Fransız şərqşünas: "Azərbaycan zəngin ədəbi tarixi olan ölkədir"

 

 

İyirmi ildən artıq Azərbaycan ədəbiyyatı və mətbuatı haqqında Fransada nəşr olunan jurnal və məcmuələrdə biri-birindən maraqlı məqalələr çap etdirən fransız şərqşünası Lüsyən Buva (1872-1942) Mərakeş missionerlərinin dəstəyi və maddi yardımı ilə 1906-cı ilin oktyabr ayından Parisdə fransız dilində nəşr olunmağa başlayan "Müsəlman aləmi jurnalı"nın ("Revue du monde musulman") 1922-ci il tarixli nömrəsində Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri, dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) "Azərbaycan ədəbiyyatına bir nəzər" irihəcmli məqaləsinin xülasəsini tərcümə edərək öz əlavələri ilə birlikdə dərc etdirmişdir.

Xatırladaq ki, ədibin məqaləsini xülasə formasına salan onun ali təhsil almaq üçün Fransaya göndərilən və 1925-ci ildə Parisdə gənc yaşlarında vəfat etmiş kiçik qardaşı Miri bəy Vəzirov olmuşdur. Lüsyən Buva da həmin xülasəni tərcümə edərək jurnalda çap etdirmişdir.

Şərqşünas alim tərcümənin əvvəlində Azərbaycan Respublikasının İstanbuldakı keçmiş elçisi Yusif bəy Vəzirovun (Yusif Vəzir Çəmənzəminli - Ə.Ə.) "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı irihəcmli əsər ortaya çıxardığını, bu maraqlı əsərin Azərbaycan ədəbiyyatının həqiqi tarixini əks etdirdiyini xüsusi vurğulamışdır.

Müəllif daha sonra qeyd edir ki, Y.V.Çəmənzəminlin məqaləsi ilə tanışlıq oxucuda Azərbaycanın zəngin ədəbi tarixi olan ölkə olması barədə tam təsəvvür yaradır.

Lüsyən Buva Azərbaycan ədəbiyyatı tarixinin zənginliyini ortalığa çıxarmaq istiqamətində Yusif Vəzir Çəmənzəminlinin apardığı gərgin axtarışları yüksək qiymətləndirmiş, tədqiqatçının avropalı alimlərin Azərbaycan ədəbiyyatı tarixinə həsr etdiyi məqalələrdən və orijinal mənbələrdən istifadə nəticəsində Azərbaycan ədəbiyyatının həqiqi tarixinə dair sanballı bir əsər ərsəyə gətirdiyini diqqətə çəkmişdir.

Şərqşünas alim xatırladır ki, Yusif bəy Vəzirov diplomatik fəaliyyəti ilə yanaşı, İstanbul kitabxanalarında Azərbaycan ədəbiyyatı tarixinə dair materiallar toplamaq məqsədilə ciddi axtarışlar aparmış, əldə etdiyi materiallar əsasında hazırladığı məqaləni silsilə şəkildə 1918-ci ildə "Azərbaycan və azərbaycanlılar" adı altında Krımda nəşr olunan "Millət" qəzetində silsilə şəklində dərc etdirmişdir. Yusif Vəzir Çəmənzəminli əldə etdiyi mənbələr arasında ədəbiyyatşünas Əli Əmri Əfəndinin 50 il ərzində topladığı 14 min kitabdan istifadə etdiyini, onların arasında çoxsaylı ilk əlyazmalara rast gəldiyini bildirmişdir.

Məqalədə ədibin "Azərbaycan və azərbaycanlılar" əsəri həyatının otuz ilini Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinə həsr etmiş görkəmli maarifçi Firidun bəy Köçərlinin düşmənləri tərəfindən qətlə yetirildiyi bir vaxta təsadüf etdiyi qeyd olunmuşdur.

Fransız şərqşünası Y.V.Çəmənzəminlinin "Azərbaycan ədəbiyyatına bir nəzər" əsərinin isə 1921-ci ildə İstanbulda "Milli" adlı mətbəədə çap olunduğuna diqqət çəkmişdir.

Xülasənin "Orijinallar" yarımsərlövhəli başlığında Lüsyən Buva qeyd edir ki, bütün əsrlər boyu Azərbaycanda mədəni həyat diqqətəlayiq olub. Məşhur şairlər, nasirlər, söz ustaları bu ölkədə doğulublar, amma onların yaratdıqları əsərlər fars dilində yazılıb. Çünki bir çox əsrlər Azərbaycan ədəbiyyatı fars məktəbi əsasında formalaşıb. Elə buna görə də azərbaycanlı ədiblər həmin dövrlərdə əsərlərini fars dilində yazmağa məcbur olublar.

