Azərbaycan-yapon ədəbi əlaqələri yeni mərhələdə   

 

 

Çağdaş dünyamızda sürətli inkişafa liderlik edən Yaponiya milli adət-ənənələrini qoruyub saxlamaqla diqqəti cəlb edir. Uzaq Şərqi Asiya xalqlarının ədəbiyyatları arasında ən çox maraq doğuran və geniş şəkildə Azərbaycan dilinə tərcümə olunan məhz yapon ədəbi nümunələridir.

2000-ci ildən Azərbaycanda yapon dili və ədəbiyyatının tədrisinə başlanılması ilə yapon ədəbiyyatının tədqiqi məsələsi də aktuallaşmışdır. Müstəqillik illərində daha da aktivləşən qarşılıqlı mədəni əlaqələrimiz Yaponiyada da Azərbaycan ədəbiyyatının tərcüməsi və tədqiqi problemlemlərini gündəmə gətirmişdir.

XXI əsrin əvvəllərində Azərbaycanda yapon ədəbiyyatının tədqiqi məsələsi professor Naibə xanım Musayevanın adı ilə bağlı olmuşdur. Magistr təhsilini Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) alan N.Musayeva öz şəxsi səyləri nəticəsində ingilis və rus dillərindən etdiyi tərcümələrlə yapon ədəbiyyatının tədris proqramını hazırlamış, yapon ədəbiyyatından sistemli mühazirələr oxumuş, 2001-2009-cu illərdə Azərbaycanda birinci və yeganə mütəxəssis olaraq yapon ədəbiyyatını tədqiq və tədris etmişdir. N.Musayevanın yapon ədəbiyyatının tədqiq və tədrisindəki rolunu, görkəmli tənqidçi, ədəbiyyatşünas alim Gülrux Əlibəyli dövrü mətbuatdakı "Naibə Musayeva - fenomen" yazısı ilə geniş əks etdirmişdir. Mütamədi olaraq yapon yazıçılarının əsərlərini mütaliə edən professorun tədqiqat sahəsi "Müasir yapon və Azərbaycan yazıçılarının əsərlərinin müqayisəli tədqiqi" olmuşdur. Müxtəlif xalqların bədii əsərlərinin müqayisəli tədqiqi müasir ədəbi yaradıcılıqda aktual məsələlərdən biridir və bu istiqamətdə son zamanlar Azərbaycanda da elmi-tədqiqat işlərinin vüsət alması bu təmayülün məqsədəuyğun və vacib olmasını bir daha təsdiq etmişdir. Bu sahədə N.Musayeva "B.Yoşimoto və G.Əlibəylinin əsərlərində tipoloji oxşarlıqlar", "G.Əlibəyli və K.Serizavanın əsərlərində bədii-estetik oxşarlıqlar", "Yapon heroqliflərinin etimologiyası 1. Çin heroqliflərinin yaranması və təsnifatının qısa xarakteristikası", "Yapon heroqliflərinin etimologiyası 2. Yapon yazı sisteminin xüsusiyyətləri" və s. kimi əsərləri qələmə almışdır.

"G.Əlibəyli və K.Serizavanın əsərlərində bədii-estetik oxşarlıqlar" adlı məqalədə G.Əlibəylinin II dünya müharibəsində həlak olmuş gənc qardaşına həsr etdiyi "Allahım mənim - qardaşım mənim" və K.Serizavanın yenə də həmin müharibədə "İnsan - torpeda" hərbi gəmisində məhv olmuş tələbəsinə ithaf etdiyi "Dünyadan gedənlə söhbət" esseləri  tədqiqat obyekti kimi seçilmişdir. Müəllif hər iki esse yazarının həqiqi faktlar əsasında, ürək ağrısı ilə qələmə aldıqları, müharibə əleyhinə yönəldilmiş kəskin - psixoloji əsərlərində müqayisəli təhlil nəticəsində aşkar etdiyi bənzərliklərə müraciət etmişdir. Müəllif qənaətə gəlmişdir ki, dünya görüşlərinin genişliyi, şəxsiyyətlərinin həqiqətən humanistliyi, qeyri-adi mürəkkəb təbiətlərinin inanılmaz dərəcədə yüksək həssaslığı, şəffaflığı bu yazıçıların həyat fəaliyyətlərinin, yaradıcılıqlarının məxsusi təzahür formalarıdır.

