində yerləşir. Burada ölkənin ünlü şair və yazıçılarına bağ evi tikmək üçün dövlət tərəfindən torpaq sahəsi ayırılıb. Küçə başdan-başa qələm adamlarının yüksək zövqlə inşa olunmuş villaları ilə əhatə olunub. Bu evdə də özbək süfrəsinin Daşkəndə özəl təamlarına qonaq oluruq. Burada məni bir sürpriz də gözləyirmiş. Xasiyyət xanım "Kitab dünyası" qəzetinin yeni sayını gətirir. Şeirlərim və qısa özkeçmişim qəzetdə dərc olunub (orada düşmən işğalı nəticəsində doğma yurd-yuvamı itirdiyim də yazılıb)...
Ertəsi gün "Kitab dünyası" qəzetinin yeni redaksiyasının açılışında iştirak edirik. Qırmızı lenti hamımızdan yaşlı olan Mate Mateyev kəsir. Oxucular və yazarlar redaksiyaya toplaşır. Müxtəlif dillərdə oxunan fərqli üslub, fərqli mövzulu şeirlərlə məclis başlayır. Qəzetin oxucuları, yazarlar özbəkcəyə çevrilmiş şeirlərimdən təsirləndiklərini gizlətmir. Özəlliklə "Qıfıl" şeiri hamını mütəəssir edir...
Beləcə Özbəkistana ilk səfərimin son anları özünü çatdırır. Nüsrət Kəsəmənli demişkən:
-Bu da sonuncu gün, sonuncu vida,
Bu da
ayrılığın sonuncu tini...
Və
sonuncu tin Daşkənd Hava Limandır.
Elşən ƏZİM
525-ci qəzet.- 2019.- 28 may.- S.16-17.