Mirzə Cəlil irsinin tədqiq və təbliğinə yubiley töhfəsi

 

 

Hər bir azərbaycanlının öz Mirzə Cəlili var ya hər bir azərbaycanlı Mirzə Cəlilin prersonajlarındandır deyə bilərik. Bir sözlə, Mirzə Cəlil bu millətin canında, qanındadır. Kiçikli-böyüklü hər əsərində böyük ədib bu millətə mesaj verir, təki onu anlayan ola, anlamaq istəyən ola.

"Usta Zeynal" hekayəsində Muğdusi Akop yadınızdadır. O, Muğdusi Akop ki, hüquq təhsili alan oğlunun gəlişini gözləyir, bu münasibətlə evi təmir etdirir. Hərçənd gözümüzü açıb ustaları qonşu millətə mənsub olan görmüşük, amma burada diqqətə çatdırılan məsələlər başqadır. Onlardan biri dünyanın o vaxtında erməninin oğluna hüquq təhsili verməsidir. gizlədək ki, elmə, təhsilə münasibət bizdə o qədər ürəkaçan olmamışdır. Digər nəzərə çarpan məsələ isə keçmişdə söz adamı kimi tanınan millətin nümayəndələrinin tədricən işində axsayan, sözünə əməl etməyən bir qövmə çevrilməsidir. Özgələri daha naqisdir? - Bəli, amma Mirzə Cəlili öz həmvətənləri daha çox maraqlandırmışdır. Belə ümumiləşdirilmiş obrazların xalqı aşağılamaq istəyi kimi yox, bir islahedici vasitə kimi qəbul edilməsi gərəkdir.

Bu gün, Mir Cəlal Paşayevin təbiri ilə desək, yazıçılarımızın çıxdığı "Poçt qutusu" ilə səsləşən elə hallarla rastlaşırıq ki, demək istəyirik bəs deyirsiniz daha bizdə novruzəlilər yoxdur?

Çox sevdiyim "Nigarançılıq" hekayəsi zahirən cansıxıcı, eyni söhbətlərin, eyni mətləblərin təkrarı kimi görünsə , əslində, böyük bir bəlanın nümayişidir: "Bu nigarançılıq yaman pis şeydir" qənaətindən uzağa gedə bilməyən bir toplumdan ümummilli, azadlıq, hüriyyət kimi ümumbəşəri məsələlər haqqında düşünməyi gözləmək əbəsdir. Deyilənlərə görə, Y.V.Çəmənzəminli Cəlil Məmmədquluzadəyə gileylənir ki, Mirzə, bu milləti avam, nadan hesab etmək yetər, novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan mədəniyyətləri var. Amma tutduğu yol ilə, yanaşması ilə Mirzə Cəlil "öz eyiblərini görən xalq böyükdür" fikrini bir daha təsdiq etmiş oldu.

Mirzə Cəlil yaradıcılığını hər tədqiqatçı öz çapında, öz baxış bucağından araşdırmış, onun aləminə baş vurmuşdur. Bu təmas nəticəsində monoqrafiya, məqalə, esse, şeir, hətta poema yaranmışdır. Müxtəlif zamanlarda, müxtəlif janrlarda yazıları bir yerə toplamaq, yubiley ilində oxuculara ərməğan etmək romantik bir şücaət təsiri bağışlayır, bu niyyəti ancaq alqışlamaq olar. İstər nəhəng qələm sahiblərinin, istərsə orta gənc nəslin nümayəndələrinin yazıları oz dövründən, mövqeyindən Mirzə Cəlilin necə göründüyünü bilmək baxımından qiymətlidir.

Mirzə Cəlilin dili üzərində müşahidələr aparmaq bir ayrı zövqdür. Sevə-sevə qələmə aldığım, prosesində sürprizlərlə qarşılaşdığım məqaləni klassiklərin müasirlərin yazıları ilə bir sırada görmək çox xoş oldu. Bu topluda imzasını görmək hər kəsi qürurlandırar. Mən istisna olmadım. Düşünürəm ki, Mirzə Cəlil dilinin lüğəti hazırlanması vacib olan müəllif lüğətlərindəndir. Bu sahədə yalnız yubiley ili ilə məhdudlaşmamalıdır.

Oxucuların ixtiyarına verilən toplunun tərtibçisi Elxan Nəcəfovdur. Ömrünü maarifçiliyə, məktəbdarlıq işinə həsr etmiş gənc tədqiqatçı həm AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantıdır. Elxan Nəcəfov bu yaşında bir çox uğurlara imza atmağa, "Hədəf" kurslarının quruculuğunda iştirak etməyə, ali məktəbdə ədəbiyyatdan mühazirələr söyləməyə, bir çox dərs vəsaitlərinin müəllifi redaktoru olmağa imkan tapmışdır. Bu toplu onun həyatında, elmi fəaliyyətində ən önəmli yelərdən birini tutur tutacaq. Bu toplunun bir çox tədqiqatçının elmi araşdırmalarına təkan verəcəyinə inanıram. Əməyi olan bütün heyətə: redaktor akademik İsa Həbibbəyliyə, elmi redaktor professor Asif Rüstəmliyə, məsul redaktor filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimova, rəyçilərə - AMEA-nın müxbir üzvü Tehran Mustafayevə, dosent Şəmil Sadıqa təşəkkür edirik.

Mirzə Cəlillə daha bir görüşümüz mübarək!

 

Şəhla ƏHMƏDOVA

Bakı Slavyan Universitetinin dosenti, Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 1 noyabr.- S.15.