Uşağınıza kitab
bağışlayın!
Məktəblə hər gün
ünsiyyətdə olan bir valideyn kimi də deyə bilərəm
ki, uşaqlar onlara hədiyyə olunacaq kitabın necə həsrətindədirlər.
Ən gözəl, maraqlı nağılı belə ona adi kağızda
versən, oxumağa həvəsi olmayacaq. Amma ondan
da zəif yazıları bir kitab halında uşağa versən, sevinəcək. O sevinclə
də oxumağa başlayacaq və getdikcə bəlkə oxucuya da çevriləcək.
Ona görə də gəlin uşaqlara kitab bağışlayaq.
Bir haqlı sual verərsiniz ki, axı hansı pulla kitabı çıxaraq və özümüz bu işdən nə qazanaq? Axı yazıçı da insan kimi
yaşamalıdır. Onun da öz
həyat şərtləri
var... Bax bunu düşünmək
lazımdır... Bəzən
də görürsən
ki, biri kitabını verməyə
adam axtarır.
Dəyərli kitab olsa yəqin belə əldə qalmaz. Amma bu cür
kitablarla da uşağı aldatmaq olmaz...
Biz valideynlər
uşaqlarımızın nazıyla
oynayırıq. Onların hər bir arzusu bizim üçün
maraqlıdır. Özümüzü arxa planda görür,
uşaqların istəklərini
önə çəkirik.
Amma çoxumuzun unutduğu bir şey var. Bəlkə uşaq onu bizdən istəməsin. Amma onun
sevinəcəyinə əmin
olun. Siz heç uşağınıza
kitab alırsınızmı?...
Məktəbə gedəndə
az qala
hər gün bir uşaqdan bu sualı eşidirəm:
"Xala, kitab çıxdı və ya nə vaxt
kitabı gətirəcəksən?"
Bəlkə o uşaq hələ
öz valideynindən ona kitab almağı
istəməyib. Amma həmin
uşağa bir kitab hədiyyə etmişəm deyə hər gün məni sorğu-suala tutur. Sözümün canı odur
ki, bahalı oyuncaqlar, qədərindən
artıq məktəb
ləvazimatı, cürbəcür
geyim alırıq onlara. Amma kitabı unuduruq.
Uşaq isə böyüyür getdikcə və əlavə kitab oxumaq onun ağlına
gəlmir.
Bayramlarda, doğum
günlərində görəsən
uşağına bir manat verib bircə
"Göyərçin" jurnalını alan
olurmu? Bu, çox
nadir hadisə sayıla
bilər... Halbuki biz uşaqlarımıza nələr
almırıq ki... Amma uşaqlar, tutaq ki, "Göyərçin"i həmin hədiyyələrdən
çox istəyir. Bunu yaxşı bilirəm.
Çünki bu payızda hörmətli Rafiq Yusifoğlu xeyli jurnal verdi və mən də payladım uşaqlara... Çox sağ
olsun Rafiq müəllim!
1 İyun uşaqların günüdür, bilirsinizmi həm də biz valideynlərin günü, hələ üstəgəl, sülh günü. Bundan da gözəl gün olarmı heç?... Bilirəm, hər kəsin bir proqramı var indi. Uşaqları sevindirməyin əsl məqamıdı... Onlara ən böyük və dəyərli hədiyyəni unutmayın. İnanın ki, bu qiymətli hədiyyə üçün övladınız nəinki indi, böyüyəndə daha çox Sizə "Sağ ol!" deyəcək. Əziz valideynlər, uşağınızı kitablarla sevindirin. Bayramımız mübarək!
Mina RƏŞİD
525-ci qəzet.-
2019.- 31 may.- S.16.