Əhməd bəy Ağaoğlunun 150
illiyinə böyük töhfə
PROFESSOR
VİLAYƏT QULİYEVİN "ATATÜRK VƏ
ƏHMƏD AĞAOĞLU" MONOQRAFİYASI İLƏ
"ƏHMƏD BƏY AĞAOĞLU:
XATİRƏLƏR" KİTABI MÜHÜM
MƏDƏNİ-İCTİMAİ HADİSƏYƏ
ÇEVRİLDİ
Ədəbiyyatla məşğul olmaq zəngin
mütaliə, bilik və istedaddan əlavə, sonsuz sevgi də
tələb edir. Gərgin əməyə, çoxşaxəli
axtarışa sevgisiz tablaşmaq mümkün deyil
çünki. Görkəmli ədəbiyyatşünas,
tanınmış ictimai xadim, professor Vilayət
Quliyev də bu sonsuz sevginin sahiblərindən biridir.
Uzun illərdir
davam edən siyasi fəaliyyətinə, gərgin iş rejiminə
baxmadan araşdırmaları, dünya ədəbiyyatından
etdiyi bir-birindən maraqlı tərcümələri, bədii,
publisistik və elmi əsərləri ilə ədəbiyyatımıza
mühüm xidmətlərindən qalmır.
Onun son illərdə gördüyü ən vacib işlərdən
biri isə Azərbaycan Xalq Cümhuriyyətinin və fədakarlarının
həyatı, fəaliyyəti haqqındakı tədqiqatları,
çap etdirdiyi kitablarıdır. Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Əhməd bəy
Ağaoğlu və başqa böyük
aydınlarımızın həyatına aid bilinməzləri
aşkara çıxarıb həm Azərbaycan, həm də
dünya oxucusuna təqdim edən Vilayət Quliyev təkbaşına
böyük bir institutun, tarixçi alimlər qrupunun görəcəyi
işləri görür.
Bu il aprelin 10-da Prezident İlham Əliyev
"Əhməd bəy Ağaoğlunun anadan olmasının
150 illik yubileyinin qeyd edilməsi" haqqında Sərəncam
imzaladı. Sərəncama uyğun olaraq,
türk dünyasının böyük mütəfəkkirinin
həyatı, yaradıcılığı haqqında daha
geniş araşdırmalara, tədqiqat işlərinə
başlanıldı, müxtəlif elm və mədəniyyət
ocaqları, qurumları konfranslar, tədbirlər keçirməkdədir.
Əlbəttə, Sərəncam verildikdən sonra nəzərlər
həm də Cümhuriyyətin ən yaxşı tədqiqatçılarından
olan Vilayət Quliyevə dikildi. Hər kəs onun bu ilə
öz töhfəsini verəcəyinə heç bir
şübhə etmirdi. Onun "Atatürk və Əhməd
Ağaoğlu" adlı monoqrafiyası və tərcüməçisi,
tərtibatçısı olduğu "Əhməd bəy
Ağaoğlu: Xatirələr" kitabı özünü
çox gözlətmədən oxuculara çatdı.
Birinci kitab böyük Atatürkün rəhbərliyi
ilə türk xalqının milli-azadlıq mübarizəsinə
- Qurtuluş savaşına başlanmasının 100 və
Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyinə
həsr olunub.
Kitabda azərbaycanlı mütəfəkkirlə Türkiyə
Cümhuriyyətinin qurucusu Atatürk arasında 1919-cu ildə
başlayan və təxminən 20 ilə yaxın davam edən
dostluq əlaqələrinin, işgüzar və şəxsi-ailəvi
münasibətlərin geniş mənzərəsi öz əksini
tapıb.
"Xatirələr"i
xatırlarkən...
