Kitabların sehirli aləmi
Əlimi ehmalca rəf boyunca kitabların üstüylə gəzdirdim. Əlin hərarətindən
sanki kitablar canlanmağa başladı.
Səhifələrin arasından şahzadələr
boylandı.
Cəngavərlərin qılınc-qalxanlarının səsi gəldi. Sonra hərflər
rəqəmlərlə əl-ələ
verərək astaca rəflər boyunca aşağı enməyə
başladılar. "Uşaqca bir təxəyyüldür", - deyə gülümsünüb
getmək istədim.
Arxadan sanki yenə səslər eşitdim:
"Sən
məni oxumamısan. Mənsiz otların
xasiyyətini öyrənmək
olmaz". "Mənsiz daşların sirrini bilmək olmaz". "Mənsiz heyvanların dilini bilmək olmaz". Bir anda "Bir
qalanın sirri"
film-nağıldan "kitabların
rəqsi" epizodu canlandı. Məmmədhüseyn
Təhmasibin "Çiçəkli
dağ" pyesi əsasında ekranlaşdırılan
"Bir qalanın sirri". Uşaqlığımızın ən sevimli,
məzəli filmlərindən
biri. Balaca ikən baxdıqda
bəlkə də sadəcə gülüş
doğuran, böyüdükcə
isə insanı həqiqətən düşündürən
bir səhnə.
Düşünürkən isə bu yaxında eşitdiyim bir sual yadıma
düşdü.
"Niyə
kitab oxumalıyıq?" O an, digər
rəflərdəki kitablara
baxaraq mən də özümə bu sualı verdim.
"Həqiqətən də niyə?" Vərdişə görəmi? Bəlkə daha da elmli
olmaq üçün?
Bəlkə də həqiqətən
də "Elşən"
kimi təbiətin dilini başa düşmək üçün?
Bəlkələr çox oldu.
Sözsüz ki, biz oxuduğumuz
kitablar sayəsində
"Elşən" kimi
üç günə
təbiətin dilini öyrənməyə bilərik.
Axı nağıl dili yüyrək olur. Bizim üçün isə bu üç
gün illər, aylar ola
bilər. Lakin zamanla oxuduğumuz
hər bir kitabla biz böyüyür,
biz oluruq. Özümüzü anlamağı, dinləməyı
öyrənirik. Kim olduğumuzu, nə istədiyimizi, nə düşündüyümüzü anlamağa çalışırıq.
Bunları öyrənmədiyimiz müddətcə isə
"Həkim babanın
kəməri" bizim
də belimizə boş gəlir. Çünki özümüzü başa düşmədən
ətrafdakıların da
nə dediyini anlaya bilmərik.
Bütün bu sehirli aləmə
baxdıqda kitabın qaydasını, yaranışını
düşünmədən durmursan. Kitabın təkcə mətn
və ya rəsm şəklində
informasiya daşıyan
vərəqlər toplusu
yox, bütöv bir kainat olduğunu
anlayırsan.
Bir qayda olaraq müasir
kitablar - qalın və ya nazik
cildli, əllidən çox səhifəsi olan çap məhsuludur. Lakin ayrıca nəşr
kimi çapa verilmiş elm və ya ədəbiyyat əsərini də kitab adlandırmaq olar. Uşaq nəşrlərinə isə xüsusi diqqət yetirmək lazımdır. Onlar qeyri-ənənəvi
forması, rəngarəngliyilə
hər zaman fərqlənir və bəzən müxtəlif
hissəciklərdən ibarət
olur. Bundan başqa; ensiklopediyalar,
lüğətlər, məlumat
kitabçaları, məcəllələr,
əlyazmalar, biblioqrafik
göstəricilər. Bütün bunlar da kitab
toplusuna aiddir. Kitab bu günümüzə çatana qədər çox dəyişikliklərə
məruz qalmışdır.
Biliklərin ötürülməsinin ən qədim növü-şifahi nitq olmuşdur. Sonralar yazı, illüstrasiyalar, şifrələr xüsusi
vasitələrlə daş,
gil lövhələr,
metal, ağac qabığı,
aşılanmış heyvan
dərisi üzərinə
işlənərək, kitab
halına gətirilmişdir.
Eramızdan əvvəl IV-III minilliklərdə qədim
Misirdə yazı yazmaq üçün xüsusi bitkidən hazırlanmış papirusdan
(xüsusi kağız)
istifadə olunmuş,
sonra isə Kiçik Asiyanın Perqama şəhərindən
gətirilmiş perqament
onu əvəz etmişdir. Qədim kitab dedikdə
- qədim Ari (irandilli)
xalqlarının dünya
mədəniyyətinə bəxş
etdiyi "Avesta", eləcə də on iki boyluq Azərbaycan
xalq ədəbiyyatının
ən qədim yazılı abidəsi
"Kitabi Dədə
Qorqud" buna nümunədir.
Müasir kitablar sırasında fərqliliyinə görə
seçilən, son illər
çox tələbat
duyulan bir növ olan - elektron kitablar. Elektron kitab-artmaqda
olan nəşr sayı (informasiya partlayışı) səbəbindən
adi kitabların məzmununun internet səhifələrində,
xüsusi CD və DVD daşıyıcılarında yerləşdirilməsidir. Bu cür kitabların
həm mənfi, həm də müsbət göstəriciləri
var. Məsələn, tədqiqatçıların
fikrincə, elektron kitablardan oxunma sürəti çap növündən 10 faiz geri qalır. Bu səbəbdəndir ki, insanlar yenə
də kitabın çap növünə üstünlük verir.
