İnsan olaraq
Esse
İnsan kimi çox ağıllıyıq. Ən azından
böyük əksəriyyətimiz
belə sayılırıq.
Hətta
o qədər ağıllıyıq
ki, özümüzün
başqalarını müzakirə
və mühakimə etmək, hətta yol göstərmək, məsləhət görmək
hüququna sahib olduğumuzu
düşünürük (Sözsüz ki, bu həyat yolunda
bizə bələdçi
olan valideynlərimizə
və ya müəllimlərimizə şamil
edilmir). Özümüzə peşə, sənət seçirik. Bəzən işimizdən
razı, bəzən də narazı oluruq. Lakin bəzən də
başqasının gördüyü
işdən dolayı
özündən və
işindən narazı
oluruq. Belə də olur.
Bəzi peşə sahibləri var ki, onlara
və gördükləri
işə yuxarıdan
aşağı baxırıq. Sanırıq ki, zamanında oxumamış, təhsillərini
davam etdirməmiş və haqlı olaraq bu işi
görməyə məhkum
insanlardır. Məhkum
dedikdə bəlkə
bir az
sərt səslənir.
Lakin bu, onların məhkumiyyəti deyil, bizim onları belə görməyimizdir.
Sözsüz ki, onlar bu işi görməyə
də bilərlər.
Bu, onların öz seçimidir. Lakin həyatın bəzən
çox qəribə
oyunları olur. Kimi harada haqlayacağı bəlli deyil. Bəs görəsən, onların
yerinə biz bu işləri görə bilərikmi? Axı, gördükləri
işin çox asan olduğunu zənn edirik. Əsla! Özümüzü onların yerində
görməyi ağlımızdan
belə keçirmirik.
Onların gördüyü
işi özümüzə
layiq bilmirik, hətta iş qiyafələrində olduqları
təqdirdə özümüzü
onlarla bir məkanda təsəvvür
belə etmirik. Amma nədənsə yediyimiz bulkanın kağızını,
içdiyimiz suyun qabını, siqaret kötüyünü, tum
qabıqlarını, saqqızı
və daha necə "gözəllikləri"
yerə atmağı ayıb saymırıq.
Maşının pəncərəsini açıb zibili havaya uçurmağı özümüzə ar bilmirik. Oturduğumuz, gəzdiyimiz yerdə
təmizliyə riayət
etməyi özümüzə
vacib bilmirik və övladlarımıza
aşılamağa tənəzzül
belə etmirik. Niyə də edək?!. Axı,
bunun üçün
bu işi görən insanlar var! Yan baxdığımız
insanlar...
Halbuki onlar cəmiyyət konveyerinin dayanmadan işləyən
əvəzolunmaz hissələridir. Onlar insanlığın
rahatlığı və
təmizliyi üçün
çalışan insanlardır.
Təmiz
küçələr, təmiz
iş otaqları, təmiz xəstəxanalar,
təmiz elm ocaqları,
təmiz ticarət mərkəzləri, nəhayətində
təmiz şəhər.
Bunlar hamısı bəzən xor baxdığımız,
bəzən yan keçdiyimiz həmin bu insanların əməyidir.
Onlar biz hələ
evimizdəykən səhərin
ala-toranlığında işə
yola düşən insanlardır. Bəzən öz işlərini çatdırmayıb bizim
iş saatımıza
təsadüf etdikləri
zaman onlar üçün qiyamət
qopardığımız insanlardır.
Onların gördüyü iş
bizə görə bəlkə də çətin deyil. Lakin onlara görə çox çətindir.
Təkcə fiziki olaraq yox, həm də
mənəvi olaraq.
Onların əməyinin istismar
olunduğu halda, insan olaraq bizlərdən
biri olduğu halda xor görüldükləri
üçün. Aralarında heç
də hamısının
təhsilsiz olmayıb,
bəzən alitəhsilli
olaraq, lakin məcburiyyətdən bu işi gördüyü üçün. Övladlarının cəmiyyətin qınağından
dolayı onların işindən utandıqları
üçün. Halbuki
onların da gördüyü işin sadəcə bir iş olduğunu, geyindiklərinin isə bir iş
uniforması olduğunu
və özlərinin
də bizim kimi bir insan
olduğunu anlamayacaq qədər insan olaraq cahilik.
Bəzən bu insanların cəmi bir gün
öz işlərini görməsələr, nə
olacağını heç
düşünmürük. Küçədə uçuşan torbalar, natəmiz otaqlar, boşaldılmamış zibil
qutuları, altı tum qabıqları ilə dolu skamyalar
və daha nələr-nələr. Etiraf edək
ki, heç də göz oxşayan mənzərə
olmadı.
Bəzən layiqincə işlərinin
öhdəsindən gələ
bilmədikləri üçün
bu insanları qınayır, hətta danlamağa belə özümüzdə cürət
tapırıq. Bəs görəsən, öz işlərimizdə
müəyyən səbəblər
üzündən heçmi
nöqsanımız olmur?
Yoxsa biz sadəcə bizim yorulmağa, xəstələnməyə,
problemlərimizə görə
dağınıqlığa haqqımız olduğunu düşünürük. Sözsüz
ki, müəyyən peşə sahələri
var ki, orada
nöqsan bağışlanmazdır.
Lakin nəticədə biz insanıq.
Səhvləri və zəif
nöqtələri olan,
mükəmməl olmadığı
halda özünü mükəmməl sanan bir insan.
Biz bu peşələri
seçmək məcburiyyətində
deyilik. Onların yerinə işlərini
görmək məcburiyyətində
də deyilik. Lakin bir insan olaraq
yaşadığımız, işlədiyimiz mühitin
öz payımıza düşən təmizliyinə
riayət etsək, heç olmaya çirkləndirməsək, onların
işini xeyli yüngülləşdirmiş olarıq.
Həyat bizə başqa bir işdə işləmək və ya daha dəbdəbəli
görünmək şansı
veribsə, bu, bizim üstünlüyümüz
yox, insan olaraq bu həyatda
imtahanımızdır.
Fidan MALİK
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.16.