1926-27-ci illərin
"Molla Nəsrəddin" jurnalında Naxçıvan
VƏ YA
HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI
Hüseyn
Ələkbər oğlu Əsgərov 1955-ci il
dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar
kəndində anadan olub. 1977-ci ildə ADU-nun jurnalistika
fakültəsini bitirdikdən sonra bir il
"Şərq qapısı"qəzetində, 23 il
Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində
işləyib.
Həmin
müddətdə 4 il "Xalq qəzeti"nin
Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci
ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində
mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri vəzifəsində
çalışıb. Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Əməkdar
jurnalist, Dövlət qulluğunun baş müşaviridir.
Hazırda Naxçıvan MR Səhiyyə
Nazirliyi mətbuat xidmətinin rəhbəridir.
Qəzet və jurnallarda mütəmadi olaraq publisistik
yazıları dərc olunur."Araz", "Yeni səslər"
almanaxları,
"Heraklın 13-cü
qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə"
(2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf
və tərəqqi yollarında" (2015-ci il),
"Gülüşlərin cingildəsin saz kimi" (2017-ci
il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı
kitabları oxuculara təqdim
edilib. H.Əsgərovun milli mətbuatımızın
parlaq nümunəsi olan "Molla Nəsrəddin"
jurnalı haqqında əhatəli tədqiqatını
oxucularımıza təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
Cəhalət,
mövhumat və xurafat
Səhiyyədən ümidini üzən insanlar
çarə üçün pir və ziyarətgahların
şəfasına ümid bəsləyirdilər. Bu mənada
şərurluların da müalicə üçün həkim
dava-dərmanına ehtiyacı yoxdur. Çünki
Şərur dairəsinin Parçı kəndində qədimdən
bir imamzadə vardır ki, kərəmilə məşhurdur.
Ziyarət mövsümündə Şərur
dairəsinin 62 para kəndlərindən buraya minlərlə
çarəsiz insan ziyarətə gəlir. İmamzadənin şəfayi-batinindən kəndlilərin
hər dərdinə dərman olur (1927, ¹28).
Naxçıvanda Qala məhəlləsində olan
Piryaqub ziyarətgahı isə uşağı, əri olmayan
arvadların diləklərinin hasil olduğu yerdir. Onlar hər
cürə nəzir-niyazlarını gətirib arzularına
çatırlar (¹25).
"Xəstə"
həmin nömrədə yazır ki, Naxçıvanda Mirhəbib
ağanın həyətində "Südlü nənə"
adlı sehrli daş var. Uşaqlı qadınların
südü quruyanda bura nəzir gətirirlər, daşın ətrafında
qoyun kimi mələyərək süd istəyirlər. Kimin ki nəzir-niyazı çox olur, dərhal
muradına çatır.
Cəhalətin
tənqidi "Yengicədən" başlığı ilə
"Avara"nın həmin nömrədəki
digər yazısında xüsusi yer tutur. Həmin
yazıda Şərur dairəsinin mollallalarının Yengicə
kəndinə toplaşaraq mərsiyə demək
üçün kəndləri bölüşdürdüklərindən
bəhs olunur. Qərara alınıb ki,
Molla Cəlil ağa cavan olduğu üçün ona Qarxun, Məhəmməd
Sabur, Aralıq kəndləri verilsin. O kəndlərin
alçısı da, toxanı da bu ağanındır. Yalnız bir Alışa kəndi Seyid Mir Cəlal
üçün verilmişdir.
Şeyx Həsən ağanın payına Tumaslı,
İbadulla, Vayxır, Qışla Abbas və Ərəbyengicə
kəndləri düşüb. Məsələ o yerdədir
ki, Şeyx Salman ağa ilə Şeyx Həsən duelə
çıxacaqdır. Çünki
İbadulla ilə Qışla Abbas, Ərəbyengicə kəndləri
Şeyx Salmanın dədə-baba mülkü olduğu halda o
kəndləri mollalar götürüb Şeyx Həsənə
vermişlər. İndi vəziyyət o
yerdədir ki, onlar bir-birinə nota verib müharibəyə
başlasınlar (1927, ¹28).
"Avara"
həmçinin xəbər verir ki, Şərurda rövzəxan
az olduğundan Hacı Şeyx Həbib
ağa müsəlmanların ehtiyacını ödəməkdən
ötrü Muğanlı-Şəhriyar-Kürdkəndi və
Kürdçülü kəndlərini podrata
götürmüşdür. Ağa indidən
hazırlıq işləri üçün yorğa yeriyən
madyan almışdır ki, kəndlərə özünü
tez yetirə bilsin (¹25).
Jurnalın 38-ci nömrəsində dəstəsinin
atamanı naxçıvanlı Mirəqilin fərasətindən
bəhs olunur.
Cəddinə qurban olduğumun oğlu çox
böyük hünərvərdir. Seyidlər
igid olarlar, daha bu dərəcədə yox. Ağanın oğlunun hər şeydən
başı çıxdığı kimi siyasətdən də
çıxır. "Naxçıvanlı"
xahiş edir ki, şəhər inzibati idarəsi hələ
bu gədəyə dəyməsin, yazıqdır, təzə
fəaliyyətə başlayır.
