Şair olanda nolur ki?..
Günel Şamilqızı
Ruhi üçün...
Günün birində oturub dünyanın dərdini çəkmək istəmişdim. Əllərim ayaqlarıma sahib çıxmadığı
zamanlardan biriydi.
Bu nağılın tam ortasındaydıq
ikimiz də; o da, mən də...
Ayrı-ayrı qapılar açırdıq
nağıllar diyarına.
Onun qarşısına qırx
incəbelli kəniziylə
birgə şah qızı çıxmışdı,
məni isə qapının arxasında bir div qarşılamışdı.
Şah qızı onun saçlarından tutub qırxıncı qapıdan
eşq dünyasına
çəkmişdi. Div
mənimlə elə birinci otaqdaca yan-yana oturub dərdləşmişdi.
***
Zil qaranlığın ortasında
təkcə divardakı
mamırlar işıldayırdı. Onun alatoran
işığı da
divlə mənim üstümə düşürdü.
İkimiz də nə yeri, nə
göyü görürdük...
Elə bir-birimizə baxırdıq.
Mən ondan soruşurdum:
- Qadan alım, ay div, niyə məni yemirsən?
O da yaşıl başını
yelləyə-yelləyə Sezen Aksunun mahnısını
oxuyurdu:
- Əskidəndi,
çox əskidən...
Ədəbiyyatın haqlarını
qorumaqla qəhrəmanlıq
etdiyimi düşünürdüm:
- Ay div, başına
dönüm, bir bu şeiri yazanın
da adını çək, nolur. Bilirsənmi ki, bu şeiri
Murathan Munqan yazıb?
Div üzümə
elə ifadə ilə baxmışdı,
ay Tanrı... Bu ifadəni
dilə töksəm,
təxminən, bu cümlə alınar:
- Şeirin də başı batsın, şairin də!
Dinməmişdim. Elə xəcalət çəkmişdim
ki... Tanrının divi hardan bilsin şeir nədi? Başlamışdım
mən də zümzümə eləməyə:
Hanı, hamımız
dostduq,
Hanı, oyunlar tükənməzkən,
Hələ bir kimsə bizə xəyanət etməmişkən,
Biz də kimisə aldatmamışkən,
Əskidəndi, çox
əskidən...
Div gülmüşdü. Gülmüşdü
nədi, a kişi,
div uğunmuşdu. Yaşıl
başı bir o yana sallanırdı,
bir bu yana
yellənirdi. Düşünmüşdüm
ki: "Bayaqdan özü oxuyurdu ey, indi mən
oxudum buna noldu, görən?" Yavaşca sağ əlimin şəhadət
barmağıyla divin sağ böyrünü dümsükləmişdim. Əlim elə
bil boşluğa dəymişdi. Div azca dikəlmişdi yerində. Gözlərimi
bərəldib soruşmuşdum:
- Qadan alım, ay div, sən mənim ölmüşüm,
nəyə uğunmuşdun
elə?
Div diqqətlə
mənə baxmışdı. Bu dəfə ağlamışdı.
Elə bil nənnisinin ipi qırılmış körpəydi, lapdan dəymişdi qaradamın
xırlı döşəməsinə.
Əlacım kəsilmişdi,
üzümü dibi görünməyən qaranlığa
- yuxarıya tutmuşdum:
- Ay Tanrı, bu yazığı niyə bu günə
qoyubsan?
Div birəlli
şappıltıyla başıma
qapaz salmışdı. Gözüm qaralmışdı,
ağzıüstə yerə
dəymişdim. İşə bax, yer də
boşluq kimiydi, heç yerim ağrımamışdı. Divin səsi də boşluqdan gəlmişdi:
- Səni yaradanda yəqin, ilham pərisi gəlməyibmiş Tanrının.
Bu da mənə şair olub! Oy, canın yansın elə! Dur, dur, dur
rədd ol xaraba qalmış yerin üstünə! Bir də buralarda
görsəm səni haaa...
Dikəlib yenə yerimdə oturmuşdum. Acığımdan dodaqlarımı dişləmək həddindəydim.
Ürəyimdə divə
elə acığım
tutmuşdu ki: "Bir bunun fasonuna
bax, forsuna bax! Utanmır, div olduğu yerdə mən boyda şairi lağlağıya
qoyub! Aleyyyy!"
Sözləri ürəyimdə desəm
də, "Aleyy!"i əlimlə eləmişdim;
iki əlimi qoşalaşdırıb div tərəfə
bir yelləmişdim
ha...