Sözsüz ki, texniki səbəblərlə
yanaşı, sağlamlıq
faktorları da az rol oynamır.
Daha bir müasir kitab növü də audio-kitabdır. O, hər
hansı bir əsərin və ya bütünlüklə
kitabın bir şəxs, xüsusən
də peşəkar aktyor və ya qrup tərəfindən
səsləndirilməsidir. Bu
cür kitabların səsləndirilməsi əksər
hallarda musiqi ilə müşayiət olunur. Kitabın müsbət tərəfi
oxumaq üçün
hər hansı problemi olan insanların
mütaliə ehtiyacını
ödəməsidir. Mənfi tərəfi
isə bu cür kitablarda musiqi faylının məzmunu üstələməsidir.
Kitablar həqiqətən də əvəzsiz bir sərvətdir. Bu sərvətinsə
uzun illər, hətta əsrlər boyunca qorunub saxlanılması üçün
onun cildliyinin və tərkib hissəsinin kimyəvi dəyişikliyini nəzərə
almaq lazımdır.
Kitablar daha çox günəş şüalarından
uzaq, yarıqaranlıq,
azacıq rütubətli
məkanlarda saxlanılmalıdır.
Qədim zamanlarda şəxsi kitab kolleksiyası zadəganların və imkanlı adamların, eləcə də kilsə və universitetlərin üstünlüyü
sayılırdı. Lakin sonralar
qalın, yaraşıqlı
cildlərin nazik, kağız üzlüklərlə
əvəz olunmasıyla
bu vərdişlərə
maraq azalmışdır.
Bu gün
hər kəs maraq dairəsinə, imkanlarına görə kitabın müxtəlif vasitələrindən istifadə
edərək lazımi
informasiyanı alır. Bəs görəsən,
bir anda bu kitablardan istifadə etmək imkanımız olmasa necə olar? Məhz bu zaman
amerikalı yazıçı
Rey Bredberinin yaxın gələcəyi özündə
əks etdirən elmi-fantastik janrda yazdığı "Farenheyt
üzrə 451 dərəcə"
romanındakı insanlar,
cəmiyyət yada düşür.
Əsər, ədəbiyyatı qadağa
altında olan bir cəmiyyətdən danışır. Burada gizlədilən kitablar,
onlarla bərabər isə yaşayış evləri yandırılmağa
məhkumdur. Belə ki,
kitabların məhv edilməsi daha xöşbəxt cəmiyyət
formalaşdıracaqmış. Fikir ayrılığı olmayacaq,
heç kəs bir-birindən ağıllı
olmayacaq və qonşusundan seçilməyəcəkmiş.
Neqativ fikirlərdən uzaq olacaqmış. Onlar sadəcə
saysız seriallar və verilişlərlə
əylənəcək və
zamanlarını "səmərəli"
istifadə edəcəklərmiş.
Əsərdə hətta "ölüm"
də sadələşdirilmişdir.
Yandırılmış cəsədlər tez bir zamanda
heç kəsi narahat etməmək üçün aradan qaldırılır. Beləliklə, həyat yenə də öz şən, qayğısız
vəziyyətinə qayıdır.
Bəlkə hazırda hələ kağızın alışması
üçün 451 Farenheyt
temperaturu araşdırılmır. Qay Monteqlərə, Klarislərə
ehtiyac duyulmur. Lakin zamanla yazılan kitablar rəflərdən,
bəlkə də heç oxunmadan qutulara yığıldıqca,
evlərimizin bir köşəsinə artıq
yük kimi saxlandıqca, bir növ bu əsərdəki
kimi yandırılmışa
bərabərləşir. Bu "alovda" isə
sadəcə vərəqlər
toplusu olan kitab yox, bir
sərvət yandırılmış
olur. Bunun fərqinə varmaq
üçünsə, yəqin
ki, azacıq da olsa Liesel
olmaq lazımdır.
Avstraliyalı yazıçı Markus Zusakın "Kitab oğrusu" romanındakı
qəhrəmanı Liesel.
Kitabı sevən, onun
uğruna həyatını
riskə atan balaca qızcığaz.
İkinci Dünya müharibəsi dövründə ölümün
dilindən təsvir edilən bu əsərdə balaca qızcığaz Liesel cismən sağ qalmaq üçün yox, ruhunun yaşaması
üçün oğurluq
etmişdir. Kitab oğurluğu. Bir əsərdə kitab ancaq bu qədər
gözəl oxucuya sevdirilə bilərdi.
Bu düşüncələrlə
zamanın necə keçdiyini hiss etməmişdim.
Saata baxıb əlimdəki
kitabı rəfdəki yerinə qoydum. Otaqdan çıxdım. Özümdən
asılı olmayaraq qapının arxasında
bir anlıq ayaq
saxladım. Sanki kitabların qəhrəmanları,
əbədi sakinləri üsulluca öz sətirləri arasına
toplaşmış, otaqda yenə də sükut yaranmışdı.
Fidan MALİKQIZI
525-ci qəzet.- 2019.- 31 may.- S.16.