Lüsyən Buva ilk dəfə Azərbaycan dilində əsərlər yazan şairlər məsələsinin mübahisəli olduğunu qeyd edib. Xəqani Şirvani və Nizami Gəncəvi tək dövrünün nəhəng şairləri fars dilində yazdıqlarına görə hansı xalqa mənsub olmaları tədqiqatçılar arasında uzun müddət mübahisəyə səbəb olub.

Bəzi ədəbiyyatşünasların fikrincə, Azərbaycan ədəbiyyatı yalnız XVIII əsrdə Xətai, Fizuli, Təbrizli, Saib, Şah Təhmasib, Vəfa və Məxfi kimi şairlərin əsərlərində özünü büruzə verməyə başlayıb. Yəni bu söz ustaları əsərlərini Azərbaycan dilində yaratmağa başlayıblar. Firidin bəy Köçərliyə görə, Molla Pənah Vaqif Azərbaycan dilində yazıb-yaradan ilk şair olub. Avropalı tədqiqatçılar bu fikirlə razılaşmayıblar.

Osmanlı ədəbiyyatının görkəmli tədqiqatçısı Mehmet Fuad Köprülzadə isə farsca Pur Həsən, Azərbaycan dilində Həsənoğlu imzaları ilə çıxış edən, məşhur iki divanın müəllifi Şeyx İzəddin İsfahanini Azərbaycan dilində yazıb-yaradan ilk şair olduğunu diqqətə çəkib. O qeyd edib ki, XVII əsrin ortalarından etibarən söz ustaları öz əsərlərini Azərbaycan dilində yazmağa başlayıblar. Yusif Vəzir Çəmənzəminli isə Nəsiminin doğma dilində şeirlər yazan ilk şair hesab edib.

Xülasəyə istinad edən fransız şərqşünası bildirir ki, hər bir millətin ədəbiyyatı əvvəl şifahi, sonralar isə yazılı ədəbiyyata əsasən formalaşıb.

Azərbaycan şifahi xalq ədəbiyyatı zənginliyi, məzmunu və müxtəlifliyi ilə daim diqqət mərkəzində olub, orijinallığına görə seçilib. Yazılı ədəbiyyata gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi, əvvəllər fars dilində olub.

Şifahi ədəbiyyatdan bəhs edən müəllif Azərbaycan türklərinin zəngin xalq ədəbiyyatına malik olduğunu, onun nəsildən-nəslə keçdiyini, atalar sözlərinə, bayatılara, ağılara və sairlərə ayrıldığını diqqətə çəkib.

Azərbaycanda yazılı ədəbiyyatın Seyid İmadəddin Nəsimi ilə başladığını qeyd edən müəllif onun hurifi təriqətinə mənsub olduğunu, öz nəzəriyyələrini qələmə aldığı "Cavidannamə" əsəri ilə yaydığını bildirib.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulidən bəhs olunan hissədə onun Azərbaycan, fars və ərəb dillərində şeir yazdığı, "Leyli və Məcnun" poeması əsasında opera tamaşası hazırlandığı, Kərbəladakı qəbrinin səyahətçilər tərəfindən bir ziyarətgaha çevrildiyi qeyd olunub.

Müəllif şeirlərində məhəbbəti və gözəlliyi vəsf edən Molla Pənah Vaqifin Qarabağ xanı İbrahim Xəlil xanın yanında qulluq etdiyini, şairin qəbrinin Şuşa şəhəri yaxınlığında olduğunu xatırladıb.

Məqalədə Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundova xüsusi yer ayrılıb, onun həyat və yaradıcılığından daha ətraflı söhbət açılıb. Buna səbəb yazıçının əsərlərinin alman və ingilis dillərindən başqa, fransız dilinə tərcümə olunmasıdır. Xatırladaq ki, M.F.Axundovun "Kəmalludövlə məktubları" istisna olmaqla altı komediyası və "Aldanmış kəvakib"i fransız dilinə tərcümə edilib. Maraqlıdır ki, eyni bir komediyanı bir neçə tərcüməçi fransız dilinə çevirib. Məsələn, "Sərgüzəşti vəziri xan Lənkəran" komediyası V.Haqqard və V.Stranjla yanaşı, Barbye de Meynar, Alfons Silliyer, "Hacı Qara" əsərini Barbye de Meynar və Lüsyən Buva, "Mürafiə vəkilləri"ni Stanislav Guardla bərabər Alfons Silliyer ayrılıqda tərcümə edərək fransız oxucularına çatdırıblar. Fransız dilinə tərcümə olunan komediyaların əksəriyyəti "Asiya jurnalı"nda və "Müsəlman aləmi jurnalı"nda dərc olunublar. Amma "Hekayəti Müsyo Jordan həkimi Nəbatat və Dərviş Məstəli şah Cadukini məşhur" və "Aldanmış kəvakib" "Yusif şahın tarixi" adı altında Lüsyən Buvanın tərcüməsində Parisdə ayrıca kitab şəklində nəşr edilib.