Div də diviymiş, tutmuşdu biləyimdən ki:
- Di bir şeir de, görüm nə yazıbsan axı? Yoxsa bu saat kiçik
qardaşımı çağıracağam,
ətini şişə
çəkəcək!
Qorxudan bütün hikkəm yoxa çıxmışdı. Dilim-dodağım
əsə-əsə demişdim:
- Ay div qağa, olar, nənəmə yazdığım şeiri
deyim?
Div məni üsulca yerə qoymuşdu, nataraz əliylə pırtlaşıq
saçlarımı sığallamışdı:
- Həqiqi? De mən ölüm,
nənənə şeir
yazıbsan?
- Tanrı haqqı, ay div, qadan alım, elə özcə nənəmə
yazmışam ey. Xalxın nənəsiylə nə işim var axı?
Doluxsunmuşdu div, ürəyi yumşalmışdı,
deyəsən. Əli ilə mənə qapını göstərmişdi:
- Yeri get o yana! Bir
də gəlmə buralara! - deyə-deyə
hıçqırmışdı.
Yerimdən tərpənməmişdim. Xətrimə dəymişdi divin şeirimə qulaq asmadan məni yola salmağı. Bu vay-şüvəndə şeir demək həvəsimin ölçüsüz
olduğunu divə necə başa salım deyə düşünmüşdüm. Div öz-özünə danışırdı
elə bil:
- Nənəm, ay
nənəm... Birçəyi
ilan qotazlı, yelçəyi çayan bədizli nənəm heyyy.... Oy nənəm,
oy... Məni qoyub hara getdin,
ay can şüşəsi çatdamış,
ay nənəm heyyyy....
Canım yanmışdı divə. Düşünmüşdüm, div olanda nolur
ki?! Onunku da candı da. Yerdən çıxmayıb ha, onun da nənəsi-dədəsi
olub. Yenə şəhadət barmağımı
onun böyrünə
toxundurmuşdum. Yenə boşluq
kimiydi o yekəlikdə
gövdə. Div sakitləşmişdi, zopa-zopa
barmaqlarıyla yanağındakı
yaşı silməyə
çalışmışdı. Mənə elə yazıq-yazıq baxmışdı
ki... Ürəklənib
demişdim:
- Ruhu şad olsun nənənin, div qağa!
Div də
ağlayıb dincəlmişdi. O da ürəklə:
- Ölənlərinə
rəhmət, şair!
- demişdi.
Elə sevinmişdim
ki... Div mənə
"şair" demişdi!
Puah... Bu, dünyada bir ilk idi! Mərc gələrəm
ki, hələ indiyədək heç bir şairə div belə müraciət etməyib. Sevincdən
qanad axtarmışdım
ki, uçam gələm bu dünyaya, qırxıncı
qapının arxasında
şah qızıyla eyş-işrətdə olanımı
çəkəm çıxardam
ordan, deyəm:
- Ayə, sən də məni bəyənmirsən?
Div mənə şair
dedi, eeyyy!!!!
Elə bu həvəslə də divlə sağollaşmadan özümü
qapıya çatdırmışdım. Qapıya çataçatda
maraq məni öldürmüşdü. Dönüb soruşmuşdum:
- Qadan alım, ay div, de görüm,
məni şair olduğuma görə yemədin, eləmi?
Div bir gözü gülə-gülə,
bir gözü ağlaya-ağlaya başını
bulamışdı:
- Başın haqqı, sən elə bil. Yarım
aydı dietdəyəm,
di yeri get, diyetimi pozsan, bütün nəslini yeyəcəyəm!
Özümü eşiyə
təpmişdim...
***
Şah qızının sarayına
gedən yolu isə o gecədən bəri ha axtarıram, tapammıram. Nə də özümə etiraf edəmmirəm ki, o, məni hər həftə bir şah qızına
dəyişir... O, daha
mənə qayıtmayacaq.
Hərdən-hərdən o gecə yuxumdakı
yaşıl divi görürəm. Az qalıram Tanrıdan elə onu yanımda istəyəm, başımı
sinəsinə söykəyəm,
birlikdə ağlayaq.
Tanrı haqqı, elə gözəl ağlayır ki, o başıbatmış... Div olanda nolur ki?
Mən də Tanrıma sübut eləyəm ki, hamı kimi ağlaya bilirəm... İnanmazmı
Tanrı? İnanar, yəqin... Şair olanda nolur ki?
Şəfa VƏLİ
525-ci qəzet.-
2019.- 31 may.- S.13.