Qədrimi bil
İndi
mənim qədrimi bil,
Yaşım yüzə dönəndə
yox.
Kölgəm düşür yerə
indi,
İzim izə dönəndə yox.
Yurdum, yuvam, elim isti,
Danışıram dilim isti,
Nə qədər ki əlim isti,
Əlim buza dönəndə yox.
Ac da mənəm, tox da mənəm,
Var da mənəm, yox da mənəm,
Az da mənəm, çox da mənəm,
Çoxum aza dönəndə yox.
Çox
yaraşır üzə
gülüş,
Yanaqlarda
süzə gülüş,
Qonaq gəlsin bizə gülüş,
Kədər bizə dönəndə yox.
Yaranmışıq yaşamağa,
Deyib-gülüb kef-damağa,
"Həmid" deyib düş sorağa
Torpaq üzə
dönəndə yox.
Dil verib
Mən yazığın
günahı nə?
Yaradan mənə
dil verib.
Bir-birinə arxa duran,
Oba veribdi, el verib.
Tariximizi
bilməsəm,
Coğrafyamı özgə çəkər.
Öz dilimdə düşünməsəm,
Torpağımı özgə əkər.
Ana südü haram olsun,
Öz dilinə
xor baxanın.
Öz dilini ar bilənin,
Həqiqətə kor baxanın.
Qarğanı
Qızılgül ləçəkləri şələ bürünər,
Bülbül ötür, nadan sevir qarğanı.
Hər səhər sevgidən Günəş doğmasa,
Külək sümüyü dondurar qar, qanı.
Qızıl quş yuvasın
sar ala bilməz,
Bülbül sevgi alar, sar ala bilməz.
İgid
susmaz, qorxmaz, sarala bilməz,
Sədaqət ruhudur, həm ilqar qanı.
Yar yar olsa, yalan
olmaz yar andı,
Həqq
kökündən Molla
Əli yarandı,
Agah ol ki, həqq
nahaqı yarandı,
Həqq üstə axıdıb Zülfüqar qanı.
Halal eylə, gələmmirəm...
"Günəşli" yatağındakı qəzada
həlak olanların xatirəsinə.
Son görüşüm mesaj
oldu,
Halal eylə
gələmmirəm.
Gözlərimlə yol çəkirəm,
Halal eylə,
gələmmirəm.
Bir yanım od,
bir yanım su,
Nə söz qanır, nə də ki sov.
Umud töküb əlimə su,
Halal eylə,
gələmmirəm.
Kərəm yoxdu suda, odda,
Səs verən
yoxdu fəryada.
Tanrı
özü çatsın
dada,
Halal eylə,
gələmmirəm.
Sanki yanar dağdı, alov,
Nəfəsləri boğdu alov,
Dalğalara qoğdu alov,
Halal eylə,
gələmmirəm.
Suda, odda yürüş çəkir,
Günahsızın qanın tökür,
Ürəklərə nisgil əkir,
Halal eylə,
gələmmirəm.
Kimi qala, kimi itə,
Çağlar gəlib keçib
ötə,
Görüş qalsın qiyamətə,
Halal eylə gələmmirəm.
Həmid Ənbaz
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.14.