"Xatirələr" kitabında isə Azərbaycanın
və bütünlükdə türk dünyasının
böyük fikir adamı Əhməd Ağaoğlunun
(1869-1939) mürəkkəb, keşməkeşli ömür
yolunun iki fərqli dövrünü əks etdirən xatirələri
toplanıb. Sona çatdırılmamış
"Altmış yeddi il sonra" əsəri müəllifin
Qarabağda, Şuşada keçən uşaqlıq və
ilk gənclik illərindən, Tiflis, Peterburq və Parisdəki
tələbəlik həyatından bəhs edir. "Sərbəst
Firqə xatirələri" adlı siyasi memuarlarında isə
Əhməd Ağaoğlu Atatürkün istəyi ilə
qurucuları sırasında yer aldığı, 1930-cu illər
Türkiyəsinin dövlətçilik həyatına
demokratiya, siyasi plüralizm və çoxpartiyalılıq gətirmək
məqsədinə xidmət edən Sərbəst Cümhuriyyət
Firqəsinin yaranması tarixinə və fəaliyyətinə
işıq salır. Kitabda toplanan əsərlər
tariximizin bir çox səhifələrinin öyrənilməsi
üçün qiymətli mənbədir.
Kitabın tərtibi və tərcüməsi, müqəddimə,
izah və şərhlər V. Quliyevə məxsusdur. Öncə
onu qeyd edək ki, tərcüməçinin bədii duyumu,
sözü hiss etmək qabiliyyətinin olmağı bəlkə
də ən böyük şansıdır. Çünki o, tərcümə etdiyi əsərə
tarixi hadisə kimi deyil, bədii mətn kimi
yanaşmağı və öz tərcüməsini də bədii
mətnə çevirməyi bacarır. Vilayət
Quliyev Əhməd bəy Ağaoğlunun xatirələrini məhz
bu məziyyətlərlə dilimizə
uyğunlaşdırıb. Oxucu əsərin
tərcümə olduğunu demək olar ki, hiss etmir. Xüsusən, birinci hissədə müəllifin
hiss-həyəcanı, keçirtdiyi sarsıntılar
olduğu kimi əks etdirilə bilib. Bu da əsəri
daha oxunaqlı etmək baxımından böyük önəm
daşıyır.
Hələ kitabın ilk yazısı, tərtibatçının
müqəddiməsini oxuyarkən hiss olunur ki, Vilayət
müəllim Əhməd bəyə mətn obyekti kimi deyil, ən
əziz insanı, sonsuz sayğı və sevgi duyduğu şəxsiyyət
kimi yanaşıb. O, Əhməd bəydən danışarkən
"Heç kəsdən dəvət və mükafat
gözləmədən özünü həmişə hadisələrin
ən gur, ən təhlükəli yerinə atıb"- deyərək,
oxucunu bir az sonra oxuyacağı iztirablarla,
təəssüflərlə dolu həyat hekayəsinə
hazırlayır. Onun "Amma necə deyərlər,
öz vətənində peyğəmbər olmaq
mümkün deyil"- sözləri isə artıq təxminən
200 səhifəlik xatirələrdəki ağrının əsl
səbəbini açıb göstərir.
"Altmış
yeddi il sonra"
Xatirələrinin birinci hissəsində
Ə.Ağaoğlu uzaq keçmişə,
uşaqlığına, Şuşada keçirtdiyi o
qayğısız illərinə səyahət edir. Onu
bütün həyatı boyu izləyəcək peşmanlıqların,
təəssüflərin təməli də həmin o illərdə
qoyulur. Əhməd bəy o zamanlarda özünə dərd
etdiyi, bütün fikrini, düşüncəsini,
rahatlığını sərf etdiyi şeylərin mənasızlığına
sonrakı həyatında rastlaşdığı
böyük iztirablar müqabilində varır: "Vaxtı
ilə üstündə yarpaq kimi titrədiyim, həsrətlə
can atdığım, özümü oda-közə
vurduğum şeylər indi mənə nə qədər
gülünc görünür! Yadıma
salıb gülürəm!"
