Ürəksiz adam

 

Sən məndən gen dolan, ürəksiz adam,

Çəkdiyim dərdləri çəkə bilməzsən.

Şam kimi üzülüb gecə sübhətək,

İynənin gözündən keçə bilməzsən.

Vətənsiz heykələm, doğma vətəndə,

Əlibaltalılar budayır məni.

Axıb durulmadan, neynim hələ də,

Torpaq  günahlarım qınayır məni.

Mən o mən deyiləm, sevda başında,

Saçına sevgidən çiçəklər düzən.

Yurdsuz bir dərvişəm ahıl yaşında,

Haqqın sorağıyla dünyanı gəzən.

İçimdə bir göynər dünyam var hələ

Bu qəm tufanında ta üzüm gülməz.

Mən söz adamıyam, başdan ayağa,

Duyğuma yad nəfəs yol tapa bilməz.

Zəngin bir ölkənin ac şairiyəm,

Ehtiyac mənimlə hər gün görüşür.

Qələmin ucundan masanın üstə,

Söz-söz, heca-heca göz yaşım düşür.

Belə yaranmışam, belədir təbim,

Yalandan, yaltaqdan uzağam, yadam.

Vətən ürəyində, torpaq dilində,

Hələ yer tapmayan ürəksiz adam.

 

Ürəyimdə gözləyirəm

 

Təzə mənzil almışıq

geniş işıqlı,

Təmtəraqlı, yaraşıqlı.

Bənzəri yoxdur köhnə evimizə.

Bu təzəlikdən,

Bu gözəllikdən

Təzə ruh köçür sanki ömrümüzə,

Qızım, nəvəm sevincdən elə bil

Aşıb-daşırlar,

Köçməyə hazırlaşırlar.

Mən onlara ancaq

Xoş günlər diləyəcəyəm,

Andıma, inadıma,

İslanan yuxularıma güvənəcəyəm,

Səni köhnə evimizdəki

Doğma odamızda gözləyəcəyəm.

Bir-birimizə söykənə-söykənə,

Bir-birimizə yükünə-yükünə

Ömrü başdan başlayaq,

Ürəyimizcə yaşayaq doyunca,

Bir gün evimizin toz basmış

Buz bağlamış divarından asılan,

Bir baxışa iki ömür

Yazılan şəkil olunca.

Yaman təşvişdəyəm,

Qaçıram pəncərəyə, qapıya,

Qorxuram gəlməyəsən

İnadım məni qınaya.

Təkliyimlə doludur evim, odam,

Gecikmə, uzaqlardan

Ömrümə gələn adam.

Nəfəsimin yorğunluğunda

susuram,

Ümidi bir udum nəfəsinə

bağlayıram.

Addım səslərini ürək təki

Döyüntülərim kimi izləyirəm,

Səni ürəyimdə gözləyirəm.

 

Payız şeiri

 

Havalar soyuyur, göy qəhərlənib,

Yağış yağır gülün, çiçəyin üstə.

Üstümə çırpılır qürbətin yeli

Ağrılar şığıyır ürəyin üstə.

Dərələr dumanı geyir əyninə,

Ömrümə kədərdən yol cığır salır

Bu gündən baxıram dünənki günə,

Yadımda xatirə göynəyi qalır.

Ürək tilsimli sevda yeriymiş,

Heç kəs bu tilsimdən baş aça bilməz.

Bir gön bu ömrün yolu dönəcək,

İtən sevgilər geriyə dönməz.

Payız xəyallarım bürüyüb məni,

Xəyallar içində hər gün azıram.

Yandan ötüb keçən ömrün yazına,

Dumanlı bir payız şeiri yazıram.

 

Bilmirəm

 

Qolumda köhnə zəncirim,

Əlləşib qıra bilmirəm,

Ağrısı məndə yurd salıb,

Bu dərdə çara bilmirəm.

Duman-çən düşüb izimə,

Toru çəkilib gözümə.

Elə hopmuşam dözümə,

Ayağa dura bilmirəm.

Gecə fikir, gündüz fikir,

Yağış gözümdən nəm çəkir.

Ömür ağrıda tükənir,

Üz tutum hara, bilmirəm.

Zaman ağrılardan keçir,

Güman ağrılardan keçir,

Dərd gələndə bizi seçir,

Niyəsin sora bilmirəm.

Öz şələmdi kürəyimdə,

Qəm gül açıb diləyimdə.

Qisas ölür ürəyimdə,

Qılıncı çala bilmirəm.

    

Səni unutmağa qoymur

 

Divardan asdığım

Son şəklin

Yalqızlığımın ağrılarını

Mənə unutdurur.

Dodaqlarında qalan

Bir xısma təbəssüm,

Üzündək bir dəstə çiçəyə

bənzər sevincin

hələ də olduğu tək durur,

Səni unutmağa qoymur.

Son anda bir udum nəfəsə,

Qəfil gələn ilahi bir səsə

Ehtiyac kimi umduğum sevgin

gözlərindən boylanır,

Mənə hayan olur,

Ovqatım təzələnir, durulur.

Səni unutmağa qoymur

Dözürəm...

Sınıq körpü kimi

Araya düşən ayrılığın cəbrinə,

Sığınıram acılı-şirinli

Xatirələrin səbrinə.

Dolanıram, əli boş

Gözləri dolu.

Ümidim evimdəki sükutun

Saçlarını yolur.

Səni unutmağa qoymur.

 

 

Şövkət ZƏRİN HOROVLU

 

525-ci qəzet.- 2019.- 1 noyabr.- S.14.