Firidin bəy Köçərli tərəfindən "milli ədəbiyyatımızın tarixinin fəxri" kimi qiymət verdiyi M.F.Axundovun həyatı haqqında xülasədəki məlumatlar M.F.Axundov sevərlərə yaxşı məlum olduğundan bu məsələdən ətraflı danışmaq istəmədik.

Müəllif satirik şairlərdən Qasım bəy Zakir və Seyid Əzim Şirvani barədə qısa məlumat verib. Mirzə Ələkbər Sabir haqqında ətraflı söhbət açılır. "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlığından bəhs olunur, satirik şeirlərinin ölümündən sonra 1914-cü ildə Bakıda "Hopopnamə" altında kitab şəklində nəşr edildiyi qeyd olunub.

Məqalədə Azərbaycan ədəbiyyatının ikinci dövründə yazıb-yaradan müəlliflərdən Asi, Vəfa, Nəbati, Məxfi, Abbasqulu Ağa Qüdsi, Əli Yüzbaşı oğlu Həsən, Məhəmməd Hadi, Mirzə Səməndər, Hüseyn Cavid və digərlərinin adları çəkilib. Xülasənin "Azərbaycan mənşəli Osmanlı müəlliflər" yarımsərlövhəsində on beşinci əsrdən başlayaraq iyirminci əsrin əvvəllərinə qədər yaşamış müəlliflərdən Şirvanlı Seyyid Yəhya Cəlaləddinin, Fətulla Şirvaninin, Şirvani Mahmud ibn Məhəmməd Dilşadın, Yusif Ziyyəddin Məxtumun, Baba Nemətulla Mahmud Naxçıvaninin, Mühəddin Məhəmməd Qarabağinin, Azəri İbrahim Çələbinin, Molla Əhməd Şəmsəddin Qarabağinin, Əbdürrəhim Şirvaninin, Cəmşid Şirvaninin, Məhəmməd ibn Sədrəddin Şirvaninin, Yusif ibn İbrahim Şirvaninin, Ələkbər ibn Rüstəm Şirvaninin, Həmzə Niqari Qarabağinin, Əhmədhəmdi Əfəndi Şirvaninin, Məhəmməd Xalis Əfəndi Şirvaninin adları çəkilib, əsərləri barədə qısaca məlumat verilib.

Burada görkəmli azərbaycanlı mütəfəkkir, həyatının çox hissəsini Türkiyədə keçirən Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından ətraflı bəhs olunub. İlk təhsilini atasının müəllim işlədiyi məktəbdə alan, fransız, ingilis və alman dillərində sərbəst danışan, Sankt-Peterburq Universitetindən sonra, İstanbulda hərbi tibb fakültəsində təhsilini başa vurduqdan sonra bir müddət məşhur Heydər Paşa xəstəxanasında çalışdığı, alman şairi Götenin "Faust" əsərini tərcümə etdiyi, bir müddətdən sonra Bakıya qayıdaraq Hacı Zeynalabdin Tağıyev və Əhməd bəy Ağayevlə birlikdə 1905-ci ildə "Həyat" qəzetini nəşr etdirdikləri, 1910-cu ildə yenidən Türkiyəyə qayıdaraq ömrünün sonuna qədər orada fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Rus dilində yazanlar arasında Mirzə Kazımbəyin adı çəkilib, elmi fəaliyyətindən, irihəcmli "Bab və balilər" əsərindən bəhs olunub. Sankt-Peterburq Universitetinin türk dilləri üzrə professor, türk dilinə dair onlarla əsərin müəllifi Azərbaycanda doğulmuş erməni mənşəli Budaqov, Cənubi Azərbaycanın Maku şəhərində anadan olmuş erməni mənşəli Mixail Lazarevin türk dilinə dair yazdığı əsərlərdən bəhs edilib.

Xülasənin tərcüməsi ilə bir daha Azərbaycan ədəbiyyatını və ədiblərini fransız oxucularına təqdim edən fransız şərqşünası Lüsyən Buvanın xidməti əvəzolunmazdır.

 

Əsgər ƏLİYEV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 28 may.- S.11.