O,
özü haqqında danışmağa təbii olaraq, ailəsindən,
Şuşadakı mühitdən başlayır. Atası və anası haqqında oxuyarkən
valideynləri arasındakı təzadın fərqinə
varırıq. Xatirələrin
davamını oxuduqca isə bu təzadın sonrakı
bütün ömründə onu bu və ya digər şəkildə
izlədiyinin şahidi oluruq.
Öncə
mömin olan atasından danışır: ""Sən
kimsən?" deyə soruşan olanda: "Əlhəmdülillah,
Məhəmməd hümmətindənəm. Ali-əba
aşiqiyəm, mənim atam Mirzə İbrahim, onun atası da
Qurdlar elindən Həsən ağadır", - deyərdi.
Türk olduğu ağlına gəlməzdi. Rusların gəlib
Qurdlar elinin yerində yellər əsdirdiyini də
düşünməzdi.
Nə var? Nə olub ki? Həmd olsun,
azan oxunur, məscidlər yerindədir, axundlar vəz edir,
evimizdə də din söhbətləri gecə-gündüz
kəsilmək bilmir".
Sonra isə əmiləri, onların ətrafından
danışaraq Şuşanın və onun timsalında o
vaxtkı Azərbaycanın ümumi mənzərəsini
yaradır. Onun böyük əmisi Mirzə Məhəmmədlə
bağlı danışdığı bir əhvalat Vilayət
Quliyevin özünün də nəzərindən
qaçmayıb. Hələ kitabı oxumazdan öncə
onun sosial şəbəkədə paylaşdığı bu
əhvalat və ona verdiyi şərh diqqətimi cəlb
etmişdi: "Əhməd bəy mənsub olduğu nəslin
ağsaqqalı sayılan əmisi ilə bağlı milli
mentalitetimiz üçün çox səciyyəvi bir epizod
xatırlayırdı: "1877-ci il rus-türk müharibəsi
əsnasında ruslar Qafqaz müsəlmanlarından
şübhələndikləri üçün ilk növbədə
Şuşadakı müsəlman camaatın sakit
oturacağı, bir iğtişaş törətməyəcəkləri
ilə bağlı şəhər ağsaqqallarından zəmanət
istəmişdilər. Çoxları bu cür
zəmanət verməkdən boyun qaçırdıqları
halda əmim zamin durmağa razı olmuşdu. Yaxınları ondan "Niyə belə ağır
yükün altına girdin?"-deyə soruşanda
gülümsəyib cavab vermişdi: "Qoy bizimkilərin
üsyan eləyəcək qədər hünəri olsun, mənim
qurban getməyimin elə bir qorxusu yoxdur".
P.S.
Ağsaqqal mahir psixoloq imiş! Yaxud Sabir
demiş, "Əvvəl nə idiksə, yenə biz şimdi
həmanız!"
Hiss olunur
ki, Əhməd bəy uşaq ağlı ilə
yaşadığı mühiti çox sevir, mollaların,
axundların söhbətləri onun marağını cəlb
edir. Hətta o, böyüyəndə onlar kimi
danışmağı, onlar kimi söz yiyəsi olmağı
da arzulayır: "Xüsusən də onların
danışdıqları dil məni heyran edirdi. Türkcə danışırdılar, lakin bu elə
türkcə idi ki, dediklərindən bir kəlmə də
anlamırdım. Neçə dəfə içimdən
dərindən ah çəkib: "Mən də bu cür
danışa bilsəydim, mən də onlar kimi olsa bilsəydim"-
deyə ürəyimdən keçirmişdim.
İndi əlli
beş illik bir zaman arxasından
bütün olub-keçənləri xatırlayaraq o sadə,
səmimi insanların belə mənasız və uydurma məsələlərə
bu qədər əhəmiyyət vermələrinə, bu qədər
hiss və həyəcan duymalarına ürəyimin dərinliklərində
hətta qibtə edirəm. Nə xoşbəxt
insanlar imişlər. Aşağı-yuxarı
üç-beş mövhum fikirlə beyinlərini doldurub həm
sevnc qarışıq bir həyəcan yaşayır, həm
də xoşbəxt ömür sürürdülər.