Yaxud bazarda baqqal Əkbərlə kəklikbaz Hacı Məhəmməd
kəklik döyüşdürürlər. Baqqal Əkbərin kəkliyi
meydandan qaçdığına görə baqqal Hacı Məhəmmədin
üstünə top kimi açılır. Az
qalır ki yekə bir qan düşə. Hacı
Məhəmmədin kəkliyi döydüyünə görə
baqqal Əhmədin qabağında - "Mən öylə kəklik
saxlasam, başıma papaq qoymaram", - deyə kişilənir
(¹23).
Doğrudan da kişinin kəkliyi gərək qovan olsun,
nəinki qaçan.
Ordubad
satirik prizmada
Qeyd etdiyimiz kimi, jurnalda Ordubadın ictimai-siyasi və mədəni
mühiti jurnalada digər bölgələrə nisbətən
daha çox işıqlandırılıb "Molla Nəsrəddin"i
də elə narahat edən jurnalın əl-əl gəzməsi
idi. Çünki Ordubadda jurnala 15 qəpik verməkdənsə,
onu başqasından alıb havayı oxuyanların sayı
artmışdı. Jurnal 22-ci nömrəsinin teleqraf xəbərlərində
yazırdı ki, məcmuəni oxuyan nəxunəkçilərin
sayı abunəçilərin sayından beş
dəfə çoxdur və daha da artacağı ehtimal olunur.
O vaxtlar
kommunal təsərrüfat idarələri əhalinin sosial
problemlərinin həllində mühüm rol
oynadığından onun müdirindən tutmuş xırda
işçilərinə kimi əksəriyyət tərəfindən
tanınırdı. Ordubad kommunxozunun müdiri isə bir
ayrı kişi olub və o dövrdə
"Molla Nəsrəddin"ə yaraşıq verib. "Mingisli", "Yetim" və digərləri
mütəmadi olaraq onu jurnalın hədəfinə
çeviriblər.
"Mingisli"nin 16-cı nömrədə verdiyi xəbərə
görə, Ordubad dairəsində bu il su az olduğundan
kommunxoz Müseyib Əliyevin idarəsi altında kampaniya
aparılır ki, şəhər və kəndlərdə az
torpaq əksinlər. O, bu kampaniyanın digər qəzalarda da
aparılmasını məsləhət görür.
"Yetim" isə ordubadlıların qonaqpərvərliyindən
özünəməxsus şəkildə bəhs edərkən
(22 yanvar 1927, ¹4) kommunxozu yada salır. Bildirir ki,
ordubadlılar dünyada hamıdan artıq mehmannavzdırlar.
Ələlxüsus ki, qonaq bir balaca da gözəl və
malodoy olmuş ola. Onun yolunda
nəinki mallarından, bəlkə canlarından da keçərlər.
Odur ki, Ordubad kommunxozu müdiri qonağa hörmət
etmək vacibdir deyib, bir rus arvadının qolundan
yapışıb gətirib zəhmət sarayındakı idarə
üçün hazırlanmış mənzillərdən
birini verib ona. Hərçənd bu
arvadın bu mənzildə qalmasına narazı olanlar var, amma
gərək narazı olmasınlar. Bəs bu kimi xanım
qonaqların dərdini kommunxoz müdiri çəkməsin, bəs
kim çəksin?
Kommunxoz müdiri bu yazını oxuyandan sonra qəzəbnak
olub və "Molla Nəsrəddin"in 25-ci nömrəsində
yazıb ki, haqqında böhtan yazan müxbiri taparsa, təpəsini
əzəcək.
Ordubaddan tənqidi yazılara cavablar da satirik manera
xarakterlidir. Məsələn, bu tənqidi yazılardan sonra dairə
icraiyyə komitəsinin sədri söz verib ki, bir də
kommunxozdan şikayət etsələr, daha onu müdafiə
etməyəcək. Poçt müdiri qəzetləri həftə
tamam olmamış paylatdıracaq və s. (¹13)
Ordubadlı
"Məza" oğlu Vahidə məsləhət
görür ki, adam ağıllı olar, hər
gördüyünü və bildiyini açıb
danışmaz. Sənə nə dəxli var ki,
kommunxoz müdirinin toyda başgicəllənməsi ilə
oynamasını "Molla Nəsrəddin"ə yazmısan?
Sənə nə dəxli ki, səhiyyə
şöbə müdiri kəndlərdə xəstə kəndlilərin
müalicəsindən imtina edir? Mən bilirəm ki, firqə
işçisi kəndlilərdən aldığı pulu
qaytarmır və soruşana - get hər kəsə deyirsən,
de! Mən Zaqafqaziya ölkə firqəsinin
üzvüyəm. Kimsə mənə bir
şey edəməz, - sözlərini deyir, indi neynim,
açım-ağardım? Yazaram e, adam
gərək sonrasını fikir edə. Adam
özündən böyüklərə dolaşmaz. Belə işləri tərk elə, yoxsa qəzəbə
gəlib sənin həşirüvi atarlar (¹5).