Azərbaycan ədəbiyyatının Yaponiyada tərcüməsi, nəşri və öyrənilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Kamal Abdullanın məşhur "Sehrbazlar dərəsi" romanı 2013-cü ildə Osaka Dövlət Universitetinin professoru Takayuki Murakami tərəfindən yapon dilinə tərcümə olunaraq "Macutsu no tani" adı ilə Tokyoda "Miçitani" nəşriyyatında çap olunaraq yapon oxucularına təqdim olunmuşdur. Eyni zamanda, müəllifin "Yarımçıq əlyazma" romanı 2017-ci ildə "Ketsuraku no şyahon" adı ilə Yaponiyada nəşr olunmuşdur. Sözügedən tərcümələr vasitəsilə yapon oxucuları K.Abdullanın multikultural yaradıcılıq modeli ilə Azərbaycan mədəniyyətini izləməyə nail olmuşdurlar. 2014-cü ildə Rafael Hüseynovun "Məhsəti Gəncəvi: portret-oçerk" adlı elmi əsəri şairənin 900 illik yübileyi münasibəti ilə "Məhsəti Gəncəvi 900" adıyla yapon dilində çap olunmuşdur. 2016-cı ildə şair Məmməd İsmayılın şeirləri yapon dilinə tərcümə olunmuşdur. "Duet of colors" - "Rənglərin dueti" adı ilə çap edilən kitabda M.İsmayılın əsərləri ilə birlikdə yapon şairi Mieko Yoşinonun şeirləri yer almışdır. 2017-ci ildə Yaponiyada yapon tədqiqatçı Şinya Şionozakinin elmi araşdırmalarının nəticəsi kimi "Azərbaycan xalqının təşəkkülü: milli şüurun formalaşması və onun əsasları" adlı monoqrafiyası nəşr olunmuşdur. Ş.Şionozaki Azərbaycanda milli şüurun formalaşmasının tamamilə fərqli olduğu qənaətinə gələrək M.F.Axundzadə, A.Bakıxanov, H.Zərdabi, C.Məmmədquluzadə kimi Azərbaycan ziyalı, yazıçı, ictimai xadim və dramaturqlarının milli dilin zəngin söz imkanlarından istifadə etdiklərini, etnik adların da geniş şəkildə işlədildiyi elmi və bədii əsərlər yaratdıqlarını vurğulamışdır. Eyni zamanda,  monoqrafiyada "Molla Nəsrəddin" jurnalının XX əsrin ilk yarısında cəmiyyətdəki rolu qələmə alınmışdır.

Rza Talıbovun elmi araşdırmalarının nəticəsi kimi çap etdirdiyi "Azərbaycan-Yaponiya əməkdaşlığı" kitabı Azərbaycanın gündoğan ölkə ilə əlaqələrinin tədqiqi baxımından olduqca diqqətəlayiq əsərdir. 2009-cu ildə ilk dəfə olaraq Azərbaycan-Yaponiya ədəbi əlaqələri R.Talıbov tərəfindən tədqiqata cəlb edilmişdir. Burada daha çox XX əsr Azərbaycan yazıçıları - Rəsul Rza, Nəbi Xəzri, Əli Kərim, Fikrət Qoca yaradıcılığında Yaponiya mövzusu tədqiqata cəlb edilmişdir.

Qeyd etmək lazımdır ki, yapon ədəbiyyatının tədqiqində orijinala deyil, daha çox rusdilli mənbələrə əsaslanılmışdır. Bu baxımdan tədqiqatlarda boşluqlar olduqca çoxdur. Tədqiqatlara dili mükəmməl bilən mütəxəssislərin cəlb olunması və orijinal mənbələr əsasında işlənməsi Azərbaycanda yapon ədəbiyyatının tədqiqində ən aktual problemlərdəndir. Eyni zamanda, Azərbaycan və yapon yazarlarının əsərlərinin müqayisəli tədqiqi də olduqca vacibdir. Gündoğan ölkə ilə mədəni əlaqələrimizin araşdırılması adət-ənənələrimizdə və ailə-məişətimizdəki ortaq cəhətləri geniş şəkildə əks etdirir. Ədəbiyyat isə mövzunu cəmiyyətdən alır. Deməli, ədəbi yaradıcılığımızda da oxşarlıqların olması danılmazdır. Məsələyə bu prizmadan yanaşanda Azərbaycanda yapon, Yaponiyada Azərbaycan ədəbiyyatının öyrənilməsi günün tələbi kimi qarşıda durur.

Azərbaycanda yapon ədəbiyyatına olan marağın daha bir səbəbi isə sözügedən ədəbiyyatın Nobel mükafatı laureatları yetişdirməsidir. 1968-ci ildə Yasunari Kavabata Nobel mükafatına layiq görülmüşdür. Yasunari Kavabata öz yaradıcılığına "neosensualistlər" qrupunda başlamışdır. Yazıçının ilk əsərlərində Freydin psixoanaliz təliminin təsiri hiss olunur, lakin həmin nəzəriyyə nasirin yaradıcılığına əsaslı surətdə daxil olmamışdır. Yazıçının əsərlərində həm avtobioqrafik izlərə rast gəlinir, həm də əsərlərin xırda detallar üzərində qurulması müşahidə edilir. Yasunarinin poetik dili yapon ənənələrini və incəliyini bütün ruhuyla hiss etməyə imkan verir. Bundan əlavə, Kavabata öz əsərlərindəki düyünləri açmaq üçün açarlar qoyur. Müəllif təsvir edilən hadisənin məqamlarını onun nəticələrindən vacib sayırdı. Yazar öz yazı üslubunu yapon poeziyasının hayku janrı ilə müqayisə edirdi.