Ah, nə olardı, mən də onlar kimi ola
biləydim!"
Ancaq onun bu istəkləri, arzuları "ürəyində
qalır".
Onun hələ haqqında söz
açmadığımız əzizi- anası indi ehtiramla
yad etdiyimiz Əhməd bəy Ağaoğlu şəxsiyyətinin
yetişib formalaşmasında əvəzsiz rol oynayır.
Bir
qadının qüdrəti, yaxud "ana qüvvəti"
Onun anası ilə bağlı xatirələr bəlkə
də kitabın ən sarsıdıcıdı, eyni zamanda, ən
işıqlı hissələridir. O qaragüruhun, cahilliyin,
avamlığın ortasında Əhməd bəyin
Sarıcalı obasından olan balaca boylu, incə, zərif, həssas
anası bir günəş kimi doğur. Bu günəş
yetişdirdiyi övladla Azərbaycan və türk
dünyasına öz bətnindən yeni bir günəş bəxş
edir: Əhməd bəy Ağaoğlu adlı günəş...
Yuxarıdakı abzasların birində Vilayət Quliyevin
sosial şəbəkədəki paylaşımından misal gətirmişdiksə,
bu yerdə başqa bir paylaşım yada düşür.
Öncə onu deyək ki, kitab yenicə çapdan
çıxmasına baxmayaraq, artıq bir çox ziyalılar
tərəfindən oxunaraq müsbət reaksiyalar toplayıb. Onlardan biri də
Rəşad Məciddir. Rəşad Məcid bir neçə
gün öncəki paylaşımında Əhməd bəyin
anasına olan sonsuz ehtiramını, sayğı və
sevgisini bu sözlərlə ifadə etmişdi: "Son
günlər gözümün önündən bir möhtəşəm
Qadın obrazı çəkilmir. Onu
düşünür, xəyal edir, söhbətləşirəm.
Professor Vilayət Quliyev Əhməd Ağaoğlunun 150
illik yubileyi münasibətilə onun "67 il sonra"
adlı xatirələrini çap etdirib. Orada Əhməd bəy
doğulduğu Şuşa və
uşaqlığı haqqında da söz açır. Adamı hüznləndirən, duyğularını
param-parça edən bu xatirələrdə bir
işıqlı obraz -Əhməd bəy Ağaoğlunun
anası Tazə xanım heyrətimə səbəb oldu!"
Rəşad
Məcidin sonradan bizə də sirayət edən bu sonsuz heyrətinə
səbəb olan Tazə xanım haqqındakı sətirləri
heç bir şərhsiz təqdim edirik:
"Amma eyvah! Bu səadətə qovuşmağıma
o zərif, incə anam mane oldu.
Axundların, mollaların əcaib geyimləri, cübbə
və nəleyinləri qətiyyən xoşuna gəlməzdi. "Bunlar
hamısı hiylədir, aldadıcı şeylərdir, mən
oğlumu elə görmək istəmirəm!" - deyərdi.
Ürəyindən keçirdi ki, rusca oxuyum, çiyinlərimdə
parlaq epoletlər daşıyım, yerli camaatdan dərdi-səri
olanlar anamın yanına gəlsinlər, anam da mənim vasitəmlə
bu adamlara kömək edə bilsin.
Anam sonda
öz istəyini həyata keçirəcək, yolumu Kərbəlayi-Müsəlladan,
Nəcəfül-Əşrəfdən Peterburqa, Parisə
çevirəcəkdi...
Ah, məni
göz bəbəyi kimi sevən, yumşaq qəlbli, incə
ürəkli anam, sən nə etdin? Nədən
bu fəlakətlə dolu yolu oğluna rəva gördün?
