Sevgi dilində

 

İnsan dilində, adam dilində,

Çiçək dilində, badam dilində,

Mənimlə danışın, olar.

Mən ayrı dil bilmirəm,

Uzaqdan gəlmişəm, yadam.

Bir ağız qoşmayam,

Sevgi dolu fəryadam.

Mənimlə danışın,

Sonra barışın.

Yaz gəldi güllər açıldı,

Vaxt çatdı sirlər açıldı,

Dağlardan sellər açıldı,

Siz söz-sözə qarışın,

Su dilində aşın-daşın,

Sel dilində barışın, olar.

Ağac dilində sevgi nədi bilirsiniz? -

Çiçəklər, güllər.

Sizin   sözünüz nədi, xəbəriniz var?

Qönçə kimi açılan əllər.

Uzadın əlinizi çiçəklərə,

Dərməyin amma.

Eləcə toxunun,

Çiçəklər ətri ilə oxunur,

Siz əlinizlə oxunun,

İlıq bir təbəssümlə danışın,

Çiçəklə qaynayıb qarışın,

Barışın olar, barışın,

Allah dilində danışın, olar.

 

Əyil ürəyinə

 

Nəğməni, nağılı özündən uzaq

Tutdunmu, yadına düşmərəm sənin.

Şehli yarpaqları gözündən uzaq

Tutdunmu, yadına düşmərəm sənin.

 

Əyil, ürəyinin üstünə əyil,

Orada gör nələr döyünür, tərpən.

Əyil, əllərinin üstünə əyil,

Əyil, əllərindən boylanır körpən.

 

Əyil, ölənlərin ahına əyil,

Əyilsən Arazda körpü bitər.

Əyil, ayağının ruhuna əyil,

Əyilsən dünyanın çöpü bitər.

 

Qoyma ürəyindən yerə sevgini,

Ağlama, gözündən düşə bilərəm.

Qəbir şəkilində anamız yeri,

Düşdüyüm yerdəcə deşə bilərəm.

 

Kənd yolunda araba

 

Yollarda astaca-astaca gedir

Təkərlərin cırıltısı.

Atır çökəklərə atmaca, gedir.

Çıxıb maşınların yoluna

Upuzun yolları qısaca gedir.

Bir araba yonca

Yol boyunca,

Arxayınca

Gedir, gedir ləng gedir

Elə bil ki, kənd gedir.

Bir uşaq düşüb dalınca

Biri üstüncə gedir.

Dəli yoncanın ətri

Şəhər maşınlarını

yenə yaman məst edir.

At arabası,

Ot arabası

Üstündə yabaya bax.

Arabanın işinə bax,

Arabada havaya bax.

Atın iştahası

Qaçır hərdən arxaya,

Bir az keçir yorğaya.

Arabayla bir qaçır,

Uşaqların neçəsi.

Sevindirir hər yanı

Təkərlərin nəğməsi.

 

Kədər haqqında sevinc şeiri

 

Etibarsız sevinc, vəfasız sevinc,

Dünən məndə idin, bu gün kimdəsən?

Gör kimə qoşulub çıxdın aradan,

Bəlkə ağladırlar səni hardasa?

 

Bəlkə çilik-çilik olub pəncərən,

Divarın uçuqdu, evin uçuqdu.

Bəlkə aldanmısan zərə, gümüşə,

Səni çağıran kəs bəlkə qaçıbdı.

 

Başına yağışlar döyəcləyir bax,

İçində sonuncu közü söndürür.

Dünyanın işinə fikir ver, sevinc,

Səni qəm soruşur, kədər dindirir.

 

Sən kimdə böyüdün, kimdə yaşadın,

Qədrini bildimi o soyuq ürək?

Sevincin qədrini bilməkdən ötrü,

Kədərin qədrini biləsən gərək.

 

Unudun məni

 

Unudun məni getsin,

20 yanvar kimi...

Elə bilin, olmamışdım,

Heç ağlamamışdım,

Heç sevməmişdim...

Məni unudun getsin

Şəhid kimi

Elə bilin ölməmişdim,

Elə bilin evlənmişdim,

Yüz yaşamışdım,

Qocalmışdım,

Saqqalım daraq kimi

Havanı daraqlayırdı...

Məni unudun getsin...

13-cü ay kimi

Qanadsız quş təki,

Qanadlı sular kimi,

Ağacların qabaq əlləri vardı,

Necə ki ağac unutdu onu

Siz elə unudun məni.

Baxışlarımın havada açdığı şırımla

Çıxıb gedirəm, əlvida!

 

Allahşükür Ağa

 

525-ci qəzet. - 2019.- 31 may.- S.13.