1994-cü ildə yapon ədəbiyyatının görkəmli nümayəndəsi Oe Kenzaburo  Nobel mükafatına layiq görülmüşdür. Əsərlərinin əsas mövzusu müasir miflərin formalaşması, müharibədən sonrakı dövrdə kənd və şəhər mədəniyyəti arasındakı münaqişəsi kimi məsələləri əhatə edir. Qərb düşüncə sistemindən təsirlənən yazıçı əsərlərində tarix, müharibə və demokratiyanı anlamağa çalışaraq yapon ədəbiyyatında yeni bir bir üslub yaratmaq istədiyini bildirirdi. Bəzi romanlarında mifologiyaya, bəzi romanlarında isə realizmə yönələn Oe Kenzaburo həqiqət və mifologiyanın ortaq müstəvisində klassik ədəbiyyatın sərhədlərini aşaraq yeni ifadə tərzi yaratmışdır.

Qeyd etmək lazımdır ki, 2017-ci ilin Nobel laureatı Kazuo İşiquro da yapon əsilli ingilis yazıçısıdır.

Yaponiya ilə ədəbi-mədəni əlaqələrimizin hərtərəfli inkişafı və formalaşmasında bədii tərcümənin rolu əvəzedilməzdir. Hətta demək olar ki, ədəbi əlaqələrimizdə aparıcı rol məhz bədii tərcümənin üzərinə düşür. Çünki bədii tərcümə bütün dövrlərdə ədəbi əlaqələrin təşəkkülündə və intensivləşməsində mühüm rol oynayıb. Yeni mərhələdə Azərbaycan dilinə tərcümə olunan yapon bədii nümunələrini yeni tərcümələr və daha əvvəlki mərhələdə tərcümə olunmuş bədii nümunələrin yenidən nəşri şəklində qruplaşdırmaq olar.

2015-ci ildə XX əsrin I yarısında yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Akutaqava Ryunosukenin bədii yaradıcılıq nümunələrinin toplandığı "Tanrıların istehzası" kitabı işıq üzü görmüşdür. Çağdaş yapon ədəbiyyatının görkəmli nümayəndəsi olan Haruki Murakaminin dörd romanı və bir çox hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. Postmodern ədəbiyyatın kultuna çevrilən H.Murakami yaradıcılığında multikultural dəyərlər qabarıq şəkildə öz əksini tapmışdır. Uzaq Şərqin məşhur yazıçısının əsərlərinin qəhrəmanları yaponlardır, məkan olaraq da Yaponiyadır, lakin bu qəhrəmanlar Qərb musiqisini dinləyir, Qərb ədəbiyyatını oxuyur, Qərb markalarından istifadə edirdilər. Akutaqava Ryunosuke, Haruki Murakami nümunəsində yaradıcılıqlarında Şərq və Qərb kontekstinin bir müstəviyə gətirilməsi yapon ədəbiyyatındakı multikultural məsələlərin Azərbaycanda öyrənilməsi üçün şərait yaradır. Bunlar da onu göstərir ki, bədii tərcümlər mədəniyyətlərin yaxınlaşmasında həlledici rol oynayır. Həmin tərcümə nümunələri əsasında ədəbiyyatın tədqiqi isə mədəni-ədəbi, milli-bəşəri və eləcə də qlobal düşüncənin mənimsənilməsinə, ortaq dəyərlər və müxtəlif məsələlərin qarşılaşdırılmasına əlverişli şərait yaradır.

Qeyd etmək lazımdır ki, cari ildə 70 yaşını qeyd edən Haruki Murakaminin yubileyi münasibətilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi konfrans keçirilmişdir. Konfransda "Yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakami" (G.Yunusova), "Haruki Murakami və Azərbaycan" (B.Əhmədov), "Haruki Murakami və Azərbaycan dilinə tərcümə məsələləri" (N.Əbdülrəhmanlı) adlı məruzələr dinlənilmişdir. Görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəyli və Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keisuke Yamanaka konfransın keçirilməsini Azərbaycan-yapon ədəbi əlaqələri, yapon ədəbiyyatının Azərbaycanda təbliği və tədqiqi baxımından yüksək qiymətləndirmişlər.

 

Gülnar YUNUSOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin elmi işçisi

 

 

525-ci qəzet.- 2019.- 1 noyabr.- S.13.