Anam bu işi necə gördü? İndinin
özündə də təsəvvürüm yoxdur. Qonşuluqda yaşayan ixtiyar dayəsi Kərbəlayı
Bahar nənə vasitəsi ilə bir erməni müəllim
tapdı. O erməni mənə rus dilində dərs verəcəkdi.
Üç
il bu qayda ilə davam etdi. Müəllim mənə
hesab, tarix və coğrafiya dəsrləri də verdi və hər ayın sonunda anam nimtənəsinin
ətəyinə tikilmiş rus imperiallarından birini
qoparıb zəhmət haqqı kimi Kərbəlayı Bahar
vasitəsi ilə ona göndərirdi. Nə
atamın, nə də başqa heç kəsin bu məsələlərdən
xəbəri vardı. Anamın fədakarlığı
nə zaman yadıma düşsə, ürəyim yerindən
oynayır..."
Heyrət!
Oxuduqca düşünürsən, görəsən,
bu, bir qadının qüdrətidir, yoxsa balasını
canından çox sevən ananın qüvvəti? Elə bir həyat
yoldaşının, o cür qayınların
düşüncəsinə zidd gedərək, illərlə
böyük bir riski və məsuliyyəti çiyinlərində
daşımağa hansı hiss, hansı sevgi səbəb ola bilər ki?
Təhsil
illəri...
Fərqli
dünyaların ortasında...
Məhz
bir qadının qüvvəti nəticəsində Əhməd
bəy Ağaoğlu oxuduğu üçüncü sinifdə
qırx beş nəfər arasında yeganə
türk olur. "Qalanların hamısı
xaçpərəstlər idi". O yaşa qədər
ancaq din, Quran, hədislər, imamların həyatı
haqqındakı söhbətləri dinləyən, mədrəsədə
Quran oxumaqdan başqa heç nə öyrədilməyən
uşaq birdən-birə başqa bir dünyanın ortasına
atılmış kimi olur. Bu dünya onun
gördüyü əvvəlki dünyadan tamamilə fərqlənirdi.
Və onun sonra bütün ömrü boyu zehnini,
düşüncəsini, ruhunu məşğul edən bu
ziddiyyətin səbəbiylə bağlı sualların təməli
də o dövrdən qoyulur: "İki məktəb
arasında gördüyüm fərqlər ilk gündən məndə
bir xəyal qırıqlığı oyatdı və
şüurumda, əlli dörd il sonra da
cavabını tapa bilmədiyim bu sualı doğurdu: "Niyə?
Bu fərqliliyin səbəbi nədir?
Yaşım
artdıqca bu sual da böyüyəcək, məna və əhəmiyyətini
artıracaq, bütün həyatımı qapsayacaq və
ömürlük bir dərd olub yaşayışımı zəhərləyəcəkdi..."
"Qürbətin nə həzin məqamları
varmış!"
Və budur, bir zamanlar cahil insanların arasında elə
onlar kimi gələcək arzulayan uşaq artıq elm yoluna
çıraq tutub şəhər-şəhər, ölkə-ölkə
gəzməyə başlayır. Taleyin ona
hazırladığı oyunlardan xəbərsiz getdiyi hər
şəhəri sonsuz heyrət və böyük maraqla seyr
edən gələcəyin mütəfəkkiri bir zamanlar
kitablardan oxuduğu və yalnızca xəyalında
canlandırdığı dünyanın düz
ortasındadır. Tiflislə bağlı ilk təəssüratları
da fikrimizdə yanılmadığımızı göstərir:
"İki dünya arasındakı fərq bütün
varlığımı sarmışdı. Mənəvi
cəhətdən eşitdiklərim mənə birinci
dünyadan ayrılmaq üçün çox güclü təkan
oldu".
Ancaq elmin arxasıyca gedən gənc üçün
Tiflis mühiti hələ başlanğıc idi. Onun
arzuları daha böyük, elmin yolu isə çox uzun idi.
