Unutmayın
"1966-cı ildə Güney Azərbaycanda fars rejiminin "Siyəhrud"laşdırdığı Suyarı kəndində doğulmuşam. Dilimizin gözəlliklərinin vurğunuyam.
Öz dilimdə oxul görmədim, kino görmədim, kitab görmədim. Öz dilimdə yalnız anamın nağıllarını dinlədim bütün uşaqlığım boyunca. Gəncliyimdə qoşuğun axıcılığı, səslərin uyuşumu məni özünə çəkdi. Əlim yazmağa gəldi. Öz dilimdə yazmağın dadına vardım. Sevdim... sevdim ... sevdim... bu dili, bu yazını, bu ədəbiyyatı...
İlk bitiyimin adı "Beçələr banlayanda" oldu. Haradasa 1990-cı ildə Təbrizdə özümün əlyazmamla, kopi olaraq bir neçə yoldaşımla yaydıq. Sonralar 1995-ci ildə Almaniyada bir neçə daha yeni qoşuqla birlikdə elə ilk adıyla basdırdım. İkinci bitiyim "Badamlıqlar" oldu. 2005-ci ilin mayındə basıldı. Üçüncüsü isə yenə Tərbizdə, yenə İSBN-siz, gizli olaraq Ulusal savaşımızın sevimli adı olan Səid Mətinpura sunulmuş qoşuqlarımla birlikdə basılıb yayıldı. "Tamudan gələn səslər" adlandırdığım bitiyin bütün işləri sevgili yazar, gözəl gündəc (qəzet) yazarı Ramin Cabbarlının üzərində olub. Hələlik diriyəm, Norveçdə yaşayıram.
Yaşamı, bütün çatışmazlıqlarıyla sevir, onu bütün insanlarla, özəlliklə Güney Azərbaycan insanıyla ədalətli paylaşmaq üçün savaşıram. Qoşuğumun da, özümün də qayğım insanın özgür, dinc, barışcıl bir ortamda yaşamasıdır".
(Öz bioqrafiyasını qısaca bu şəkildə təqdim edən şairin "Barışa inanma, Fərihcəm!.." adlı kitabı (Ön söz yazarı və nəşrə hazırlayan Esmira Fuaddır) 2017-ci ildə Bakıda nəşr olunub)
Unutmayın
Unutmayın,
öldüyünüz gün
hardasa hansıysa bir at
yer titrəyibmiş kimi kişnəməyəcək...
Unutmayın,
öldüyünüz gün
ağaclar anımsamayacaq,
buludlar qara geyməyəcək,
haçansa, hardasa suyundan içdiyiniz bulaq
gözlərinizin aynasını anmayacaqdır...
Unutmayın, ən sevimli varlıq insandır.
Unutmayın, ən dəyərli əllər insan əlləridir,
özəlliklə də yoldaş əlləri...
Qonaq göydənmi gəldi,
yerdənmi çıxdı, bilmədik.
Qalın qırışılı alnında Tanrı damğası,
əlində min dörd yüz ildən qalma
müqəddəs bir bıçaq.
Boylu qadınların ciyərlərini xımırtlayaraq
gəzir sol döşü sağ çiynində.
Al arvadını deyir,
sol döşü sağ çiynində.
Bir qaravaş
elə nə sorarsan, arkadaş.
Ayaqlarda barmaq,
barmaqlarda dırnaq
qoymadı,
Tanrının min dörd
yüz illik mərhəmət əli...
Güllə sözdən, bıçaq
dildən kəsərli.
Və edam dirəkləri ormandan sıx,
daş bağlı,
it açıq.
İştə biz böylə yaşadıq.
Düş
Səni sevmək,
səni itirmək
sevdanın sonu deyilmiş anam.
Torpaq yaşıllığı
sevir,
çiçək günəşə
vurğundur.
Və göyərçinin
yaşıl gözündə
eşq buğdanın
qızartısıdır.
Başın ananın
dizində,
yuxuların ən ağırı gözlərində
dərinlərə götürdün
sonuncu köçü...
Dincəl...
Dincəl...
Dincəl...
Səni incitməyəcək
dizlərindəki sancı,
Biri varmış, biri yoxmuş kimi,
Uşaqlıq illərin başlayır indi.
Götürdüyün ən qısa mürgünün
üzü sonsuzluğa
qar yağar
üşüməzsən,
gün vurar yanmazsan...
Və bu gündən başladığın düş
sona erməz.
Gözlərini yum,
adımızı unut,
evimizi, köyümüzü
unut...
Və buradan apardığın ürəyimizin
yaşıllığını torpağa ver...
Baxıram
yaşıllığı sevir səni qucaqlayan torpaq,
Çiçək günəşə
vurğundur
və hanalı
dırnaqlarına bənzər
kəhlik dimdiyində
mürgüsü sonsuzluğa
gedən insan səsi var...
Tanıdığım qadın
Bir qadın tanıyıram buralardan uzaqda...
Bir qadın tanıyıram buz bağlamış əllərində
buz parçası...