22-ci nömrədə (1927) "Məyus" istəmir
yazsın ki, kommunxoz müdiri elə dəm idi ki, teatrda
özgənin arvadını öpüb sonra üzr istədi.
"Cünun"da "Nə işim var" (1927, ¹22)
deyə-deyə, xatalı şeylərdən uzaq
durmağı tövsiyə edə-edə özü
tullanır həmin işlərin lap ortasına. Kəndlilər
ona Əylis kəndində qəbiristanlığını
qumarxanaya çevirib loto oynayanlar haqqında yazmasını
xahiş edirlər. "Cünun"
özünü qoyur yuxarı mərtəbəyə ki, bəs
kənddəki teatrın avadanlıqları silinib satılanda,
pulları mənimsəniləndə hardaydınız. A
kişi, mən yaza billəm ki, teatr xaraba
qaldığından qumarbazlar üz tutub qəbiristanlığa?
Nə işim var?
Təkcə qəbiristanlıqmı? Dövlət idarələrini
də lotoxanaya çevirənlər vardı və jurnalın
18-ci nömrəsində buna şeir həsr olunmuşdu:
Can sənə
qurban lota
Sən məni
saldın ota
Qalmadı
vaxtım mənim
İşləməyə,
atçota!
Bu dumanlı mühitdə isə nə desən əmələ
gələr.
Azərbaycanın 7 illik şuralaşması günü -
aprelin 28-də "Mülhid-tənbəl"in jurnalda
çap olunan satirasında olduğu
kimi:
Qumar ki
oldu şəhərdə,
Çoxlu xuliqan əmələ gələr.
Pişik
ki yatdı tövlədə
Bollu siçan əmələ gələr.
... Adam
odur rağib ola,
İşrətə
çox talib ola,
Gər
meşə bisahib ola,
Onda qaban əmələ gələr.
20-ci
nömrədə Ordubad xəstəxanasının
işçiləri and içirlər ki, bundan sonra
axşamlar xəstələrlə qumar oynamasınlar,
çünki xəstələr də bu oyunu öyrənər
(¹13)
Ordubadda gənc
köylü məktəbinin müəllimləri də usta
sayıla bilər. Amma dərs deməklə yox,
nərd oynamaqla. Belə ki, nərdin zərbindən
gecələr leyli tələbələr yata bilməzmiş.
Bu dairədə ən usta zər atanları bu məktəb
yetirib (¹21).
Binəva
"Yetim" digər yazısında yazır ki, Molla əmi,
belə sənin başına dolanım, belə sənin
qadanı alım, əgər lazım bilsən borc-xərc eləyib
gedib ağ saqqalına həna rəng də alıb Ordubad
hacı, kəbəlailərinin saqqalları kimi qap-qara şəvə
kimi edərəm. Ancaq mənim ürəyimdə olan dərdlərə
dərman eləmək üçün bu neçə
işin sirrindən məni xəbərdar et!
Birincisi -
sirri nədir ki, Ordubad şəhərində olan səhiyyə
xidmətçiləri arvadlar əksəriyyətlə əlaqələrini
xüsusu ticarət dükançıları ilə
canlandırmışlar və boş vaxtlarını yeni tanış tapmaqla keçirirlər.
İkinci
- bizim Ordubada göndərilmiş jenatdel xanım səbəb nədir
ki, altı aydan ziyadə olar ki, şəhərin iki verstliyində
olan Əndəmic, Anabat və Kotam kimi yaxın kəndlərə
gedib, qadınların bir dəfə
yığıncağını keçirməyib. Axşama qədər şəhərdə dörd
dolaşır. Molla əmi, sənə qurban olum,
bunların sirrini mənə söylə (1927-ci il, ¹7)!
"Xox" 9-cu nömrədə bir hadisəni qələmə
alıb. Keçmiş mülkədar indi şura xidmətçisidir.
Nahar vaxtı çayxanaya gələn Ordubad ipək
zavodunun fəhlələrinin çay və qəlyanpulunu
ödəyir. Sən demə, qabaqdan
seçkilər gəlir, keçmiş mülkədar səs
qazanmaq üçün belə səxavətlənib.
Amma seçicilər də az bilmir,
kişinin çörəyini yeyib başqasına səs
verirlər.
"Heyf"
ləqəbli müxbir yazır: "Ordubadda asari-tərəqqi
bir o qədərdir ki, qeyri yerlərdə ona misal ola bilməz, necə ki qeyri yerlərdə bu qədər
qırmızısaqqal da ola bilməz, nə qədər ki,
Ordubaddadır" (1926, ¹41).
Belə qırmızısaqqallılardan biri də Molla
Qafardır. O Molla Qafar ki, öz əsabələri ilə
Əshabi-Kəhf ziyarətindən dönəndə məşhur
tarixi əmmameyi-şərifi başından düşüb
yuvarlanaraq gözdən itib getmişdir. Əmmamənin
ziyanı üçün şəhərdə və qəzada
həmin gün matəm günü elan edilmişdir (1927, ¹26).
(Ardı var)
Hüseyn
ƏSGƏROV
Naxçıvan
Muxtar Respublikasının Əməkdar jurnalisti
metbuat1950@box.az
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.12.