Ona görə də Tiflis təhsilini tamamlayıb
Dostoyevskinin, Tolstoyun əsərlərində oxuduğu və
sevdiyi Peterburqa getməyə hazırlaşır: "Ah, nə
xoş tale! Nə böyük səadət! Şuşa
və bəlkə də bütün Qafqaz gəncləri
arasında neçə gəncə belə səadət nəsib
olub?"
Həqiqətən də maraqlıdır, görəsən, neçə gəncə belə bir səadət nəsib olub? Neçə gənc pərçimlənib qaldığı xurafat buxovlarını ayaqlarından rədd edib işıqlı gələcəyə doğru yürüyüb? Dövrün mənzərəsinə nəzər salanda bu sayın "bir əlin barmaqlarını keçmədiyini" görərik, təəssüf ki...
Bəs bu elm, Şərqə mənsub olub Qərbdə həyat qurmaq ona nə verdi? Niyə xatirələrinin əvvəlində müəllif çıxdığı bu yoldan təəssüflə, sarsıntı ilə bəhs edir? "Ah, bu yarımçıqlıq nə tükənməz bir dramdır! Nə qəribə bir ruh faciəsidir! Mən indi heç zaman tamlıq və bütünlük hissini duya bilmirəm. Və hər şeyə ala-yarımçıq vaqif olmaq nə böyük bir cəhənnəm əzabıdır! Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda birincisini avropalı, ikincisini də bir şərqli kimi tam və bütün şəkildə qavraya bilmədiyimi hiss edirəm".
Bir türkün elm dalıyca uzaq şəhərlərə səyahəti həmin şəhər sakinlərinin özləri üçün də gözlənilməz hadisə idi. Məsələn, Əhməd bəy Peterburq həyatından danışarkən, bir rus qadınının evində kirayə qalmaq üçün müraciət edəndə onun türk olduğunu öyrənib təəccübləndiyini deyir. Qadın təəccübünü bu cür izah edir: "-Mən çox türk görmüşəm. Onları çox sevirəm. Çox dürüst, doğru insanlardır. Amma indiyə qədər türklər arasından bir tələbə çıxmadığı üçün...
-Bəli, haqlısınız. Biz bu yola ancaq indi qədəm qoyuruq. Ermənilər və başqa xristanlar təhsil məsələsində bizdən çox qabaqdadırlar. Ona görə də şəhərinizdəki insanlarda onlara alışqanlıq var".
Eyni reaksiyanı o, Parisdə, özünə doğma hesab etdiyi gürcü tələbələrində də görür. Həmin reaksiyanı yada salarkən yazır: "Qarabağlı bir türkün durub təhsil dalınca Parisə qədər gəlməsi onlara həm çox qəribə görünmüş, həm də xoşlarına gəlmişdi".
Təhsil yolunun ən uzun və ən məşəqqətli "dayanacağı" Paris olur. Hələ bir ölkənin daxilində bu qədər məhrumiyyətlər və çətinliklər yaşayan gəncin yol-iz, dil bilmədiyi, kitablardan başqa heç bir məlumat qaynağı olmadığı Fransaya-Parisə səfəri əsl risk idi. O, heç nəyi düşünmədən bu riskə gedir və Paris həyatı özünün də dediyi kimi, gələcək iztirablara hazırlıq olur: "İndi anlayıram ki, insanın yetişməsi, möhkəmlənməsi üçün qara günlər ağ günlərdən daha mühüm imiş. Amma bir şərtlə: boş dayanmamalısan, başını aşağı salıb zülm və zillətə qatlaşmamalısan!
... ömrüm boyu davam edən bütün imtahanlara gəncliyimdə keçirdiyim bu işgəncələrə dözüb tab gətirdiyimə görə təhəmmül edə bildim".