Baxammaz kül olmuş Günəşə,
kömür buludların
pozuq köynəyindən.
Bir ev
tanıyıram,
buralardan uzaqda bir ev tanıyıram.
Astanasında əkdik
ürəklərimizi
və günəşə
uzanan yollarında qollarımızı.
Nə astanasında
günəş bitdi,
nə yollarında
işıq bitmədi.
Bir orman tanıyıram,
buralardan uzaqda bir orman tanıyıram.
Vıyıl-vıyıl əsər
qaranlıq döşlərində
duz küləkləri,
harayları sinəsində
dustaq,
Mavi baxışları göz
çanağında.
Bir qadın tanıyıram,
buralardan uzaqda bir qadın,
qara gözlərində
həsrət günəşi.
Bizdə hər ev qoruqçusu
bilinməyən zindandır
və hər qapı ölümə açılan bir cığırbaşı!
Gecələr yel qonaq gəlir qamışlığa
və gündüzlər
Günəş altında ölüm mahnısı oxuyur mızraqlar.
Ah, ey eşidən qulaqlar!
Əski mahnı
Hələ il doğmamışdı.
Ay da doğmamışdı.
Biz hardan
başlandıq?
Meşələrdə günəşin yaşıl
işığındanmı?
Ağacla mamırın gömgöy
öpüşməsindənmi?
İlk sözümüz nə olmuşdu, yadındamı?
Sonra sarmaşıqlardan tutub endik.
Endik dünyanın quyusuna
Uçan atların
belində
İşıqlıqdan və qaranlıqdan keçdik,
Sulardan, qurulardan
keçdik,
Ölümdən-dirimdən keçdik.
Dedik "dünya qurtardı,
quyunun dibi buradır".
Sən saçlarının
bulaşığını sildin,
Mən qılıncımın
qanını
Sən gözlərinin
gölü tək duruldun,
Mən atımın kişnərtisi
tək.
Azıxın dodaqlığında,
Bayat qızı, ilk sözümü dedim sənə.
Günəşdə qırmızı,
Meşədə yaşıl,
Dənizdə sevginin mavi işığına
baxdıq.
Baxdıq, bilmədik
Dünyamı bizdən
başladı,
Bizmi dünyadan?!
***
Gecənin ay işığıynan
çağırdın məni
Ürəyimdə dözümsüzlüyün
acı gözləri
Əllərimdə görüş
arzusunun ürək döyüntüsü...
Tikanlı cığırlarla
gəldim
Mən zirvələri
öpdüm,
Zirvələr ayaqlarımın altını.
Sən,
Gözlərində iki ulduz,
Döşlərində qızıl
alma,
Saçlarında sarı
sünbül
Hansı cığırla yendin ki görmədim?
Qayıtdım.
Yuxusuz ağaclardan
soruşdum
"Görmədik"
dedilər.
Gözləyişli yollardan
soruşdum
"Görmədik"
dedilər.
Xızrın yaşıl
köynəyinin qoxusuna
gəldim
Səhərin ağ köynəyi əynində
Ulduzlar dərili,
Sünbüllər biçili,
Almaları yeyilmiş gördüm.
Neçə ildir gecələrimin nağılları
eynidir...
Gecənin ay işığıynan
çağırar məni
Ürəyimdə dözümsüzlüyün
acı gözləri...
Sonra tükənməyən
tikanlı yollar
Hey, hey... oyaqlıqda
gördüyüm yuxular...
***
Söyləmə,
Yox, mənə demə sevmədiyini.
Sevgi dolaylarında
Çıxmaz küçələrə
çıxmaq çətin
Buludsuz əsin
kimi əssən,
Yağışsız bulud kimi gəlsən
yetər.
Söyləmə!
Mənə sevmədiyini heç vaxt söyləmə.
***
Nə zamandır görüşmürük.
Aramızda kəndlər
çoxaldı,
Aramızda şəhərlər
artdı
Və yollar uzandıqca uzandı aramızda,
Günlər isə aşdılar illəri birər-birər...
Nə uzun zamandır görüşmürük
bəbəyim!
Son görüşümüz
harda qaldı?
Hansı daşın
üstündə,
Hansı ağacın
kölgəsində
Və hansı
yağış sildi
İncə barmaqlarıyla qoşa gedən ayaq səslərimizi?
Yaz
Özgürlük
evdə deyil,
xəstəxanada deyil,
xiyavanlarda doğulur...
özgürlük,
nədənsə bütün
beyinlərdə qan rəngində qalır.
polis maşınlarının
səsində gəlir,
ambulanslarda gedir
özgürlük yaralı
oğlanın
qız yoldaşına
son baxışında gülür
özgürlük gündə
min yol,
gündə min yol ölüb-dirilir özgürlük!
Özgürlükmü soruşdun oğlum?
özgürlük açıqlanılmır,
özgürlük
yaşanır!
Hadi QARAÇAY
525-ci qəzet.-
2019.- 31 may.- S.14.