Əhməd bəy Ağaoğlu Parisdə təhsil
alan bir neçə türk gənci də tapır ki, onlar da
sonralar Azərbaycanın dövlətçilik tarixində ən
az onun özü qədər mühüm rol oynayacaqdılar:
"Gördüyüm üç nəfər türkdən
biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq
Əli Mərdan Topçu Başıyevdi. O, həmin il
hüquq fakültəsini bitirirdi, odur ki, dövlət
imtahanlarına hazırlaşırdı. İki nəfər də
yol mühəndisliyi diplomu almaq üzrə idi. Onlardan
Peterburqda dördüncü bir tələbənin də
olduğunu öyrəndim. Həmin şəxs sabiq Qafqaz
şeyxülislamının oğlu Hüseynzadə Əli bəy
imiş. O da həmin il
universitetin təbiət bölümünü bitirib
İstanbula gedibmiş".
"Sərbəst
Firqə xatirələri"
Xatirələrin ikinci hissəsi Türkiyə
Cümhuriyyətində yeni firqənin - partiyanın
yaradılması və fəaliyyətilə
bağlıdır. Burada biz Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkün obrazıyla
qarşılaşır və onunla Əhməd bəy
arasındakı münasibət haqqında təsəvvür
qazanırıq. Əhməd bəy xatirələrində
ondan "Qazi" deyə bəhs edir. Ömrünün
son zamanlarında Qazi və ətrafı ilə dövlət
idarəçiliyi məsələsində
yaşadığı toqquşmalar Əhməd bəyi
sarsıdan ən mühüm hadisələr olur. Bu toqquşmaların başında isə hürriyyət,
demokratiya adı altında yaradılan yeni firqə və
sonradan tutulmayan sözlər, edilən xəyanətlər
durur.
O, Qazi
Mustafa Kamal Atatürkün şəxsiyyətini və bir rəhbər
kimi obrazını belə yaradır: "Onun öz içinə
sığmayan tükənməz enerjisi və coşqun ruhu
durmadan hərəkət istəyirdi...Yalnız uyuyarkən, yəni
bitab düşmüş vücuduna istər-istəməz
istirahət verərkən sükunətdə olurdu. Çox qısa çəkən bu istirahət
başa çatar-çatmaz elə yataqda ikən təbiətindəki
çoşub-daşma hərəkətləri
başlardı. Qadınlara seçmək
və seçilmək hüququnun verilməsi də belə
ani coşqunluq nəticəsində meydana
çıxdı".
Özünün Atatürklə münasibəti haqqında isə bunları yazır: "Qazi mənimlə söhbət etməyi sevirdi. Mən də ona qarşı hörmətkar, amma eyni zamanda həm də açıq olmağı özümə borc sayırdım. Bu mənəvi borcun ödənməsi şəxsimə dəfələrlə bir çox itkilər və sonsuz əzab-əziyyətlər bahasına başa gəlirdisə də, yenə öz yolumda davam edirdim. Sərbəst Firqə zamanında mətbuat sahəsində həmkarlarım arasında özünü ən çox göstərən mən idim. Yazılarımın xalq üzərində təsiri olurdu".
Əhməd bəy bütün həyatı
boyunca çəkdiyi türlü-türlü əzablara,
bir-birindən müdhiş iztirablara, sürgünlərə,
məhrumiyyətlərə baxmayaraq, sözünü çəkinmədən
deyib, hər zaman xalqının və böyük Türk
dünyasının mənafeyi uğrunda mübarizə aparıb.
Onun kimi fikir adamının layiqli qiyməti hələ də
öz vətənində tam mənasıyla verilməyib. Ancaq Azərbaycan Prezidentinin müvafiq Sərəncamının
və bu Sərəncamdan çıxış edən Vilayət
Quliyevin tədqiqatlarının, kitablarının bu dəyərin
başlanğıcı olacağına, xalqımızın
da öz mütəfəkkir oğlunu layiqincə
tanıyıb qiymətləndirəcəyinə ümid
edirik!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 28 may.- S.14-15.